"Nə üçün qətl edildik" filminin təqdimatı keçirilib
Qənirə Paşayeva: "Ermənilərin
yalanlarının qarşısını ala bilərik"
Türkiyənin Azərbaycandakı
səfirliyində TRT-nin Bakı Nümayəndəliyi tərəfindən
hazırlanan azərbaycanlıların soyqırımına həsr
olunmuş "Nə üçün qətl edildik"
adlı filmin təqdimatı keçirilib.
Tədbirdə
çıxış edən TRT Bakı təmsilçisi
Yüksel Değercan filmdə hisslərə yol verilmədiyini
və filmdəki nüansların tarixi faktlara əsaslandığını
diqqətə çatdırıb. Daha sonra 31 Mart
soyqırımına həsr edilən 35 dəqiqəlik "Nə
üçün qətl edildik" sənədli filmi
nümayiş olunub. Filmdə 20-ci əsrin əvvəlindən
ermənilərin Azərbaycan türklərinə qarşı
törətdiyi soyqırımlar tarixi faktlara əsaslanaraq
nümayiş olunub. Filmdə 1905, 1907, 1918, 1990,1992 ci illərdə
törədilən qətllər barəsində geniş məlumat
verilir. Xocalı soyqırımı barəsində faktlara əsaslanan
kadrlar, tarixçilərin və ekspertlərin şərhləri
səsləndirilir. Filmdən məlum olur ki, 1918-1920-ci illərdə
700 mindən artıq dinc əhali ermənilər tərəfindən
qətlə yetirilib, qan qardaşlarının harayına gəlmiş
Osmanlı İmperiyasının Qafqaz İslam Ordusu Azərbaycanı
azad edərkən 1130 şəhid verib.
Filmin təqdimatından
sonra çıxış edən Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç Türkiyənin hər zaman
Azərbaycanın yanında olacağını deyib:
"Türkiyə 1990-cı illərin əvvəlindən Ermənistanla
sərhədlərini Azərbaycanla qardaşlığı
üstün tutduğu üçün bağlayıb. Türkiyə
hər zaman Azərbaycanın yanında olub və olacaq. Biz
tariximizə sahib çıxmalıyıq. Tariximizi dərindən
öyrənməliyik. Azərbaycanla Türkiyənin birləşməsi
diaspor fəaliyyətində öz əksini tapmalıdır. 1
millətin 2 diasporu ola bilməz. Mətbuat nümayəndələri
bu birliyin yaranmasında xüsusi yer tutmalıdır,
onların üzərinə böyük iş
düşür".
TRT-yə təşəkkür
edən millət vəkili Qənirə Paşayeva isə diqqətə
çatdırdı ki, filmdə ötən əsrin əvvəllərindən
başlayaraq Azərbaycan xalqına qarşı törədilən
cinayətlər öz əksini tapır: "Belə filmlər
vasitəsilə həqiqətləri bütün dünyaya
çatdırmaq lazımdır, bununla ermənilərin
yalanlarının qarşısını ala bilərik. Yeganə
Türkiyə səfirliyidir ki, insanlığa qarşı təcavüz
kimi qiymətləndirilən 31 mart soyqırım
gününü Azərbaycanla birgə keçirir. Bu da iki
ölkə arasında mövcud olan qardaşlığın
sübutudur".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 31 mart.- S. 3.