"Bizim məzunlar işsiz qalmırlar"

 

Mahir Tarverdiyev: "Ali məktəb açıb yarımçıq təhsil verməkdənsə, kollec kimi mükəmməl təhsil vermək yaxşıdır"

 

Sabirabad rayonunda Sosial-İqtisad Kolleci fəaliyyət göstərir. Rayona səfərimizdə kollecin direktoru Mahir Tarverdiyevlə də görüşdük. Onun haqqında tələbələr ancaq pozitiv danışırlar. Deyilənə görə, Mahir müəllim kollecə hər kəsdən tez gəlib, hər kəsdən gec gedər. Səmimi, xoşxasiyyət, dəqiq, diqqətli və təvəzökar insandır. Tərbiyəli, savadlı tələbə ona övladından da əzizdir.

Mahir müəllim bizimlə söhbətə kollecin yaranma səbəbindən başladı:

- 1984-cü ildən fəaliyyət göstərən İqtisad Texnikumunda kənd təsərrüfatına aid bir neçə ixtisas vardı. Texnikum 2002-ci ilə kimi fəaliyyət göstərdi. Qeyd olunduğu tarixdən etibarən Azərbaycan Respublikası prezidentinin sərəncamı və Təhsil Nazirliyinin müvafiq fərmanlarına əsasən texnikum və orta ixtisas təhsil müəssisələri təkmilləşdirmə məqsədilə Kənd Təsərrüfatı Texnikumu və digər texnikumlarda birləşdirildi. Həmin dövrdə Sabirabad Kənd Təsərrüfatı texnikumunun bazasında Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci yaradıldı.

- Niyə məhz İqtisad Kolleci? Başqa kollecin fəaliyyət göstərməsi mümkün deyildimi?

- Rayonun iqtisadiyyatına uyğun olaraq burada elə bir kollec fəaliyyət göstərməli idi ki, orada lazım olan ixtisaslar öz fəaliyyətini təmin edə bilsin. Yəni yalnız pedaqoji kollec nəzərdə tutulsaydı, burada ancaq pedaqoji yönümlü ixtisaslar olmalı idi. Nəzərdə tutduq ki, Sabirabad rayonuna müəllim ixtisası ilə yanaşı mühasib, baytar və s. ixtisaslar da lazımdır. Biz Sosial-İqtisad Kolleci kimi fəaliyyəti davam etdirdik ki, həm sosial, həm də iqtisadi sahəyə xidmət etmək mümkün olsun. Bunun da nəticəsidir ki, bu gün kollecdə mühasib, baytar, pedaqoji və s. ixtisaslar var.

- Bu günə kimi kollecin nə qədər məzunu olub?

- Hər il orta hesabla 100-120 nəfər kolleci bitirir. Böyük əksəriyyəti yerlərdə işlə təmin olunur. 1984-cü ildən fəaliyyət göstərən texnikum kimi bu az bir göstərici deyil! Yəni Sabirabad rayonunun ucqar kəndlərində məktəblərdə bizim məzunlara tələbat çoxdur. O baxımdan da tələbələrimizin əksəriyyəti həmin kəndlərdə işləməyə gedir. Eyni zamanda bu məzunlara dövlət tərəfindən əlavə kompensasiyalar ödənilir. Baytarlıq fakültəsini bitirən tələbələrin əksəriyyəti rayon baytarlıq idarəsində laboratoriyasında çalışır. Dövlət Yol Polisində İnzibati Fəaliyyət ixtisasını bitirənlərin çoxu Rayon Polis İdarəsində işlə təmin olunub. Təbiidir ki, onlar arasında ali təhsil ocaqlarında təhsillərini davam etdirənlər var. Rayonun tələbatına uyğun ixtisas seçimində düzgün seçim etdiyimizə görə məzunlarımız da işlə təmin olunmada heç bir çətinliklə üzləşmirlər.

- Bildiyimə görə kollecdə azad təyinatdır. Bu məzunlar üçün çətinliklər yaratmır ki?

- Müəyyən qədər çətinliklər olur. Amma əvvəllər texnikum dövründə təyinat verilirdi. İşlə təmin olunurdular. İndi mən elə bilirəm ki, daha yaxşıdır. Belə ki, hər bir məzuna imkan yaradılır, azad təyinatla öz işləmək istədiyi yeri seçir. Məsələn, əvvəllər bizdə pedaqoji təhsilə maraq daha böyük idi. Bu sahədə o qədər tələbə təhsil aldı ki, biz öz araşdırmamız və maarif şöbəsinin araşdırması ilə müəyyən etdik ki, bu ixtisas artıq rayonda yetərincədir. Ona görə də son iki ildir ki, İbtidai təhsil ixtisası ilə bağlı bizim kollecdə qəbul dayandırılıb. Əvvəllər kollecdə ixtisaslar həddindən artıq çox idi, hardasa 397-yə yaxın. İndi ixtisasların sayı 154-ə salınıb. Bəzi ixtisaslar isə tamamilə çıxarılıb.

- Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində hazırda qəbul prosesi necə aparılır?

- Qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Əvvəlcədən yerlərdə qəbul planı hazırlanır və Təhsil Nazirliyinə təqdim olunur. Orada bu layihəyə baxılır. Daha sonra Nazirlər Kabinetinə göndərilir. Yenidən TQDK-ya qaytarılır. Həmin plana uyğun olaraq bizim planımız TQDK-nın jurnalında öz əksini tapır. Qəbul prosesi elektron ərizələrlə həyata keçirilir. Abituriyentlər testdən keçirlər. Qəbul olan abituriyentlər bizdə qeydiyyatdan keçir. Biz də yeni siyahını TQDK-ya təqdim edirik. Bununla da qəbul kampaniyası başa çatır. Qəbul prosesi yüksək səviyyədə aparılır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın bütün rayonlarından bizdə tələbələr təhsil alır.

- Kollecin şəxsi yataqxanası varmı?

- Texnikum olduğu illərdə layihədə tədris korpusu nəzərdə tutulmuşdu. Hansı ki, 484 yerlik həmin korpus fəaliyyət göstərir. Daha sonra akt zalı, idman zalı və yataqxana, yəni böyük bir kompleks nəzərdə tutulmuşdu. Gördüyünüz kimi kollecin həyətyanı sahəsi də genişdir. 5 hektar ərazisi var. 484 yerlik tədris korpusu başa çatandan sonra bu bina bizə təhvil verildi. Sonra da sovet hökuməti dağıldı. Müstəqil respublikamız bərpa oldu. Ölkədə müharibə şəraiti olduğundan nəzərdə tutulan layihələr yerinə yetirilmədi. 414 nəfər əyani şöbədə təhsil alır. Laboratoriyamız, normal geniş və işıqlı dərs otaqlarımız, açıq stadionumuz və s. günün tələblərinə cavab verə biləcək səviyyədədir. Yataqxana və idman zalı bu gün bizim üçün zəruridir. Düzdür idman zalımız var. Lakin günün tələbləri səviyyəsində deyil. Həcmi nisbətən kiçikdir. Respublikanın müxtəlif bölgələrindən olan tələbələr burada təhsil aldığından yataqxanaya ehtiyac böyükdür. Əgər yataqxanalar olsa, həm tələbələrin yerləşməsi nisbətən yaxşı olar, həm də yeni iş yerləri açılar.

- Kollecin vahid geyim forması mövcuddurmu?

- Kollec yaranan tarixdən etibarən bizdə tələbələrin geyiminə hər zaman üstünlük verilib. Bu gün tələbələrin geyimləri müəyyən çərçivəyə uyğun olaraq tətbiq olunur. Belə ki, köynək, kostyum, qalstuk s. Bu da tələbələrdə müəyyən qədər məsuliyyəti artırır. Biz bunun üçün çalışmışıq buna da nail olmuşuq.

- Kollec hansı cəmiyyətlərlə əməkdaşlıq edir?

- Artıq neçə illərdir ki, kollec Alman-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edir. Həmin cəmiyyət burada kompyuter kursları təşkil edib. Layihə çərçivəsində tədbirlər həyata keçiririk. Layihənin də əsas məqsədi fermer təsərrüfatlarına rəhbər mütəxəssis hazırlanmasına köməklik etməkdir. Bundan başqa "İrəli" İctimai Birliyi ilə əməkdaşlığımız var. Biz gənclərimiz üçün nə əlimizdən gəlirsə edirik. Çünki onlar bizim gələcəyimizdir. Onların yaxşı yetişməsi sabahımızın yaxşı olacağına sığortadır.

 

 

Pərvin İsmayılova

 

Həftə içi.- 2011.- 30 mart.- S. 6.