Bakı Novruza hazırlaşır

 

Bahar yurdumuza martın 20-dən 21-nə keçən gecə, saat 03:21 dəqiqədə qədəm qoyacaq

 

Azərbaycanda baharı qarşılamağa cəmi iki gün qalır. Bu il bahar yurdumuza martın 20-dən 21-nə keçən gecə, saat 03:21 dəqiqədə qədəm qoyacaq. Bu barədə "Həftə içi" Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verdi.

Onun sözlərinə görə, həmin dəqiqədə Azərbaycanda gecə-gündüz bərabərliyi qeydə alınacaq. Bundan sonra Günəş şimal yarımkürəsinə tərəf hərəkət edəcək, günlər uzanacaq. Ə.Quliyevin sözlərinə görə, martın 20-si axşam həm də bayram axşamı hesab olunacaq: "Fevralın 28 və ya 29 gün olmasından asılı olaraq hər il baharın gəlişinin tarixində müəyyən dəyişiklik olur. Adətən bahar ölkəyə martın 20 və 21-i, nadir hallarda isə martın 21-dən 22-nə keçən gecə daxil olur".

Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun folklor nəzəriyyəsi şöbəsinin müdiri Ağaverdi Xəlil deyir ki, baharın gəlişi planetlərin düzülüşünə, gecə ilə gündüzün bərabərləşməsinə əsasən müəyyən olunur: "Folklor ənənələrinə əsasən isə hicri təqvimilə martın 20-si axşam bayram axşamı, martın 21-i isə Yeni ilin ilk günüdür. Bu təqvim XI əsrdə Səlcuq Sultan Məlik şah zamanından qəbul olunub və XX əsrə qədər ona əməl edilib".

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin folklor kafedrasının müdiri, professor Azad Nəbiyev isə köhnə ilin təhvil olunduğu, gecə ilə gündüzün bərabərləşdiyi günün axşamının bayram axşamı hesab olunduğunu deyir. Onun sözlərinə görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta zərdüştlikdən də əvvələ gedib çıxır. A.Nəbiyev deyir ki, Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır: "Bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. Süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz. Çalışmaq lazımdır süfrədə ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlə aş, südlə qaymaq, səməni halvası, səbzəli aş, sumaq, səməni olması vacibdir". Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalının isə qədim təsəvvürlərlə bağlı olduğunu deyən A.Nəbiyev şəkərburanın 15 günlük ayın, paxlavanın ulduzların, şorqoğalının isə günəşin rəmzi olduğunu bildirdi.

 

Ağaclar çiçəkləyib, "yumurtalar" boyanıb

 

"Novruz haqqında bu qədər" - deyib hər il səbirsizliklə gözlənilən bayrama paytaxtda necə hazırlıqlar getdiyini öyrənmək istədik. Odur ki, Bakının bir neçə gözəgəlimli park və xiyabanlarında olub bayram hazırlıqlarını müşahidə etdik. Əvvəla onu vurğulayaq ki, Bakı küçələri Milad bayramındakıtək al-əlvan işıqlarla, bayram simvolları ilə bəzədilməsə də, ümumi görüntü ürəkaçandır. İlk olaraq Nazirlər Kabinetinin yaxınlığındakı parkda olub, orada həvəslə ağac əkən bağbanlarla söhbətləşdik. Ən çox diqqətimizi çəkən isə parkdakı ağ, çəhrayı çiçəklər açmış dekorativ ağaclar oldu. Özünü Elman kimi təqdim edən bağban parka başqa bir gözəllik verən, amma adını bilmədiyi bu ağacların İtaliyadan gətirildiyini və xüsusi olaraq Novruz bayramı üçün əkildiyini dedi. Parkda bayram hazırlığının elə ağac əkilməsindən ibarət olduğunu görüb üz tutduq Sabir bağına. Qoşa qala qapısı ilə əhatə olunduğu üçün burada şəhərin bəzədilməsinə xüsusi önəm verilib. Ümumi görünüşdən hiss olunur ki, təşkilatçılar paytaxt sakinlərinin zövqünü oxşamaq üçün Novruz atributlarını müxtəlif formada təqdim etməklə maraqlı ideyalar düşünüblər. Bayramın simvolu sayılan boyanmış yumurta formasında iri fiqurlar və onların içərisində xüsusi işıqlandırma sistemi ilə düzəldilən şamlar parka xüsusi gözəllik verir. İstiqlaliyyət küçəsi boyunca küçədəki işıq dirəkləri, həmişəyaşıl ağaclar iri güllərlə bəzədilib. Fəvvarələr bağında isə şam ağaclarını güllərlə bəzəməklə təşkilatçılar işlərini bitiriblər.

 

Milli Parkda bayram hazırlığıdır

 

Milad bayramında hamının ən böyük "yolka"nın harada quraşdırılacağını gözlədiyi kimi, Novruzda da ən böyük səməninin harada qoyulduğunu görmək istədik. Amma axtarışımız nəticəsiz qaldı. Qeyri-adi gözəlliklərlə tez-tez rastlaşsaq da, ən böyük səmənini görmədik. Yeri gəlmişkən, Yeni il bayramında həm də idarə və müəssisələr, ticarət mərkəzləri, hətta dövlət qurumlarının binalarının qarşısı bayram atributları ilə bəzədilsə də, milli bayramımız Novruzda bu məqama o qədər də diqqət yetirilmir. Apardığımız müşahidələrdən sonra bu qənaətə gəldik. Dövlət qurumlarından yalnız Vergilər Nazirliyi binasının qarşısında zövqlə bəzədilmiş Novruz simvolları görmək olar. Bəzi qurumlar isə təkcə səməni qoymaqla bayram əhval-ruhiyysi yaratmağa çalışıblar. Əsas bayram şənliyinin Milli Parkın ərazisində təşkil olunacağı hazırlıqlardan bəllidir. Paytaxtda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və öyrəndik ki, əsas işlər sözügedən qurumun təşkilatçılığı ilə həyata keçirilir. Bununla belə, Bakı şəhər meriyası və Dənizkənarı Bulvar İdarəsi də bir çox işlərin təşəbbüskarı və icraçıları qismində paytaxtdakı bayram hazırlıqlarına nəzarət edirlər.

 

Şənliklərə bütün bölgələrdən nümayəndələr qatılacaq

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın "Həftə içi"nə verdiyi məlumata görə, bayram tədbirləri Qız qalasının yanından başlayaraq Saat qülləsinə qədər bir neçə müxtəlif ərazilərdə təşkil ediləcək: "Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək şənliklər bulvar ərazisində təşkil olunduğundan, Bulvar İdarəsi də tədbirlərin keçirilməsində yaxından iştirak edir. Hazırda Dənizkənarı Milli Park ərazisində və İçəri-şəhərdə bayramla əlaqədar hazırlıq işləri gedir. Hazırlıq işlərinə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev şəxsən özü nəzarət edir. Bayram tədbirləri İçərişəhərdən başlayacaq, Qoşa qala qapısı, Qız qalası və Dənizkənarı Milli Parkda davam edəcək. Bildiyiniz kimi Novuz bayramı artıq YUNESKO-nun irs siyahısına daxil edilib, BMT tərəfindən 21 Mart - Beynəlxalq Novruz günü elan olunub. Ona görə də ötən il də bayram tədbirləri daha təntənəli və geniş şəkildə qeyd olundu. Bu il də təbii ki, istisna deyil. Şənliklərdə Azərbaycanın bütün bölgələrindən nümayəndələr iştirak edəcək, adət-ənənələrimiz, Azərbaycan mətbəxinin min cür ləziz təamları nümayiş etdiriləcək. Bayram günlərində paytaxtın müxtəlif ərazilərində konsert proqramları planlaşdırılır. Şənlik mərasimlərində aşıqlar, meyxana ustaları, digər folklor və mədəniyyət-incəsənət nümayəndələri iştirak edəcək. Həmçinin tədbirlərdə xarici ölkələrdən nümayəndələrin də iştirak edəcəyi gözlənilir". Nazirlik sözçüsü bayram tədbirlərinə ölkə başçısı İlham Əliyevin də qatılacağının gözlənildiyini dedi.

 

"Azneft" meydanında çay dəstgahı

 

Vətəndaşların marağına səbəb olan bayram mənzərələrindən biri də "Azneft" meydanında quraşdırılan armudu stəkan və nəlbəkidir. Bundan başqa, işıq dirəklərinə və Milli Park ərazisində çox sayda baharın rəmzi sayılan çobanyastığı formasında işıq konstruksiyaları quraşdırılıb. Bayramla əlaqədar yolların kənarında abadlıq işləri aparılır. Şənlik üçün ərazilər alabəzək lentlərlə bəzədilir. Novruz atributları, yumurta, səməni və s. ilə bəzədilir. Qız qalasının yanında 19, 20 və 21 martda təşkil olunacaq şənliklərə hazırlıq görülür. Aşıqlar, meyxanaçılar və başqa incəsənət nümayəndələri məşqlər keçirir. Novruzun atributları sayılan Kosa və Keçəl də insanları əyləndirməklə həm məşq edir, həm də bayram əhval-ruhiyyəsi yaradırlar. Bakı şəhər İcra Hakimiyyətindən "İlaxır çərşənbə"dən Novruz bayramı günlərinə qədər şəhərdə Kosa və Keçəlin davamlı səyahətinin təşkil olunacağını dedilər. "İlaxır çərşənbə"də olduğu kimi, Novruzda da bayram tədbirlərinin keçirilməsi, martın 20-də isə Milli Parkda atəşfəşanlıq təşkil ediləcəyi bildirilir.

 

 

Naibə Qurbanova

 

Həftə içi.- 2011.- 18 mart.- S. 5.