"Nabucco"nun tikintisinə kömək üçün boru zavodu istifadəyə verilib

 

Türkiyənin Mersin şəhərində "Nabucco" layihəsinin icrası üçün məhsul istehsal edəcək böyük bir zavod istifadəyə verilib. "Hürriyyət"in yazdığına görə, zavodun tikintisinə 20 milyon dollar vəsait xərclənib. Müəssisə "Nabucco" kəmərinin tikintisində istifadə olunacaq, ildə 75 min ton borular istehsal edəcək. Zavodu adıçəkilən layihədə iştirak edəcək 30 şirkətdən biri olan, dünyada neft, qaz və su boruları istehsalçısı kimi tanınan "Özbal Çelik Boru" tikib. İldə 75 min ton spiralvari borular hazırlayacaq müəssisə Avropa, Afrika, Yaxın Şərq və türkdilli respublikalarda həyata keçirilən bir çox layihələrin icrası üçün də məhsul istehsal edəcək.

 Zavodun açılışında iştirak edən sənaye və ticarət naziri Nihat Ergün bildirib ki, məhsul istehsalı yaxın vaxtlarda ikiqat artırılaraq ildə 150 min tona çatdırılacaq. Onun fikrincə, bu zavodun və onun kimi çox sayda yeni müəssisələrin istifadəyə verilməsi Türkiyənin gələcəyinə müsbət vədlər verir. Nazir deyib ki, Bakı - Tbilisi - Qars dəmir yolunun tikintisi başa çatandan sonra Türkiyənin öz məhsulunu xarici bazarlara çıxarması üçün imkanları genişlənəcək. O, hətta adıçəkilən dəmir yolunu ərsəyə gətirdiyinə görə, Bakının ünvanına təşəkkür səsləndirməyi də unutmayıb. Xatırladaq ki, Avropa və Türkiyənin təbii qaza olan təlabatını ödəmək üçün inşa olunan "Nabucco" layihəsinin icrası məqsədilə, 16 ölkənin prezident, baş nazir və nazirinin qatıldığı illik imzaatma mərasimi 2009-cu ilin iyul ayında keçirilib. Kəmərin tikintisinə bu il başlamaq nəzərdə tutulurdu. Amma qaz tədarükçülərinin hər il kəmərə nə qədər qaz verə biləcəkləri müəyyənləşdirilmədiyi üçün proses təxirə salındı. Yeri gəlmişkən, indiyədək "Nabucco"nun əsas tədarükçüsü rolunda Azərbaycan çıxış edir. Belə ki, Azərbaycan "Şahdəniz" yatağından çıxarılacaq 16 milyard kubmetr qazı bu kəmərlə Avropaya satmaq istəyir.

  

 

Vüsal

 

Həftə içi.- 2011.- 29 mart.- S. 4.