Erməni vandalizmi arxivlərdə
Aytən Mustafayeva: "Bu sənədlər ermənilərin
azərbaycanlılara qarşı soyqırım siyasətini
dünyaya çatdırmaqda əvəzsiz rol oynayacaq"
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
İnstitutunda "1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımları
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində"
mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Konfransda
çıxış edən institutun direktoru, millət vəkili
Aytən Mustafayeva bildirdi ki, 1918-1920-ci illərdə erməni
hərbi birləşmələrinin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırım faktları
arxivlərdə bu günə qədər qalmaqdadır. Onun
sözlərinə görə, Fövqəladə Təhqiqat
Komissiyası 1918-ci il iyulun 15-də Azərbaycan Milli Hökuməti
tərəfindən Gəncədə yaradılıb. Komissiya
1918-ci ilin martında Bakıda, mart-may aylarında
Şamaxıda, may-iyun aylarında Qubada, Qərbi Azərbaycanda
və Azərbaycanın müxtəlif bölgələrində
həyata keçirilən soyqırımları ilə
bağlı sənədləri toplayıb.
Tədbirdə
çıxış edən professor Anar İsgəndərov
isə bildirdi ki, mart soyqırımı zamanı Bakıda
öldürülən azərbaycanlıların sayı 11
mindən artıq olub. Bakı əhalisinə dəyən
ziyan 400 milyon manat qiymətləndirilib. Şamaxı şəhərində
8 min, Şamaxı qəzasında isə 8 mindən yuxarı
azərbaycanlı qətlə yetirilib. Dəyən maddi ziyan
ümumilikdə 1 milyard rubldan artıq olub. Qubada həyata
keçirilən soyqırımı zamanı 16 min insanın
həyatına son qoyulub. Qubada azərbaycanlılarla
yanaşı, 3 mindən artıq yəhudi də
soyqırımına məruz qalıb. Qubanın 262 kəndi məhv
edilib, onlardan 35-i hazırda da mövcud deyil.
Ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımlarla
bağlı Soyqırım Muzeyinin yaradılmalı
olduğunu deyən A.İsgəndərovun sözlərinə
görə, ermənilərin azərbaycanlılara
qarşı müxtəlif illərdə törətdiyi
soyqırımlarla bağlı kifayət qədər arxiv
materialları, sənədlər və şəkillər
mövcuddur. Tarixçi bu sənədlərin muzeydə
toplanması və məlum faciələrlə bağlı
yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının
vacibliyini vurğuladı.
Ermənilərin 1918-ci
ildə Bakıda və Şamaxıda həyata keçirdiyi
soyqırım barədə geniş məlumat verən İsgəndərov
36 cildlik təhqiqat sənədlərində yer alan faktlar barədə
danışdı.
Onun sözlərinə
görə, sənədlər arasında soyqırımın
canlı şahidi olan yəhudinin ermənilərin törətdiyi
vəhşilik barədə 11 səhifəlik ifadəsi var. O,
bu ifadəsində ermənilərin Bakıda "Kaspi" qəzetinin
redaksiyasını, "Dağıstan"
mehmanxanasını, "İsgəndəriyyə"
binasını, təzə nəşr olunan "Quran"
kitablarını yandırılmasından söhbət
açıb. Şamaxıdakı soyqırıma toxunan İsgəndərov
bildirdi ki, bu ərazidəki "Cümə" məscidi ilə
bağlı çox dəhşətli faktlar şahid ifadələri
əsasında sənədlərdə əks olunub: "Ən
dəhşətli faktlar "Cümə" məscidi ilə
bağlıdır. Məscidin axundu Cəfərqulunun
başına ermənilər olmazın müsibətlər
açıblar. Onun saqqalının tüklərini bir-bir
yolublar. Sonra da amansızlıqla qətlə
yetiriblər".
A.Mustafayeva Fövqəladə
Təhqiqat Komissiyasının sənədlərinin
İnstitutda tədqiq olunduğunu, həmin sənədlərin
dünya ictimaiyyətinə çatdırılması məqsədilə
müxtəlif dillərə nəşr ediləcəyini dedi.
O, bu sənədlərin ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırım siyasətinin
dünyaya çatdırılmasında əvəzsiz rolu
olacağını vurğuladı. İnstitut direktoru Təhqiqat
Komissiyasının yaradılmasını ADR hökumətinin
Azərbaycan xalqı qarşısında ən böyük
xidməti və bu sənədlərin sovet hakimiyyəti illərində
məhv edilməməsini möcüzə kimi dəyərləndirdi:
"Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il iyulun
15-də Azərbaycan Milli hökuməti tərəfindən Gəncədə
iki məqsədlə yaradılıb - birincisi, erməni
silahlıları tərəfindən 1918-ci ildə Bakıda,
Şamaxıda, Qubada, 1918-19-cu illərdə isə Qərbi Azərbaycanda
və Azərbaycanın müxtəlif bölgələrində
həyata keçirilən soyqırımlarla bağlı təhqiqat
sənədlərinin toplanması, ikincisi toplanmış sənədlərin
müxtəlif dillərdə - fransız, rus, ingilis, ərəb,
türk dillərində nəşr olunması və beynəlxalq
aləmin bu faciələr barədə məlumatlandırılması.
Arxiv sənədlərinin
əksəriyyəti Bakıda həyata keçirilən, 7-si
Şamaxıdakı soyqırıma həsr olunub. Sənədlərdə
qırğın zamanı öldürülən azərbaycanlıların
və yəhudilərin sayı göstərilib".
Tədbir çərçivəsində
jurnalistlərə açıqlama verən Milli Arxiv İdarəsinin
rəisi Ataxan Paşayev azərbaycanlıların ermənilərin
soyqırımına məruz qalmasına dair sənədlərin
beynəlxalq məhkəmələrə göndəriləcəyini
dedi: "1918-ci il martın 31-də azərbaycanlıların
ermənilər tərəfindən soyqırımına məruz
qalmasına dair sənədlərin 99 faizi Azərbaycan arxivlərindədir.
Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü əsas
işlərdən biri də ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımına aid sənədləri
toplamaq olub. Fövqəladə Təhqiqat Komissiyasının
topladığı 36 cilddən, 3500 səhifədən ibarət
sənədlər beynəlxalq məhkəmədə ermənilərə
qarşı cinayət işinin başlanması
üçün əsas ola bilər. Bu sənədlər ermənilərin
azərbaycanlılara qarşı törətdiyi cinayətləri
sübut edən qiymətli faktlardır".
A.Paşayev bildirdi ki, bu
sənədlər tərcümə edilərək beynəlxalq
məhkəmələrə göndəriləcək.
Naibə
Həftə içi.- 2011.- 30 mart.- S. 5.