ƏMANƏT
Hər bir sərginin
öz işarələri var. Birinci işarə dəvətnamədə
idi - 11 martdakı sərgiyə aldığım dəvətnamədə.
Onun üzərində xalq rəssamı Maral Rəhmanzadənin
avtoportreti vardı. Sonra bu avtoportreti iri reklam lövhəsində
gördüm. Meydanlarda, parklarda qurulan reklam lövhəsindən
mavigözlü, bəyaz təbəssümlü qadın
şəhər qələbəliyinə baxırdı. Daha
sonra bu "Avtoportret" "Xalq" Bankın liftinin
monitorunda, dəyişən təsvirlərin içində
görünüb itdi.
Həqiqi təsvir isə
sərgi salonunda idi - bütün işarələrin
dayandığı yerdə. Amma burada nəinki bəyaz təbəssümlü
qadının taleyi, həm də ötən yüz ilin tərcümeyi-halı
vardı. Şəhər mənzərələri, neft
daşları, insanlar, əqidələr, istedadlar, köhnə
və yeni təfəkkürün üz-üzə gəlməyi
- bütün bu zaman işarələrinin surətini Maral Rəhmanzadə
kətana və kağıza
köçürmüşdü. Görəsən nə
vaxtsa sənətkar gördüklərini özünə izah
etmişdimi? Bəlkə o, sadəcə olaraq bütün
bunların bir parçası olduğunu
düşünmüşdü. Kompozisiya, kolorit, yeni-yeni ifadə
vasitələri ancaq istedadın ölçüsü ilə
maraqlıdır. Dağların, dənizlərin üzərində
buludlar eyni şəkildə olmur. Bir təsvir digər təsvirə
heç zaman bənzəməz. İndi
bu bənzərsizlik litoqrafiyalarda, qravüralarda, yağlı
boya ilə işlənmiş əsərlərdə
yaşayır ki, "Xalq əmanəti"nin bir
parçası olsun.
Sərgidə
rastlaşdığım xalq rəssamı Ömər Eldarov
da elə bil bunlardan danışmaq istəyir, amma yaşanan
ömrün təcrübəsi, xatirələrin və bilgilərin
çoxluğu sözləri sadələşdirir.
Ömər Eldarov:
- Maral xanım, doğrudan da, Maral idi. Onun yaratdığı
tablolarda zərifliyin təcəssümü var. "Xalq"
"Min il və
bu gün"
Videokameraların üzərində
işıq siqnalı yanıb sönür, fotoaparatların
qığılcımı təsvirlərə bir az da
aydınlıq gətirir. Adamları diqqətlə seyr edirəm
- demək olar ki, mədəni elitanın əksər nümayəndəsi
bura toplaşıb. Maral Rəhmanzadəni tanıyanlar,
tanımayanlar, ona yaxın dost kimi və ya bir müəllim
kimi baxanlar. Yadıma bəyaz təbəssümlü rəssamın
müsahibələrinin birində dediyi fikir düşür:
"Xalq mənəviyyatı, xalq təfəkkürü
beş ilin, on ilin yox, minillərin abidəsidir". Sənayeləşmə
dövrünün könüllü ordusunun təsvirləri
ilə, Xınalıq mənzərələri yan-yana
düşəndə, bu abidənin ənginliyini hiss edirsən.
Üzərində səhər şəfəqlərinin
işartısı oynayan nəhəng rezervuarların fonunda
yeriyən adam və hay-küylə ötüb-keçən
bir neçə qağayı (Neft çənləri. 1963, rəngli
litoqrafiya). Başqa bir çərçivədə əllərində
səhəng tutmuş, yaşmaqlı, xınalı gözəllər
(Dağlı qızlar, 1964, rəngli linoqravür). Vaxt öz
rəmzlərini yaradır ki, onlar təsvirə çevrilsin.
Maral xanım dağların əksini böyük sevgi ilə
kətana köçürüb, amma onlar quru sxem deyil, insan nəfəsi
ilə diridir. Ötüb keçmiş o müsahibədən
bir fikri də xatırlayıram. Maral xanım Yaponiyanın məşhur
rəssamlarını xatırlayır, onların Fudzi
dağının təsvirlərini nə boyda sevgi ilə
yaradıb insanlara yadigar qoyduqlarından söz
açırdı. Elə bil rəssam demək istəyirdi ki,
əsas gözün gördüyü yox, qəlbin
gördüyüdür. Bir-birinə
sığınmış qayalar, təpələr, yorğun
və tənha zirvələr, axıb gedən sular, yamaclarda
işaran tənha evlər - bütün bunlar nə vaxtsa olub,
nə vaxtsa yenə olacaq. Əbədiyyətin içindən
bir damcı kimi götürülmüş bu təsvirlərə
baxıram. Bir az aralıda xalq rəssamları Cəmil
Müfidzadə və Oqtay Şıxəliyev nə haqdasa
söhbət edir. Görüşürük. Maral xanım haqqında
söz açmaq üçün bu da bir fürsətdir.
Cəmil Müfidzadə:
- Maral xanımı mən uzun illər tanımışam,
çünki o, qrafika sahəsində ilk peşəkar Azərbaycan
rəssamlarından biri idi. Mən də qrafika ilə sıx
bağlı olduğum üçün diqqətlə onun əsərlərini
izləyirdim. Yadımdadır ki, "Neft daşları"na
həsr etdiyi əsərlər o vaxtkı ümumittifaq sərgilərinin
bəzəyi olurdu. Həm də məni onun
işgüzarlığı valeh edirdi. Demək olar ki,
Naxçıvanı, Lənkəranı, Laçını,
Qubanı qarış-qarış gəzmişdi. Hər səfər
də silsilə əsərlərə çevrilirdi.
Oqtay Şıxəliyev:
- Çox böyük enerji var idi onda. İndi desək ki, ilk
rəssam qadınlardan idi və yaxud Xınalığı
bizim üçün kəşf edib - bütün bunlar onun sənətkar
mahiyyətini tam ehtiva etməz. Məsələn, "Azərbaycan
gözəlləri"ndə elə təsvirlər var ki, təbiətin
yaraşığı ilə insan obrazı ümumi bir
naxışa çevrilir. Həm də bu əsərlər
çox millidir.
Cəmil Müfidzadə:
- Hə, elədir, milli kolorit onun işlərində çox
qabarıqdır. İş elə gətirmişdi
ki, 1960-cı ildə mənə Maral xanımla bir binada, bir dəhlizdə
emalatxana vermişdilər. Burada həm də Ələkbər
Rzaquliyevin, Rasim Babayevin emalatxanası yerləşirdi. Belə
olurdu ki, biz tez-tez bir-birimizin emalatxanasına gəlirdik, təzə
işlərə baxırdıq, müzakirə edirdik. İndi
bütün bunlar xatirədir.
Oqtay Şıxəliyev:
- Çox böyük zəhmət, həm də zövq hiss
olunur bu sərgidə. Doğrudan da, bizim sənətkarların,
klassiklərin əsərləri xalq üçün
qoyulmuş əmanətdir.
Vaxtın mötərizəsi – kitab
Ağ-qara təsvirdə,
nəhəng balıqqulağına oxşayan qayanın fonunda
əyləşən qadın etüd işləyir. Səhifə-səhifə
zaman punktirlər kimi hərəkət edir. Ənənəvi
Azərbaycan ailəsi və əlində kitab tutmuş
mavigözlü qızcığaz. Sonra Bakı və Moskva mənzərələri.
Nazim Hikmətin dili ilə desək: "Zaman özü mavi
gözləri ilə baxırdı". Hərdən o, milli
geyimdə naxışlı dekorasiyanın fonunda, hərdən
emalatxanada yaradıcı dağınıqlığın
içində şəkil çəkdirirdi. Səhifələrin
birinə Qrabrın sözü daxil olub: "O, çox
istedadlı Azərbaycan qızıdır". Sonra səhifələrə
səpələnmiş estamp, litoqrafiya, ya da sulu boya, sadə
kömür - o yerdə ki, vaxt sadəcə təsvir deyil,
metaforadır. İstəyirsən sadə gözlə bu nəfis
tərtibatı seyr et və yaxud zərrəbinlə təsvirlərin
içində hansısa cizgini axtar - hər iki halda
bütövlük pozulmur.
Nədənsə bu bədii
albomu "Xalq əmanəti" layihəsinin ilk nəşri
olan Böyükağa Mirzəzadəyə həsr olunmuş
albomla müqayisə etmək istəyirəm. Bütün
müqayisələrdə bir yanlışlıq var, amma hər
halda təsəvvür bir-birinə bənzəməyən
obyektləri yan-yana qoymağı sevir. Yadıma salıram
Böyükağa Mirzəzadənin fotosunu. Sallağı əyləşib,
müştüyünü dişləri arasında
sıxıb gülümsəyir. Sonra Şirvanşahlar
sarayının qarşısında dayanmış boz rəngli
"Pobeda", bir də velosipedli oğlanı görürəm.
"Azneft" meydanının təsviri - sadə qələm,
bir də cizgi. Rəqqasə qadınlar. Bir də elə bil
keçmiş üçün qəribsəyən ağ
süfrə - portveyn, külqabı, bir neçə
gavalı... "QAZ 21" maşını
qarşısında dayanan kişi və qadın. Şəklin
arxasında yazı: "Əzizim, xahiş edirəm tez
qayıt". Səni həddən çox sevən
Böyükağa. 16.12.52. Sonra bir əsr, şəhər,
ada, dəniz, tarla... Bütün bunlar bir nöqtəyə cəmlənmiş
kollaj deyil. Ömrü ehtiva etmək istəyən albomdur.
Böyük xalq əmanətinin miqyasıdır. Əvvəlcə
Böyükağa Mirzəzadə, sonra Məmməd Araz, indi
isə Maral Rəhmanzadə. İki bədii albomun arasında
"qara kvadrat" - poetik mətn...
Bu düşüncələrlə
xalq rəssamı Arif Hüseynova yaxınlaşıram. O,
qonşu zalda Maral xanıma həsr olunmuş videofilmə
baxır. Ekran da kətanın surətidir, amma şəkli
işıq çəkir - süni işıq. Rəssam təbii
işığı sevir, təbii rəngi, təbii cizgini...
Kadrlar bir-birini əvəz edir. Zalda asılmış şəkillərlə
ekranda dəyişən təsvirlər nəinki
bütövlüyü, elə bil gerçəkliyi də
fraqmentə çevirir. Paralel təsvirləri fraqmentə
bölüb böyütmək olar. Əvvəlcə Arif
müəllimlə bu haqda söhbət edirik, sonra bədii
albom haqqında onun fikrini öyrənmək istəyirəm.
Arif Hüseynov: - Rəssamın
əsərlərinin bir qismi muzeylərdə toplanır, əksər
işlər isə şəxsi kolleksiyalarda qalır. Ona
görə belə albomların nəşri çox vacibdir,
çünki sənətkarın
yaradıcılığını geniş əhatə edə
bilir. "Xalq" Bankın belə bir layihəyə imza
atmağı mədəni irsin qorunub-saxlanması yolunda
görülən böyük bir işdir. Bizim elə
böyük sənətkarlarımız var ki, vaxtın pərdəsi
arxasında qalıb. Onların üzərindən
unutqanlıq pərdəsinin götürülməyi, əsərlərinin
yeni formatda təqdim olunması böyük əhəmiyyət
kəsb edir. Onu da deyim ki, nəşr olunan kitablar yüksək
peşəkarlıq baxımından çox qiymətlidir.
Təsvirin işığı – fraqment
İri pəncərələrin
arasında parıldayan böyük şəhərin
işıqlarına baxıram. Ağ röyalın
arxasında əyləşən musiqiçinin, divar boyu
asılmış əsərlərin, topalaşıb söhbət
edən adamların əksi düşür şüşəyə.
Maral Rəhmanzadənin ölümündən üç il
ötüb. Əsərlərin rəngi, ruhu dəyişməyib
- hələ ki, zamanın gətirəcəyi fəna
solğunluğundan uzaqdırlar. Nədənsə "Tanker dənizə
çıxır" adlı avtolitoqrafiyanı yadıma
salıram. Səmadakı ulduzlarla şəhərin
işıqları əks olunub sularda. Bircə tankerin pəncərəsində
zəif işartı var. 1947-ci ildə çəkilmiş bu əsəri
albomun 49 səhifəsində tapıram. Böyük silsilənin
bir fraqmenti kimi...
Vəli Novruzoğlu
Həftə içi.- 2011.- 29 mart.- S. 7.