"Heç vaxt ayrı-seçkilik hiss etməmişik"

 

Mahama Bazarov: "Dövlətin konstitusiyası ölkədə yaşayan bütün vətəndaşların, o cümlədən avarların hüquqlarını bərabər formada qoruyur"

 

"Avar Milli Mədəniyyət Mərkəzi" İctimai Birliyinin sədri Mahama Bazarovla "Həftə içi"ndə eksklüziv söhbət

 

Azərbaycanda çox sayda xalqın nümayəndələri yaşayır ki, bunlardan biri də avarlardır. Rəsmi statistikaya görə, avarlar Azərbaycanda saylarına görə 6-cı sıradadır. Elə isə belə böyük xalq öz mədəniyyətini, dilini, məişətini, adət-ənənələrini necə qoruya bilir, onların milli xüsusiyyətlərinə görə hər hansı çətinliklə üzləşdiyi hallar olubmu? Çünki erməni mətbuatında vaxtaşırı olaraq Azərbaycanda guya azsaylı xalqların assimilyasiyaya uğradıldığına, onların heç bir hüquq və azadlıqlara malik olmamalarına dair xəbərlər dolaşır. Bu mənada "Avar Milli Mədəniyyət Mərkəzi" İctimai Birliyinin sədri Mahama Bazarovla bir araya gələrək əsl həqiqəti öyrənməyə çalışdıq.

- Avar xalqı olaraq Azərbaycanda özümüzə qarşı heç vaxt ayrı-seçkilik hiss etməmişik. Dövlətin konstitusiyası ölkədə yaşayan bütün vətəndaşların hüquqlarını bərabər formada qoruyur və o cümlədən avarların da. Əgər hamı kimi avarların da seçib-seçilmək hüququ yüksək səviyyədə qorunursa, o zaman onlar ölkə vətəndaşı olan digərlərindən necə fərqlənə bilər? Məncə fərq yalnız budur ki, avarlar ayrıca bir dildə danışırlar, yaxud hansısa özünəməxsus milli xüsusiyyətə sahibdirlər. Bilin ki, tarix boyu dövlətlər yarananda onun əsasını hansısa böyük xalq təşkil edib və eyni zamanda həmin ölkədə say, yaxud dil və sair baxımından kiçik xalqlar da yaşayıblar. Avarlar da Azərbaycanda yaşayan bu cür kiçik xalqlardandır və hamı kimi, ölkənin bərabərhüquqlu vətəndaşlarıdır.

- Yeri gəlmişkən, avarlar Azərbaycanın hansı bölgələrində daha yığcam şəkildə yaşayırlar?

- Ən çox Balakən, Zaqatala və Qax rayonlarında. Balakənin özündə isə daha çox Qabaqçöl qəsəbəsi və onun ətrafında yaşayırlar. Orada onların sayı təxminən 25 min nəfərdir. Hətta bəzi mənbələrə görə, sayları daha çoxdur...

- Qədimdən həmin ərazilərdə məskunlaşıblar, yoxsa sonradan gəlmədirlər?

- Bu xalqlarla bağlı çox az tarixi əsərlər yazılıb. Bunlardan biri də 2009-cu ildə Azərbaycanda nəşr olunmuş "Car-Balakən camaatı" adlı tarixi kitabdır. Müəllif həmin kitabı yazarkən 200-dən artıq mənbəyə istinad edib və belə nəticəyə gəlib ki, bəli, avarlar qədimdən bu bölgələrdə yaşayıblar. O ki qaldı onların daha çox yüksək dağ kəndlərində yaşamalarına, bunun səbəbi yadelli işğalçılardan qorunmaq olub. Çünki farslar, ərəblər və sair zaman-zaman bu yerlərə yürüşlər edərkən yolları üstünə çıxan insanları qətlə yetirir, ev-eşikləri yandırırdılar. Ona görə də insanlar özlərini qorumaq üçün indiki daha etibarlı yerlərə sığınıblar.

- Ümumi düşmənimiz olan ermənilər mütəmadi şəkildə belə bir ictimai fon yaratmağa səy göstərirlər ki, guya Azərbaycanda yaşayan kiçik xalqların, o cümlədən də avarların dilləri, mədəniyyətləri əllərindən alınıb, onlara ədəbiyyatlarını, adət-ənənələrini yaşatmağa imkan verilmir və sair. Bir avar cəmiyyətinin rəhbəri olaraq bu cür fikirlərə nə cavab verərdiniz?

- Təbii ki, Azərbaycanda marağı olan hər bir xarici dövlət burada hansısa zəif nöqtəni tapmağa can atır. Bu gün Azərbaycan iqtisadi baxımdan güclənir, hərbi potensialı genişlənir, beynəlxalq aləmdə nüfuzu artır və sair. Bütün bunlar isə erməniləri narahat edir və ona görə də ölkəmiz daxilində özünə tərəfkeş tapmağa çalışır. Onlar Azərbaycanda kiçik xalqların hüquqlarının tapdandığını ona görə iddia edirlər ki, Qarabağda yaşayan erməniləri öz tərəflərinə çəkə bilsinlər. Yəni Qarabağ erməniləri bu yalanlara inanaraq, Azərbaycanın tərkibində yaşamağın qeyri-mümkün olduğunu fikirləşsinlər. Ermənilərin təxribatını şəxsən mən belə başa düşürəm.

- Yeri gəlmişkən, Azərbaycanda yaşayan kiçik xalqların hər birinin öz milli cəmiyyətləri mövcuddur ki, bu qurumlar ermənilərin iddiasının əksinə olaraq, məhz milli adət-ənənələri, ədəbiyyatı, incəsənəti inkişaf etdirmək niyyəti daşıyır...

- "Avar Milli Mədəniyyət Mərkəzi" İctimai Birliyi 2007-ci ildə təsis olunub və elə həmin il iyulun 3-də rəsmən qeydiyyatdan keçmişik. Sözsüz ki, bu bir-iki nəfərin fikri deyildi, bütün bir xalqın istəyidir. Fikir versəniz, belə cəmiyyətlərin yaranması praktikası dünyanın bütün inkişaf etmiş dövlətlərində sınaqdan çıxıb. Mədəniyyət mərkəzlərinin yaradılmasında məqsəd budur ki, həmin xalqın milli-mənəvi dəyərləri qorunsun, tanınmış simalar gənclərə örnək göstərilsin, yeni nəsil xeyirli müstəviyə yönləndirilsin və sair. Yəni məqsəd ancaq xeyirdir. Əgər ermənilərin dediyi doğru olsaydı, belə mərkəzləri yarada bilərdikmi, əsla. Qəti əminəm ki, dövlət tərəfindən heç bir əngəl qoyulmur. Problem insanların beyinlərində, düşüncələrindədir. Əgər kimsə oxuyub-öyrənmirsə, çalışmırsa, əmək sərf etmirsə və sonra da bunlardan yaranan problemləri başqalarının ayağına yazırsa, bunu yanlış hesab edirəm. 1979-cu ildə - o vaxt Azərbaycan hakimiyyətində ulu öndərimiz Heydər Əliyev idi - ölkədə belə bir praktika vardı ki, gənclərimiz ali təhsil almaq üçün xaricə göndərilirdi. Elə mən də o ildə Sankt-Peterburq şəhərində yerləşən SSRİ Daxili İşlər Nazirliyinin tabeliyində Ali Siyasi məktəbə qəbul olundum, daha sonra isə təhsilimi universitetin hüquq fakültəsində davam etdirdim. Bütün bunlar Azərbaycanda xalqlar arasında heç bir fərqin qoyulmamasının göstəricisi deyilmi? Bu gün kimlərsə oxumursa, öyrənmirsə, təyin olunduğu vəzifədə maaş almaq xatirinə oturubsa, günahını dövlətin adına yazmaq olmaz. Kimlərsə deyir ki, məsələn, niyə klubumuz yoxdur? Hansı ki, klub var, ancaq orada diqqət çəkən bir iş görən tapılmır. Deyirlər qəzetimiz yoxdur, hansı ki, qəzeti çap etmək üçün cəmiyyətimizə hüquq verilib. Ancaq bu qəzeti təsis edən, orada işləmək istəyən yoxdur. Bizim Mədəniyyət Mərkəzimiz qanunamüvafiq olaraq ictimai əsaslarla fəaliyyət göstərir, yəni maaşsız. Əgər burada da maaş verilsəydi, onda işləyərdilər. Ona görə də deyirəm ki, çatışmazlıq bizim düşüncəmizdədir.

- Maraqlıdır, Azərbaycanda yaşayan avarların öz məktəbləri var? Yəni uşaqlarınız avar dilində təhsil alırlar?

- Xüsusi məktəblərimiz yoxdur. Buna baxmayaraq, 1992-ci ildən başlayaraq avarların yığcam yaşadıqları qəsəbə və kəndlərdəki məktəblərdə həftədə iki saat olmaqla avar dilində dərslər tədris olunur. Məncə, problem hansı dildə dərs oxumaqda yox, o dərsi deyən müəllimlərdə, məktəbin direktorundadır. Fikir verin: uşaqlar 11 il ərzində dövlətin tikdiyi məktəbdə, pulsuz-parasız təhsil alır, onlara dərs dedikləri üçün isə müəllimlərə aylıq maaş ödənilir. Amma 11 il sonra orta təhsili başa vuran bütöv bir sinifdən təsadüfən 1 uşaq ali məktəbə daxil olur. Əgər uşaqlar ali təhsil almırlarsa, deməli, məktəbdə dərs deyəcək müəllimlər də çatışmayacaq.

- Bir dəfə dövlət televiziyasında Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri nümayiş etdirilirdi. Bu sahədə avarların hansısa qrupu, ansambılı varmı...

- Balakəndə iki məktəbdə folklor ansanbılımız, o cümlədən oğlanlardan ibarət "Qafqaz" rəqs qrupu mövcuddur. Bundan əlavə, Zaqatalada qızlardan ibarət "Alazan" rəqs qrupu da fəaliyyət göstərir. Çalışırıq bu qruplar vasitəsilə milli rəqslərimizi qoruyub-saxlayaq. Bu qruplar Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə böyük bir konsert proqramı hazırlamışdılar. Novruz bayramı ərəfəsində də, məsələn, martın 15-də Qabaqçöl qəsəbəsində, 18-də isə Balakəndə belə bir proqramla çıxış etdilər. Avarların musiqiçiləri, müğənniləri də var. Onların Tambur adlı çox sadə, cəmi iki simdən ibarət, qədimdənqalma musiqi aləti də var. Məhz bu alətin müşayiəti ilə mahnılar oxunur, yeniləri bəstələnir. Bütün bunlar milli musiqimizi, incəsənətimizi yaşatmaq üçün edilir.

- Bəs əsas kütlə ilə - Dağıstanın ən böyük xalqı olan avarlarla necə əlaqə saxlayırsınız?

- SSRİ dağılandan sonra ölkələr arasında inteqrasiya çox genişlənib. Bir az işsizlik olduğundan, bizim gənclər də iş dalıyla Dağıstana gedə bilərlər. Ancaq konkret olaraq Dağıstan avarları ilə hər hansı iş birliyi qurmamışıq.

- Avarlar seçkili orqanlarda necə təmsil olunur?

- Yığcam yaşadığımız kəndlərin bələdiyyə üzvlərinin xeyli hissəsi avardır. Milli Məclisdə isə elə vaxtlar olub ki, 2, əksər hallarda isə 1 təmsilçimiz olub. Son 3 seçkidə isə avarları Rəbiyyət Aslanova təmsil edir.

- Ümumi qənaətə gələ bilərik ki, avarlar hüquqi baxımdan tam azaddırlar və onların qarşısında hər hansı süni əngəl yoxdur...

- Nəinki avarlar, ümumiyyətlə, Azərbaycanda yaşayan elə bir xalq tanımıram, desin ki, milli mənsubiyyətinə görə hər hansı çətinliyə və ya təzyiqlərə məruz qalıb. Əgər kimsə hakimiyyəti və ya müxalifəti, ayrı-ayrı şəxsləri dəstəkləyirsə, bunu millətlərə şamil etmək olmaz: bunlar sırf fərdi məsələdir. Şəxsən mən əmək fəaliyyətim dövründə belə hallarla rastlaşmamışam. Avarlar Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşıblar, çox sayda şəhid də veriblər. Şəxsən biz ailədə 3 qardaşıq və onlardan 2-si Qarabağ müharibəsinin veteranıdır. Vətən hamımızındır, bu torpaqda yaşan hər bir kəsin. Ona görə də vətəndaş olaraq dövlətimizi qorumalıyıq.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 30 mart.- S. 4.