Azərbaycanda fermerlərin hüquqları qorunur

 

İqbal Məmmədov: "Dövlət, fermer təsərrüfatlarının inkişafı üçün əlindən gələni edir"

 

Azərbaycanda bütün sahələrdə çalışan vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət mütəmadi olaraq müvafiq addımlar atır. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Ölkə əhalisinin təxminən yarısı məhz bu sahədə çalışır. Bu səbəbdən fermerlər və digər kənd təsərrüfatı subyektlərinin hüquqlarının təmin edilməsi prioritet sahə sayılır.

Sözügedən sahədəki mövcud durum və kənd təsərrüfatı subyektlərinin qorunması ilə bağlı suallarımızı Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili İqbal Məmmədov cavablandırır:

- Müstəqillik qazandıqdan sonra respublikamız dünya iqtisadi sisteminə qoşulmaq üçün bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq iqtisadi islahatların, o cümlədən iqtisadiyyatın önəmli sahələrindən sayılan aqrar islahatların həyata keçirilməsinə başladı. Bu sahədə hüquqi islahatlar və kənd təsərrüfatı subyektlərinin hüquqlarının qorunmasına start verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq ölkədə kənd yerlərində yaşayan hər bir kəsə ayrıca torpaq sahəsi verildi.

- Bu gün ölkədə fermerlərin hüquqlarının qorunması sahəsindəki vəziyyət sizi qane edirmi?

- Ölkədə sahibkarlıq subyektlərinin hüquqlarının qorunması birbaşa olaraq hörmətli prezidentimiz İlham Əliyevin nəzarətindədir. Dövlət başçısı dəfələrlə Nazirlər Kabinetinin iclaslarında və bölgələrə səfərləri zamanı xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızın hüquqlarının qorunmasını, onların fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməz olduğunu söyləyib. Dövlət fermer təsərrüfatlarının inkişafı üçün əlindən gələni edir. Buna misal olaraq biz Nazirlər Kabinetinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın təsdiq edilməsi və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında" qərara son dəyişiklikləri misal göstərə bilərik. Nazirlər Kabineti "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsini və lizinq yolu ilə satılmasını sürətləndirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alıb. Dəyişikliyə görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları"nın 3-cü bəndinin ikinci abzasında "dəyəri" sözü "dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyir" sözləri ilə əvəz edilir. Başqa sözlə, fermerlər "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasını və texnoloji avadanlıqları alan zaman bundan sonra onların dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra 9 il ərzində ödəyəcəklər.

2010-cu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri Agentliyinin xətti ilə fermerlərə 13,4 mln manat kredit verilib. Kreditlər dövlət büdcəsindən ayrılıb və 10 kommersiya bankı vasitəsilə verilib. Bu kreditləri 40 rayonda olan 450 təsərrüfat alıb. Nəticədə 1000-dən çox yeni iş yerləri açılıb. Bu il üçün dövlət büdcəsində kənd təsərrüfatının güzəştli kreditləşməsi üçün Agentliyə 10 mln manat ayrılıb. Mart-apreldə maliyyələşmə başlayacaq.

- Fermerlərin hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin tələbləri nədən ibarətdir?

- Azərbaycan Milli Məclisi tərəfindən "Kəndli (fermer) təsərrüfatı haqqında qanun" qəbul edilib və bu qanun prezident İlham Əliyev tərəfindən təstiqlənib. Bu Qanun kəndli (fermer) təsərrüfatlarının təşkilinin və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını müəyyən edir. Qanun Azərbaycan Respublikası vətəndaşlarının kəndli təsərrüfatları yaratmaq hüququnu elan edir, bu hüquqa təminat verir və təsərrüfatçılığın digər formaları ilə yanaşı, onların bərabər inkişafı üçün şərait yaradılmasına yönəlib. Qanunvericiliyin tələbələrin uyğun olaraq 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları kəndli təsərrüfatı yaratmaq və həmin məqsəd üçün torpaq sahəsi almaq hüququna malikdirlər. Kəndli təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaqda ilk növbədə bu ərazidə daimi yaşayan, kənd təsərrüfatı işlərində ən azı üç il təcrübəsi və lazımi peşə vərdişləri olan vətəndaşlara üstünlük hüququ verilir. Kəndli təsərrüfatının başçısı dövlət, kooperativ, ictimai və digər müəssisələrlə, eləcə də vətəndaşlarla olan münasibətlərdə təsərrüfatın adından çıxış edir və onun mənafeyini təmsil edir. Torpağın mülkiyyətə, müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair sənədlər onun adına rəsmiləşdirilir. O, təsərrüfat üzvlərinin razılığı ilə təsərrüfat fəaliyyətini təşkil edir, təsərrüfatın adından müqavilələr bağlayır, etibarnamə verir, əmlak və vəsaitlərə sərəncam vermək hüququndan istifadə edir, eləcə də təsərrüfatın fəaliyyəti ilə əlaqədar olan digər hüquqi hərəkətləri həyata keçirir. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Qanunvericilikdə də göstərilir ki, kəndli təsərrüfatına mülkiyyətində olan istehsalat təyinatlı torpaq üzərində aşağıdakı hüquqlar verilir: torpaqda müstəqil təsərrüfatçılıq etmək; torpaq sahəsində olan meşələrdən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müəyyən olunmuş qaydada istifadə etmək; istehsal təyinatlı müvafiq yardımçı tikililər və qurğular ucaltmaq və s.

- Sizcə, fermerlər və kənd təsərrüfatı subyektlərinin bu gün hüquqi cəhətdən ən çox üzləşdikləri problemlər hansılardır?

- Bu problemlər özünü daha çox fermerlərin hüquqi savadsızlığında büruzə verir. Məsələn qanunvericiliklə onlara verilmiş hüquqlardan necə istifadə etdiklərini soruşduqda əksəriyyəti cavab verə bilməyəcək. Bu sahədə ən ağrılı problem fermerlərin təsərrüfatlarının sığortalanması ilə bağlıdır. Azərbaycanda fermerlər sığorta şərtlərini bilmədikləri üçün öz təsərrüfatlarına dəyən ziyanı kompensasiya edə bilmirlər. Fermerlərin sığortaya az maraq göstərməsinin əsas səbəbi ilk növbədə onların məlumatsız olması ilə bağlıdır. Azərbaycanda fermerlərin əksəriyyəti sığorta edən qurumlar barədə və sığorta şərtləri haqqında məlumatsızdırlar. Lakin biz bu sahə ilə bağlı şərtlərə nəzər salsaq onların kəndlilər üçün əlverişli olduğunu görərik. Azərbaycanda kənd təsərrüfatı sığortası rüsumu hektardan gəlirin 5%-i səviyyəsində ödənməlidir. Həmçinin, Azərbaycanda hazırda kənd təsərrüfatı risklərinin sığortası zamanı rüsumların 50%-i büdcə vəsaitləri hesabına ödənilir. Qalan 50%-i isə fermerlər tərəfindən ödənilməlidir. Lakin buna baxmayaraq, fermerlər məhsullarını sığorta etdirmək istəmirlər. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, hazırda dövlət büdcəsindən aqrar sektorda risklərin sığortası üçün ayrılmış vəsaitin yalnız 10%-i istifadə edilir. Aqrar sektorda sığorta səviyyəsinin aşağı olması çox mənfi nəticələrə yol açır. Azərbaycanda kənd təsərrüfatı sığortasının istənilən səviyyədə inkişaf edə bilməməsi fermer təsərrüfatlarının inkişafına ciddi zərbə vurur. Təbii fəlakətlər olanda fermer yalnız dövlətdən köməyə ehtiyac duyur. Dövlət də ona dəyən ziyanı imkanları daxilində qarşılayır. Sivil ölkələrin hər birində fermerlər öz məhsullarını və təsərrüfatlarını sığortalayır, fermer ziyan çəkəndə sığorta təşkilatları onlara dəyən ziyanları kompensasiya edir.

  

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 18 mart.- S. 4.