Novruz - dünyada sülh günü

 

Qasım Alcan: "Novruzun dini mənası Adəmin cənnətdən çıxarıldıqdan sonra Həvva ilə görüşməsinə bağlıdır"

 

Cəfərilər təriqətinin, "Zeynəbiyyə" icmasının məsul nümayəndəsi Qasım Alcanın "Həftə içi"nə ekskluziv müsahibəsi

 

Novruz Azərbaycanda və bölgənin digər dövlətlərində tarix boyu ən müqəddəs bayram sayılıb. İslam şərqində yeni ilin gəlişini, eləcə də baharın müjdəsini verən Novruz çoxlu müsbət cəhətləri, insanlıq üçün xeyirli məziyyətləri ilə hamının ürəyində yer tutub. Amma bir məqam var ki, bəziləri bu günə dini, bəziləri müasirlik, digərləri isə elmi baxımdan rəng qatır. Eyni zamanda, ziddiyyətli siyasət yürüdən bölgə xalqlarının hər biri Novruzu özününkü hesab edir.

Elə mərkəzi iqamətgahı Türkiyədə-İstanbulda yerləşən Cəfərilər məzhəbinin rəhbərliyi ilə əlaqə yaratmaqda məqsədimiz də qeyd etdiyimiz qarmaqarışıqlığa aydınlıq gətirmək idi. Nəzərə almaq lazımdır ki, Cəfərilər Novruzu özlərinə xas şəkildə anlayır və qeyd edirlər. Ona görə də Cəfərilərin - Zeynəbiyyənin media və xalqla əlaqələr üzrə məsulu Qasım Alcandan, ümumiyyətlə, Cəfərilər üçün Novruzun mahiyyətinin, fəlsəfəsinin nə olduğunu, bu bayramın haradan və hansı dövrdən günümüzə miras qaldığını soruşduq.

- Cəfərilər üçün Novruzun iki mənası var. Birincisi, yatan təbiətin oyanması nəticəsində dəyişən iqlimlə birlikdə təbiətdə yaranan gözəlliklər, ikincisi isə bütün canlılarla birlikdə insanların da hislərinin canlandığı, təzələndiyi, rəngləndiyi və coşquya çevrildiy andır. Novruz fars sözü olub, yeni gün mənasını verir. Novruz ilin ilk günüdür. Minlərcə ildir ki, türk millətimiz bu günü bayram olaraq qeyd edir və indi də eyni coşqularla qarşılayır. Dini mənası isə həzrət Adəmin cənnətdən çıxarıldıqdan sonra yoldaşı Həvva ilə görüşməsinə bağlıdır. Yəni deyirlər onlar məhz bu gündə görüşüblər. Yenə Nuh peyğəmbərin tufandan xilas olması, İbrahim peyğəmbərin atəşdən qurtulması, Musa peyğəmbərin dəniz sularından nicat tapması, firon ordusunun isə dalğalara qərq olması məhz bu günə təsadüf etməkdədir. Bir məsələ də var ki, adlarını çəkdiyimiz peyğəmbərlərin xilası məhz insanlığın qurtuluşu sayılmalıdır. Bunlar isə təbii ki, yalnız alqışlanmağa, bayram kimi qeyd olunmağa layiq hadisələrdir. Bəlkə də türk millətimiz Novruzu həmin səmavi dinlərdən götürərək indiyədək özünün müqəddəs bayramına çevirib. Bundan əlavə, Novruz Məhəmməd peyğəmbərin (s) vəfatından 8 il öncə qədiri-humda həzrət Əlini (ə) övliyalar şahı kimi möminlərin vəlisi və hüccəti olaraq bizə elan etdiyi gündür. Elə buna görə də Novruz həm də Əli bayramıdır, Əli tərəfdarlarının şad günüdür. Bəlkə də buna görədir ki, bu bayram günlərində doğulan uşaqların bir çoxuna Novruzəli adını qoyurlar. 12 imamlardan danışılan bir də Novruz duası var: "Ey könülləri və görüşləri dəyişdirən, ey gecə və gündüzü çəkib çevirən, ey vəziyyətləri dəyişdirən, bizim də vəziyyətimizi ən yaxşı səmtə yönəlt".

- Heç kimə sirr deyil ki, Novruzu həm türk, həm də farsdilli xalqlar, eyni zamanda ərəb ölkələrində də milli bayram olaraq qeyd edirlər. Maraqlıdır, siz Cəfərilərin qənaətincə, Novruz bizim, yəni türk millətinin bayramıdır, yoxsa farsların, ya ərəblərin?

- Novruz Türkiyədə bir el şənliyi, digər türk dövlətlərində isə rəsmi bayram olaraq qeyd olunmaqdadır. Baharın gəlişini, təbiətin oyanışını insanlara müjdə verir Novruz. Ümuilikdə götürsək, Novruz türk tayfaları arasında eramızdan əvvəl VIII əsrdən başlayaraq bugünki günədək hər ilin 21 mart tarixində bayram olaraq qeyd edilir. Onu da qeyd edək ki, on iki heyvanı əks etdirən türk təqvimində, eləcə də Məlik şahın Cəlali təqvimində yeni ilin başlanğıcı olaraq göstərilən 21 mart tarixi, Divanü Lüğətit-türkdə də yazın gəlişi kimi diqqətə çatdırılır. Hətta Novruz türk ədəbiyyatı və musiqisinə də Novruzi Əsl, Novruzi Ərab, Novruzi Bəyati, Novruzi Hicaz, Novruzi Əcəm və Novruzi Səba kimi daxil olub. Eyni zamanda, Novruz həm də tarix boyu bir çox dövlət tərəfindən bayram və el şənliyi olaraq qeyd edilib. Bunlardan ən əsasları Anadolu bəylikləri, qədim Misir, İran, Səfəvilər, Sasanilər, Moğollar, Səlcuq və nəhayət Osmanlı dövlətidir. Onu da bidirim ki, Səlcuq və Osmanlı dövlətlərində milli bayram kimi qeyd edilən Novruz, Novruziyyə adlı şeir və şənliklərlə, ziyafətlərlə qarşılanırdı. Xüsusi olaraq hazırlanan Novruziyyə adlı məcun Osmanlı zamanından qalan bir mədəniyyət ünsürü kimi bu gün də, Manisada 21 Martda Məsir məcunu şənlikləri keçirilməkdədir.

- Bəziləri Novruza müasir fəlsəfi don geyindirir, digərləri isə ona dini baxımdan yanaşır. Hətta Novruzu sırf islami baxımından şərh edənlər də az deyil. Sizcə Novruzun əslində necə başa düşülməsi lazımdır?

- Novruzu milli, yaxud da dini baxımdan incələməkdənsə, yaxşı olardı ki, ona hər iki tərəfi birləşdirərək vahid prizmadan yanaşaq. Bu halda bayramın mahiyyətini daha asan başa düşmək mümkündür. Çünki hər iki vəziyyət insana birliyi, əməkdaşlığı, sülhü, qardaşlığı, təbiəti sevməyi və qorumağı yaradılışın qayə və məqsədlərinə uyğun, məsuliyyətlə davranmağı aşılamaqdadır. Bu gözəl çağırışları özündə cəmləyən bir bayramdan söz açırıq. Bu məqsədlərə xidmət etmiriksə, adını nə qoymağımıza baxmayaraq, çəkdiyimiz əmək faydasız və mənasız olacaq.

- Novruzla bağlı bəzi xalq inancları əsrlərdir ki, insanlar tərəfindən yaşadılır. Yəni insanlar bəzən öz gələcəklərini psixoloji baxımdan bu inanclar üzərində qurmağa da səy göstərirlər. Bundan əlavə, bu bayram günləri xüsusi yeməklər də bişirilir. Sizcə qeyd etdiyimiz bu amillərin gücü-qüvvəti nədədir?

- Bu bayramda yeddi çeşit meyvənin (buna yeddi levin deyilir) alınmasının xüsusi mənası var. Göy qurşağını xatırlatsın deyə biz ona "Fatma ana qurşağı" da deyirik. Bu bizim üçün bolluğun və bərəkətin, eyni zamanda, qışın tək rəngliliyindən xilas olub, baharın çox rəngliliyinə keçidin göstəricisidir. Bilmək lazımdır ki, çoxnövlülük insan övladı üçün böyük bir zənginlik qaynağıdır. İnsanlar, güllər, yeməklər və sair nemətlər, necə ki, hər biri təklikdə cəlbedici deyil, amma onlar bir yerdə vəhdət yaradarsa, bu halda insanın diqqətini o qədər çox çəkəcək. Ümumiyyətlə, fərqli düşüncələr insanlar üçün bir nemətdir, düşmənçilik mənbəyi yox. Bizlər göyərtdiyimiz səmənilərdən aş bişirərik. Bugünkü tibbi elmi bunun insanın sağlığına çox böyük fayda verdiyini isbatlayır. Buğda çörəkdir, çörək isə həyat üçün hər şey deməkdir. Onun müqəddəsliyi heç nəylə müqayisə olunmazdır.

- Bəzi ölkələrdə Novruz zamanı Ramazan ayında olduğu kimi, zənginlər kasıblara əl tutur, acların qarnını doyurur, sədəyə paylayır və s. Bu ənənənin mənası nədir: insanlıqmı, yoxsa Novruzun heç kimin fərqinə varmadan insanlardan etdiyi tələbmi?

- Novruz bayramı günlərində heç bir millətdə olmadığı bir şəkildə həm də ölülər yad edilir. Fikir verin: dünyada çox şeylər üçün bayramlar və ya anım günləri elan edilib, amma ölülər üçün belə bir tarix müəyyən olunmayıb. Amma ölülərimiz üçün də bizdə xüsusi gün ayrılıb. Məsələn, Novruz bayramından öncə hamılıqla qəbiristanlığa gedilir, Quran oxunur, ehsanlar paylanılır. Xüsusilə də evdən köçən qız övladlara hədiyyələr alınır, yeddi levin payından ayıraraq qohum-qonşuya paylanılır, küsülülər barışdırılır. Əslində, bütün bayramlar insanların barışıq, sülh şəraitində yaşaması, həyatda məsuliyyətini başa düşməsi, hamılıqla qaynayıb-qarışması məqsədini güdür. Bayramlar insanları sevindirmək, könüllərini oxşamaq, sevgi qazanmaq, ürək sındırmamaq, başqalarının haqqını yeməmək, haqq və hüququ qorumaq, eləcə də mənalı yaşamağı yeni nəsillərə öyrətmənin bir başqa yoludur. Səbəblər insanlarda bu duyğuları canlandırır, onları düşünməyə sövq edir.

- Novruz mənəvi baxımdan bölgə xalqlarını bir araya gətirir. Görəsən bu əlaqələri bir qədər də gücləndirərək siyasi əməkdaşlıq müstəvisinə qaldıra bilərikmi? Yəni Novruzu bayram kimi qeyd edən dövlətləri bir araya gətirmək mümkündürmü?

- İnsan həyatda öz davranışı ilə dəyər qazanır və bu məsələdə məsuliyyət daşıyır. Hər bir kəs bu vəzifəni yerinə yetirərkən, kamil insana çevrilmək üçün öz əhatəsinə, təbiətə, dünyaya və bütün insanlığa xeyir verməyə çalışmalıdır. Novruz dünyəvi mahiyyət daşıdığına, sülh, qardaşlıq bayramı olduğuna görə, ölkələrin siyasi müstəvidə bir araya gəlməsi üçün güclü rol oynaması mümkündür. Hazırda bütün yer üzündə böyük bir problemə çevrilən ekoloji məsələlər hansısa bir zirvə toplantısında müzakirəyə çıxarıla bilər. Mənə görə Novruz bunlar üçün ələ düşməz fürsətdir. Bəlkə də Novruzun ikinci adı dünyada sülh günü olmalıdır.

  

  

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 19-28 mart.- S. 1, 6.