BMT-nin Lider Qadınlar Şurasının
sədri gender bərabərliyi ilə maraqlanıb
İnsan Hüquqları
üzrə Müvəkkil Elmira Süleymanova İngiltərə
Lordlar Palatasının, Azərbaycan-İngiltərə Dostluq
qrupunun üzvü, BMT-nin Lider Qadınlar Şurasının sədri
Baronessa Mary Goudieni qəbul edib. Ombudsman Aparatından "Həftə
içi"nə verilən məlumata görə,
görüşdə qonaq Azərbaycanda insan hüquqları
sahəsində həyata keçirilən fəaliyyətlə
maraqlanıb. Baronessa M.Goudieyə Ombudsmanın insan
hüquqlarının müdafiəsi və təmin
olunması üzrə fəaliyyəti, Müvəkkilin
mandatı və səlahiyyətləri, təsisatın
strukturu ilə bağlı məlumat verilib. Müvəkkil
ötən ilin dekabrında "Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa
Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi,
eyni zamanda "İnformasiya əldə etmək
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş tələblərə nəzarətin həyata
keçirilməsi üzrə əlavə və dəyişikliklər
edilməsi ilə əlaqədar layihənin Milli Məclisdə
birinci oxunuşda qəbul edildiyini bildirib.
Müvəkkil Avropa
Birliyinin həyata keçirdiyi layihələrdə, o cümlədən
Tvinninq və Şərq tərəfdaşlığı
layihələrində təsisatın iştirak etdiyini, bu əlaqələrin
gələcəkdə daha da inkişaf etdiriləcəyini
diqqətə çatdırıb. E.Süleymanova
qonağın ölkəmizdə qadın
hüquqlarının müdafiəsi, gender bərabərliyi və
məişətdə zorakılığa qarşı
mübarizə ilə əlaqədar sualını
cavablandırıb. O, qadın və kişilər arasında
hüquq bərabərliyin təmin edilməsinə önəm
verildiyini, qadınların cəmiyyətdə gedən
demokratik inkişaf proseslərinə qoşulduğunu, yeni
dövrün tələb və xüsusiyyətlərinə
uyğun olaraq, qadın hərəkatının geniş
vüsət aldığını söyləyib. Görüşdə
tənha yaşlıların, o cümlədən ahıl
qadınların hüquqlarının müdafiəsi,
sağlamlığının qorunması məsələlərinə
də toxunulub.
Əli
Həftə içi.- 2011.- 31 mart.- S. 3.