"Biz Avropa müəllimlərindən
çox geridə qalmışıq"
Solmaz Quliyeva: "Şagirdlərimin mənə olan
sevgisini heç nəyə dəyişmərəm"
Müsahibimiz, Bakı şəhərində yerləşən
71 saylı orta ümumtəhsil məktəbinin qabaqcıl
müəllimlərindən biri olan, tarixçi Solmaz Quliyevadır.
Solmaz xanımla söhbətimizə onun müəllimlik
peşəsinə olan marağından başladıq:
- Valideynlərim məni
həkim, yaxud da müəllim kimi görmək istəyirdilər.
Mən də, müəllimlik sənətini seçərək,
ömrümü bu şərəfli sənətə həsr
etdim. Mənim babam da uzun illər müəllim olub. Elə bu
peşəyə marağı ilk əvvəl məndə
babam oyadıb. Bu sənətə gəlməyimin bir başqa
səbəbi də orta məktəb müəllimlərim
olub. Yeri gəlmişkən, məlumat üçün
bildirim ki, mən Ağdam şəhər 1 saylı orta məktəbdə
təhsil almışam. Məktəbimizin direktoru tanınmış
alim və pedaqoq olan Süleyman Zeynalov idi. O, məktəbimizdə
ciddi nizam-intizam yaratmışdı. Məktəbimizin nəzdində
yaratdığı tarix-diyarşünaslıq muzeyində
çox qiymətli eksponatlar toplanmışdı. Biz
şagirdlər tarix dərslərini çox vaxt o muzeydə
keçərdik. Tarix müəlliməmiz Zərifə müəllimə
idi. O, bizə tarix dərslərini çox yüksək səviyyədə
tədris edərək bu fənni sevdirdi. Məhz bu sevgi məni
tarix müəllimi etdi. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tarix fakültəsini bitirdikdən sonra Ağdam
şəhər 5 saylı orta məktəbdə tarix müəllimi
kimi fəaliyyətə başladım. Mənfur
qonşularımız olan ermənilərin Ağdamı
işğal etməsindən sonra Bakı şəhərinə
köçməli oldum və elə o ildən etibarən fəaliyyətimi
71 saylı orta məktəbdə davam etdirdim. Məlumat
üçün qeyd edim ki, 35 ildir bu şərəfli peşənin
davamçısıyam...
- Bəs, 35 il təcrübəsi olan Solmaz müəllimə,
aparılan təhsil islahatlarını necə dəyərləndirir?
- İlk öncə qeyd
edim ki, bütün bu islahatlar təhsilin yüksəldilməsinə
yönəldilib. İbtidai siniflərdə dərslərin
kurrikulum üsulu ilə tədris edilməsi, 9-11-ci siniflərdə
şəhadətnamə və attestatların test üsulu ilə
verilməsi, təhsildə informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi təhsilin yüksəldilməsinə
doğru atılan ən uğurlu addımlardır. Mənim fikrimcə, ali məktəblərə qəbul
imtahanlarında məzunlarımızın
uğurlarını bu islahatın nəticəsi kimi qəbul
etsək daha məqsədəuyğun olardı... Yeri gəlmişkən
qeyd edim ki, bu islahatlar bizim məktəbdən də yan
keçməyib. Hörmətli prezidentimiz İlham Əliyevin
təhsil ocaqlarının əsaslı təmir olunması,
laboratoriya və kompüter otaqları ilə təmin edilməsi
haqqında verdiyi sərəncam nəticəsində məktəbimiz
tamamilə əsaslı şəkildə təmir edilib. Yeni təhsil
islahatlarının həyata keçirilməsi biz müəllimləri
ruhlandırır və öz işimizə daha da məsuliyyətlə
yanaşmağa çağırır.
- Bu yaxınlarda "Abituriyent" jurnalının
1-ci sayı işıq üzü gördü. Bu jurnalda
"Dərsliklərdəki səhvlər" ilə
bağlı bir bölmə öz əksini tapdı. Bir pedaqoq
olaraq necə hesab edirsiniz, doğrudanmı bu gün dərsliklərdə
ciddi səhvlər var? Ümumiyyətlə, maraqlıdır,
dərs keçən zaman belə problemlərlə
rastlaşırsınızmı?
- Mən tarix dərslikləri
ilə bağlı bir məqamı o dərsliyi yazan şəxslərin
nəzərinə çatdırmaq istəyərdim. Bu məni
bir tarixçi kimi çox narahat edir. Dərsliklərdəki
mövzularda olan xronologiyaların həddən artıq
olması şagirdləri dərsin mahiyyətindən
uzaqlaşmağa və ancaq xronologiyaları əzbərləməyə
sövq edir. Yaxşı olardı ki, Azərbaycan dövlətçiliyinin
ən parlaq səhifələrindən olan, XVIII əsrdə
yaranmış xanlıqlar haqqında məlumatlar dərsliklərdə
öz əksini daha dolğun şəkildə tapsın. Əminəm
ki, təhsil naziri Misir Mərdanovun bu sahədə
keçirdiyi islahatlar tezliklə öz səmərəsini verəcək.
- Yeri gəlmişkən, repititorluq sahəsinin
genişlənməsini normal hesab etmək olarmı?
- Biz müəllimləri
bu işlə məşğul olmağa gətirib
çıxaran səbəbləri öncə
araşdırmaq lazımdır. Müəllimlik sənəti
şərəfli olmaqla yanaşı, həm də çətin
bir peşədir. Əgər müəllimlərin
aldığı əmək haqqı onu maddi cəhətdən
tam təmin etmirsə, o çıxış yolunu
repititorluqda görür. Bütün bu hallara görə,
müəllim məcbur olub repititorluqla məşğul olur. Məncə,
hər şeyin yaxşı olması üçün ilk
növbədə onların əməyi düzgün qiymətləndirilməli,
maaşları artırılmalıdır. Düzünü
desəm, mən repetitorluqla məşğul
olmuram. Heç səhhətim də buna yol vermir. Sizə bir sual verim. Məgər onlar
repititorluqla məşğul
olmaq istəyirlər?!
Sadəcə onlar buna məcburdular. Müəllimin işdən sonra dincəlmək əvəzinə
repititorluq etməsi, gec-tez onun səhhətinin
pozulmasına gətirib
çıxarır.
- Unutmaq olmaz ki, repititorluq fəaliyyətini biznes sahəsinə
çevirənlər də var. Hətta deyərdim ki, məktəbi
tərk edib bu biznesə qoşulanların sayı da az deyil. Bu
haqda nə deyə bilərsiniz?..
- Mən bununla hələ
rastlaşmamışam. Müəllim ilk növbədə
öz şərəfli adını qorumalı, onu yetişdirən
cəmiyyətə layiqincə xidmət etməlidir. Mən,
35 il pedaqoji təcrübəsi olan bir insan kimi, şərəfli
müəllimlik sənətinə biznes kimi yanaşanları
pedaqoq kimi qəbul etmirəm...
- İnformasiya-Kommunikasiya Texnologiyalarının tətbiq
edilməsi təhsildə ciddi irəliləyişlərin
olmasına gətirib çıxardırmı?
- Etiraf etməliyəm
ki, bu sahədə biz Avropa müəllimlərindən
çox geri qalmışıq. Bu geriliyi aradan qaldırmaq
üçün Təhsil Nazirliyinin gördüyü işlər
təqdirəlayiqdir. Belə ki, bütün məktəblərdə
kompüter kurslarının təşkili və müəllimlərin
ora cəlb edilməsi bu geriliyin aradan qaldırılması
üçün atılan ən böyük addımdır.
Düzünü deyim ki, mən bu kursu keçməmişdən
əvvəl kompüter barədə çox az məlumata
malik idim. Kursda kompüterlərin sirlərinə yiyələndikdən
sonra, özümü bir gün də onsuz təsəvvür
edə bilmirəm. İnternet səhifəsi sehrli bir aləm
kimi məni özünə cəlb edir. Bu səhifədə
bütün dünyanın qapıları insanın
üzünə açılır. Gündəlik mətbuatdan
tutmuş bütün elmlərə aid materialları bu səhifədə
tapmaq olar. Fevralın 26-da Xocalı faciəsinin 19-cu
ildönümünə həsr edilmiş anım mərasimində
İKT-dən istifadə edərək sənədli filmlər
nümayiş etdirdik. Bu şagirdlərin böyük
marağına səbəb oldu. Bir sıra sosial şəbəkələrin
üzvüyəm. Bu gün kiminsə kölgəsi altında
qalmaqdansa, çalışıb irəli getmək
lazımdır. Bəzən dünyagörüşü zəif
olan uşaq və gənclər məni
internetdən istifadə etməyimə görə
qınayırlar. Yeri gəlmişkən, mən belələrinə
üzümü tutub söyləmək istərdim, məgər
kompüter tərbiyəsizlik etmək üçündür?
İnternet ilk öncə biliyi artırmaq üçün
lazımdır...
- Uşaq və gənclərdən söz
düşmüşkən, deyəsən siz də bir
çoxları kimi onların
dünyagörüşünün kasad olmasından
narazısınız? Sizcə, bunun səbəbi nədir ki?..
- İntellektual səviyyəsi
yüksək olan gənclərimizlə yanaşı, təəssüflər
olsun ki, bu günün tələbləri ilə
ayaqlaşmayan, dünyagörüşü məhdud olan gənclərimizə
də rast gəlmək olur. Mən bunun əsas səbəbini
onların mütaliə ilə az məşgul olmalarında
görürəm. Elə gənclərə rast gəlirəm
ki, onlar indiyədək nəinki bir bədii əsər,
heç bir qəzet səhifəsini də oxumayıblar. Yadımdadır,
orta məktəb illərində biz şagirdlər bədii əsərlər
oxumaqla yarışardıq. Oxuduğumuz bədii əsərləri
ədəbiyyat dərnəklərində təhlil edərdik.
Hər kəs çalışardı ki, özünü əsərdə
olan müsbət qəhrəmanlara bənzətsin. İndi
mütaliəyə daha çox şərait olmasına
baxmayaraq, gənclərimiz bundan səmərəli istifadə
etmək istəmirlər. Hətta kompüterdən elm öyrənmək
əvəzinə, başqa məqsədlər
üçün istifadə edirlər...
- Əhali arasında, son zamanlar müəllimlik
peşəsinin nüfuzdan düşməsi barəsində söz-söhbətlər
gəzir. Siz bu iddialarla razısınızmı?..
- Müəllimlik şərəfini
qoruyan müəllimlər heç vaxt nüfuzdan
düşmürlər. Bir məsələyə də
toxunmaq istərdim. Oğlanlarımızın milli vətənpərvərlik
ruhunda böyüməsi, bir sözlə kişi kimi yetişməsi
üçün məktəblərdə kişi müəllimlərinin
dərs deməsinə hər zaman ehtiyac duyulur. Amma bu gün
ailə başçıları olan kişi müəllimlər
əməkhaqlarının az olmasına görə məktəblərdən
uzaqlaşmağa məcbur olurlar. Bu gün dövlət idarələrinin
yanından keçən zaman yüzlərcə xarici maşına
rast gəlmək olur. Amma təəssüflər olsun ki, təhsil
müəssisələrinin yanından keçən zaman bunun
tam əksi ilə rastlaşırsan. Sosial problemlərin
artması bu gün müəllimlik peşəsinin səviyyəsinin
getdikcə aşağı düşməsinə səbəb
olur. Uşaq vaxtı anam mənə deyirdi, qızım, kənddə
ən yüksək nüfuza malik olan insanlar müəllimlərdir,
elə kəndimizdə ilk televizoru da onlar alıb. Amma təəssüflər
olsun ki, bu gün o sözlər öz təsir qüvvəsini
itirib.
- 35 ildir müəllimsiniz. Sizə olan münasibətdən
razısınızmı?
- Şagirdlərimin mənə
olan sevgisini heç nəyə dəyişmərəm. Məncə,
bundan böyük mükafat yoxdur.
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 17 mart.- S. 7.