"Hamı kimi bizim nümayəndəliyin problemləri var"

 

Mirhabil Səmidov: "Ancaq biz insanlarımıza kömək etmək üçün çalışırıq"

 

Əməkdaşımızın Sabirabad rayonu, buradakı durum barədə yazıları davam edir.

Bu dəfəki müsahibimiz Rayon İcra Hakimiyyətinin Surra kənd ərazi nümayəndəsi Mirhabil Səmidovdur.

- Mirhabil müəllim, Surra kəndində vəziyyət necədir, sizin bir nümayəndəlik kimi işləriniz necə gedir?

- Ötən bir il ərzində kənd icra nümayəndəliyi öz gündəlik iş proqramını möhtərəm prezidentimiz İlham Əliyev cənablarının, rayon icra hakimiyyəti başçısının qarşıya qoyduğu tələblər səviyyəsində qurub. Belə ki, Azərbaycan Dövlətinin möhkəmlənməsində, əhalinin maddi rifah halının yaxşılaşdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. İlk növbədə nümayəndəlikdə möhkəm intizamlı iş rejimi olmaqla, həftənin bütün günləri vətəndaşların qəbulu üçün şərait yaradılıb.

2010-cu il həm ölkəmiz, həm də bizim üçün uğurlu keçib. "Regionların sosial iqtisadi inkişafı 2009-2013-cü illər" Dövlət Proqramı rayon icra hakimiyyətinin başçısı cənab Heydər Abbasovun rəhbərliyi altında uğurla həyata keçirilib. Rayonumuzun siması son vaxtlar tanınmaz dərəcədə dəyişib, xeyli abadlıq və quruculuq işləri görülüb. İstehsal sahələri yaradılaraq, yeni iş yerləri açılıb. Eyni zamanda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb. Emal müəssisələrinin, fermer təsərrüfatlarının və başqa özəl qurumların normal fəaliyyəti təmin olunub. Əldə olunan uğurlar, görülən işlər Sabirabad camaatının, eləcə də Surra kənd ərazi nümayəndəliyində yaşayan insanların da yaşayışına müsbət təsir göstərib.

- Nümayəndəliyin tərkibində neçə kənd var?

- Bizim nümayəndəliyin ərazisinə Surra, Balvar və Qaralı kəndləri daxildir. Bu kəndlərdə 522 təsərrüfatda 2368 nəfər əhali yaşayır. Ərazimizin ümumi sahəsi 3000 hektardır. Nümayəndəlik ərazisində 2 orta məktəb, 3 feldşer mama məntəqəsi, 1 poçt şöbəsi, 1 sudan istifadə edənlər birliyi, 3 kitabxana, 2 uşaq bağçası fəaliyyət göstərir. Ərazidə 1 bələdiyyə şurası fəaliyyət göstərir. Nümayəndəlikdə 4 məcburi köçkün ailəsi və 2 nəfər Qarabağ əlili var. Onlarla vaxtaşırı maraqlanır, müraciətlərinə diqqətlə yanaşır, nümayəndəliyin imkanı və səlahiyyəti daxilində olan hər hansı problemin həllində yaxından köməklik göstəririk. Xüsusilə qeyd etmək istərdim ki, Surra kənd ərazi nümayəndəliyi 2010-cu ildə ərazidə olan idarə, müəssisələr, mədəni-maarif ocaqları müxtəlif qurumlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərərək, öz işini günün tələbləri səviyyəsində qurub.

- Bəzən kənd məktəblərinin təhsil sahəsində müəyyən çatışmamazlıqlar olduğu söylənilir. Sizdə necə?

- Nümayəndəlik kəndlərdə olan orta məktəblərdə uşaqların dərsə davamiyyətini daim nəzarətə götürərək məktəblilərin dərsdən yayınması hallarının qarşısını almaq üçün konkret işlər həyata keçirir. Bununla yanaşı mən şəxsən kəndlərdə ağsaqqalların və kənd əhalisinin köməyi nəticəsində məktəblilərin məktəbə gəlməsi üçün onlara lazımı tövsiyyələrimi verir, onların dərsə davamiyyətini müntəzəm olaraq nəzarətdə saxlayıram. Qış fəslində məktəblərə rayon təhsil şöbəsi tərəfindən yanacaq verilir. Nümayəndəlik ərazisində yerləşən xəstəxananın və tibb məntəqələrinin səhiyyə işçiləri kənd əhalisinə, eyni zamanda məktəblilərə daimi tibb xidmət göstərirlər.

Surra və Balvar kənd məktəblərində 58 nəfər müəllim 574 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. 2010-cu tədris ilində nümayəndəliyin orta məktəblərini 51 nəfər şagird bitirib. Onlardan 38 nəfərinə attestat verilib. Hazırda 6 nəfər ali, 2 nəfər isə orta ixtisas üzrə məktəblərdə təhsillərini davam etdirir. Buna baxmayaraq nümayəndəlik, məktəb direktorları və müəllim kollektivləri daha da yaxşı işləməklə 2010-2011-ci tədris ilində şagirdlərin yaxşı nəticələr əldə etmələri üçün müntəzəm olaraq çalışırlar.

- Nümayəndəliyiniz üçün çox aktual olan problemlər varmı?

- Bu təbiidir. Bəzən mənim həll edə bilmədiyim məsələlərlə şəxsən rayon icra başçısı cənab Heydər Abbasov özü maraqlanır. Nümayəndəlik ərazisində keçirdiyi görüşlərdə əhalini narahat edən məsələlərlə maraqlanan icra başçısı görüşlərdə qaldırılan məsələlərin qısa müddətdə həllinə imkan yaradıb.

- Bildiyimə görə nümayəndəlik daxilində yaşayan əhali əkinçilik və maldarlıqla məşğul olur. Bu sahədə vəziyyət necədir?

- 2010-cu ildə iribuynuzlu mal-qara 100 baş artaraq 2917 baş, xırda buynuzlu isə 300 baş artaraq 4066 baş olub. 2010-cu ildə nümayəndəliyin ərazisində 37 sentner buğda, 27 sentner arpa istehsal olunub. Bundan başqa nümayəndəliyin ayrı-ayrı kəndlərində 453 ailəyə 1289 ha torpaq sahəsi paylanılıb, 2010-cu ildə 629 ha taxıl, 315 ha bostan-tərəvəz, 514 ha yonca əkilib. Əhali becərdiyi kənd təsərrüfatı məhsullarını Bakı şəhəri Nəsimi rayonunda təşkil olunan yarmarkada satıb.

Bunlarla yanaşı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində məhsul istehsalçılarına hər hektar üçün motor yağlarına və yanacağa görə 40 manat vəsait verilməsi bir daha kənd adamlarını ruhlandırdı və torpağa əkinçiliyə maraq artmağa başladı. Bu il bütün əkinlərə görə kənd zəhmətkeşlərinə dövlət tərəfindən 58600 manat kompensasiya ödənilib. Təbiidir ki, bu da insanların həyat şəraitinin yaxşılaşmasına zəmin yaradır. Bundan başqa torpaq sahələrinin əkilib becərilməsi üçün nümayəndəliyin ərazisində 3 ədəd su nasosu torpaq payı alanların istifadəsindədir. Su birliyində su pullarının yığımı 100 % yerinə yetirilib. Əhalinin əkin sahələrinin vaxtında suvarılması üçün Mexaniki Suvarma idarəsinin balansında olan su kanalları vaxtaşırı lildən təmizlənır. Eyni zamanda rayon meliorasiya idarəsi tərəfindən ərazimizdə olan kollektorların təmizlənməsində və kənd sakinlərini narahat edən problemlərin həllində köməklik göstərilir.

- Nümayəndəliyə şikayət edənlər çoxdurmu? Onların ərizə və şikayətlərinə necə baxılır?

- Vətəndaşların ərizə və şikayətlərinə baxılması qrafik şəkildə təşkil olunur. Buna baxmayaraq qəbula gələn bütün vətəndaşlar müraciət etdikləri gün qəbul olunurlar. Kənd yeri olduğundan düşünürük ki, onların bizim nümayəndəlikdən başqa gedə biləcəyi yer yoxdur. O baxımdan da çalışırıq ki, onların qaldırdığı məsələlər yerindəcə həll olunsun. Yuxarı təşkilatlara müraciət olunan şikayətlər ən geci bir ay müddətinə baxılıb həll olunaraq vətəndaşlara lazımi cavablar verilir. Fürsətdən istifadə edib onu da bildirmək istəyirəm ki, ötən il ərzində icra nümayəndəliyinə göndərilmiş məktub və ərizələr artıq öz həllini tapıb. Hesabat dövrü ərzində 230 nəfərin şifahi müraciətlərinə baxılaraq tələbləri ödənilib. Belə ki, əsasən torpaq sahəsi, su yolları, gediş-gəliş yolları, qonşu münasibətləri, xırda ailə münaqişələri və sair bu kimi zəmində olan şikayətlərə yerində baxılır və ədalətli yoluna qoyulur. Tarixi günlər, əlamətdar hadisələr olan vaxtlar daim tərəfimizdən nəzarətdə saxlanılır və həmin günlər təntənəli şəkildə qeyd olunur. Əlillər günü əlillərə bələdiyyələr vasitəsi ilə yardımlar olunur. Qurban bayramı imkansız ailələr üçün heyvanlar kəsilib, qurban payları verilir. 20 Yanvar şəhidlər günü məscidlərdə ehsanlar verilir, dualar oxunur, şəhidlərimizin qəbirləri ziyarət edilir, onların məzarlarının üstünə gül dəstələri qoyularaq xatirələri anılır.

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 29 mart.- S. 8.