"20 Yanvar, Dağlıq Qarabağla bağlı sanballı foto-saytımız yoxdur"
Mirnaib Həsənoğlu:
"İndi hamı fotoqrafiya ilə məşğuldur"
Çağdaş dünyamızda təsviri
incəsənətin növlərindən
biri kimi fotoqrafiya yüksək qiymətləndirilir. Dünyanın aparıcı ölkələrində
fotoqrafların sərgiləri
mühüm mədəniyyət
hadisəsinə çevrilir.
Tanınmış fotoqraflar milli
mədəniyyətin təmsilçiləri
kimi bütün dünyada öz ölkələrini təmsil
edir, onları tanıdırlar. Bu baxımdan fotoqrafiyaya böyük maraq müşahidə olunur.
Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə peşəkar fotoqraflar milli mədəniyyətimizin
inkişafına öz
töhfələrini verə
bilirlərmi? Bu və digər məsələlərə Azərbaycan
Fotoqraflar Birliyinin yeni seçilmiş sədri Mirnaib Həsənoğlu ilə
söhbətimizdə aydınlıq
gətirməyə çalışmışıq.
- Mirnaib müəllim,
Azərbaycan Fotoqraflar
Birliyi nə zaman yarandı və bunu yaratmaqda
məqsəd nə idi?
- Sovetlər
İttifaqı dağıldıqdan
sonra Azərbaycan Fotoqraflar Birliyi (AFB) adı altında qeyri-rəsmi olaraq bir yerə toplanmışdıq.
1994-cü ildə Fransanın Kann şəhərində keçirilən
kino-festivalda "Azərbaycan
fotoqrafiyası" adı
altında sərgi keçirdik. Sərgi
iştirakçılarına 120-yə yaxın iş təqdim etdik. Bundan sonra Azərbaycan fotoqraflarını bir yerə yığmağı
qarşımıza məqsəd
qoyduq. Bunu yaradıcı təşkilat
kimi görmək istədik. Və beləliklə, AFB 1998-ci ilin noyabrında Ədliyyə Nazirliyində
qeydiyyatdan keçdi.
- O zaman birliyin təsisçiləri kimlər
idi?
- Hazırda
Milli Məclisdə fotoqraf işləyən Rafiq Qəmbərov, Asim Talıb, mərhum Namiq Məmmədov və mən AFB-nin
təsisçisi olduq.
Qeydiyyatdan keçdikdən sonra konfrans keçirdik. Yəni AFB QHT kimi fəaliyyət göstərir. Hər zaman
məqsədimiz Azərbaycanda
fotoqrafiyaya qarşı
münasibəti dəyişdirmək
olub. Arzumuz fotoqrafiyanı yaradıcı
bir sənət, incəsənətin bir növü kimi Azərbaycanda tanıtmaqdır.
- Necə düşünürsünüz,
məqsəd və arzunuza nail ola
bildinizmi?
- Arzumuza
nail olsaydıq, indi Azərbaycanda fotoqrafiya muzeyi, AFB-nin hansısa bir statusu olardı.
Fotoqrafiya ölkənin, xalqın
tarixi olan incəsənətin bir sahəsidir. AFB-dən söz düşəndə
hərdən mənə
deyirlər ki, Dövlət Arxivi var, sənədlər orda toplanır, guya AFB-yə ehtiyac yoxdur. Xatırladım ki, Dövlət
Arxivində fotoqrafiyanın
başqa bir sahəsi, sırf sənədli fotoqrafiya, müəyyən rəsmi
xronika toplanılır.
Bütün dünyada fotoqrafiyanı
incəsənətin bir
növü kimi qəbul edirlər. Biz də bunu
istəyir, buna çalışırıq. Fotoqrafiya evinin Dövlət Arxivindən fərqi ondadır ki o, fotoqrafiyanın və ölkənin təbliği
ilə məşğuldur.
- O zaman sizin bu arzularınıza mane olan nədir?
- Kimsə
mane olmur. Sadəcə, bu neçə
illərdə müəyyən
işlər görmüşük,
Azərbaycanda iki böyük foto-festival keçirmişik. Sərgidə 40-dan artıq ölkədən
fotoqraf iştirak edib. Müəyyən layihələrdə iştirak edib qrantlar almışıq.
Foto-festivalı öz gücümüzə
təşkil etmişdik.
Biz siyasətlə məşğul olan təşkilat deyilik.
Amma
1999-cu ildə "Əsrdən
əsrə" adlı
Heydər Əliyevin foto-sərgisini keçirdik.
Biz hər şeyə
fotoqrafik tərəfdən
yanaşırıq. Biz
bu xalqın salnaməsini yazan bir peşə ilə məşğuluq.
Etdiklərimiz və etmək
istədiklərimiz yalnız
bu yönümdədir.
- AFB-nin neçə
üzvü var?
- Hazırda
150 üzvümüz var. Amma
birliyə üzv olmaq istəyənlərin
sayı çoxdur. Fotoqrafiya elə bir həddə
çatıb ki, insanlar bundan özünü ifadə vasitəsi kimi istifadə edir. İndi bəlkə də insanlar rəssamlıqla bir o qədər də məşğul olmur. Hamı fotoqrafiya ilə
məşğuldur. Mobil
telefondan tutmuş bahalı aparaturaya kimi alıb nə isə çəkirlər, nə
isə yaradırlar.
Yeri gələndə kimsə
bu peşəylə qazancını da çıxarır və bu normal bir haldır.
Dediyim kimi, AFB-yə üzv olmaq istəyənlər çoxdur,
amma onları cərgələrimizə qəbul
etmək iqtidarında
deyilik. 500 adamı birliyə üzv qəbul etməklə problem bitmir.
Onlarla işləmək, maarifləndirmək,
onların sərgilərini
təşkil etmək,
xaricdə keçirilən
sərgilərə yönəltmək
lazımdır. Bu bizim maliyyə və yer problemimizlə
bağlıdır. Azərbaycan fotoqrafiya
sənətinə dəstək
arzulayırıq. İki festival keçirdik, xaricdə foto-sərgilərdə iştirak
etdik, fərdi və qrup sərgilərimiz
təşkil olundu.
Biz həmin yerdə
bir vətəndaş
kimi Azərbaycan Respublikasını təmsil
etmişik. Bizim üçün
ən öndə gedən məsələ ölkəmizə qulluq etməkdir. Azərbaycan haqqında çıxan
informasiyaların 90 faizi
yerli fotoqrafların işidir. Azərbaycanla, Qarabağ müharibəsi
ilə, ölkədəki
inkişafla bağlı
gedən proseslərdə
məlumatları yerli
fotoqraflar verir. Amma 1990-cı il
20 Yanvar faciəsiylə,
Azərbaycanda gedən
demokratik proseslərlə,
Dağlıq Qarabağ
müharibəsi ilə
bağlı ortaya çıxarılacaq sanballı
bir foto-saytımız
və ya kitabımız isə yoxdur.
- Deməli, gələcək
layihələrinizdən biri
də bu olacaq...
- Məqsədimiz
odur ki, Azərbaycanda 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, qaçqınların
həyatı haqqında
foto-saytlar yaradaq. Kitablara hələ ki, gücümüz çatmır.
Kimlərinsə bu işə
dəstək olacağına
ümid edirik. Fotoqrafiyayla məşğul olan insanlar var ki,
yaşa dolurlar, dünyasını dəyişənlər
var. İstəmirik arxivlər
itib-batsın. Bunların çoxu
şəxsi arxivlərdir.
Bunlar heç bir yerə, dövlətə
verilməyib. Çünki fotoqrafların çəkdiyi
həmin neqativlər onun sərvətidir.
Heç kim
öz əmlakını
çölə atmaq
istəmir. Heç kim çəkdiklərinin
aqibətini bilməmiş
onu kiməsə vermək istəmir. Hazırda bu problemlərlə məşğul olmağa
çalışırıq. Dediyim kimi, iki foto-festival
keçirmişik. Yaxın gələcəkdə
keçirmək istədiyimiz
növbəti foto-festivalın
yerinin və sahəsinin dəyişik olmasını arzulayırıq.
Bütün dünyada qəbul
olunmuş açıq
foto-sərgilər var
ki, biz bunu Azərbaycanda reallaşdırmağa
çalışırıq. İstəyirik ki, yeraltı
keçidlərdə, metropoliten
stansiyalarında, bir sıra parklarda, bulvarda xüsusi sərgilər təşkil
edək. Özünüz də bilirsiniz ki, insanlar indi
müzeylərə, qalereyalara
getmir. Sərginin ilk günü gəlir,
sonrakı günlərdə
bir-iki nəfərdən
başqa, kimsəni orada görmək olmur. Amma açıq sərgilər
olarsa, bu, insanların bu peşə ilə bağlı maariflənməsinə
xidmət etmiş olar.
Laçın Səmla
Həftə içi.- 2011.- 10 mart.- S. 7.