"Çoxları
elə bilir mən xalq artistiyəm"
Səidə Quliyeva: "Valideynlərimin mənə
verdikləri gözəl ad var, o bəsimdir"...
"Mədəniyyət"
səhifəmizin növbəti qonağı Milli Dram
Teatrının aktrisası, Azərbaycanın
əməkdar artisti Səidə Quliyevadır. Onunla
"Aramızda qalsın" teleserialının növbəti
seriyasının çəklişi zamanı "Xəzər"
TV-də görüşdük. Söhbətimizə Səidə
xanım başladı, uşaqlıq illərindən
danışmaqla:
- Bakı şəhərində
anadan olmuşam. Təhsilimi 199 saylı orta ümumtəhsil məktəbində almışam.
Bu məktəbi yüksək qiymətlərlə bitirmişəm.
Uşaqlıq illərim maraqlı keçib. Çox
şükürlər olsun ki, keçmişimə nəzər
salarkən həyatımda keşməkeşli, çətin
günlərim olmayıb. Biz ailədə 5 uşaq olmuşuq.
Nənəm tək qalmasın deyə, uşaqlıqdan onun
yanında böyümüşəm. Nənəm tamamilə
fərqli bir sahədə işləyirdi. Amma o dövrün
insanları mədəniyyət və incəsənət ilə
çox maraqlanırdılar. Məhz buna görə də, nənəm
teatrsevər bir xanım idi. Kiçik yaşlarımda onunla
teatra çox gedərdik. Demək olar ki,
uşaqlığım teatrlarda keçib. Beləliklə məndə
teatr sahəsinə həvəs yarandı. Aktrisa
olmaq istəyirdim. Amma atam bu istəyimə qarşı
çıxırdı. O, qızı Səidəni aktrisa kimi görmək istəmirdi. Amma
bir müddət keçəndən sonra razılıq verdi.
Beləliklə sənədlərimi Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinə
verdim. 1978-ci ildə bu
institutun "dram və
kino aktyoru" fakültəsini bitirdim. Təvazökarlıqdan
uzaq olsa da qeyd edim ki, atam sonralar bu sənəti seçməyimə
görə mənimlə fəxr edirdi. Yeri
gəlmişkən, bu sənətə məndə maraq
yaratdığına görə, nənəmə öz dərin
təşəkkürlərimi çatdırıram.
- Səidə xanım, bəs səhnəyə ilk gəlişinizi
necə xatırlayırsınız?
- Mən səhnəyə
ilk gəlişimi çox gözəl xatırlayıram.
Sanki, səhnəyə bu gün gəlmişəm. 1978-ci ilin
sentyabrın 1-dən Akademik Milli Dram Teatrının
aktrisasıyam. Artıq 33-cü ildir bu sənətdəyəm.
Yaddımdadır, Milli Dram Teatrında məni Tofiq Kazımov qəbul
etdi. İlk rolum 1979-cu ildə rejissor Ə.Quliyevin
hazırladığı Vilyam Şekspirin "Heç nədən
hay-küy" komediyasında "Hero" olub.
- Etiraf edim ki, kiçik yaşlarımdan telekanallarda
izlədiyim kimisiniz. Sanki heç dəyişməmisiniz...
- Əzizim minnətdaram.
Xoş sözlərin üçün təşəkkürlər.
İnanırsan, bayram günü bunu eşitmək mənim
üçün ən böyük sevincdir... (İkimizdə
gülürük)
- Gözəllikdən danışmışkən,
gözəlliyi on sayıb, onun doqquzunu donla bağlayanlara haqq
qazandırırsınız?..
- Hardasa bu ifadə ilə razıyam. Amma mənim fikrimcə,
bunun üzərinə
əhval-ruhiyyəni də
gəlmək lazımdır.
Çünki xanımların
gözəlliyi özlərinin
və ətrafdakı
insanların əhval-ruhiyyəsi
və abu-havasından
daha çox asılıdır...
- Səhv etmirəmsə,
ötən il
mətbuata müsahibələrinizin
birində romantik insan olduğunuzu, bu cəhətin də çox köməyinizə çatdığını
qeyd etmişdiniz...
- Elədir.
Mən çox romantik bir insanam. Əsasən
əhval-ruhiyyəmi də
bunun üzərində
qururam. Təbiət ilə çox
təmasda oluram.
Təbiətin möcüzələrinə sevinirəm. Bundan da zövq alıram...
- Maraqlıdır, bu sənətə gəlib məşhur
olmağınızda kimin haqqı daha çoxdur?
- Bu səviyyəyə
gəlib çatmağıma görə sənət müəllimlərim
olan Tofiq Kazımova, Adil İsgəndərova, Əzizağa Quliyevə
və bir neçə rejissora minnətdaram...
- Deyilənə görə, aktyor və aktrisalar
üçün, onların oynadıqları rollar
övladları kimidir. Bu fikir ilə razısınız?
- Razıyam. Həqiqətən
də belədir. Əsər bizə verilən zaman quru bir material
olur. Amma ona abu-havanı vermək isə biz aktyor və
aktrisaların öhdəsinə düşür. Hər
hansı tamaşanın hazırlanmasında zəhmətimiz, əziyyətimiz
olduqca çoxdur. Elə bütün bunlara görə də
rollar bizim övladlarımız kimidir. Onları biri-birindən
ayırmaq olmur...
- Övladlardan söz düşmüşkən, sizin
üçün ailə nə deməkdir. Ümumiyyətlə,
siz ailənizi nə vaxtsa sənətə qurban verə bilərsiniz?..
- Mənim sənətim
bir peşədir. Şəxsi həyat ilə sənəti
qarışıq salmaq qətiyyən olmaz. Bu gün
özümü ailəsiz təsəvvür edə bilmərəm.
Ailə mənim üçün hər bir şeydir...
- Sizə zəng edib müsahibə götürmək
istədiyimi bildirən zaman
vaxtınızın az olmasından şikayətləndiniz.
Tamaşalar, çəkilişlər, ailə və s...
Bunların hamısını bir yerdə necə
çatdırırsınız?
- Həqiqətən də
mənim vaxtım yoxdur. İstirahətə də çox az
vaxtım qalır. Azərbaycanda aktyorların istirahəti demək
olar yox səviyyəsindədir. Bu da sağlamlığa
çox pis təsir edir. Uğur düsturuma gəlincə, onu
deyə bilərəm ki, həyatda çox şanslı bir
insanam. Görünür Uca Tanrı məni çox istəyir...
- Yeri gəlmişkən, mütəxəssislər
hesab edir ki, aktyorun sosial vəziyyəti həmişə
zamandan geri qalır. Sosial, yaradıcılıq
sıxıntıları və s. Razısınız bu iddia ilə?
- Düzdür. Mən
sırf sənətlə məşğul olan bir insan kimi deyərdim
ki, Azərbaycanda aktyorların yaşam tərzi çox
aşağı səviyyədədir. Şükürlər
olsun ki, çəkilişlər var. Amma bu da o dərəcədə
deyil. Biz aktrisaların qazancı çox aşağı səviyyədədir...
- Maddi durumunuzu necə tənzimləyə bilirsiniz?
- Mən başımdan
yuxarı atdanmağa heç vaxt cəhd etməmişəm.
Heç bunu sevmirəm də! Hər zaman
çalışmışam ki, ayağımı
yorğanıma görə uzadım. Bir sözlə, bəzilərindən
fərqli olaraq kifayətlənən insanlardanam...
- Keçmişinizə nəzər salarkən, bu
günə kimi sizi utandıran, peşman olduğunuz hər
hansı bir hərəkətiniz varmı? Bir sözlə,
keçmişinizin silinməyən səhvi...
- Xeyr, belə günlərim
ümumiyyətlə olmayıb. Sadəcə, xırda səhvlərim
ola bilər. Məişətdə, işdə və s. Bu da təbii
bir haldır. Tam əminliklə deyə bilərəm ki, bu
günə qədər heç kəsin qəlbinə dəyməmişəm.
Həmişə çalışmışam insanlarla
ünsiyyətim zamanı səmimi olum və heç kimin qəlbinə
dəyən bir hərəkət etməyim...
- Deyirlər ki, insan daşdan-daşa dəyərək
möhkəmlənir. Daşdan-daşa dəyən günləriniz
çox olub?
- İnsanın kamilləşməsi
üçün zaman lazımdır. Bəzən elə
günlər olur ki, keçmişə nəzər salarkən "Bunu niyə
etmədim?", "Gərək edərdim" sözlərini
deyib təəssüflənirəm. Sizə bir söz deyim. Mən
yaşa dolduqca son illər özümdə çox şeylər
hiss etdim. Əvəllər kiçik bir hadisəyə
münasibət bildirən zaman emosiyalara qapanırdım. Amma
indi isə tam əksinə. Ağıllı düşünməyə
başlayıram. Çox qəribədir ki, insanlar arasında
"Kaş indiki ağlım onda olardı" ifadəsi dəb
halını alıb. Amma bu düzgün ifadə deyil.
Çünki insanı mühit, zaman tərbiyə edir...
- Bu günə qədər həyatda
aldığınız ən böyük dərs kimi nəyi
hesab edirsiniz?
- İnsanın həyatında
belə günlər çox olur. Onu qeyd edim ki, kiçik
yaşlarında insanın daha çox dostu olur. Amma zaman
keçdikcə bunlar bir-iki olur. Baxın, bunun özü də
həyatın verdiyi bir dərsdir. Yenə də deyirəm, illər,
zaman özü hər şeyi istər-istəməz
axarına salır...
- Belə bir deyim var ki, məşhurluq ölənə
qədər mübarizə deməkdir. Belə
çıxır ki, məşhurluq başa bəladır?
- Hardasa bu fikri mən də
bölüşürəm. İstədiyimiz yerə
çıxmaqda çətinlik çəkirik. Gərək
harasa gedən zaman özünə fikir verəsən, hər
zaman formada olmağı bacarasan.
- Əvvəllər tez-tez aktyorlar arasında
ayrı-seçkilik müşahidə olunurdu. İndi də
belədir?
- Güya indi yoxdur ki?!
İndi də var. Deyərdim ki, hazırda bu daha qabarıq
şəkildə özünü büruzə verir. Bu gün
çox vaxt dünən sənətə gələn uşaq
ilə sənin aranda yerlə-göy qədər böyük
fərq qoyurlar. Hətta elə olur cılız bir istedada malik
olan insan süni şəkildə göylərə qalxır.
Mən bunun tamamilə əleyhinəyəm...
- 2000-ci ildə "Əməkdar artist" adına
layiq görüldünüz. Artıq bu hadisədən 11 il keçir. Maraqlıdır, bəs bu günə qədər niyə "Xalq artisti" adına layiq
görülməmisiniz?
- Çox
insanlar elə bilir ki, mən
xalq artistiyəm. 2000-ci ildə ulu
öndərimiz Heydər
Əliyev tərəfindən
bu ada layiq
görülmüşdüm. Bundan başqa heç bir fəxri adım yoxdur. Mən də hərdən evdə deyirəm ki, valideynlərimin mənə
verdikləri gözəl
bir ad var. O mənə
bəsdir... (Gülür)
- Səhv etmirəmsə "Adam ol" filmini
yaradıcılığınızda qara nöqtə kimi
sayırsınız?..
- Düzdür. Mən tərəf
müqabillərimin çox güclü olduğuna inanıb
bu kinoya çəkilmək qərarına gəlmişdim. Bir
sözlə aldandım. Sonra nəticəsini görən zaman
isə bu filmi yaradıcılığımda qara nöqtə
kimi saydım...
- Bir sıra insan bu sənətin çətinliklərinə
dözməyib, meydanı tərk edib. Nə vaxtsa sizdə də
belə fikirlər ola bilərmi?
- Çox istedadlı
insan belə bir addımı ata bilməz. Əgər kimsə
sənətin çətinliklərinə dözməyib bu sənət
meydanını tərk edirsə, mən belələrini
istedadsız və bacarıqsız bir aktyor hesab edirəm...
Cəfər Mənsimi
Həftə içi.- 2011.- 30 mart.- S. 7.