Azərbaycanın sığorta-pensiya sistemi və perspektivlər

 

"Heç vaxt demə ki, heç vaxt". İlk baxışdan bu deyim bir qədər sadə, hətta mənasız görünsə də, əslində böyük məna daşıyır. Ona görə ki, həyat bizə hər bir üzünü göstərə bilər və taleyin bütün acılarından sığortalanmaq qeyri-mümkündür.

Bütün bunları nəzərə alaraq, Azərbaycan dövləti bizi ən əsasından, yəni gələcəkdə hər bir insanı gözləyən qocalığın maddi qayğılarından öncədən məcburi qaydada sığortalayır. Bəlli olduğu kimi, söhbət məcburi dövlət sosial sığortasından gedir. İnsanların hamısı fərqli olduğu kimi, bu məsələyə yanaşma da təbii ki, fərdidir. Adətən bəzi gənclər, yəni ailə qayğılarını üzərində hiss etməyən və pessimist ruhlu insanlar sözügedən prosesin məcburi qaydada həyata keçirilməsini elə də dəstəkləmirlər. Yəni cavan ikən uzaq gələcəyi düşünmək arzusunda deyillər. Lakin buna baxmayaraq, məcburi dövlət sosial sığorta haqqını ödəyirlər. Bu ödənişin edilməsinin səbəbini isə belə açıqlayırlar: "Qanundur, sadəcə qanuna tabe oluram". Təbii ki, qanuna tabe olmaq lazımdır, ancaq onun bizə hansı faydasının olduğunu da bilmək gərəkdir. Əslində bu qanun hər bir Azərbaycan vətəndaşının rifahını, güzəranını günü-gündən daha yaxşı təmin etmək funksiyasını yerinə yetirir. Yeri gəlmişkən yaxşı bir atalar sözü var: "Tək əldən səs çıxmaz", bu həqiqətən də belədir. Bu gün məcburi dövlət sosial sığorta haqqını ödəyərək biz həm xalqımızın həmrəyliyinə sadiq qalırıq, həm də öz gələcəyimizə kapital yığırıq.

Etiraf edək ki, bu gün maraqlı bir tendensiya müşahidə olunur. İnsan pensiya yaşına çatanda maddi təminatı övladlarından, yaxınlarından yox, məhz dövlətdən gözləyir və bunu artıq bir qayda olaraq qəbul edir. İstər-istəməz bu məqamda bir sual yaranır: "Bəs siz əmək fəaliyyəti göstərərkən, gələcəyinizin maddi təminatını düşünmüsünüz, yəni məcburi sosial sığorta haqqı ödəmisinizmi?" Burda məntiq sadədir: "Əgər sən gələcəyini düşünüb vaxtında müvafiq ödənişi etmirsənsə, dövlət hansı qanuna əsasən sənə pensiya təyin etsin?"

Özü də, unutmaq lazım deyil ki, hesabımızda ödədiyimizdən daha çox vəsait toplanır. Belə ki, hazırda ölkəmizdə MDSS haqqı 25 faizdir. Bunun 3 faizini işçi (sığortaolunan) 22 faizini isə işəgötürən ( sığortaedən) ödəyir. Baxmayaraq ki, işçinin əməkhaqqısından yalnız 3 faiz tutulur pensiya hesablanarkən daha artıq, 12,5 faiz nəzərə alınır. Digər ölkələrin statistik göstəricilərinə nəzər saldıqda məlum olur ki, Belorusda sosial sığorta dərəcəsi 35 faiz, Qırğızıstanda 27,25 faiz, Latviyada 33 faiz, Litvada 40 faiz, Moldovada 29 faiz, Rusiyada 34 faiz, Tacikistanda 26 faiz, Özbəkistanda 29 faiz, Ukraynada 39 faiz, Çexiyada 34 faiz, Polşada 32,4 faiz, Almaniyada isə 31,63 faizdir. Göründüyü kimi, digər ölkələrlə müqayisədə Azərbaycanda məcburi sosial sığorta haqqı kifayət qədər azdır. Ümumiyyətlə, tarixə nəzər saldıqda məlum olur ki, fərdi toplanan hesab anlamı 1990-cı illərin əvvəlində yaranıb. İsveç bu sxemdən ilk dəfə istifadə edən ölkə olub, daha sonra isə İtaliya, Polşa, Latviya, Rusiya, Qırğızıstan və Monqolustanda tətbiq olunub.

Bu sxemə əsasən, hər bir pensiya sisteminin iştirakçısına fərdi hesab açılır. Fərdi hesabda vətəndaş əmək fəaliyyəti göstərdiyi müddət ərzində ödənilən vəsait əks olunur. Beləliklə, sosial ədalət bərpa olunur. Necə deyərlər, "Nə əkərsən, onu da biçərsən". Artıq bəzi insanlar yüksək pensiya almaq üçün mövcud olmayan əməkhaqqı barədə arayış təqdim edə bilməyəcəklər, heç vaxt çalışmayan şəxslər saxta əmək kitabçası təqdim etməyəcəklər və sair. Nəticədə 30-40 il çalışan şəxslər heç vaxt işləməyən insanlara nisbətən az pensiya almayacaqlar, əksinə onlara daha yüksək məbləğdə pensiya təyin ediləcək. Başqa sözlə desək, haqlı narazılıq doğuran bir sıra məsələlər öz həllini tapacaq.

Nəzərə alsaq ki, ölkəmizdə yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya sisteminə keçid nəzərdə tutulur, demək olar ki, yerli orqanlarda bəzi hallarda müşahidə olunan neqativ nüanslar avtomatik olaraq aradan qaldırılacaq. Bir də ki, vətəndaşlar evdən çıxmadan, heç kimə müraciət etmədən və tam əminliklə özləri bir neçə dəqiqə ərzində onlara düşən pensiyanı Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytının (www.sspf.gov.az) müvafiq bölməsinə (pensiya kalkulyatoru) daxil olaraq hesablaya biləcəklər.

Yeri gəlmişkən sayt vasitəsi ilə vətəndaşlar onlar üçün bir çox "qaranlıq " olan məsələlərə aydınlıq gətirə biləcəklər. Məsələ ondadır ki, məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin hamısında dövlət sosial sığorta şəhadətnaməsi var. Lakin heç kim bilmir ki, onun fərdi şəxsi hesabında hansı məbləğdə vəsait toplanır. DSMF- də ardıcıl, operativ qaydada aparılan mühüm işlərin nəticəsində artıq bu problem də öz həllini tapır. Yəni bu məlumatlar saytda yerləşdiriləcək, eyni zamanda vətəndaşlara bildiriş də göndəriləcək. Vətəndaş saytın müvafiq bölməsinə sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil edərək nəinki, hesabında hansı məbləğdə vəsaitin toplanması haqda, hətta işlədiyi qurum tərəfdən nə vaxt və hansı məbləğdə ödənişin köçürülməsini biləcək. Nəticədə artıq vətəndaş özü fərdi şəxsi hesabında toplanan vəsaitin tam məbləğdə, reallığa uyğun ödənilməsindən xəbərdar olacaq. Bu məlumatı əldə edən işçinin iş yerində hüququ pozulduğu halda ədaləti bərpa etmək imkanı olacaq.

Azərbaycanın sığorta-pensiya sistemi qısa müddət ərzində bir çox uğurlara imza atıb. Hətta zəngin pensiya tarixinə malik olan ölkələr Azərbaycanın sığorta-pensiya sisteminə maraq göstərirlər. Təbii ki, buna görə ilk növbədə ulu öndərimiz Heydər Əliyevə minnətdar olmalıyıq. "Bizim ali məqsədimiz vətəndaşlarımıza, xalqımıza daha da firavan həyat yaratmaq, qarşıda duran sosial-iqtisadi problemləri həll etmək və çətinlikləri aradan götürməkdən ibarətdir" - Heydər Əliyevin bu sözləri pensiya sistemi sahəsində də bir daha öz təsdiqini tapdı. Hər sahədə olduğu kimi, pensiya sistemində də qabaqcıl dünya ölkələrinin təcrübəsi mənimsənilib, daha da təkmilləşdirilib Azərbaycan üçün münasib pensiya modeli yaradılıb.

Prezident İlham Əliyevin "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" da islahatlar baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramı sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, adıçəkilən sistemdə yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı, fərdi uçotun təşkili, əmək pensiyası təminatının təkmilləşdirilməsi və digər müddəaları əhatə edir.

Təbii ki, həyata keçirilən yeni islahatların, qanuna edilən dəyişikliklərin, müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılmasının, eləcə də tədbirlərin, seminarların, konfransların işıqlanmasına, əhaliyə düzgün çatdırılmasına çox böyük önəm verilir. Bu baxımdan, DSMF-in ictimaiyyətlə əlaqələr sektorunun rolu əvəzolunmazdır. Fondun sözügedən orqanı KİV ilə sıx əlaqə qurur, eyni zamanda saytda mütəmadi olaraq, əhali arasında interaktiv sorğu keçirilir, aktual mövzularla bağlı məqalələr yerləşdirilir və sair. Bundan başqa vətəndaşlara bukletlər paylanılır, müvafiq qurumlarda təlimlər həyata keçirilir, televiziya vasitəsi ilə reklam olunur. Bütün bunlar bilavasitə əhalinin bu sahə ilə bağlı maariflənməsinə münbit şərait yaradır. Fondda "190" nömrəli telefon məlumat xidməti fəaliyyət göstərir və vətəndaşların sualları operativ olaraq cavablandırılır. Üstəlik DSMF-in sədri Səlim Müslümov e-mailinə daxil olan bütün suallara fərdi qaydada cavab verir. Eləcə də canlı efir vasitəsi ilə həm KİV-ləri, həm də əhalini maraqlandıran məqamlara aydınlıq gətirir.

Təqdirə layiq haldır ki, Almaniya kimi qədim (120 il) pensiya tarixinə malik olan ölkənin mütəxəssisləri Azərbaycanın yeni sığorta-pensiya sistemini çox bəyənirlər, üstəlik öz ölkələrində tətbiq etmək arzusunu bildirirlər. Lakin təəssüflər olsun ki, demoqrafiya probleminə görə bunu orada həyata keçirmək mümkün deyil. Ümumilikdə, Azərbaycan qabaqcıl ölkələrin bu sahədəki təcrübəsini mənimsəyərək, onu daha da təkmilləşdirərək, yeni bir model ortaya qoyur. Pensiya sistemi sahəsində keçid dövrü yaşayan ölkələrə məhz Azərbaycanın modeli nümunə göstərilir.

Təsadüfi deyil ki, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) büro üzvü, 2007-ci ildə isə BSTA-nın "Avropa şəbəkəsi"nin rəhbəredici komitəsinə üzv seçilib. Bir sözlə, DSMF beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrilib.

Bəzi ölkələr artıq Azərbaycanın pensiya sistemi sahəsində əldə etdiyi nailiyyətlərdən bəhrələnirlər. Bu proses hazırda da davam etməkdədir. Məsələn, bu yaxınlarda Türkmənistanın, Monqolustanın nümayəndə heyətləri Azərbaycanın sığorta-pensiya sistemini öyrənmək üçün ölkəmizə səfər edəcəklər.

Adətən müəyyən bir sistemlə bağlı fikir söyləmək üçün digər ölkələrin analoji qurumlarında mövcud olan sistemlə müqayisələr aparılır. Elə biz də bunu etdik:

Fransanın pensiya sisteminə nəzər saldıqda məlum oldu ki, bu ölkədə qadınlar kişilərdən daha az pensiya alırlar. Məsələ ondadır ki, sözügedən ölkədə qadınlar uzunömürlü olduqları üçün onların pensiya müddətləri artıqdır. Ona görə də demoqrafiyanı nəzərə alan fransızlar qadınlara pensiyanın məbləğini az təyin edirlər. Üstəlik cinsi mənsubiyyətindən asılı olmayaraq hamı eyni yaş həddində pensiyaya çıxır. Bundan başqa bəzi hallarda fransızların pensiyasından vergi tutulur.

Azərbaycanda isə təbii ki, məsələ başqa cürdür. Milli-mənəvi dəyərləri, mentaliteti hər zaman üstün tutan Azərbaycan xalqı təbii ki, qadınlara daha çox güzəşt edir. Qadınlar kişilərdən tez pensiyaya çıxırlar, bundan başqa pensiyanın məbləğinə də məhdudiyyət qoyulmur. Yəni pensiya hər kəs üçün fərdi qaydada hesablanır. Vergi məsələsinə gəldikdə isə ölkəmizdə pensiyaya bu şamil olunmur.

Pensiyaların məbləğinə də nəzər yetirməmək qeyri-mümkündür. Çünki cəmiyyətdə pensiya sistemi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri məhz budur. Ancaq burda da hər şey göründüyü kimi asan deyil. DSMF sədri Səlim Müslümov pensiyanın məbləği ilə bağlı KİV-lərə açıqlamasında demişdi ki, sosial təbəqəyə verilən hər hansı bir məsrəf heç vaxt azaldıla bilməz. Əksinə sözügedən vəsait daim artırılmalıdır. Ölkəmizdə də buna riayət olunur. Bəzi ölkələrdə düşünülməmiş addımların atılmasının dəfələrlə şahidi olmuşuq. Onlar yüksək pensiya təyin edirlər, daha sonra isə üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirə bilmirlər. Məsələn, 2010-cu ildə Yunanıstanda büdcə kəsirinin qarşısını almaq üçün dövlət müəyyən addımlar atmağa vadar oldu. Belə ki, əməkhaqlarının və pensiyaların azaldılması, vergi ödəmələrinin artırılması müzakirəyə çıxarıldı. Bu isə təbii ki, əhalinin haqlı narazılığına gətirib çıxarırdı.

Azərbaycanda isə sığorta-pensiya sisteminin inkişafı, bu sahədə islahatlar, pensiyaların artırılması təsdiq olunmuş proqram əsasında, aktuar hesabatlara əsasən aparılır. Eləcə də makroiqtisadi göstəricilər nəzərə alınır.

Biz sığorta-pensiya sisteminin bəhrələrini daha çox illər ötdükcə hiss etməyə başlayacağıq. Çünki fərdi şəxsi hesablarda vəsait artdıqca, pensiyaların da məbləği nəzərəçarpacaq dərəcədə yüksələcək. Əsas odur ki, şəffaf və ədalətli bünövrə artıq qoyulub! 2006-cı ildən etibarən pensiyanın baza hissəsinin 7 dəfə artırılması, sığorta hissəsinin isə 5 dəfə indeksləşdirilməsi həyata keçirilib. Sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının müvəffəqiyyətlə tətbiq olunması nəticəsində müvafiq sərəncamların icrası avtomatlaşdırılmış qaydada həyata keçirilir. Pensiyaların artırılması prosesinin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli şəkildə bölgüsünə imkan verir. Onu da qeyd edək ki, Fondda və ona tabe olan qurumlarda mərkəzi serverin və lokal şəbəkənin qurulması, məlumat mübadilələrinin elektron formada aparılması, əmək pensiyalarının və sığortaolunanların vahid məlumat bazalarının yaradılması və digər işlərin bu sahədə görülməsi bilavasitə vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə gerçəkləşdirilməsi üçün edilir.

Sığorta-pensiya sistemi ilə bağlı əhalinin də rəyini öyrənmək maraqlı idi. Ona görə də "Azərbaycanda tətbiq olunan sığorta-pensiya sistemi gələcəyə ümidlə baxmağa zəmin yaradırmı? sualı ilə şəhər sakinlərinə müraciət etdik.

Elvira Taqıyeva, həkim: "Sözün düzü, əvvəllər pensiya sisteminə heç bir ümid yox idi. Çünki 40-45 il çalışan nənələrimiz, babalarımız nəticədə pensiya yaşına çatanda çox az pensiya alırdılar. Təbii ki, cavan nəsil olaraq biz də onlara baxıb bu sistemə bütün ümidimizi itirirdik. Bir çoxları fikirləşirdi ki, qızıl alıb qoyum evə, pensiyaya çıxanda da satıb o pulla dolanaram və yaxud başqa yollar seçirdilər. Lakin indi fərdi şəxsi hesabların yaranması əhali arasında müsbət qarşılanır. Artıq pensiyaya çıxanda bilirsən ki, fərdi şəxsi hesabında nə qədər vəsait toplanıb. Bu insanda stimul da yaradır, nə qədər çox işləsən, pul qazansan bir o qədər yaxşıdır".

Ağa Ağadadaşov, pensiyaçı: "Mən 2010-cu ildə pensiyaya çıxmışam. Pensiyamın məbləği 417 manatdır. Təhsil sahəsində və icra hakimiyyətində çalışmışam. Dövlət qulluğunda 22 il stajım var. Dövlət qulluqçusu olmağımla qürur duyuram və pensiya sistemi sahəsində həyata keçirilən islahatlardan çox razıyam. Onu da deyim ki, məcburi dövlət sosial sığorta haqqını hər zaman tam məbləğdə ödəmişəm".

Göründüyü kimi, məntiq ədalətli, şəffaf və sadədir: pensiya məbləği vətəndaşın əmək (sığorta) stajına və fərdi şəxsi hesabında toplanan kapitala əsasən müəyyənləşdirilir.

  

 

Cəmilə Əsgərxanqızı

 

Həftə içi.- 2011.- 31 mart.- S. 6.