Keri Kavano Dağlıq Qarabağ münaqişəsindən danışıb
Onun fikrincə müqayisədə öncəki
prezidentlər sülh prosesinə daha meyilli idilər
Vaşinqtonda yerləşən
Karneqi Sülh Fondunun təşəbbüsü ilə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin tarixi və gələcək perspektivləri
mövzusunda müzakirələr təşkil edilib.
Tədbir Açıq Cəmiyyət
Fondunun Avrasiya məsələləri
üzrə təhlilçisi Ceff
Qoldsteyn, Karneqi Fondunun Rusiya və Avrasiya proqramının
eksperti Tom de Vaal, ATƏT-in Minsk qrupunun sabiq həmsədri,
Kentuki universitetinin professoru səfir Keri Kavanonun iştirakı
ilə keçirilib.
ABŞ hələ on il əvvəl
Florida ştatının Ki Vest şəhərində
Dağlıq Qarabağ münaqişəsinin həlli səylərində
yaxından iştirak edib. O vaxtdan bəri uzun müddət
keçib. 2010-cu il sülh prosesində ən ağır il
olub. Bəzi ekspertlər münaqişənin yenidən
baş qaldıracağını təxmin edir.
"Amerikanın səsi" nin
işıqlandırdığı tədbirdə Ki Vest
danışıqlarının iştirakçısı
olmuş hər üç ekspert münaqişənin həlli
yollarına bir daha nəzər salıb. Səfir Keri Kavano
bölgədəki zorakılıqların sülh prosesini ləngitdiyini
bildirib. Prosesin tarixinə nəzər salan Kavano yol verilən
səhvlər və itirilmiş imkanlardan danışıb. O,
ilk öncə kompromisin əsaslarında
yanlışlıqlara yol verildiyini, əvvəlki dövlət
başçılarının indikilərlə müqayisədə
sülh prosesinə daha meyilli olduğunu deyib. Karneqi Fondunun
Rusiya və Avrasiya proqramının eksperti Tom de Vaal Ermənistanın
işğal etdiyi ərazilərdə yaşayış məntəqələri
inşa etməsini, ermənilərin heç vaxt
yaşamadığı Ağdamda muzey açmasını o
ölkənin mövqeyini dəyişməyəcəyinə
işarə kimi qiymətləndirib. Tom de Vaal münaqişənin
tez bir zamanda həll edilməsi üçün daha artıq səylərə
ehtiyac olduğunu vurğulayıb. O, beynəlxalq qurumların
rolunun artırılmasını, bölgəyə sərmayə
qoyan neft şirkətlərinin tələbkarlığını
və lobbiçilərin rolunu dəyişərək,
sülh prosesini dəstəkləməsini əsas amillər
kimi irəli sürüb. Açıq Cəmiyyət Fondunun
Avrasiya məsələri üzrə təhlilçisi Ceff Qoldsteyn də münaqişə tərəflərinin
səylərini artırmalı olduğunu qeyd edərək,
qonşu ölkələrin sülh prosesindəki
rollarının artırılmasının vacibliyini irəli
sürüb. Müzakirələrin sonunda tədbir
iştirakçıları "Amerikanın səsi"nin
müxbirləri və digər qonaqların suallarını
cavablandırıb.
"Regionda yaşayan
xalqlar sabitlik və firavanlıqla daha yaxşı gələcəyə
layiqdirlər və belə bir gələcək naminə bu
imkandan istifadə etməlidirlər" - bunu isə ATƏT-in
Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Karnegi
Fondunda Dağlıq Qarabağ münaqişəsinə həsr
olunmuş konfransda deyib. Bir neçə gün əvvəl
regiondan qayıtdığını qeyd edən R.Bradtke
Dağlıq Qarabağ probleminə gözlənilən diqqətin
yetirilmədiyini və bu münaqişənin
"dondurulmuş" yox, davam edən münaqişə
olduğunu vurğulayıb: "Vəziyyət hələ də
sabit deyil. Bu münaqişə mətbuatda mütəmadi
işıqlandırılmır". Bununla belə, o əmin
edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə tənzimlənməsi ilə yaxından məşğuldur:
"Ola bilsin ki, Dağlıq Qarabağla bağlı
"status-kvo" kiməsə sərf edir, lakin bu vəziyyət
sabitliyə zəmanət vermir". Diplomat ölkəsinin
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə çox yaxından məşğul olduğunu bir daha
təkrarlayaraq, prezidentlər Obama, Medvedyev və Sarkozinin
münaqişənin tənzimləməsinə yardım etmək
üçün çoxsaylı bəyanatla
çıxış etdiklərini, dövlət katibi Hillari
Klintonun isə tutduğu vəzifəyə uyğun olaraq ilk dəfə
Azərbaycana səfər etdiyini xatırladıb:
"Çünki belə bir səfər uzun illər idi
gözlənilirdi". Bölgəyə bir il ərzində
16 dəfə səfər etdiyini diqqətə
çatdıran səfir Bradtke sülhə mümkün qədər
tez nail olmaq üçün ABŞ-ın Fransa və Rusiya ilə
birgə bütün səviyyələrdə sıx
çalışdığını bildirib. O, bütün tərəflərin
Cənubi Qafqazda yeni müharibəyə yol verməmək
fikri ilə razı olduğunu da bildirib.
Azad
Həftə içi.- 2011.- 30 mart.- S. 2.