İnsan hüquqları sahəsində
hazırlanan ədəbiyyatlar
Aidiyyəti qurumlar bu istiqamətdə kifayət qədər
vəsaitin olduğunu deyirlər
Son illər Azərbaycanda
hüquqi maarifləndirmə istiqamətində ciddi islahatlar
aparılır. Qeyd edək ki, mövcud tədbirlər insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət
Planı çərçivəsində həyata
keçirilib.
Həmin sənəddə
göstərilib ki, bu istiqamətdə islahatların effektli
şəkildə həyata keçirilməsi
üçün müvafiq qurumlara dərs vəsaitləri və
ədəbiyyatların hazırlanması tövsiyə edilib.
Bəzi kitablar təkmilləşdirilib
Təhsil Nazirliyində
deyirlər ki, adıçəkilən qurum bu məsələdə
üzərinə düşən öhdəlikləri yerinə
yetirməyə çalışıb: "Milli Fəaliyyət
Planının müvafiq bəndinə uyğun olaraq
2007-2008-ci illər ərzində yeni dərs vəsaitləri və
ədəbiyyatlar hazırlanıb. Bu istiqamətdə Ombudsman
Aparatının və bir sıra beynəlxalq təşkilatların
ekspertləri ilə əməkdaşlıq edilib. Tədbirlər
çərçivəsində "İnsan və cəmiyyət"
fənni təkmilləşdirilib. Təbii ki, dərslərinə
diqqətlə yanaşan şagird həmin bilikləri həvəslə
mənimsəyir və sonradan həyatında tətbiq edir. Hər
iki fəndən toplanan materiallar yuxarı sinif şagirdləri
üçün olduqca zəruridir. Məsələn,
"İnsan və cəmiyyət" fənninin
ayrı-ayrı bölmələrində vətəndaşın
həm ailəyə, həm cəmiyyətə, həm də
yaxın ətrafına yanaşma forması təhlil olunur. Təbii
ki, həmin təhlillərlə tanış olan yeniyetmənin
də məsələyə öz baxışı var. Müəllimin
başlıca vəzifəsi isə doğru və
yanlışlığından asılı olmayaraq həmin
yanaşmanı düzgün istiqamətə yönləndirməkdir".
Qurumda habelə bildirirlər ki, sözügedən dərs vəsaitlərinin
tədrisi ilə bağlı mütəmadi məktəblərdə
monitorinqlər aparılır: "Əgər hansısa fənnə
qeyri-ciddi yanaşılsa, belə məktəblərə
qarşı tədbir görməyə həmişə
hazırıq".
Nazirlikdə həmçinin
Ombudsman Aparatı ilə əməkdaşlıq çərçivəsində
müxtəlif plakat və bukletlər
hazırlandığını da vurğulayırlar:
"Bunlara Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciət edilməsi qaydası, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili, "Bəşəriyyətin AİDS-dən
xilası hər birimizdən asılıdır!"
(HİV/AİDS haqda əsas məlumat), "Daxili işlər
orqanlarının fəaliyyətində insan
hüquqlarının təminatı" tədris proqramı,
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında konvensiya", "Həbs edən zaman nələri
unutmamalısan?", "Hüquqların pozulubsa insan
hüquqları üzrə müvəkkilə (ombudsmana )
müraciət et!", "Məhbusların hüquq və
azadlıqları", "Polis və insan
hüquqları" tədris modulu, "Polis əməkdaşları
üçün yaddaş kitabçası",
"Xüsusi ittihamçı və mülki
iddiaçının hüquqi vəziyyəti",
"İnsan hüquqları və azadlıqları nədir?",
"İşgəncəyə yox!", "Çevik
araşdırma qrupu ilə əməkdaşlığa
hazırsınızmı?", "Sizin əsas hüquq və
azadlıqlarınız", "Şübhəli şəxsin
hüquqi vəziyyəti", "Təqsirləndirilən
şəxsin hüquqi vəziyyəti", "Tutulduğun
zaman nələri bilməlisən?", "Yetkinlik
yaşına çatmayan məhkumların hüquq və
azadlıqlarının təmini", "Zərərçəkmiş
şəxsin hüquqi vəziyyəti" və digər nəşrlər
aiddir. Plakatlar isə əlilliyi olan şəxslərin
hüquqları haqqında konvensiya, HİV
daşıyıcıları bütün hüquqlara malikdirlər!
Özünü HİV-AİDS-dən qoru!, Uşaq
hüquqları haqqında konvensiyadan ibarət olub".
"Bu istiqamətdə mütəmadi iş
aparılır"
Məsələyə
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
İnstitutundan da münasibət öyrəndik. Qurumdan
bildirdilər ki, bu məsələ onlar üçün əsas
prioritetlərdən biridir: "Təbii ki, cəmiyyətdə
insan hüquqlarının aşılanması
üçün müvafiq ədəbiyyat və vəsaitlərin
olması vacibdir. Məsələn, biz YUNESKO üzrə Milli
Komissiya və YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan
bürosu ilə birlikdə "Bioetika: sənədlərg
terminlərg" kitabını hazırlamışıq. Bu
yaxınlarda həmin kitabın təqdimatını da
keçirdik. Ümumiyyətlə, hər bir dövlət
elmin əldə etdiyi nailiyyətlərlə hüquqi-etik
aspektdən yanaşmaqda, öz vətəndaşlarının
mənafeyini, hüquqlarını qorumaqda maraqlıdır. Azərbaycanda
da bu sahədə müvafiq qanunvericilik və normativ-hüquqi
aktların işlənib-hazırlanmasına ehtiyac var. Bu, elmin
son nailiyyətlərindən və ölkə vətəndaşlarının
sosial sahədə hüquqlarının qorunması istəyindən
irəli gəlir.
Beynəlxalq qurumlar tərəfindən
qəbul olunan etik xarakterli bəyannamə və sənədlərin
sürətli artımı milli qanunvericiliyin təkmilləşməsi
ilə müşayiət olunmalıdır. Bu istiqamətdə
fəaliyyət göstərən İnsan Hüquqları
İnstitutu gələcək tədqiqatlar üçün
elmi platformanın formalaşması üzərində də
iş aparır. Hazırda institut Azərbaycan
üçün yeni bir istiqamət - Bioetik və tibbi
hüquq üzrə tədqiqatları genişləndirməkdədir".
Adıçəkilən
institutda həmçinin Azərbaycan qanunvericiliyində həmin
istiqamətdə xeyli boşluqların olduğunu da təəssüflə
qeyd edirlər: "Ölkə vətəndaşlarının
yuxarıda göstərilən sahə üzrə öz
hüquq və vəzifələrindən məlumatlılıq
səviyyəsi çox aşağıdır. Bununla əlaqədar
olaraq, ölkəmizdə insan hüquqlarının gələcək
inkişafı üçün vətəndaşların məlumatlılıq
səviyyəsinin yüksəldilməsini və qanunvericilik
bazasının təkmilləşdirilməsini məqsədəuyğun
və vacib sayırıq. Biz də İnsan Hüquqları
İnstitutu olaraq məhz bu kontekstlərdə bioetik və
tibbi hüquq sahəsi üzrə fəaliyyət göstərir
və qarşıdan gələn illərdə bu istiqamətləri
genişləndirməyi planlaşdırırıq. Məhz bu
baxımdan "Bioetika: sənədlərg terminlərg"
kitabını əhəmiyyətli sayırıq. Bu kitab
oxuculara ilk dəfə olaraq üç dildə təqdim
olunur. Nəşrdə bioetikaya dair beynəlxalq sənədlər,
o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi,
Nürnberq Məcəlləsi, Beynəlxalq Tibbi Etika Məcəlləsi,
YUNESKO-nun bioetika üzrə proqramı və digər vacib sənədlər
əksini tapıb. Həmçinin bioetika ilə bağlı
bir sıra vacib terminlərin izah edildiyi qısa terminoloji
lüğət də təqdim edilir. Əgər müxtəlif
sahələrdə elmin nailiyyətlərindən bəhrələnmək,
bu uğurları inkişafa, tərəqqiyə doğru
yönəltmək istəyiriksə, ilk növbədə səmərəli
və təsirli qanunvericilik sənədləri
hazırlanmalı, eləcə də dövlətin, tədqiqatçıların,
sərmayəçilərin və ayrı-ayrı şəxslərin
hüquq və vəzifələrini müəyyənləşdirməliyik.
Əminik ki, təqdim olunan bu kitab Azərbaycanda bioetika problemlərinin
dərk olunmasında əlverişli vasitə olacaq". Yeri gəlmişkən,
ali və orta ixtisas təhsil müəssisələrində
bioetika fənninin tədrisi və bu kitabın da həmin fənn
çərçivəsində istifadə olunması gözlənilir.
Təhsil üzrə
ekspert Nadir İsrafilov isə bugünkü dövrdə də
adıçəkilən sahədə vəziyyətin
acınacaqlı olduğunu vurğulayır. Onun sözlərinə
istinadən, sovet dövründə məsələyə
indikindən daha çox diqqət yetirilirdi: "Həmin illərdə
"Sovet dövlətinin hüququ əsasları" adlı
fənn tədris olunurdu və yeniyetmələrə lazımi
hüquqi savad verilirdi. Yəni, bu fənnə barmaqarası
baxılmırdı. Hazırda isə orta məktəblərdə
tədris edilən ölkə konstitusiyası, eləcə də
"İnsan və cəmiyyət" fənninin funksiyası
ancaq müəllimlərin dərs yükünü
artırmaqdır. Yəni, adıçəkilən fənlərin
tədrisinə qeyri-ciddi yanaşılır. Hətta vəziyyət
o yerə çatıb ki, şagirdlər də həmin fənlərin
tədris saatında istirahət etdiklərini deyirlər. Çox
hallarda isə bu dərsdə oturan uşaqların sayı cəmi
5-6 nəfər olur. Təbii ki, mövcud biganəlik nəticəsində
cəmiyyətdə hüquqi savadsızlıq baş alıb
gedir. Əslində isə hüquqi təhsilin kütləviləşdirilməsi
insanların xeyrinədir. Çünki vətəndaşların
hüquqi bilgiləri nə qədər əhatəli olarsa,
onlar öz mənafelərini daha yaxşı müdafiə edə
bilərlər. Digər tərəfdən "Azərbaycan
dövlətinin hüquqi əsasları" adlı ümumiləşdirilmiş
fənnin tədris edilməsi də məqsədəuyğundur.
Yəni, bir istiqamət üzrə ayrı-ayrı fənn tədris
etməkdənsə, ümumiləşdirilmiş bir fənnin
dərs yükünə daxil edilməsi daha effektiv olar".
"İnsan və cəmiyyət",
eləcə də "Azərbaycan Respublikasının
Konstitusiyası" fənlərinin tarix müəllimləri
tərəfindən tədrisini qeyri-məqbul sayan mütəxəssis
bunun ixtisaslaşmış kadrlara həvalə
olunmasını vacib sayır: "Məsələn, orta məktəblərdə
ibtidai hərbi hazırlıq fənni tədris edilir. Yəni,
yuxarı sinif şagirdlərinin hər biri silahla necə
davranılması barədə məlumatlandırılır. Hərbi
biliklərin aşılanması istiqamətləri
düzgün müəyyənləşdirildiyindən bu
istiqamətdə həyata keçirilən maarifləndirmə
qənaətbəxşdir. Düzdür, hər adam
hüquqşünas qədər də məlumatlı ola bilməz,
amma adi məqamlar barədə bilgili olmaq bütün vətəndaşların
borcudur. Çünki cəmiyyətin hüquqi cəhətdən
maariflənməsi həm də dövlətin inkişafı
deməkdir".
Sevinc
Həftə içi.- 2011.- 19 mart.- S. 4.