Nikahöncəsi tibbi müayinə məcburi olacaq
Mütəxəssislər qanunvericiliyə dəyişiklik
edilməsini vacib sayırlar
Sağlam cəmiyyətdə
ilk növbədə bütün bəşəri xüsusiyyətləri,
dəyərləri, mədəni və estetik kriteriləri
özündə cəmləşdirən sağlam ailə
modeli olmalıdır. Əgər cəmiyyətdə
sağlam ailə modeli yaratmağa əngəl olan qaydalar, səbəblər
varsa, onları aradan qaldırmağın üsulları tətbiq
olunmalıdır. Bu mənada ailə qurmazdan əvvəl gənclərin
müayinə olunması məsələni
aktuallaşdırır. Ümumiyyətlə, bu məsələ
mütəmadi olaraq gündəmə gətirilən,
müzakirə olunan mövzulardandır.
Bir çoxları belə
fikirləşir ki, ortada sevgi olduqdan sonra gənclərdə hər
hansı xəstəlik aşkarlansa belə, onlar sevgilərindən
əl çəkməzlər. Hətta məcburi müayinəni
mümkün hesab etməyənlər də var. Amma gələcək
nəslin sağlığı və artımı ilə
bağlı gün-gündən çoxalan problemlərin
fonunda məsələnin vacibliyi ortaya çıxır.
Ölkədə belə bir qanun olmadığından
hazırda həkimlər müayinələrin vacibliyini
yalnız məsləhət şəklində çatdıra
bilirlər. Mütəxəssislər hesab edir ki, evlilikdən
əvvəl aparılan müayinələr gələcəkdə
daha xoşbəxt ailənin təməlinin qoyulmasına
yardımçı olar. Elə bu səbəbdəndir ki,
hazırda "Ailə Məcəlləsi"nə əlavələr
və dəyişikliklər olunması müzakirə olunur. Əsas
diqqət isə ailə quran zaman nikaha daxil olan şəxslərin
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən
keçmələri haqqında arayış təqdim etməsi
məsələsinə yönəlib. Milli Məclisin
sosial-siyasət komitəsinin sədri Hadı Rəcəblinin
sözlərinə görə, əlavə və dəyişikliklər
qəbul olunarsa, mövcud qanunvericilikdə olan müəyyən
müddəalar daha da ciddiləşəcək və inzibati
xarakter alacaq.
Komitə təkliflər hazırlayıb
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi də
müvafiq qanunvericilikdə nikaha girənlərdən tibbi
arayışın tələb olunması ilə bağlı
nəzərdə tutulan deklorativ normanın imperativ norma ilə
əvəzlənməsini təklif edib. Bu barədə "Həftə
içi"nə komitədən məlumat verdilər: "Təklifimiz
nikaha girənlərdən ailə qurmazdan öncə tibbi
arayışın tələb olunması məsələsidir.
Biz bu istiqamətdə də araşdırma
aparmışıq və məlum olub ki, Fransada, Ukraynada və
digər ölkələrdə nigaha girənlərdən
tibbi arayışın tələb olunması məcburidir.
Hesab edirik ki, bizdə də məhz belə
olmalıdır".
Komitə tərəflərin
nikaha girməzdən öncə tibbi müayinədən
keçməsi və bu barədə vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinə
arayış təqdim etməsi barədə təkliflə
çıxış edib. Komitənin bu təklifi əsasında
Ailə Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub. Bu
barədə komitənin sədr müavini Aynur Sofiyeva
"Trend"ə açıqlamasında məlumat verib. O,
Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinələrinin
nəticəsinin nikah bağlamağa təsir etməyəcəyini
deyib. A.Sofiyeva bildirib ki, xəstəliklər barədə tərəflərin
bir-birini məlumatlandırması Azərbaycan
reallığı üçün daha uyğun olardı. Sədr
müavini qeyd edib ki, rayon, kənd yerlərində insanlar
bir-birilərini tanıdığı üçün
başqalarının onların xəstəliklərindən xəbərdar
olmasını istəməzlər: "Ona görə də
belə təklif irəli sürülüb ki, tərəflər
nikah üçün müvafiq orqana (VVAQ) müraciət edəndə
tibbi müayinədən keçmələri barədə sənəd
təqdim etsinlər. Tərəflər xəstəliklər
barədə məlumatı üçüncü tərəfə,
yəni, müvafiq icra hakimiyyəti orqanına deyil, bir-birilərinə
təqdim etməlidir. Nəticə isə heç vaxt nikah
bağlamağa mane olmur. Məqsəd odur ki, hər hansı xəstəlikdən
tərəflər məlumatlı olsun. Nəticədən
aslı olaraq tərəflər nikaha girib-girməyəcəklərinə
özləri qərar verəcəklər".
Təklifin tərəfdarları daha çoxdur
Komitənin belə bir təkliflə
çıxış etməsinə bu istiqamətdə
aparılan araşdırmalar, quruma vətəndaşlar tərəfindən
edilən müraciətlər və beynəlxalq təcrübə
səbəb olub. A.Sofiyeva qeyd edib ki, bu gün Azərbaycan ailələrində
bu sahədə ciddi problemlər var: "Nikaha girənlər
xəstəlikləri barədə məlumatları gizlətdiyindən,
nikah dövründə ciddi problemlərlə
qarşılaşıblar. Belə ailələrin 80 faizi
uğursuz ailələr olub. Hətta yaxın qohumlar
arasında nikah bağlanır, amma tərəflər digərinin
xəstəliklərindən xəbərsiz olurlar. Müəyyən
xəstəliklər var ki, bunları gizlətmək
mümkün deyil. Qısa müddətdə onun fəsadları
üzə çıxır. Ailədə məişət
zorakılığı zəminində hadisələr baş
verir, xəstə uşaqlar doğulur".
A.Sofiyevanın sözlərinə
görə, ötən il komitə tərəfindən Azərbaycan
ailələri ilə bağlı aparılan araşdırmalarda
respondentlərin nikahdan öncə tərəflərin tibbi
müayinədən keçməsi ilə bağlı rəyi
öyrənilib və onların 80 faizdən çoxu bu təklifin
lehinə olub. Onun sözlərinə görə, müayinə
olunacaq xəstəliklərin siyahısı Səhiyyə
Nazirliyi tərəfindən nüəyyənləşdiriləcək:
"Təcrübəmizə istinadən deyə bilərəm
ki, ailələrdə daha çox psixi xəstəliklər,
narkomaniya, yoluxucu xəstəliklər, qan qohumluğu ilə əlaqədar
xəstəliklərə rast gəlinir. İlkin olaraq
bütün xəstəliklər üzrə müayinələri
siyahıya salmaq düzgün olmazdı. İlk mərhələdə
daha təhlükəli və geniş yayılmış xəstəliklər
siyahıya daxil edilməlidir. Tədricən bu siyahını
təkmilləşdirmək lazımdır".
Komitə rəsmisi
nikahdan öncə tərəflərin tibbi müayinədən
keçirilməsi tələbinin qoyulmasının
nikahsız ailələrin sayının artmasına səbəb
olacağı fikri ilə razılaşmır: "Məncə,
bu bəhanədir. Sağlam ailə qurmaq istəyənlər
bu addımı atacaq. Bu məsələdən bəhanə
olaraq istifadə edən də tapılacaq".
Qanunvericiliyə dəyişiklik zəruridir
Mamalıq və
Ginekologiya İnstitutunun həkimi, tibb elmləri namizədi
Faiq Namazov nikahdan əvvəl reallaşdırılan müayinələrin
gələcək ailə üçün yalnız müsbət
nəticələr verə biləcəyini deyir. Həkimin
fikrincə, son illər həm də sonsuzluğun ciddi problem
kimi ortaya çıxması qanunvericiliyə dəyişikliyi
zəruri edir: "Gənclərin əvvəlcədən
müayinə olunması, qeyd olunan məsələ ilə
yanaşı digər problemləri də aradan
qaldırmış olar. Hazırda hepatit, QİÇS və bəzi
xəstəliklər var ki, bu zaman əvvəlcədən
müayinələrin aparılması çox yaxşı
olar. Gənclər əvvəlcədən bu barədə bilər
və ailə qurmamışdan müalicə olunarlar. Bəzi
genetik səbəblər ola bilər ki, bu da qohumla nikaha daxil
olan insanların sonradan uşaqlarının olmamasına gətirib
çıxara bilər. Ona görə də yoxlamalardan
keçmək məsləhətdir".
Müsahibimin fikrincə,
yoxlamalardan sonra gənclərin hansı qərarı verəcəkləri
artıq onların şəxsi işləridir.
Qanunsuz evliliklərin sayı arta bilər
Bakı Nikah Evində də
hesab edirlər ki, ailə quranlar nikahdan öncə məcburi
tibbi müayinədən keçməlidirlər. Qurumun
hüquqşünası Səbinə Ədilovanın sözlərinə
görə, əsasən nikaha girənlər özləri bu
işdə maraqlı olmalıdır: "Bizim məcburən
nəsə etmək, kimisə tibbi müayinəyə göndərmək
səlahiyyətimiz yoxdur. Lakin nikaha girənlərin tibbi
müayinədən keçirilməsi vacibdir. Tibbi müayinədən
keçməyin məcburi olması barədə qanunvericiliyə
dəyişiklik edilməsi vacibdir".
Bununla belə, nikah evində
tibbi arayışın tələbinin məcburiliyi məsələsinin
daha geniş çərçivədə müzakirə
olunmasını deyirlər: "Bu məsələdə
xoşagəlməyən məqamlar da ortaya çıxa bilər.
Adətən xarici ölkələrdən sitat gətirilir,
amma əksər Avropa ölkələrində bu məcburilik
aradan qaldırılıb. Xatırladaq ki, hər il Azərbaycanda
nikaha girənlərin sayı təxminən 160 min olur.
Onların da, demək olar ki, yarısı - təxminən
70-75 mini bölgələrin payına düşür. Eyni
zamanda, qeyri-qanuni nikaha girənlərin sayı təxminən
15 min nəfər olur ki, bu da rəsmi nikaha daxil olanların təxminən
20 faizini təşkil edir. Əgər tibbi arayışla
bağlı məsələdə məcburilik nəzərdə
tutularsa, o zaman qeyri-qanuni nikaha daxil olanların sayı daha da
arta bilər. Biz bu məsələnin əleyhinə deyilik,
amma hesab edirik ki, daha optimal bir variant
tapılmalıdır".
Dünyada vəziyyət necədir?
Bəzi
araşdırmalar aparandan sonra belə nəticəyə gəlmək
olar ki, xaricdə gələcək nəslin
qayğısına qalmaq üçün lazımi
üsullardan istifadə etmək heç də qəbahət
sayılmır. Düzdür, Orta Asiya ölkələrində
nikahdan öncə tibbi müayinə keçmək kimi məsələlər
aktual olmasa da, formal olaraq gənclərin
sağlamlığı barədə onlardan məlumat vermələri
tələb olunur. Qərb ölkələrində məsələyə
çox ciddi yanaşılır. Məsələn, Birləşmiş
Ştatlarda nikahdan əvvəl qohum oldu-olmadı, fərqi
yoxdur, tibbi qan analizi mütləqdir. Amma bütün hallarda
nikahın bağlanmasına heç kim mane ola bilməz, həkimlər
sənə sadəcə, xəbərdarlıq edə bilərlər.
Fransada da artıq bu məsələ qanuniləşdirilib.
Ukraynada isə icazəsiz
evliliyə rəsmi şəkildə qadağa qoylub. Qanuna əsasən,
bəy və gəlin nikahdan əvvəl tibbi müayinədən
keçməli və öz səhhətlərinin vəziyyəti
barədə bir-birilərinə mütləq məlumat verməlidirlər.
Bu zaman dövlət onların tibbi müayinəsi
üçün şəraiti təmin edəcək,
müayinənin nəticələri isə sirr kimi saxlanacaq və
yalnız cavanların özlərinə açıqlanacaq.
Nikah bağlayanlardan birinin öz səhhətinin vəziyyəti
barədə məlumatı gizlətməsi nikahın etibarsız
hesab edilməsi üçün əsas ola bilər.
Naibə
Həftə içi.- 2011.- 17 mart.- S. 5.