"Həkim
insanın, baytar isə bəşəriyyətin
sağlamlığını qoruyur"
Emin Şahbazov "Həftə
içi"nin qonağı oldu
Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov
redaksiyamızın qonağı oldu.
Maraqlı
keçən görüş zamanı bizi maraqlandıran bir
sıra suallara cavab tapmağa çalışdıq.
- Emin müəllim, öncə
DBX-in fəaliyyəti barədə məlumat verməyinizi istərdik...
- Əsas
vəzifəmiz ev heyvanlarını və quşlarını,
eləcə də insanları yoluxucu xəstəliklərdən
mühafizə etmək, onların bu mərəzlərə
yoluxmasının qarşısını almaq, əhaliyə təhlükəsiz
heyvan mənşəli məhsulların
satışını təmin etmək, ekologiyanı
qorumaqdır. Xarici dövlətlərdən ölkəmizə
keçə biləcək yoluxucu xəstəliklərin
qarşısını almaq üçün idxal və ixrac
edilən heyvan mənşəli məhsulların keyfiyyətini
mütləq qiymətləndirməliyik. Yəni, əgər
iş adamı xarici ölkədən heyvan mənşəli
məhsul idxal etmək istəyirsə, hökmən 5 gün əvvəl
DBX-ə rəsmi müraciət etməlidir. 1995-ci ildən
üzvü olduğumuz və sıx əməkdaşlıq
etdiyimiz Beynəlxalq Epizotik Bürodan (BEB), yəni
Ümumdünya Heyvan Xəstəlikləri Təşkilatından
hər həftə dünya ölkələrindəki epizotik
durumla bağlı rəsmi məlumat alırıq və ona
görə də bilirik ki, dünyanın istənilən
ölkəsində hansı xəstəlik qeydə
alınır, yaxud mövcuddur. Həmin məlumatlara əsasən
də bütün dünyada epizotik şəraiti və vəziyyəti
təhlil edir, biznesmenlərin müraciətlərini
cavablandırırıq. Heyvan mənşəli məhsulların
gətirilməsi üçün ölkədəki epizotik
durumdan asılı olaraq müraciətləri müsbət və
ya mənfi cavablandırırıq. Epizotik şərait normal
olarsa, icazə veririk. Əks halda rəsmi cavabımızda
acınacaqlı durumu və icazənin verilməsinin təhlükəli
olduğunu anladırıq. Ola bilər ki, 5 gündən
sonra icazə verək və həmin ərəfədə
seçilmiş ölkədə hər hansı bir xəstəlik
yayılsın. Biz dərhal sözügedən
məhsulun gətirilməsini dayandırırıq. İxrac
sahəsinə gəlincə, istənilən heyvan mənşəli
məhsul Azərbaycandan çıxarılarsa, ona beynəlxalq
baytarlıq sertifikatı veririk. Ümumiyyətlə, idxal və
ixrac prosesində hansı ölkədən məhsul gətirilirsə,
yaxud göndərilirsə, mütləq Azərbaycanla həmin
dövlət arasında ümumi razılaşma əldə
olunur. Bu razılaşmaya əsasən qarşı tərəf
bizə, biz də onlara mövcud epizotik vəziyyət barədə
ətraflı məlumat veririk. Azərbaycandan ixrac ediləcək
heyvan mənşəli məhsul üçün verdiyimiz
şəhadətnamədə hər bir məlumatı dəqiqliklə
yazırıq. Biz və qarşı tərəf verilən
sertifikatlara görə tam məsuliyyət və cavabdehlik
daşıyırıq. Məhsul ölkəmizə
gətiriləndə, yəni sərhəddən keçiriləndən
sonra DBX-in, Respublika Baytarlıq Laboratoriyasının (RBL) və
Bakı şəhər Baytarlıq İdarəsinin
(BŞBİ) nümayəndələri gömrük
açılışında iştirak edirlər.
BŞBİ gətirilən məhsulun verdiyimiz sənədə
uyğun məhsul olub-olmadığını yoxlayır və
bununla bağlı akt tərtib edir. RBL isə gətirilmiş
məhsuldan nümunə götürür və onu bakteroloji,
toksikoloji, radioloji və virusoloji yoluxmalara görə
laboratoriya müayinəsindən keçirir. Əgər
analizin cavabı müsbət olarsa, həmin məhsulun
topdansatışına icazə verilir. Cavab bəlli olanadək
onun, eləcə də analizi müsbət olmayan məhsulun
satışı isə qadağandır. Bir sözlə, fəaliyyətimizi
"Baytarlıq haqqında" qanunla və BEB-in quruda
yaşayan heyvanların baytar-sanitar məcəlləsinə
uyğun olaraq qururuq.
- Baytarlığın çox
mürəkkəb, çətin və əziyyətli bir
peşə olduğu söylənilir
-
Doğrudur. Rusların məşhur bir məsəlində
deyilir ki, səhiyyə insanları, baytarlıq isə bəşəriyyəti
müalicə edir. Çünki heyvanlarda olan yoluxucu xəstəliklərin
60 faizi insanlara keçir. Dünyada mövcud olan bioloji
terrorizmin 70 faizi heyvan mənşəli mikroblardır. Ona
görə də baytarların üzərinə böyük
yük düşür. Ölkəmizdə təxminən 8
milyon 500 minə qədər xırdabuynuzlu, 2 milyon 500 minədək
iribuynuzlu heyvan var. Baytarlar isə il ərzində ən
azı 7-8 dəfə hər heyvanı müxtəlif xəstəliklərə
qarşı vaksinasiya etməlidir. Təxminən 11 milyon heyvan
üçün il ərzində təqribən 77-88 milyon dəfə
vaksinasiya aparılmalıdır. Bu, çox ağır və
çətin işdir. İribuynuzlu heyvanın, məsələn,
camışın venasından qan almaq da çox çətin
prosesdir. Bəzi baytarlar bu işi görmək istəyərkən
əlil olublar. Çünki camışlar onları ya
ayaqları ilə tapdalayıb, ya da buynuzları ilə
yaralayıblar. Ona görə də bizim sahə böyük zəhmət
tələb edir, çox əziyyətlidir. Ancaq bununla belə
baytarlardan hər il planlaşdırma və vaksinasiyaların
aparılması qaydalarına riayət etməyi tələb
edirik. Bunun üçün hər ilin oktyabr ayından etibarən
noyabr və dekabr aylarının ortalarına qədər rayon
baytarlıq idarələrinin rəisləri Bakıya dəvət
olunur. Onların təqdim etdikləri göstəricilər əsasında
müxtəlif xəstəliklərə qarşı
görüləcək tədbirlər planı həmin rəislərlə
qarşılıqlı razılaşma əsasında
hazırlanır. Bundan sonra ölkə üzrə tədbirlər
planı hazırlayır və Kənd Təsərrüfatı
Nazirliyinin kollegiyasında təsdiq edirik. Təsdiqlənmədən
sonra isə hər rayonun planına uyğun tədbirlərin həyata
keçirilməsini tələb edirik.
- Qeyd etdiyiniz kimi xırdabuynuzlu və
iribuynuzlu heyvanların sayı çoxdur. Ancaq onların
müxtəlif xəstəliklərə qarşı vaksinasiya
edilməsi, eləcə də onlara və ev quşlarına
tam nəzarətin ilboyu həyata keçirilməsi
üçün baytarlar çatışmır
- Mən
nəzarətin ilboyu mütləq aparılmasını qəbul
etmirəm. Çünki baytarlar hər il tədbirlər
planı üzrə işləri həyata keçirirlər. Amma
bununla belə baytarların işləri çox
ağırdır. Çünki Azərbaycanla həmsərhəd
olan Rusiya, İran, Gürcüstan və Ermənistanla
bağlı ciddi problemlər yaşanır. Məsələn,
Ermənistanda epizotik vəziyyətə nəzarət
olmadığından, oradan hər bir yoluxucu xəstəlik
ölkəmizə keçə bilər. Bunun
üçün sərhədboyu vaksinasiyaların
aparılması tələb olunsa da, bu,
qeyri-mümkündür. İranın həmsərhəd
olduğu Pakistan və Əfqanıstanda da vaksinasiya tədbirləri
aparılmadığından xəstəliklər
yayılıb və bu da bizim üçün təhlükəli
ola bilər. Ona görə də baytarların əziyyətləri
ilə bərabər məsuliyyətləri də həddən
artıq çoxdur. Onu da deyim ki, Azərbaycanda dabax, vərəm,
qarayara və digərləri də daxil olmaqla 11 xəstəliyə
qarşı mübarizə dövlət tərəfindən
maliyyələşdirilir. Heyvanın yerdə qalan mərəzlərdən
müalicə xərci isə onun sahibinin üzərinə
düşür. Yəni həmin şəxs öz
heyvanına həkim müayinəsi, dərmanların
alınması, profilaktiki tədbirlərin görülməsi
və digər işlər üçün tələb olunan
xərcləri ödəməlidir.
- Amma bəzi heyvan sahiblərinin
maddi problemlər üzündən qeyd etdiyiniz xərcləri
ödəməyə imkanları yetmir
-
İki gün öncə Dünya Bankının nümayəndəsi
ilə görüş zamanı öyrəndim ki, bəzi
ölkələrdə heyvan saxlayan şəxslərə ilin
axırında istehsal etdiyi məhsula görə dövlət
kompensasiya verir. Yəni bütün baytarlıq tədbirlərinin
həyata keçirilməsi təmin edilibsə və
baytarın bununla bağlı razılığı, sənədi
varsa, həmin şəxslərə maddi yardım verilir. Əks
halda təzminatın verilməsi mümkün deyil. Amma
dediyiniz məsələnin dövlətə və bizə
aidiyyəti yoxdur. Qanunvericiliyə əsasən, heyvan şəxsi
malı olduğu üçün onun sahibinin həmin xərcləri
ödəməsi məcburidir. Müalicə də məcburi
aparılmalıdır. Bəziləri deyir ki, heyvan mənimdir,
vaksinasiya etdirmirəm. Ancaq belə şey ola bilməz.
Çünki heyvan onun olsa da, əhali onun deyil. Həmin
heyvanın özünü, yaxud onun südünü, ətini
satmaq cinayətdir. Burada söhbət sağlamlığa zərbə
vurmaqdan gedir. İnsanların sağlamlığına və
onun qorunmasına dövlət cavabdehlik daşıyır. Bu səbəbdən
də heyvan sahibi tələb olunan xərcləri mütləq
çəkməlidir. Dövlətin ona təzminat ödəməsindən
də söhbət gedə bilməz. Ona görə də əhaliyə
məsləhət görürəm ki, baytarlıq tövsiyələrinə,
heyvanların saxlanması və bəslənməsi
qaydalarına riayət, baytarların dövlət nəzarəti
aparmalarını təmin etsinlər.
- Ancaq bəzən heyvanların xəstə
olduğunu bilə-bilə onları, yaxud kəsərək ətlərini
satanlar da var. Üstəlik bayramlar ərəfəsində,
daha çox da Qurban bayramı ərəfəsində paytaxta
gətirilərək satılan heyvanlar da çoxdur
-
Sizinlə razıyam. Bir neçə il öncə Fransada,
Parisdə olarkən məni böyük bir zavoda apardılar. Orada
hərəsinin çəkisi 500-700 kiloqram olan 300-400 baş
heyvanın leşini mənə göstərdilər. Dedilər
ki, öz əcəli ilə ölən, qocalan, xəstələnib
müalicə oluna bilməyən heyvanı kəsmək
yolverilməzdir. Çünki orada belə heyvanların ətlərini
əhaliyə satmaq qadağandır. Amma Azərbaycanda belə
şeylərə fikir verən azdır. Ən dəhşətlisi
də odur ki, deyirlər heyvan gözümüzün
qabağında kəsilib, deməli sağlam heyvandır, əti
təmizdir, almaq olar. Bu, mentalitetimizin zərərli tərəflərindən
biridir. Ümumiyyətlə, ağac altında kəsilmiş
heyvanın ətini almaq və ondan qidalanmaq olmaz. Bazarlarda satılan
ətlərə gəlincə, baytarlar onları diqqətlə
yoxlayırlar. Əgər sağlamdırsa, məsləhətlidirsə,
möhür vurulur. Alıcılara da məsləhət
görürəm ki, möhürü olmayan, eləcə
küçədə satılan və müayinədən
keçməyən ət və ət məhsullarını
almasınlar. Bayramlarda paytaxta gətirilən heyvanlar isə
yerli baytarlıq idarələrində yoxlamadan keçməli
və onlara sertifikat verilməlidir. Üstəlik onlar müəyyən
edilmiş ərazidə satılmalı və kəsilməlidir.
Ancaq heyvanların pərakəndə satışına,
qeyri-müəyyən yerlərdə kəsiminə də rast
gəlinir. Buna yerli icra hakimiyyəti orqanları və digər
aidiyyəti qurumlar mütləq nəzarət etməlidirlər.
Heyvanlara verilən sertifikatların qiymətlərini isə
Tarif Şurası tənzimləyir. Yoxlama xərci 1 baş
xırdabuynuzlu heyvan üçün 1,1 baş iribuynuzlu heyvan
üçün isə 2 manatdır. Toplanan məbləğ
sənədləşmə işlərinə və
avadanlıqların alınmasına sərf olunur. Onu da deyim
ki, ölkəmizdə heyvanların və heyvandarlıq müəssisələrinin
qeydiyyata alınması, heyvanların nişanlanması və
birkalanması üçün Avropa İttifaqına (Aİ)
müraciət etdik və qurumun keçirdiyi tenderdə ona
üzv olan ölkələr iştirak etdilər. Tenderin qalibi
İspaniya ilə Polşa oldu. Həmin ölkələrin
nümayəndələri hazırda sözügedən
Tvinninq sənədləşməni həyata keçirirlər
və Aİ təkcə sənədləşmə işlərinə
1 milyon avro ayırıb.
Sözügedən
qeydiyyat, nişanlanma və birka məsələlərini isə
dövlətimiz reallaşdırmalıdır. Sənədləşmə
işləri təkcə 2 il vaxt aparacaq. Bundan sonra beynəlxalq
təşkilatların nümayəndələrinin
iştirakı ilə onun təqdimatı keçiriləcək.
Bu proseslər tamamlandıqdan sonra yeni doğulan buzovların
qeydiyyatı, nişanlanması və birkalanması heyvan sahibi
tərəfindən aparılmalıdır. Qeyd etdiyim məsələlər
tam həllini tapdıqdan sonra dediyiniz problemlər də
çözüləcək.
- Bəzi rayonlarda baytarlıq idarələrinin
normal fəaliyyəti üçün inzibati binalar yoxdur. Bu səbəbdən
yerli baytarlıq idarələri icarəyə
götürülmüş ofislərdə fəaliyyət
göstərirlər. Bu da baytarları müəyyən
problemlərlə üz-üzə qoyur. Digər tərəfdən,
SSRİ dövründə kolxoz və sovxozlarda
çalışan baytarlar dövlətdən maaş
alır, özlərini və ailələrini təmin edə
bilirdilər. Hazırda əvvəlki şərait
yaradılmadığından və maddi imkansızlıq
üzündən baytarlıq ixtisasına yiyələnmiş
şəxslər başqa sahələrə üz tuturlar
- Bir
çox baytar sahə məntəqələrinin müdirləri
ofis kimi öz evlərindən istifadə edirlər. Sənədlər,
dərmanlar və s. həmin evlərdə saxlanılır.
Ancaq bununla belə son 3-4 il ərzində rayonlarda yerli
baytarlıq idarələri üçün inzibati binalar
tikilir. 20-30 baytarlıq sahə məntəqələri
üçün ofislər inşa olunur. Binalarla bağlı
problemlər zaman-zaman çözülür. Lakin yeni tikililərin
keyfiyyətindən narazıyam. Çünki istifadəyə
verilməzdən öncə onların divarları təxminən
1 metr hündürlükdə su çəkir, nəmlənir.
Bu da işimizin keyfiyyətinə mənfi təsirini göstərə
bilər. Sualınızın 2-ci hissəsinə gəlincə,
bildirim ki, SSRİ dövründə baytarlıq
ixtisasını bitirib kəndə işləməyə gedənlərə
dövlət tərəfindən müəyyən imtiyazlar
verilirdi. Yaşayacağı evin kirayə haqqından, kommunal
xərclərdən azad edilirdi. Həm də maaş yüksək
idi. Amma indi həmin imtiyazlar yoxdur. Üstəlik maaş az
olduğundan bu sahədə işləmək istəyənlər
azalır. İndi 150-200 manat maaş alan baytarlar
heyvandarlıqla məşğul olmaqla dolanırlar. Bu gün
ölkə üzrə 4 minədək baytar var və
onların orta yaş həddi təxminən 55-60 yaş
arasındadır. Cavan baytarlar isə demək olar yoxdur. Gəncə
şəhərindəki Aqrar Universitetdə baytarlıq
fakültəsi fəaliyyət göstərir. Ancaq əfsuslar
olsun ki, başqa fakültələrdən ixtisara
düşmüş, bal toplaya bilməyən tələbələr
həmin fakültəyə göndərilir və onlar
savadlı kadr kimi yetişə bilmirlər. Bu yaxınlarda Cənubi
Koreyadan təklif gəldi ki, magistraturada oxumaq
üçün 2 bakalavr göndərək. Amma biz belə
bakalavrlar tapa bilmədik. Lakin bununla belə fakültədə
baytarların yetişdirilməsi üçün hər
cür şərait yaradılıb, tələbələr
müasir standartlara uyğun avadanlıq, qurğu, laboratoriya və
baytarlıq klinikası ilə təmin olunublar. Xarici ölkələrdə
təcrübə keçən, kurs və treninqlərdə
iştirak edən baytarlarımız da var.
- Uzun zamandır dövlət və
özəl baytarlıqlar arasında ciddi rəqabət gedir.
Dövlət baytarlığında çalışan
baytarların daha yaxşı şəraitə və maddi
imkana malik olan özəl baytarlığa meyllənməsi barədə
fikirlər səsləndirilir
-
Dövlət baytarlığı öz yerini zaman-zaman özəl
baytarlığa verməlidir və sonuncu sahə inkişaf etməlidir.
Dövlət baytarlığındakı baytarların sayı
isə azalmalıdır. Çünki dövlət
baytarlığı yalnız dövlət nəzarətini
aparmalıdır. Özəl baytarlıq isə müalicə
və vaksinasiya ilə məşğul olmalıdır. Xarici
ölkələr bu praktikadan istifadə edirlər. Yəni
heyvan sahibi baytarı çağırırsa, müalicə,
vaksinasiya və digər işlərə görə xərcləri
ödəməlidir. Ancaq bizdə baytar
çağırılır, tələb olunan işlər
görülür, əvəzində isə pul verənlər
az olur. Məsələn, yumurta, toyuq və başqa şeylərlə
baytarın xidmət haqqını əvəzləməyə
çalışanlar var. Ona görə də dövlət
baytarlığında əməkhaqları yüksək
olmalıdır.
- Bəzi "bazarkom"lar, eləcə
də satıcılar bazarlarda baytarlıq məntəqələrinin
fəaliyyət göstərməsini istəmirlər. Hətta
bazarlarda baytarların işlərinə maneçilik törədilməsinin
də şahidi olmuşam
-
"Baytarlıq haqqında" qanunda nəzərdə tutulub
ki, mülkiyyət formasından asılı olmayaraq,
bütün heyvan və heyvan mənşəli məhsulların
satışı həyata keçirilən bütün müəssisələrdə
dövlət baytarlıq nəzarətinin aparılması məcburidir.
Həmin qanuna görə, bazarın rəhbərliyi bazarda
baytarlığın fəaliyyət göstərməsinə
şərait yaratmağa, baytarlıq laboratoriyası
üçün otaq ayırmağa borcludur. Amma bəzi
rayonlarda olan "bazarkom"lar kimlərəsə güvənib
qeyd etdiyiniz problemi yaradırlar. Biz onlarla söhbət edir və
onları başa salmağa çalışırıq ki,
qanun Milli Məclisdə qəbul olunub, dövlət
başçısı tərəfindən təsdiq edilib. Ona
əməl etmək hər kəsin borcudur. Əgər
"bazarkom" qanuna qarşı çıxırsa, deməli,
xalqa, prezidentə və dövlətə qarşı
çıxır və o, cəzalandırılmalıdır.
Sumqayıt bazarının rəhbərliyi belə cəzaya məruz
qaldığından bazar bağlandı. Ona görə də
bazarlarda dövlət baytarlıq nəzarətinin
aparılmasına maneçilik törətmək bazar rəhbərliyinə
sərf etməz.
- Dövlət nəzarəti nəticəsində
aşkarlanmış qanun pozuntularına görə fiziki və
hüquqi şəxslər barədə hansı inzibati tədbirlər
görülür?
-
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə
əsasən, qanunsuzluğa yol vermiş şəxslər 1500
manatadək cərimələnə bilər. Amma bu, çox
az olduğundan qanun pozuntularına yol verənlər hələ
də var. Ona görə də istəyirik ki, cərimələrin
məbləğinin artırılması və cəzaların
sərtləşdirilməsi ilə əlaqədar hökumət
qarşısında məsələ qaldıraq.
- Son zamanlar bəzi rayonlarda ev
quşlarının kütləvi şəkildə tələf
olması faktları qeydə alınır. Səbəbləri
bəlli olmasa da, bəzi hallarda ölüm halları
"Quş qripi" ilə əlaqələndirilir
- Azərbaycanda
ev quşları saxlayanların xoşagəlməz adətləri
var. Onlar istəyirlər ki, toyuq-cücəni həyətə,
bağa və digər açıq yerlərə
buraxsınlar, onlar orada ot, göyərti, daha nələr
yesin, harda gəldi eşələnsin. Axşam dama salınanda ya dən verməsin,
ya da az versin. Yəni hər şey ucuz
başa gəlsin, cücə alsın, bir az
baxsın, sonra cücə öz başını
dolandırsın. Amma toyuq-cücəyə
qulluq etmək lazımdır. Onlar
üçün dam olmalı və ora təmiz
saxlanmalıdır. Ev quşları
açıq yerə buraxılmamalı, suyu və dəni təmiz
olmalı, yüksək keyfiyyətli yemlə təmin edilməli,
lazımi dərmanları vaxtlı-vaxtında verilməli,
müəyyən xəstəliklərə qarşı peyvənd
olunmalıdır. Əgər bunlara əməl olunmursa, ev quşları öləcək. Başqa bir
problem isə odur ki, heyvanların qocalmasını, öz əcəliylə
ölməsini qəbul etməyənlər ev
quşlarının tələf olmasını müxtəlif
xəstəliklərlə əlaqələndirirlər. Ona görə də bu cür hay-küy
qaldıranların özləri də məsuliyyət hissi dərk
etsələr, daha yaxşı olar.
- İstər Ermənistanla, istərsə
də neytral zona sayılan işğal olunmuş Dağlıq
Qarabağla həmsərhəd ərazilərdə vəhşi
heyvanlara nəzarət aparılmadığından və
müəyyən tədbirlər həyata keçirilmədiyindən,
onların Azərbaycana keçərək ev heyvanlarına və
insanlara hücum etmələri, hətta quduzluq və digər
xəstəlikləri yaymaları halları da qeydə
alınır
-
Haqlısınız, belə faktlar var. Təkcə
sadaladığınız məkanlarda deyil, digər bölgələrdə
də vəhşi heyvanlarla bağlı məlumatlar
alırıq. Çünki həm ev, həm
də vəhşi heyvanlara düşən ərazi çox
azdır. Üstəlik, keçmiş SSRİ
dövründə yırtıcıların sayı tənzimlənirdi.
Həmin vaxtlarda balalı diri canavarı tutub təhvil
verən ovçuya "Azərittifaq" 100 rubladək
mükafat verirdi. Amma indi beynəlxalq
konvensiyalara görə vəhşi heyvanları öldürməyə
ixtiyarımız yoxdur. Ona görə də
sayı tənzimlənməyən yırtıcılar
başlı-başına buraxılıb. Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə məktub
göndərmişəm ki, Quba, Xaçmaz və digər
rayonlarda tülkü, çaqqal və canavarlar vasitəsilə
quduzluq xəstəliyi yayılır. Ona
görə də tənzimlənmə işləri
aparılmalı və sözügedən xəstə heyvanlar
məhv edilməlidir. Əks halda quduzluq xəstəliyi
daha da kütləviləşə bilər.
- Bəzi xarici ölkələrdə
müəyyən xəstəliklərə yoluxmuş, yaxud
yaralanmış ev heyvanları üzərində
əməliyyat aparılır. Azərbaycanda belə bir proses
gerçəkləşdirilirmi?
- Bəli.
Bakıda bunun üçün özəl
klinikalar fəaliyyət göstərir. Orada da UZİ-lər,
rentgenlər və digər aparatlar var. Bəzi xəstəlikləri
həmin aparatlar vasitəsilə müəyyənləşdirmək
mümkündür. Ancaq bir məsələ var
ki, müayinə və müalicə xərcləri müxtəlif
qiymətə olduğundan hər kəs sözügedən
klinikalara müraciət etmir. Ancaq xarici
ölkələrdə belə deyil. İsveçrədən
gəlmiş bir qonağımla söhbət edəndə dedi
ki, saxladığı dovşan xəstələndiyi
üçün onun müalicəsinə 300 avroyadək xərc
çəkdi. Onu sınamaq üçün dedim ki, xəstələnmiş
dovşanı öldürüb əvəzində 10 avroya yeni
dovşan almaq daha sərfəli idi. Qonağım
əsəbiləşdi, hay-həşir saldı ki, sən nə
danışırsan, heyvanı öldürmək olmaz. 300 dollar xərc çəksə də, dovşan
sağalıb və bu, onun üçün böyük
sürprizdir. Çünki o həmin
dovşanı öz ailə üzvü kimi qəbul edir.
Ümumiyyətlə, Qərb ölkələrində
heyvanlara qarşı xüsusi diqqət var. Hətta Avropa
konvensiyasına görə, heyvanı incidən şəxs
barədə cinayət işi qaldırıla, o həbs oluna və
müəyyən məbləğdə cərimələnə
bilər. Artıq Azərbaycan da həmin
konvensiyaya qoşulub.
- Bir çox heyvan xəstəliklərinin
mövcud olmadığı, belə fikrin ortaya
atılmasının arxasında maliyyə maraqlarının
durduğu söylənilir
-
İki il öncə "Donuz qripi" deyilən bir xəstəliyin
yaranması barədə məlumat yayıldı. Ancaq BEB bunu
qəbul etmədi. Çünki donuzlar arasında belə bir
mərəz qeydə alınmadı. Sonradan məlum oldu ki,
Ümumdünya Səhiyyə Təşkilatı belə bir məsələni
ortaya atmaqla vaksinləri bütün dünyaya satdırmaq və
qazanc götürmək məqsədi güdüb. Amma bəzi
xəstəliklər həqiqətən də ciddi zərərlərlə
yadda qaldı. Məsələn, təkcə "quş
qripi" bütün dünyaya milyardlarla dollar məbləğində
ziyan vurdu. Ona görə də beynəlxalq qurumların
yaydıqları məlumatların dəqiqliyini yoxlamadan konkret
addım atmırıq.
- KİV nümayəndələri
ilə aranız necədir?
- Mən
hər kəslə normal münasibət qurmağı
bacarıram. Mənim üçün müxalifəti, yaxud
iqtidarı təmsil edən jurnalistin fərqi yoxdur. Əsas məsələ
həqiqəti yazmaqdır. Bu işdə qələm əhlinə
yardımçı olmağa çalışıram. Amma bəzən
qəzetlərdə qeyri-düzgün və dəqiqləşdirilməmiş
məlumatlara da rast gəlirəm. Məsələn, Lənkərandan
Bakıya gələn bir jurnalist Cəlilabadda sürü
otaran 7-8 yaşlı uşaqdan bəzi qoyunların
axsamasının səbəbini soruşub. Uşaq onların
dabax olduğunu deyib. Bakıya gələn jurnalist də
yazıb ki, Azərbaycanda dabax var. Ancaq müayinə
aparılmadan, nümunə götürülmədən,
analizin cavabı bəlli olmadan dabağın olması barədə
konkret bir şey demək mümkün deyil. Heyvanın axsaması
başqa xəstəliklərdən də mümkündür.
Ümumiyyətlə, ölkəmizdə dabax olarsa, Azərbaycana
böyük məhdudiyyət qoyula bilər. Ona görə də
dezinformasiyaların ciddi təhlükələr yarada biləcəyini
nəzərə alaraq jurnalistlərə diqqətli
olmağı tövsiyə edirəm.
Təbriz Vəfalı
Həftə içi.- 2011.- 7-10
may.- S. 8-9.