Ümummilli lider Heydər Əliyev – 88

 

Ümummilli liderin ömür yoluna qısa baxış:

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın dilbər guşələrindən olan Naxçıvanda anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri olub. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il dekabrın 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın prezidenti Heydər Əlirza oğlu Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Azərbaycan xalqı, dünyadakı bütün soydaşlarımız, eləcə də mütərəqqi dünya ictimaiyyəti milli liderimiz, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 88-ci doğum gününü qeyd edir. Bu gün ölkəmizdə hər bir kəs - uşaqdan böyüyə, cavandan yaşlıya qədər onun Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini böyük ehtiramla xatırlayır. Heydər Əliyevin 80 illik ömrünün böyük hissəsini dövlətinə, millətinə xidmətlə keçirdiyini bütün dünya bilir. Hazırda Azərbaycan gəncliyi güclü, demokratik, inkişaf edən müstəqil Azərbaycan dövlətinin vətəndaşları olmalarında, belə bir ölkədə yaşamaq hüququ əldə etmələrində məhz ümummilli lider Heydər Əliyevə borcludurlar. Ağır günlərində daima xalqının yanında olmağı bacaran H.Əliyev deyirdi: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Müasir Azərbaycan tarixinin son otuz iliylə birbaşa bağlılığı olan bu şəxsin dövlət başçısı fəaliyyətində yuxarıda qeyd etdiyi müdrik kəlamı həmişə başlıca prinsip kimi tutub. Xalqına xidmət etməyi ən böyük mükafat sayan ümummilli liderin arzuları bu gün artıq özünü doğrultmaqdadır. Müstəqil, demokratik və güclü Azərbaycan onun qoyduğu yol ilə prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir. H.Əliyev Azərbaycanda demokratik inkişaf, insan hüquq və azadlıqlarının qorunması, təmin edilməsi, qanunun aliliyi üçün çalışırdı. Onun Azərbaycan xalqı qarşısında bu sahədə ən böyük xidmətlərindən biri də 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın dövlət quruculuğu əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.

Dövlətin əsaslarını müəyyən edərkən Konstitusiya ilk növbədə hər bir demokratik dövlətin ayrılmaz atributları olan təsisatlara xüsusi yer ayırır. Söhbət insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlətin ali məqsədi olmasından, mülkiyyətin toxunulmazlığına təminat verməsindən, təbii ehtiyatların yalnız dövlətə mənsub olmasından, Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin dövlətin xüsusi diqqət mərkəzində olmasından, ailəyə və uşaqlara dövlət tərəfindən qayğı göstərilməsindən və s. bu kimi məsələlərdən gedir. Dünyada çox az Konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Ümummilli lider demokratik inkişaf yolunu məhz mərhələli şəkildə, tədricən, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yol vermədən keçilməsini təmin etdi. O bu barədə söyləyirdi: "Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir". İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin başlıca prioritetlərindən birini təşkil etməsi ümummilli liderin müdrik kəlamlarından da görünür: "Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".

H.Əliyevin Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biri məhz müasir dövrümüzdə çox az cəmiyyətlərin sahib ola biləcəyi bir dəyər - tolerantlıq mühitinin formalaşdırılmasıdır. Müstəqilliyin ilk illərində yaşanan hərc-mərcliklərin fonunda Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı bu əvəzsiz ənənə yox olmaq təhlükəsiylə üzləşmişdi. Lakin 1993-cu ildə ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda yaşayan bütün xalqlar yenidən ölkədə bir ailə kimi birləşməyi bacardı. Hamı Azərbaycanın onların ümumi vətəni olduğunu anladı. Bu işdə ümummilli liderin müdrikliyi, çevikliyi, dərin zəkası əvəzsiz rol oynadı. "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" - deyə H.Əliyev bildirirdi.

H.Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, həm də müstəqil dövlətin güclü ordusunun yardılması da məhz onun adı ilə bağlıdır. Dövlətin milli maraqlarını, suverenliyini təmin etmək üçün güclü orduya malik olması ideyası onun prezident kimi fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edirdi. H.Əliyev parçalanmış, ayrı-ayrı qüvvələrin təsiri altına düşmüş silahlı birləşmələrin vahid komandanlıq altında birləşdirilməsini, güclü nizam-intizama malik ordunun yaradılmasını bacardı. Xalqla silahlı birləşmələrin vəhdətini təmin etdi. "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir" - deyə o bildirirdi. Güclü ordunun yaradılması həm də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda dövlətin mövqelərini gücləndirdi. Bu gün Azərbaycan ordusu bölgənin ən güclü silahlı qüvvələri sayılır. Silahlı Qüvvələrin bu şanlı inkişaf yolu məhz ümummilli lider H.Əliyevin adı ilə bağlıdır. H.Əliyev söyləyirdi: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Bu müdrik kəlam özünü doğruldub. Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda diqtə edən tərəfə çevrilib. Ümummilli lider istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə Azərbaycan dövlətinə başçılıq etdiyi dövrlərdə bütün sahələrdə güclü inkişaf, çiçəklənmə yaşanıb, əhalinin sosial rifah səviyyəsi yüksəlib. İqtisadi, siyasi müstəqillik əldə edilib. Bu günə qədər H.Əliyev haqqında minlərlə məqalə yazılıb, kitablar nəşr olunub. Lakin bütün bunlar ümummilli lider H.Əliyev kimi şəxsiyyətin böyüklüyü, dərin zəkası, zəngin fəaliyyətinin araşdırılması üçün heç də kifayət etmir. Müstəqil Azərbaycan durduqca o, daima hörmətlə anılacaq, müstəqil Azərbaycanın dövlət qurucusu kimi xatırlanacaq

 

Dünya liderləri Heydər Əliyev barədə

 

Corc BUŞ, ABŞ-ın eks-prezidenti

 

"Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır".

 

Jak ŞİRAK, Fransanın eks-prezidenti

 

"Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".

 

Toni BLEYER, Britaniyanın eks-baş naziri

 

"Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər".

 

Əhməd Necdət SEZƏR, Türkiyənin eks-prezidenti

 

"Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm".

 

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 7-10 may.- S. 1, 3.