Uğurları ilə öyünən Ağdam köçkün məktəbi

 

Xanım Mirabdullayeva: "Ağdam təhsilinin şöhrətini qorumağa çalışırıq"

 

Sabahımız və gələcəyimiz bugünkü təhsil sistemindən asılıdır. Təhsilimiz nə qədər güclü olarsa, dövlətimiz də bir o qədər güclü olar. Bu səbəbdən də dövlətimizin təhsilə qayğısı günü-gündən artmaqdadır.

Artıq Azərbaycan təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya edib. Və ölkəmiz hər bir sahədə olduğu kimi, təhsil sistemində də dünyanın ən qabaqcıl ölkələri sırasındadır.

Bir sözlə, respublikamızda qabaqcıl və nümunəvi təhsil ocaqları çoxdur. Sevindirici haldır ki, onların sırasında köçkün məktəbləri də var. Buzovna qəsəbəsindəki "Xəzər" sanatoriyasında məskunlaşan 38 saylı Ağdam köçkün orta məktəbi də uğurları ilə öyünən təhsil ocaqlarındandır. Köçkün həyatı sürməsinə, üzləşdiyi bir sıra çətinliyə baxmayaraq, bu məktəbdə təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz doğma şagirdlərindən əsirgəmirlər.

Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Novruz bayramı ilə əlaqədar həmin məktəbdə olduq. Bir jurnalist, bir həmyerli kimi həmin məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Artıq şagirdlərin bayram təhsilinə buraxılmasına 1 gün qalıb. Məktəbdə səs-küy yox idi. Əvvəlcə elə bildik heç kəs yoxdur. Amma eşitdik ki, sinif otaqlarında müəllimin və şagirdlərin səsi gəlir. Gözlərimizlə şahid olduq ki, həmin təhsil ocağı həqiqətən də tərifə layiqdir. Şagirdlərin hamısı məktəbli formasında idi. Dərslər isə təlimata uyğun keçirilirdi. Bizi ən çox buraxılış sinifləri maraqlandırırdı. Məktəbin XI sinif şagirdlərinin davamiyyəti yaxşı idi. Məktəbin direktoru, respublikanın tanınmış pedaqoqu, əməkdar müəllim Xanım Mirabdullayeva özü şəxsən davamiyyətə və dərslərin gedişinə nəzarət edirdi. Bir qrup valideynin dediyinə görə, Xanım müəllimə nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.

Məktəbin direktoru Xanım Mirabdullayeva bizi təhsil ocağı ilə tanış edərək dedi: "Şagirdlərin davamiyyəti yüksəkdir. Özünüz də bunun canlı şahidi oldunuz. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlər daha çoxdur. Hər il olduğu kimi, keçən il 6 məzundan 4-ü yüksək balla ali təhsil ocaqlarına qəbul olunub. 1 məzunumuz 681 balla Prezident Aparatı yanında İdarəetmə Akademiyasına qəbul olunub və prezident təqaüdünə layiq görülüb. Məktəbimiz ali məktəblərə qəbulolunma göstəricilərinə görə 2 dəfə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "İlin ən yaxşı məktəbi" sırasına daxil olub. TQDK-nın məktəbimizə verdiyi bu yüksək qiymət müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib. Biz Ağdam təhsilinin şöhrətini qoruyub-saxlamağa çalışırıq".

X.Mirabdullayeva həmçinin vurğuladı ki, məktəbin şagirdləri idmana daha çox həvəs göstərirlər. Bu da möhtərəm prezidentimiz cənab İlham Əliyevin idmana, təhsilə göstərdiyi qayğıdan irəli gəlir: "Bu qayğının nəticəsidir ki, bir şagirdimiz - Orxan Qasımov Avropa Çempionudur. Digər iki şagirdimiz idmanın güləş növü üzrə keçirilən respublika yarışlarında iştirak edib. Elsevər Hümmətov 1-ci yerə layiq görülüb, Ümid Mirəlizadə isə öncül yerlərdən birini tutub. Başqa bir gənc idmançımız Zeynəb Qəşəmova idmanın "karate" növü üzrə qızlar arasında keçirilən Avropa çempionatında 1-ci yerə sahib çıxıb. Bu cür öncül, aktiv idmançılarımız çoxdur. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı inşa müsabiqəsi keçirilib. Artıq rayon üzrə keçirilən inşa müsabiqəsində də şagirdlərimiz iştirak edib. Vətənpərvərlik mövzusunda, mərasim günləri ilə bağlı tədbirlər, "dəyirmi masa"lar keçiririk. Ayrı-ayrı fənlər üzrə açıq dərslərimiz olur. Dərslərdən sonra dərsin keyfiyyəti, fənn müəlliminin dərsə hazırlıq səviyyəsi müzakirə olunur və nəticədə müəllimə lazımi metodik göstərişlər verilir.

Bu ilin fevralında Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəbləri üzrə IX - XI sinif şagirdləri arasında keçirilən test-sınaq imtahanında məktəbin şagirdləri fərqlənib. Artıq yay test-sınaq imtahanına hazırlıq gedir. XI sinif şagirdlərinin davamiyyəti yaxşıdır. Bilik səviyyələri ürəkaçandır. Fənn müəllimləri əlavə məşğələ yolu ilə şagirdlərə testləri öyrədirlər. Şagirdlərimiz hazırlığa başqa müəllim yanına getmirlər. Əksinə, paytaxt məktəblərindən şagirdlər hazırlığa bizim müəllimlərin yanına gəlirlər. Baxmayaraq ki, məktəb 5 günlük dərs sisteminə keçib, amma hər həftənin şənbə günü buraxılış siniflərinə əlavə məşğələlər keçirilir".

Müsahibim problemlərdən də danışdı: "Sanatoriyanın binasında elektrik xətləri yararsız haldadır. Naqillərin üstü açıq olduğundan, bir neçə dəfə partlayış olub. İşıqlar həftələrlə yanmır. Sanatoriyaya təbii qaz verilmir. Uşaqlar soyuqdan donur, tez-tez xəstələnirlər". X.Mirabdullayeva onu da dedi ki, Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova məktəblə sıx əlaqə saxlayır, problemləri ilə maraqlanır və lazımi köməklik göstərir.

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 18 mart.- S. 6.