Robertino Lorettini təəccübləndirən 13 yaşlı azərbaycanlı
Fevralın 13-də dünya şöhrətli
italyan müğənni,
əfsanəvi Robertino
Loretti Azərbaycan tamaşaçıları ilə
ilk dəfə Bakı
səhnəsində solo konsertlə
görüşə gəldi. Əfsanəvi
tenorun konsertini Azərbaycan Dövlət Uşaq Filarmoniyasının
solisti Emin Eminzadə "Jamayka"
və İslam Qasımov "O Sole mio" mahnısı ilə açdılar. Həmin gənc vokalistlər ifalarından
sonra tamaşaçıların
marağına səbəb
olub.
13 yaşlı Emin
Eminzadə hazırda Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdindəki
musiqi məktəbində fortepiano şöbəsində təhsil
alır. Artıq ikinci ildir ki, Emin filarmoniyada böyük
konsert proqramları ilə çıxış edir. O 2010-cu
il iyunun 1-də "Beynəlxalq Uşaq Günü"
münasibətilə Heydər Əliyev adına Sarayda keçirilmiş
müsabiqədə Azərbaycan tamaşaçıları
Eminin uğurlu ifasında məşhur "Jamayka"nı və
bəstəkar Tofiq Quliyevin "Bakı"
mahnısını dinlədilər. Eminin son uğurlu
çıxışı isə dünya şöhrətli
Robertino Lorettinin Bakı konsertindəki ifası oldu. Həmin
çıxışdan sonra italiyalı müğənni
Emini "Azərbaycanın Robertinosu" adlandırdı.
İki gün öncə
Eminin ad günü oldu. Doğum günü ərəfəsində
Emini daha yaxından tanımaq üçün ilk əvvəl
onun müəlliməsi, Azərbaycan Milli
Konservatoriyasının dosenti, Azərbaycan Respublikasının
əməkdar müəlliməsi və sənətşünaslıq
üzrə fəlsəfə doktoru Məryəm Babayeva ilə
söhbətləşdik. Məryəm müəllimə ilk
dəfə Emini eşidəndə səsinin onu cəlb
etdiyini dedi: "Bir gün mən Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdindəki
musiqi məktəbinə Naidə xanımın (Naidə
Babayeva - musiqi məktəbinin direktoru, - red.) yanına işə
düzəlmək üçün gəlmişdim. Məktəbdə
olanda xəbər gəldi ki, bir valideyn övladını
musiqi məktəbinə-vokal şöbəsinə qəbul
olmaq üçün gətirib. Bunun üçün Naidə
xanımla görüşmək istəyir. Naidə xanım həmin
valideyni övladı ilə birgə qəbul etdi. Bir qədər
söhbətdən və uşağı dinlədikdən
sonra Naidə xanım məni Eminə göstərərək
dedi ki, çox gözəl, artıq sizin müəlliməniz
buradadır.
Eminlə söhbət
etdim. Elə ilk söhbətdən hiss olundu ki, onun musiqi
anlayışı genişdir. Amma bu, kifayət etmirdi. Niyə?
Diqqətinizə bir məsələni çatdırım.
Belə ki, qiymətli, amma bərbad vəziyyətdə olan
bir daşı, yaxud adi şüşə
parçasını ustaya təqdim edirsən. Usta var ki, həmin
daşı, yaxud şüşə parçasını elə
hamarlayar, düzəldər ki, göz oxşayar. Amma elə bir usta da
olar ki, daşı tamam korlayar".
Təcrübəli
pedaqoqun fikrincə, ümumiyyətlə, hər bir insanda
istedad tapmaq olar. Emin isə başqa bir sahəni öyrənsə
də, bacarığına görə irəliləyəcək.
Sadəcə olaraq, gərək Eminin olduğu mühiti,
çevrəsi peşəkar olsun.
"Emin bacarıqlı
və istedadlıdır. Müəllimənin üzərinə
düşən isə həmin bacarığı, istedadı
üzə çıxarmaq və düzgün yönləndirməkdir.
Bu mənada, uşağın istedadının üzə
çıxarılmasında əsas səbəbkar
başının üstündə dayanan müəllimi
olmalıdır. Buna görə də, Naidə xanımla
danışıb qərara gəldik ki, Emini öhdəliyimə
götürüm.
Emin indi nazirliyin Mədəniyyət
Mərkəzinin nəzdindəki musiqi məktəbində
fortepiano şöbəsində təhsil alır. Vokalı isə
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında öyrənir
və həmin filarmoniyanın da solistidir", - Məryəm
Babayeva belə dedi.
O, Eminin Azərbaycan
tamaşaçısına daha geniş şəkildə
tanınmasına səbəb dünya şöhrətli tenor
Robertino Lorettinin konsertindəki
çıxışının olduğunu bildirdi: "Heydər
Əliyev Sarayında İtaliya müğənnisi, dünya
şöhrətli tenor Robertino Lorettinin konserti keçirildi. Həmin
konsertdən bir neçə gün əvvəl mənə Mədəniyyət
və Turizm Nazirliyindən zəng edib dedilər ki, Məryəm
müəllimə, mümkünsə Robertino Lorettinin
konsertində gənc və istedadlı şagirdlərinizdən
seçib onunla eyni səhnədə çıxış etmələrində
bizə yardımçı olasınız. Təbii ki,
seçilən uşaqlar əvvəlcə dinlənilməliydi.
Bir neçə uşağı dinlədik, nəticədə
Emin Eminzadə və İslam Qasımov seçildi".
Fevralın 13-də də
Robertino Lorettinin solo konsertində Emin "Jamayka"nı və
İslamla birgə "O Sole Mio" mahnısını ifa
etdilər. R.Loretti hər iki uşağı dinlədikdən
sonra simasında təəccüb və sevinc hissləri
yarandı. O, yaşlarının azlığına rəğmən,
uşaqların mahnıları tam peşəkarlıqla ifa etmələrinə
təəccübləndiyini vurğulayaraq dedi ki, Azərbaycanda
bu cür gözəl səsə malik uşaqların
olduğuna inana bilmir. O, hətta, Emini "Azərbaycanın
Robertinosu" adlandırdı, azyaşlı
ifaçıların gələcəkdə çox məşhur
musiqiçi olacaqlarına inandığını söylədi.
Həftə içi.- 2011.- 30 mart.- S. 8.