Övladlarının hüquqlarını pozan valideynlər

 

Ailə Məcəlləsinə görə, valideynlər uşaqlarının sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar

 

Bir müddət öncə valideynləri tərəfindən döyülərək öldürülən 5 yaşlı Sevinc Həsənovanın taleyi uzun müzakirələrdən sonra aidiyyəti qurumları hərəkətə keçirdi. Mətbuatda yazılar yazıldı, telekanallarda süjetlər yayınlandı, məsələ hətta Milli Məclisdə belə müzakirə olundu.

Amma bütün hallarda artıq hadisə baş vermişdi və bu tükürpədici olay hətta ölkədən kənarda belə səs-küyə səbəb oldu. Bundan sonra isə oxşar hadisənin bir daha təkrarlanmayacağına heç kəs zəmanət vermir. Mütəxəssislər qanunvericilikdə bəzi məqamların sətrləşdirilməsinin və digər tədbirlərin belə hadisələrin baş verməsinin qarşısının alınmasına yardım edə biləcəyini deyirlər. Elə buna görə də aidiyyəti qurumlar və ayrı-ayrı mütəxəssislər tərəfindən təkliflər hazırlanır. Qeyd edək ki, ailədaxili münasibətlər ölkə qanunvericiliyinə əsasən tənzimlənsə də, çoxları bundan ya xəbərsizdir, ya da uşağına hirslənən valideynin həmin anda gözünə qanun-filan görünmür. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir və analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə Məcəlləsinin I maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailədə uşaqların hüquqlarının qorunmasına gəlincə, qanunvericilikdə bu barədə maddələr mövcuddur. Ailə Məcəlləsinin 51-ci maddəsində uşağın müdafiə hüququ barədə bənddə göstərilir ki, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Bundan əlavə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Məcəllənin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.

Ailə Məcəlləsinin 58-ci maddəsində isə valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Belə ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqlarının həyata keçirilməsi isə uşaqların mənafeyinə zidd ola bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

Övladını döyən valideyn həbs edilə bilər

 

Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirən "Çalxan" hüquq firmasının rəhbəri, hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, Cinayət Məcəlləsi öz uşağını döyən valideynə qarşı ittiham qaldırmağa imkan verir: "Uşağın digər valideyni və ya qəyyumu Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən ittiham qaldırıb övladını döyən valideyni cinayət məsuliyyətinə cəlb edə bilər. Bu halda valideyn 200 manat cərimə, 240 saat ictimai və 1 il islah işləri və ya 6 aya qədər həbs cəzası ala bilər. Qanunda konkret olaraq döymə faktı üçün bu cür cəza tətbiq olunur".

Q.Məmmədovun sözlərinə görə, döymə faktı sağlamlığa zərər vurmağın üç növünə (yüngül, az ağır və ağır) aid deyil. Döyülən uşaqlar evi olan halda valideynlərin evində, ya da uşaq himayəsindən məhrum olan uşaqlar üçün xüsusi mərkəzdə yerləşdirilməlidir. Hüquqşünas uşaqların yazılı şikayətinin mütləq olduğunu deyir: "Cinayət Məcəlləsinin 126-cı maddəsi ictimai ittiham əsasında şikayətin mövcudluğunu qeydə alır. Bu ittiham lap ağır zərbələr yetirilən zaman uşağın köməksiz vəziyyətdə olmasından dolayı qaldırıla bilər. İttiham bu zaman prokuror tərəfindən də qaldırıla bilər".

 

"Valideyn uşağa xüsusi mülkiyyət kimi baxır"

 

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Y.Bəkirovun sözlərinə görə, azyaşlıların hüquqları BMT-nin 1989-cu ildə qəbul olunan "Uşaq hüquqları haqqında beynəlxalq konvensiyası"na uyğun olaraq tənzimlənir: "Uşaqların hüquqlarının tanınması demokratiya məsələsidir. Ancaq Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Valideyn uşağa xüsusi mülkiyyət kimi baxır. Uşaqlar da hüquqlarını bilmirlər".

Ekspert bu məsələdə uşaqların maarifləndirilməsini vacib sayır. Deyir ki, bunun üçün televiziyanın, mətbuatın mütəmadi olaraq məsələni qabartması gərəkdir. Y.Bəkirov maarifçilik və təbliğat məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olmalı olduğunu da bildirdi. Onun sözlərinə görə, UNİCEF də döyülmə faktları ilə bağlı monitorinq aparıb və bu halları aşkar edib.

Y.Bəkirov müvafiq icra hakimiyyəti orqanlarının tərkibində uşaq hüquqları müdafiə şöbəsinin olduğunu və bu məsələnin o təşkilatın səlahiyyətləri daxilində olan bir məsələ olduğunu deyir: "Valideyn uşağını döyməklə ailədə avtoritar rejim yaradır. Bunun nəticəsində uşaqlar zəif, qorxaq, öz fikri olmayan, tez təsir altına düşərək böyüyür ki, bu da onlarda aqressiyaya gətirib çıxarır. Uşağını döyən valideynin məsuliyyətə cəlb olunması isə məsələyə ən son müdaxilədir".

 

"Uşaqların bütün hüquqları valideynlərindədir"

 

"Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər". Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyir. Onun sözlərinə görə, valideynlər tərəfindən uşaq hüquqlarının pozulmasının qarşısının alınması üçün valideynlərin məsuliyyəti artırılmalıdır: "Cinayət Məcəlləsinə əsasən, uşaqlara qarşı bəzi hərəkətlərin edilməsi cinayət tərkibi yaradır və cinayət məsuliyyətinə səbəb olur. Övladlarını erkən nikah bağlamağa məcbur edən, körpələr evlərinə atan, təhsildən yayındıran valideynlərə qarşı məsuliyyət gücləndirilməlidir. Bu məsuliyyət həm inzibati, həm də cinayət məsuliyyəti ola bilər".

Sədr müavini bu istiqamətdə ciddi iş aparılmasını vacib sayır və komitənin artıq bu yöndə fəaliyyətə başladığını deyir: "Uşaqların bütün hüquqları valideynlərindədir. Valideyn uşağın hüquqlarını pozaraq onu ailə qurmağa məcbur edir. Valideynlər bəzi hallarda bunun səhv addım olduğunu dərk edirlər. Bəzən isə fikirləşirlər ki, bu addımı atmaqla uşaqlarına xoşbəxt gələcək qururlar. Valideynlər mütləq maariflənməli və övladları barədə yanlış qərarlar verməməlidirlər".

Erkən nikaha sürükləməklə valideynin övladının hüququnu pozmuş olduğunu deyən A.Sofiyeva problemin həlli məqsədilə komitənin qızlar üçün nikah yaşının 17-yaşdan 18-ə qaldırılması barədə təkliflə çıxış etdiyini vurğulayıb. Valideynlərin əksəriyyətinin erkən nikahların övladları üçün yaratdığı problemlərdən xəbərsiz olduğunu deyən komitə rəsmisi bu istiqamətdə maarifləndirmə işinin aparılmasını vacib sayıb.

"Valideynlər övladlarını erkən yaşda nikaha cəlb etməklə onlara böyük problemlər yaratdıqlarından xəbərsizdirlər. Boşananların, məişət zorakılığı qurbanlarının əksəriyyəti erkən nikaha girən ailələrin üzvləridir". Xatırladaq ki, Azərbaycanda 17 yaşadək təqribən 3 mindən artıq nikah var. Qüvvədə olan Ailə Məcəlləsinə görə, nikah yaşı qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır.

 

Övladınız sizdən intiqam ala bilər

 

Regional Psixologiya Mərkəzinin psixoloq-konsultantı Xatirə Səfərova valideynlərin uşaqları ilə necə davranmaları barədə bəzi məqamları açıqladı. Psixoloqun sözlərinə görə, valideynlər, uşağın formalaşdığı 3-4 yaşdan etibarən onun davranış və inkişafını yaxından izləməli və uşağın tərbiyəvi-əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən vacib dəyərləri ona öyrətməyə başlamalıdırlar: "Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə, nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə, xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyəsinə xüsusi diqqət yetirsinlər ki, sonradan onları ortaya çıxan hər hər hansı pis vərdişlərinə görə fiziki zorakılığa məruz qoymasınlar".

Psixoloq ilk öncə valideynlərin uşağa yaxşı bir nümunə olmasının vacibliyini deyir. Bundan əlavə, o, sevgiyə arxalanan bir tərbyə metodunun tətbiqini vacib sayır: "Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyiniz əmrləri sevərək yerinə yetirəcək. Əgər övladınıza tərbiyəni qəzəb və kin ilə öyrətməyə və ya deməyə çalışsanız, onda övladınız nəinki sizə qulaq asacaq, bəlkə sizdən intiqam almağa da çalışacaq".

  

  

Naibə

 

Həftə içi.- 2011.- 31 mart.- S. 5.