"Sarkisyan erməniliyindən əl çəkə bilmir"

 

Əli Həsənov: "9 yaşında uşağın öldürülməsini inkar etmək son dərəcə mənəviyyatsızlıqdır"

 

"Hamının gözünün qarşısında snayperlə vurulmuş 9 yaşında uşağın öldürülməsini inkar etmək üçün nə dərəcədə mənəviyyatsızlığa malik olmalısan. Onun "erməni ordusu uşağa əl qaldırmır" söyləməsi tamamilə biabırçı bir bəyanatdır. Bilirsiniz ki, Xocalı soyqırımı zamanı nəinki yüzlərlə günahsız uşaq, hətta yeriməyə çətinlik çəkən ağsaqqal, ağbirçək qocalar və yaşlı insanlar qətlə yetirilmişdi" - bu fikirləri dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirib. Onun sözlərinə görə, Serj Sarkisyanın erməni ordusunun bu biabırçı cinayətini, bu qeyri-insani addımlarını təkzib etmək cəhdi bu gün yalnız onun özündən başqa heç kəsi inandıra bilməz. PA rəsmisi bildirib ki, beynəlxalq təşkilatlar prinsipcə bu hadisəyə susmadılar:

"Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri buna münasibət bildirdilər və bununla bağlı xüsusi araşdırıcı fəaliyyətin başlamasını da öz işçilərinə həvalə etdilər. Düşünürük ki, istər-istəməz bu faktın özünün beynəlxalq təşkilatlara çatdırılması və onların bu faktdan hali olmasının özü artıq erməni ordusuna müəyyən qiymətin verilməsi deməkdir. Əlbəttə, faktaraşdırıcı missiya, ATƏT-in həmsədrlər institutu və digər beynəlxalq təşkilatlar erməni ordusunun hansısa zabitini bu fəaliyyətinə görə dərhal cəzalandıra bilməz, amma istər-istəməz bu, erməni ordusunun, işğalçı ordunun əsgərinin nə qədər qeyri-insani bir simaya malik olduğunun göstəricisidir". Ə.Həsənov vurğulayıb ki, məhz bunu Azərbaycan beynəlxalq təşkilatlara çatdırır.

"Bu faciəli hadisə göz önündədir. Cəbhə bölgəsində uşaq qətlə yetirilib və bunu da törədənlər erməni silahlı dəstəsinin nümayəndələridir" - bu fikirləri isə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Ermənistan prezidenti Serj Sarkisyanın azərbaycanlı 9 yaşlı uşağın erməni ordusunun əsgəri tərəfindən snayperlə öldürülməsi faktını təkzib etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Sarkisyanın bu bəyanatına heç kəs inanmaz. Ə.Əhmədov onu da vurğulayıb ki, Sarkisyan özünü bu dərəcədə biabır etmək əvəzinə hadisənin baş verdiyini etiraf etməli və bundan sonra bu cür faciəli hadisələrin baş verməməsi üçün nələr etmək istədiklərini ortaya qoymalı idi: "Əgər belə olsa idi, o zaman daha səmimi hərəkət etmiş olardı. Lakin görünür, Sarkisyan erməniliyindən əl çəkə bilmir və hər zaman olduğu kimi yenə də xaincəsinə uşaq qatili adını öz üzərindən götürəndən sonra dünya qarşısında özlərini günahsız qismində qələmə verməyə çalışırlar". Azərbaycan övladının qətlə yetirilməsinin dünya ictimaiyyətinə məlum olduğunu qeyd edən YAP-ın icra katibi: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu barədə kifayət qədər təkzibedilməz faktlara əsaslanmış məlumatlara malikdirlər. Ermənistan hökumət başçısının arsızcasına bəyanatlar səsləndirilməsi sadəcə olaraq onların faktları yetərincə etiraf edə bilməməsi, qorxaqlıqları və acizliyindən xəbər verir",- deyə əlavə edib.

  

 

Azad

 

Həftə içi.- 2011.- 18 mart.- S. 1-2.