Azərbaycanın Məhkəmə sistemi insan hüquqları

 

Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri şəffaf məhkəmə sistemi sayılır. Hər bir demokratik dövlətdə insan hüquq azadlıqlarının müdafiəsində təməl rolunu məhz məhkəmələr oynayır. Azad şəffaf məhkəmə sistemi hər bir dövlətdə demokratik islahatların, hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır. Azərbaycanda da son illərdə bu istiqamətdə bir çox mühüm işlər həyata keçirilib.

Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb. Hazırda Azərbaycanda birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi və yerli iqtisad məhkəmələri, həmçinin, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə və Ağır Cinayətlərə dair İşlər Üzrə Hərbi Məhkəmə fəaliyyət göstərir. Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində 4 məhkəmə kollegiyası - Mülki işlər üzrə, Cinayət işləri üzrə, Hərbi məhkəmələrin işləri üzrə və İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası var. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.

Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq bu sahədə mütəmadi islahatlar həyata keçirilir. Bu islahatlar ölkə vətəndaşlarının hüquqlarının daha təkmil şəkildə qorunması, təmin edilməsinə yönəlib.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 21 fevral tarixli sərəncam ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb. Azərbaycan prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olub. İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Ulu öndərin məhkəmə-hüquq sistemində əsasını qoyduğu mütərəqqi islahatları inamla davam etdirən dövlət başçısı İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunub, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib. "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" 2003-cü il 23 dekabr tarixli qanuna əsasən isə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilib. Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə son illər ölkə başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycanda insan hüquqlarının müdafiəsinin əsas təminatlarından olan məhkəmələrin nüfuzunu və əhalinin məhkəmələrə olan inamını artırıb.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalanıb, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçib. Fərmana əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayının artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, yeni yaradılan məhkəmələrin təşkili, məhkəmə aparatlarının strukturunun və işinin yaxşılaşdırılması, Ali Ədliyyə Məktəbinin yaradılması üzrə tədbirlərin görülməsi və digər vəzifələr qoyulub.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb. Onun tərkibi 15 nəfərdən ibarətdir və əsasən hakimlərdən, habelə ölkə prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən ibarət formalaşdırılır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılıb, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunub, onların intizam məsuliyyəti məsələləri bilavasitə Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilib, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılıb. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor yaradılıb.

Ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılıb, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılıb. Belə ki, 1999-cu ildə qəbul edilmiş "Prokurorluq haqqında" qanuna müvafiq olaraq prokurorluğun əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən imtina edilib, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilib, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulub. Hazırda Azərbaycan Respublikası Prokurorluğu müstəqil dövlət orqanı olmaqla cinayət işi başlayır və ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət edir, dövlət ittihamını müdafiə edir, mülki işlər üzrə dövlət mənafeyinin müdafiəsi üçün iddia verir.

Həmçinin ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizəyə ölkəmizdə xüsusi əhəmiyyət verilərək bu sahədə ayrıca qanun qəbul edilib, ölkə başçısı tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Bu sahədə ən mühüm tədbirlərdən biri də Baş Prokurorluqda Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi idarənin yaradılması olub. Prezidentin son tapşırıqları ilə bu xüsusi idarənin ştat cədvəli daha da genişləndirilib. Məqsəd isə korrupsiya ilə mübarizədə daha effektli nəticələrə nail olmaqdır.

Eyni zamanda müstəqil təşkilat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilib, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb.

 

 

Həftə içi.- 2011.- 19 mart.- S. 1.