Əhalinin hüquq düşüncəsi hansı səviyyədədir

 

Müvafiq qurumlar bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirirlər

 

Hazırda Milli Fəaliyyət Planı çərçivəsində bəzi dövlət qurumları əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlülük mədəniyyətinin təbliği istiqamətində müxtəlif bölgələrdə maarifləndirmə işləri aparırlar. Son dövrlərin müşahidələri göstərir ki, aparılan maarifləndirmə tədbirləri nəticəsində artıq vətəndaşların hüquq düşüncəsində müəyyən irəliləyişlərə nail olunub.

Belə ki, indi əhalinin əksəriyyəti öz hüquq və vəzifələrini daha aydın şəkildə dərk edir, hər hansı problemlə rastlaşdıqda üz tutacağı ünvanı da yaxşı tanıyır.

 

Dövlət Komitəsi 450-yə yaxın seminar təşkil edib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətində deyirlər ki, adıçəkilən qurum 2007-2010-cu illərdə din sahəsində dözümlüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, eləcə də digər əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə, Bakı şəhəri də daxil olmaqla, respublikanın əksər şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birgə bir sıra maarifləndirmə tədbirləri keçirib: " Məsələn, "Azərbaycanda dövlət-din münasibətləri", "Dövlət-din münasibətlərinin hüquqi bazası", "Qeyri-ənənəvi dinlər və təriqətlər", "Terrorizmə və zorakılığa qarşı mübarizədə dinlərin yeri və rolu", "Dinlərarası dialoq", "Dövlət-din münasibətlərində Azərbaycan modeli", "Azərbaycanda din sahəsində qanunvericiliyin şərhi", "Qafqaz bölgəsində dini durum: reallıqlar və perspektivlər" və s. mövzularda ümumilikdə 450-yə yaxın seminar-treninq təşkil edilib.

Dövlət komitəsi hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli, 2271 saylı Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə proqramı"nın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətində analoji mövzularda tədbirlər həyata keçirir. Bundan başqa, müvafiq qurumlarla birlikdə ölkənin müxtəlif ali və orta təhsil məktəblərində, habelə cəzaçəkmə müəssisələrində "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər", "Azərbaycanda islam ənənələri", "İslam dünyası - təriqətçilikdən vəhdətə doğru", "Qeyri-ənənəvi islam və xristian təriqətləri", "Böyük günahlar və islamda tövbə" və s. mövzularda seminar-treninqlər təşkil olunub. Digər tərəfdən 2009-cu il noyabrın 6-7-də Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilmiş beynəlxalq konfrans dünya miqyasında geniş əks-səda doğurub. Konfransda 4 qitədən, 31 ölkədən, 8 beynəlxalq təşkilatdan 167 qonaq iştirak edib. "Gülüstan" sarayında baş tutmuş həmin möhtəşəm tədbir müasir dünyada dinə münasibətin və dinlərarası vəziyyətin bugünkü durumunda Azərbaycanın digər ölkələr üçün örnək ola biləcək dini dözümlük ənənələrinin dinamik inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Sonuncu genişmiqyaslı tədbir 2010-cu il aprel ayının 26-27-də Bakıda keçirilən "Dini liderlərin ümumdünya sammiti" olub".

 

Maarifləndirmə əyani vəsaitlərlə də aparılır

 

Komitədə həmçinin bildirirlər ki, maarifləndirmə tədbirləri əyani vəsaitlərlə də həyata keçirilir: "Dövlət və Din" jurnalı, "Cəmiyyət və Din" qəzeti vasitəsilə, din ictimaiyyəti də daxil olmaqla, bütün ölkə əhalisi arasında mövcud tolerantlıq ənənələrinin təbliği, dövlət-din münasibətlərinin mahiyyəti, ailə və məişət zorakılığı, qəddarlığın qarşısının alınması, vətəndaşlıq hisslərinin formalaşması, görülən işlər və perspektivlər haqqında maarifləndirmə işləri aparırıq. Həmin jurnal və qəzet dini qurumlara, habelə müvafiq dövlət və qeyri-dövlət orqanlarına pulsuz olaraq mütəmadi göndərilir. Bundan başqa dövlət komitəsinin əməkdaşları ölkə KİV-ində müntəzəm çıxışları ilə əhalinin dini maarifləndirməsində fəal iştirak edirlər.

İnsan Hüquqları üzrə Müvəkkil Aparatı da bu yöndə müvafiq tədbirlər həyata keçirir. Ombudsman Elmira Süleymanova və qurumun əməkdaşları Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin digər məsələlərlə bağlı əhalinin maarifləndirilməsi məqsədilə bölgələrdə ictimai dinləmələr keçirir. Tədbirlərdə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyəti vurğulanaraq vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verilir. Azərbaycanda insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğu da diqqətə çatdırılır. Bundan başqa ictimai dinləmələrdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti, Müvəkkilin barışdırıcılıq missiyasını da həyata keçirdiyi barədə ətraflı məlumat verilir. Həmçinin ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsmanın və onun tapşırığına əsasən, aparatın əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat məktəblərinə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirildiyi də vurğulanır. Dinləmələrdə habelə mövcud problemlərin həllində və MFP-nin icrasında dövlət orqanları, bələdiyyələr, QHT və icmaların birgə səylərinin, insan hüquqlarının təbliğində kütləviliyin, bu sahədə əhali ilə səmərəli iş aparılmasının, hər bir kəsin öz peşəsini yerinə yetirərkən insan hüquqlarına diqqəti artırmasının, sağlam həyat tərzinin təbliğinin, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin diqqətdə saxlanmasının zəruriliyi önə çəkilir. Eyni zamanda, QHT-lərin sayının artırılmasının, vətəndaş cəmiyyəti və icmaların daha fəal olmasının, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyi, erkən nikahların, qız uşaqlarının təhsildən yayınmasının, uşaq əməyi istismarının yolverilməzliyi və bu problemlərə daha çox diqqət yetirilməsinin, ictimai qınağın vacibliyi də xüsusi vurğulanır.

 

"Regional görüşlər davam etdiriləcək"

 

Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsində də Milli Fəaliyyət Planının tələblərinə uyğun olaraq müxtəlif işlər görülür. Qurumdan verilən məlumata istinadən, ötən dövr ərzində Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə "Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil" mövzusunda tədqiqat aparılıb, tövsiyələr hazırlanıb. Ailədə qadın və uşaqlara qarşı zorakılıq probleminə diqqətin artırılması, bu sahədə işin gücləndirilməsi məqsədi ilə regionlarda "Ailədaxili zorakılığa qarşı mübarizə tədbirləri" layihəsi həyata keçirilib. Bundan başqa bələdiyyələrdə gender siyasətinin həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində "Yerli özünüidarəetmə orqanlarında qadınların rolu" mövzusunda konfrans təşkil olunub. Regionlarda "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüşlər keçirilib. Görüşlərdə qadınların gündəlik həyatda qarşılaşdıqları məişət zorakılığı, erkən nikah, təhsildən yayınma halları və s. hüquqlarının pozulmasının qarşısının alınmasında yerli özünüidarəetmə orqanlarına dair vəzifələr, bu istiqamətdə mövcud problemlər və onların aradan qaldırılma yolları müzakirə edilib. "Ekologiya problemlərinin həll olunmasında qadınların rolu" layihəsi çərçivəsində təbii ehtiyatların səmərəli istifadəsinin təşkili, ekoloji böhrandan çıxış yolları, qadınlar arasında ekoloji maarifləndirmə işlərinin təşkili məqsədi ilə müzakirələr aparılıb. Regionlarda "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının qanununun təbliğ olunması istiqamətində təlimlər təşkil edilib. Eyni zamanda, YUNİSEF-in dəstəyi ilə "Azərbaycanda küçə uşaqlarının vəziyyətinin təhlili" layihəsi çərçivəsində küçə həyatı sürən uşaqların vəziyyəti araşdırılıb, bu halların yaranma səbəbləri müəyyənləşdirilib. Azərbaycan uşaqları haqqında elektron məlumat bankı yaradılıb. "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində "Doğumun qeydiyyatı" layihəsi üzrə regionlarda aparılan araşdırmalar yekunlaşdırılıb, uşaq saytı istifadəyə verilib.

  

 

Sevinc

 

Həftə içi.- 2011.- 19 mart.- S. 3.