"ATƏT-in
hesabatı Ermənistanın
təcavüzkar siyasətini
sübut edən sənəddir"
Ermənistana təzyiqlər edilməlidir ki, Azərbaycanın
torpaqlarından çıxsın
ATƏT-in
faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın
təcavüzkar siyasətini sübut edən növbəti
beynəlxalq sənəddir. Trend-in məlumatına görə,
bu barədə "Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması"
İctimai Birliyinin sədri Bayram Səfərov hakim Yeni Azərbaycan
Partiyasının (YAP) rəsmi saytına
açıqlamasında bildirib.
"ATƏT-in faktaraşdırıcı
missiyasının hesabatı Azərbaycanın işğal
olunmuş ərazilərində qanunsuz məskunlaşmanın
aparılmasını bir daha təsdiqləyir" - Səfərov
əlavə edib.
O bildirib ki, artıq
işğalçı Ermənistan beynəlxalq hüquqa zidd
addımlarını dünya ictimaiyyətindən gizlədə
bilmir. Onun sözlərinə görə, bu hesabat Ermənistanın
təcavüzkar siyasətini sübut edən növbəti
beynəlxalq sənəddir.
"Hesabatda bildirilir ki,
işğal olunmuş ərazilərdə məskunlaşdırılmış
insanların şəxsiyyətini təsdiq edən heç
bir sənəd yoxdur. Bu faktın özü qanunsuz məskunlaşmanı
əyani şəkildə təsdiqləyir. Artıq Ermənistanın
işğalçı mahiyyəti bir daha təsdiqləndi. Beynəlxalq
birlik bundan sonra işğalçı Ermənistana
qarşı təzyiqlər etməlidir ki, Azərbaycanın
torpaqlarından çıxsın. İnsanlar öz doğma
torpaqlarına qayıtmaq istəyir və bu, belə də
olacaq" - Səfərov vurğulayıb.
Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən
həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən
qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və
bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının müraciəti əsasında ATƏT-in
Minsk qrupunun həmsədrləri Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsi ətrafında
olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin
dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr
2010-cu il tarixlərində sahə qiymətləndirmə
missiyasını (SQM) həyata keçiriblər.
Həftə içi.- 2011.- 29 mart .- S. 4.