Qələbə günündən
qələbə gözləntisi
Mayın 9-da 4200
soydaşımız şahidi olduğu zəfər
gününü bir daha qeyd edəcək
1941-1945-ci
illəri əhatə edən və tarixə Böyük Vətən
müharibəsi adı ilə daxil olan bu müharibə Azərbaycan
xalqından da yan keçməyib. Keçmiş sovet
respublikalarından biri kimi Azərbaycan bu müharibədə
həm igid övladları, həm də nefti ilə iştirak
edib. Müharibənin elə ilk günlərindən Azərbaycan
oğullarının qəhrəmanlığı haqqında
xəbərlər xalqımızda qələbəyə
böyük inam yaradırdı və elə bu inamın nəticəsində
Azərbaycan da daxil olmaqla bütün Sovetlər Birliyi qələbənin
sevincini yaşadı.
Elə
indi də bu günü zəhmətinin sevinci kimi qeyd edənlər
var və nə yaxşı ki, o insanlar hələ də
yaşayırlar. Amma reallıq odur ki, ildən-ilə Qələbə
gününü qalibiyyət sevinci ilə qeyd edən
sözün əsl mənasında qəhrəmanların
sırası seyrəlir. Hazırda onların sayı o qədər
də çox deyil - təxminən 4200 nəfər.
Faşizm
üzərində qələbənin təmin edilməsində
Azərbaycan xalqının nümayiş etdirdiyi əzm və
fədakarlıqdan indi də ürəkdolusu danışılır.
Minlərlə insan itkisinin olmasına baxmayaraq, azərbaycanlılar
böyük ruh yüksəkliyi ilə döyüşüblər.
Rəsmi statistikaya görə, 1941-1945-ci illər müharibəsində
Azərbaycanın 640 mindən artıq oğul və
qızı döyüşüb, onlardan 350 mini qəhrəmanlıqla
həlak olub. 130 soydaşımız Sovet İttifaqı Qəhrəmanı
kimi ən yüksək ada layiq görülüb. Neçə-neçə
soydaşıız isə müxtəlif orden və medallarla təltif
olunublar. Azərbaycanlı
çağırışçı və
könüllülərdən komplektləşdirilmiş
77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli
atıcı diviziyalar döyüşlərdə misilsiz
igidlik və şücaət nümunələri göstəriblər.
Birdəfəlik maddi
yardımın çatdırılmasına
başlanılıb
Azərbaycanda
bütün dövrlərdə Böyük Vətən
müharibəsi iştirakçılarına xüsusi diqqət
və qayğı olub. Mərhum prezident Heydər Əliyevin
hakimiyyəti dövründə müharibə
iştirakçılarının sosial vəziyyətlərini
yaxşılaşdırmaq haqqında verdiyi sərəncamlar
isə onlara olan diqqət və qayğısının ən
bariz nümunəsi idi. Bu ənənə indi də davam etməkdədir
və ildən-ilə veteran insanlara olan qayğı
artırılır. Bir neçə gün öncə isə
ölkə başçısı 1941-1945-ci illər
Böyük Vətən müharibəsi
iştirakçılarına, həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi barədə sərəncam
imzalayıb. Belə ki, Böyük Vətən müharibəsində
Qələbənin 66-cı ildönümü ilə əlaqədar
Böyük Vətən müharibəsi
iştirakçılarına 500 manat məbləğində,
Böyük Vətən müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin
dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Böyük Vətən müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsinin iştirakçılarına 200 manat məbləğində
birdəfəlik maddi yardım veriləcək. Bu məqsədlə
2011-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
8,7 milyon manat məbləğində vəsait ayrılıb.
Qəhrəmanların qalibiyyət
formulu
Qələbə
günündən bizləri 66 illik zaman ayırsa da,
müharibə iştirakçıları bu günü hər
il eyni sevinc, coşqu ilə qarşılayırlar.
Ölüm təhlükəsindən çəkinmədən
kişilərlə birlikdə düşmənlə
vuruşmağa başlayan qəhrəman qadınlardan biri də
Dürrə Məmmədova olub. 1940-cı ildə Bakı Əczaçılıq
Texnikumunu bitirən D.Məmmədova doğma şəhəri
Şəkidə 85 saylı aptekə müdir təyin olunur.
1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi
başlayanda 17 yaşlı gənc ilk könüllülər
sırasında cəbhəyə yollanır. O, müharibənin
ən "qaynar nöqtə"sində əsl kişilik, cəsarət
və iradə nümayiş etdirərək yüzlərlə
yaralını ölümün pəncəsindən xilas edir,
döyüşün ən qaynar nöqtələrindən
yaralıları çıxararaq onlara tibbi yardım göstərirdi.
Müharibənin
ilk günlərində Qara dəniz Donanmasındakı 227
saylı ekspedisiya şöbəsinin sanitar anbarına rəis
təyin olunan bu cəsur qız qorxu bilmədən, təhlükəyə
sinə gərərək mərdliklə, cəsarətlə
hərbi gəmilərdəki və hərbi hissələrdəki
döyüşçüləri tibbi komplektlərlə və
kimyəvi silah əleyhinə bağlamalarla təmin edib. O,
qarşıya qoyulan vəzifəni yerinə yetirməklə
yanaşı, komsomol komitəsinin katibi kimi də
çalışıb. Alman-faşist
işğalçıları ilə mübarizədə
göstərdiyi nümunəvi xidmətlərinə görə,
45 saylı Hərbi-Dəniz Hospitalının rəisi, tibb
xidməti polkovnik-leytenantı Parfençik və Qafqaz
müdafiə rayonunun komandanı, kontr-admiral Markov Dürrə
Məmmədovanı "Qırmızı ulduz" ordeni ilə
təltif edib. Dəfələrlə ölümlə
üz-üzə dayanan Dürrə xanımın işlədiyi
sanitar anbarının qapısı yaxınlığına
1000 kiloqramlıq bir mərmi düşür və xoşbəxt
təsadüf nəticəsində partlamır, lakin
dağılan qapı-pəncərələrin təsiri
altında işçiləri, o cümlədən Dürrə
xanımı müxtəlif istiqamətlərə atır.
D.Məmmədova
hərbi xidmətini 1948-ci ilədək Hərbi-Dəniz
Donanmasının hospitalında davam etdirir. Silahlı qüvvələr
sırasından tərxis olunandan sonra o, təhsilini təkmilləşdirmək
üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərində
qalır. Həyat yoldaşının xidməti işi ilə
əlaqədar 1951-ci ildən 1961-ci ilədək Primorsk vilayətində
və Çin Xalq Respublikasının Port-Artur şəhərində
çalışıb. 1961-ci ildə Bakıya qayıdan
Dürrə xanım 329 saylı aptekdə 40 ildən çox
reseptçi-nəzarətçi vəzifəsində işləyir.
Cəbhə bölgəsində göstərdiyi rəşadətə
görə onun sinəsini müxtəlif orden və medallar bəzəyir.
Arxa
cəbhədə fəaliyyətini davam etdirən müharibə
veteranı 18 il ərzində Bakı şəhəri Xalq
Deputatları Sovetinin deputatı, iki dəfə Sovet Müharibə
Veteranları Komitəsinin plenumuna üzv olub. 1995-2000-ci illərdə
Moskvada Qızıl Meydanda keçirilən Qələbə
Paradlarında iştirak edib. Azərbaycan
qadınlarının I Qurultayının, dünya azərbaycanlılarının
Bakıda keçirilən qurultayının nümayəndəsi
olub. 40 ildən artıqdır ki, Bakı şəhəri
Müharibə Veteranları Komitəsinin sədr müavini, Azərbaycan
Respublikası Müharibə Veteranları Şurası Rəyasət
Heyətinin üzvüdür. O tez-tez respublikanın müxtəlif
bölgələrinə gedir, məktəblərdə, hərbi
hissələrdə və hərbi gəmilərdə gənclərlə
görüşür, radio və televiziyada yaddaqalan
çıxışlar edir. Dəfələrlə Qarabağ
cəbhəsində - ön xətdə olub. Azərbaycan
jurnalı onu 1998-ci ilin qadını kimi şərəfli ada
layiq görüb. Müharibədən sonrakı fəaliyyəti
də yüksək qiymətləndirilib, bir sıra fəxri fərmanlara
və döş nişanlarına layiq görülüb.
Heydər
Əliyevin onun haqqında dediyi sözləri isə o tez-tez
xatırlayır. Mərhum prezident onun cavan qalmasına və səliqəsinə
işarə edərək deyib: "Mən səni artıq 30
ildir ki, tanıyıram. Bu müddət ərzində sən
heç dəyişməmisən. 30 il əvvəl də elə
belə idin". Qələbə çalmağın əsas
yolunu arxa cəbhə ilə ön cəbhənin həmrəyliyində
görür Dürrə xanım. Ən böyük arzusu isə
torpaqlarımızın qan tökülmədən
işğaldan azad olunmasıdır.
"Hər yerdə vətənpərvərlik
hökm sürməlidir"
Qarabağ,
Əfqanıstan müharibəsi iştirakçısı,
Bakı Veteranlar Şurasının məsul işçisi - Bəhram
Şeydayev də deyir ki, İkinci Cahan savaşında Azərbaycan
xalqının göstərdiyi fədakarlıq indiki nəslə
örnəkdir: "Çünki bu qələbə tarixi qələbədir.
Bu gün erməni qəsbkarları tərəfindən
işğal olunmuş torpaqlarımızın azad olunması
üçün vətənpərvər gənclərə
böyük ehtiyac var. Ona görə də hər kəs
üzərinə düşən məsuliyyəti dərindən
dərk etməli və gələcək nəslin sağlam
ruhda böyüməsində öz əməyini əsirgəməməlidir.
Hazırda müharibə şəraitində olan Azərbaycanın
indiki gənc nəsli də ata-babaları kimi düşmənə
qarşı amansız olmalı, torpaqlarımızın
işğaldan qurtulması üçün əllərindən
gələni əsirgəməməlidirlər. Yalnız bu
yolla torpaqlarımızı alman faşistlərindən qat-qat
qəddar olan erməni işğalçılarından xilas
edib ərazi bütövlüyümüzü təmin edə
bilərik. Hər yerdə, hər sahədə vətənpərvərlik
hökm sürməlidir".
Naibə
Həftə içi.- 2011.- 7-10
may.- S. 10.