Bütün Qafqazın şeyxi dünya ictimaiyyətinə müraciət
edib
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların
Soyqırımı günü ilə əlaqədar dünya
ictimaiyyətinə müraciət edib. QMİ-nin mətbuat
xidmətindən "Həftə içi"nə verilən
məlumata görə, şeyx müraciətində
bütün dünya ictimaiyyətini soyqırımlara məruz
qalmış Azərbaycan xalqının faciələrinə
biganə qalmamağa, mənfur qonşularımız tərəfindən
bizə qarşı törədilmiş dəhşətli
soyqırım aktlarına prinsipial hüquqi qiymət verməyə,
Qarabağ münaqişəsinin ədalətli həllində
Azərbaycanla həmrəy olmağa çağırır. O,
bildirib ki, dünya ictimaiyyəti azərbaycanlıların
soyqırıma məruz qalmasına dair tarixi arxivlərdə
mövcud acı həqiqətləri bilməlidir: "Belə
ki, Azərbaycan xalqı erməni ekstremistlərinin təcavüzü
ilə yanaşı, erməni lobbilərinin bütün
dünyaya car çəkdiyi dezinformasiyalardan da əziyyət
çəkir. Bu ölkə özünün "tarixi əzabkeşliyi"
barədə mifdən istifadə edərək, törətdiyi
vəhşiliklərə, kütləvi qırğınlara,
Azərbaycana qarşı hərbi müdaxiləsinə,
istilasına dünya ictimaiyyəti qarşısında haqq
qazandırmağa çalışır.
Lakin təəssüf
ki, müasir dünyada biz bəzən əsl deyil, saxta
soyqırımların tanınması, soyqırım törətmişlərin
"soyqırım qurbanları" kimi qələmə
verilməsi meyllərinin şahidi oluruq və bu bizi hədsiz
narahat edir. Halbuki yaxın tarixdə - 1992-ci ildə Azərbaycan
xalqına qarşı törədilmiş Xocalı qətliamına
hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir
etdiyimiz müraciətlər hələ ki bir nəticə
vermir". XX əsr ərzində müstəqilliyə
qovuşmaq səadətinə nail olmuş Azərbaycan
xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin
məqsədli şəkildə törətdikləri vəhşi
qətliamlar səbəbindən on minlərlə
övladını qurban verib. Azərbaycanın bir çox
yerlərində 93 il bundan əvvəl - 1918-ci ilin martında
törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin
qanlı izləri - kütləvi insan qəbiristanlıqları
mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani
misaldır.
Naibə
Həftə içi.- 2011.- 31 mart.- S. 5.