Azərbaycanda əlillərə
dövlət qayğısı
göstərilir
Ölkədə yaşayan 450 min əlilin
hüquqları beynəlxalq konvensiya əsasında qorunur
Azərbaycan müstəqillik
qazanandan sonra ölkədə cəmiyyətin bir hissəsi
olan əlillərə dövlət qayğısı dəfələrlə
yüksəlib. Bu sahədə bir çox qanunlar qəbul
olunub, vaxtaşırı əlillərə mənzil,
maşın və sair kimi vasitələr hədiyyə edilir,
ildən-ilə onlara verilən pensiya və təqaüdlər
artırılır. Bundan əlavə, Azərbaycan dövləti
13 dekabr 2006-cı il tarixində "Əlillərin
hüquqları haqqında" beynəlxalq konvensiyanın
Fakültətiv Protokoluna qoşulmaq barəsində qanun da qəbul
edib.
Məhz həmin qanunda
insana aid olan bütün hüquq və azadlıqların
qorunması nəzərdə tutulur və təbii ki, Azərbaycan
da həmin sənədi imzalamaqla bu öhdəlikləri
öz üzərinə götürmüş olub. Yeri gəlmişkən,
beynəlxalq konvensiyanın 1-ci bəndində insanların, o
cümlədən əlillərin hüquqları təsbit
olunub. Bu konvensiyanın məqsədi bütün əlillər
tərəfindən insan hüquqlarının və əsas
azadlıqlarının tam, bərabər səviyyədə həyata
keçirilməsini həvəsləndirməkdən,
müdafiə və təmin etməkdən, eləcə də
onların ləyaqətinə hörmət göstərilməsini
həvəsləndirməkdən ibarətdir. Konvensiyada
göstərilir ki, əlillər kateqoriyasına müxtəlif
maneələrlə qarşılıqlı təsir zamanı
onların digərləri ilə bərabər səviyyədə
cəmiyyətin həyatında tam və səmərəli
iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya
hissiyyat pozuntuları olan insanlar aiddir. Sənədin 3-cü
maddəsində isə ümumi prinsiplər göstərilib:
a) şəxsi seçim etmək azadlığı və
müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə,
onun şəxsi sərbəstliyinə hörmət
olunması; b) ayrı-seçkiliyə yol verilməməsi; c)
cəmiyyətə tam və səmərəli cəlb olunma və
daxil olma; d) əlillərin xüsusiyyətlərinə
hörmət olunması və onların insan müxtəlifliyinin
komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul
olunması; e) imkanların bərabərliyi; f) müyəssərlik;
g) kişi və qadınların bərabərliyi; h) əlil
uşaqların inkişaf edən qabiliyyətinə hörmət
və onların öz fərdiliyini saxlamaq hüquqlarına
hörmət. Konvensiyanın 5-ci maddəsinə əsasən,
Azərbaycan dövləti əlil vətəndaşların
digərlərindən fərqləndirilməsi
üçün öz üzərinə öhdəlik
götürüb. Burada xüsusilə, əlil qadınlar və
uşaqlar haqqında ayrıca maddələr qeyd olunub. Bu da
ona görə nəzərdə tutulub ki, məhz qadınlar və
uşaqlar, belə demək mümkündürsə, zəif təbəqə
olduğundan daha çox ayrı-seçkiliyə və
istismara məruz qalır. Ona görə də Azərbaycan
dövləti bu kimi halların baş verməməsi
üçün beynəlxalq qanunlarda nəzərdə
tutulduğu kimi, öz vətəndaşlarının
hüquqlarını çox ciddi qoruyur.
Azərbaycan dövləti
ölkədə əlillərin ayrı-seçkiliyə məruz
qalmamaları üçün maarifləndirmə işlərinə
də böyük önəm verməkdədir. Dövlət əlil
vətəndaşların qabiliyyətini,
bacarığını həmişə üzə
çıxarmağa çalışır. Bu məqsədlə
konvensiyada da nəzərdə tutulduğu kimi, əlillərin
vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin,
habelə onların iş yerində və əmək
bazarında verdikləri töhfənin tanınmasına
kömək göstərir. Hətta bir çox hallarda əlil
uşaqların təhsil almalarını asanlaşdırmaq
üçün çoxsahəli təhsil müəssisələri,
internat məktəbləri, əlillərin əmək
bacarıqlarından istifadə etmələri
üçün xüsusi iş yerləri yaradılır. Yeri
gəlmişkən, BMT-nin "Əlillərin hüquqları
haqqında" konvensiyasına dair Azərbaycan
Respublikasının bəyanatı da mövcuddur ki, həmin sənəddə
deyilir: Azərbaycan Respublikası bəyan edir ki, o Ermənistan
Respublikası tərəfindən işğal olunmuş ərazilərində
konvensiyanın müddəalarının yerinə yetirilməsinə
işğal altındakı ərazilər azad edilənədək
təminat vermək iqtidarında deyil. Onu da qeyd etmək yerinə
düşərdi ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
60 illiyinə və 3 dekabr Beynəlxalq Əlilliyi olan İnsan
Gününə həsr olunmuş "Əlillərin
hüquqları haqqında konvensiya: ləyaqət və ədalət
hamı üçün" mövzusunda konfrans məhz
Bakıda keçirilib. Tədbirdə səslənən fikirlərə
görə, cəmiyyətin zəif qrupuna daxil olan insanlar hər
zaman cəmiyyətin diqqətində olmalıdır. Bizdəki
məlumata görə, Ombudsman Aparatı artıq əlillərin
problemləri ilə bağlı müxtəlif dövlət
qurumlarına müraciət də ünvanlayıb. Həmin
müraciətdə isə tibbi-sosial ekspert
komissiyalarının işinin təkmilləşdirilməsinə
kömək göstərilməsi xahiş olunur. Hətta
Ombudsman Aparatının Nəqliyyat Nazirliyinə müraciətindən
sonra ölkəyə gətirilən avtobuslarda əlilliyi olan
insanların minməsi üçün xüsusi şərait
yaradılıb. Yeri gəlmişkən, həmin dövrə
qədər ölkəyə 130 belə avtobus gətirilib. Məhz
bu müraciətlər əsasında Daxili İşlər
Nazirliyi paytaxta görmə qüsuru zəif olan insanlar
üçün 30-dan çox səsli işıqfor
quraşdırıb. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi isə küçələrdəki
telefon-danışıq məntəqələrini əlillərin
istifadəsi üçün yararlı vəziyyətə
salıb. Ombudsman əlil uşaqlara baxan dayələrin əməkhaqlarının
artırılması ilə bağlı da Nazirlər Kabinetinə
müraciət edib. Yeri gəlmişkən, BMT-nin Azərbaycandakı
ofisi də həmişə əlillərin məsələsini
nəzarətdə saxlayır və Azərbaycan dövlətinin
bu sahədə gördüyü işləri həmişə
alqışlayır. Hətta ofisdən bildiriblər ki,
konvensiyaya üzv ölkələrdən milli işçi
qruplarının yaradılması vacibdir. Çünki bu sahədə
mütəmadi monitorinqlərin keçirilməsi onların
qarşısında mühüm vəzifə kimi
qoyulmalıdır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi
Baş İdarəsindən Müstəqil İnformasiya
Agentliyinə verilən məlumata görə, hazırda Azərbaycanda
450 mindən çox əlil yaşayır. Dövlət hər
ay əlillik qruplarına uyğun olaraq onlara pensiya və sosial
müavinətlər verir. Amma sosial müavinətlər
aşağı olduğundan həmin vəsaitlə əlillər
kommunal xidmətləri ödəməyə, müalicə
olunmağa, normal qidalanmağa çətinlik çəkirlər.
Azərbaycanda əlillərin cəmiyyətə
inteqrasiyası ilə bağlı ciddi problemlər var. Bu
gün əlillərin əsas problemlərindən biri təhsil
ala bilməmək, işsizlik və mənzillə
bağlıdır. Qanunla dövlət müəssisələrində
hər 50 işçidən biri, güzəştli
kateqoriyadan olanlar, o cümlədən əlillər
olmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına
görə, hazırda
əsasən mənzilə
ehtiyacı olan Qarabağ əlilləri üçün evlər tikilib istifadəyə verilir. Hazırda respublikamızda əlillər
üçün 9 bərpa
mərkəzi fəaliyyət
göstərir ki, həmin yerlərdə ildə 5000 əlil bərpa müalicəsi alır. 2011-ci ildə də əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirin həyata keçirilməsi
nəzərdə tutulur.
Bura əlillər üçün
idman - sağlamlıq,
reabilitasiya mərkəzlərinin
istifadəyə verilməsi,
onların xaricdə müalicəsinin təşkili
məsələləri də
daxildir.
Əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə əlillər üçün xüsusi mərkəz tikilib, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir, diabetli xəstələr üçün dərmanlar alınır və sair.
Onu da xatırladaq ki, Nazirlər Kabineti "2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı"nın və "2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı"nın təsdiq edilməsi haqqında 38 saylı qərar da qəbul edib.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 19 mart.- S. 5.