31 Mart soyqırımından 93 il ötür

 

Ermənilərin 1918-ci ilin mart ayında Azərbaycan xalqına qarşı törətdikləri qırğından 93 il ötür. Həmin il martın 29-dan Bakıda başlanılan soyqırım Quba, Şamaxı, Zəngəzur, Gəncəyə, oradan da bütün ölkəyə keçdi. Martın 30-u və 31-i soyqırımın ən geniş miqyas aldığı günlərdir. Tarixi sənədlərə görə, təkcə Bakıda həmin günlər 12 minə yaxın azərbaycanlının öldürüldüyü bildirilir. Əslində, bu heç də soyqırımın başladığı ilk tarix deyildi. Buna qədər ermənilər 1905-06-cı illərdə kütləvi qətllər törətmişdilər. 1918-ci ilin martındakı qırğınlardan əvvəl isə həmin ilin yanvarında ermənilər İrəvan və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edib, yüz min azərbaycanlını xüsusi qəddarlıqla məhv etmişdilər. Amma uzun illər bu hadisələr xalqın yaddaşından silinərək ermənilərin dost-qardaş olduğunu bizlərə sırımağa çalışıblar. Azərbaycanın dəhşətli və tarixi faciələrinə ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Mərhum prezidentin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunur. Artıq neçə gündür ki, bu günlə bağlı paytaxtda və bölgələrdə tədbirlərə start verilib.

Dünən Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" adlı elmi-praktiki konfrans keçirilib. AMEA-nın Tarix İnstitutu və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. O vurğulayıb ki, həmin dövrdə azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycan xalqına qarşı törədilən 1918-1920-ci illərdə Azərbaycana qarşı törədilən soyqırımları sübut etmək üçün müxtəlif ölkələrdən tarixi sənədlər gətirildiyini deyib: "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları ilə əlaqədar Moskva, Sankt-Peterburq, Paris, London, Dehli, İstanbul və Ankara arxivlərindən minlərlə sənəd toplanılıb. Bu sənədlər Cənubi Qafqazda türksüz böyük Ermənistan yaratmaqdan ötrü məqsədyönlü siyasət aparıldığını sübut edir".

Onun sözlərinə görə, əldə olunan sənədlərin istintaq araşdırmasına böyük ehtiyac olduğundan baş prokuror Zakir Qaralovla danışıqlar aparılıb. Tarix İnstitutu ilə Baş Prokurorluq arasında əldə olunan razılaşmaya əsasən, birgə elmi istintaq araşdırma qrupu yaradılıb. Bu qrup ötən ilin may ayından fəaliyyət göstərir. Araşdırmanın məqsədi azərbaycanlılara qarşı soyqırımların başladığı gündən - XIX əsrin əvvəllərindən Xocalı soyqırımına və Sumqayıt hadisələrinə qədər olan dövrlə bağlı elmi əsaslarla araşdırma istintaq hərəkətləri aparmaq və onları hüquqi sənəd halında bütün dünyaya yaymaq, Beynəlxalq Haaqa Məhkəməsinə göndərməkdir: "Biz bu yolu çoxdan keçməli idik. Erməni faşizminin insan öldürmək texnologiyasının dünyada analoqu olmayıb. Azərbaycan elmi ilə hüququnu birləşdirib erməni faşizmini ifşa edə biləcəyik".

Baş Prokurorun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov 1918-1920-ci illər soyqırımının şahid ifadələri barədə məlumat verib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlar nəticəsində əhali öz ərazilərindən didərgin düşüb, minlərlə soydaşımız məhv edilib. Onun sözlərinə görə, cinayət işlərinin istintaqı zamanı mühüm faktlar və sənədlər aşkar olunub.

  

  

Naibə

 

Həftə içi.- 2011.- 31 mart.- S. 5.