"Dünya,
səndə nə görmədim?"
Salam İbrahimoğlunun poeziya bulağı heç
vaxt quruyan deyil
Ölkəmizdə
musiqi sahəsində olduğu kimi, poeziya aləmində də
şair bolluğu yaranıb. Cavanından tutmuş qocasına
kimi hamı şeir yazır. Amma nə yazır, nədən
yazır, heç özləri də bilmir. O cür
adamların qalaq-qalaq kitabları çap olunur, mətbuatda
geniş şəkildə dərc olunur, böyük təqdimat
mərasimləri keçirilir. Tənqidçi və
ziyalılarımız da yağlı-yağlı tostlar deyir.
Amma elə şairlərimiz
var ki, onlar təbliğ olunmadığından, xalq və
ictimaiyyət arasında yetərincə tanınmayıblar.
Çünki o cür istedad sahibləri istedadsızların
şöhrətlərinin kölgəsində itib-batırlar.
Nə yazırsan
yaz, təki özünü ictimaiyyətə
sırıya biləsən.
Lakin arına-ismətinə
bükülən, həya edən, şöhrət-şan
üçün yox, əsl həqiqətləri yazan şairlərimiz
bu gün də yetərincə var. Onların özlərinə
məxsus poeziya bulağı da var. O bulaq ki, təbii axarı
ilə axır. O bulaq təbii istedadın, təbii
sözün məhsuludur və heç vaxt qurumayacaq. Belə
söz sahiblərindən biri də Salam İbrahimoğludur.
S.İbrahimoğlu Qarabağın dilbər guşəsindən
biri olan Ağdam rayonunun Yusifcanlı kəndində doğulub ərsəyə
gəlib. Məcburi köçkün kimi Sumqayıt şəhərində
məskunlaşıb. Öz kiçik dünyasına
sığınaraq öz ədəbi işığında
yazıb-yaradır. Yurd, el-oba dərdini ciyərlərinə
çəkə-çəkə sözə, misraya
çevirir. Salam İbrahimoğlu
yaradıcılığına o dərəcə bələd
deyildim. Əlimə "Dünya, səndə nə görmədim?"
kitabı keçdi. Bu kitabı vərəqlədikcə,
şairin söz sənəti ilə tanış olduqca hiss
edirsən ki, ədib bu kitabın adını təsadüfi
qoymayıb. Çünki 18 ildə torpaqlarımız,
şairin doğulub ərsəyə gəldiyi
Ağdam-Qarabağ işğal altındadır. 18 ildir həqiqət
açıqlanmır, yağı düşmən yerində
otuzdurulmur. Bir sözlə dünyamız özlərini
"sülhpərəst" adlandıran və demokratiyadan dəm
vuran bir sıra böyük dövlətlərin əlində
oyuncağa çevrilib. Bu haqsızlığı, ədalətsizliyi
şair S.İbrahimoğlu böyük ustalıqla qələmə
alıb. "Dünya, səndə nə görmədim?"
şeirində deyildiyi kimi:
Yaxşı oldum, pis dedilər,
Qızıl oldum, mis dedilər.
Alovlandım hiss dedilər,
Dünya, səndə nə görmədim?
Və yaxud:
Yaxşı gördüm, yaman
gördüm,
Kasıblardan uman gördum.
Sözündən qan daman gördüm,
Dünya, səndə nə görmədim?
Şairin hər bir misrasında
böyük məna, poetik duyum, fəlsəfi
fikir var. Bütövlükdə
S.İbrahimoğlu dünyada
həqiqət axtarır. Bu günün amansızlığına,
zalımlığına qarşı
çıxır. Həqiqəti,
varlığı, ədaləti
hər şeydən uca tutaraq, onu
kövrək misralara çevirir:
Vurdular sinəmə
çal-çarpaz dağı,
Söndü həyatımın
o gözəl çağı.
Cənnətə bənzəyən qoynu,qucağı,
Dağımı, düzümü
qoyubgəlmişəm.
Salamam, yurdumdan
ayrı düşmüşəm,
Həyatda diriykən, sanki
ölmüşəm.
Ay ellər, dərdimə
mən bülənmişəm,
Gorgahda ölümü
qoyub gəlmişəm.
Hamımız üçün ən müqəddəs varlıq
anadır. Vətən də onun adı ilə bağlıdır - Ana Vətən.
Bu söz sanki Tanrının özü qədər müqəddəs,
əzizdir. Çox şair
Ana Vətənlə bağlı
şeir yazıb.
Amma Salamın "Axtarır"
şeirində fikirlər
tamam başqadır, orada həsrət, nisgil, bir Ana, Vətən ayrılığı
var. Bu ayrılıq şairi
için-için yandırır,
əlçim-əlçim ürəyində kədər
yarpaqlayır. Hər
eldə, obada , bağda-bağçada,
milyonların içərisində
gözləri öz doğma anasını axtarır:
Gül sola
bağlar içində,
Ürəyim ağlar içimdə.
Milyon adamlar
içində,
Gözüm anamı axtarır.
S.İbrahimoğlunun hər bir şeirində
fikir təzədir, yeni duyum, yeni
nəfəs var. Bir sözlə ədəbiyyat
aləmində özünəməxsus
bir Salam İbrahimoğlu yolu var. O
yol getdikcə uzanır, neçə-neçə
könülləri fəth
edir. O gün olsun Doğma Qarabağımız
yağı düşmən
tapdağından tezliklə
azad edilsin. Yurd həsrətlərimiz kimi
Salam İbrahimoğlunun
yolu Qarabağdan keçsin. Və bir şair kimi yerdə qalan ömrünü doğma yurdunda keçirtsin, yazsın-yaratsın.
Biz ona ədəbi
yaradıcılığında uğur diləyirik. İnanırıq ki, S.İbrahimoğlu
gələcəkdə neçə-neçə
yeni kitabları ilə bizi sevindirəcək.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 29 mart.- S. 8.