"Müstəqilliyin
20 illiyi və qadınlar"
Yevlax və Goranboyda bu mövzuda tədbirlər
keçirildi
Jurnalist
Qadınlar Assossiasiyasının
rəhbəri Sevil Yusifovanın təşkilatçılığı
ilə aprelin 30-da YAP Yevlax rayon təşkilatının qərargahında,
mayın 1-də isə Goranboy rayon İcra Hakimiyyətində
"Müstəqilliyin 20 illiyi və qadınlar"
mövzusunda dəyirmi masa keçirildi.
İki
rayonda reallaşan tədbirdə bir qrup qadın jurnalist və
eyni zamanda rayonun ayrı-ayrı yüksək sahələrində
çalışan qadınlar iştirak edirdi. Tədbir
zamanı qadınların tutduqları mövqedən
asılı olmayaraq hər birinin cəmiyyətdə
böyük rola malik olduqları xüsusilə diqqətə
çatdırıldı. Həmçinin hər iki tədbirin
əvvəlində yazıçı Fəridə Ləmanın
H.Əliyevə həsr olunan filmi nümayiş etdirildi.
Assossiasiyanın rəhbəri Sevil Yusifova bildirdi
ki, bu gün qadına layiq olduğu dəyəri yetərincə
görmür: "Yaxın zamanda Azərbaycan dövləti
müstəqilliyinin 20 ilini qeyd edəcək,
qazandığımız müstəqilliyin
qorunub-saxlanmasında bu gün azad, firavan
yaşamağımızda ulu öndər Heydər Əliyevin
misilsiz xidmətləri danılmazdır. H.Əliyev eyni zamanda
qadına verdiyi yüksək dəyərlə də
yaddaşlarda iz qoyub. Həmin dəyər, qiymət öz təsirini
indi də göstərməlidir, qadınların səsi daim
yüksək zirvələrdən gəlməlidir. Belə
olmasa, onlar zorakılığa məruz qalacaq, təhqir
olunacaq, aşağılanacaqlar".
Yazıçı
Fəridə Ləman filmin ərsəyə gəlməsindən
danışaraq ulu öndərin ölkəmizin
inkişafında əvəzsiz xidmətlərindən
danışdı: "Azərbaycan qadınına ən
böyük dəyəri məhz H.Əliyev verib".
"Xalq
Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova tədbirin
təşkilatçısı Sevil Yusifovaya minnətdarlığını
bildirərək qadınların cəmiyyət
üçün önəmini vurğuladı: "Azərbaycan
qadını güclü, savadlı olsa, cəmiyyət də,
dövlət də güclü olar. Rayonlarımızda da belə
güclü, fəxrlə danışılası qadınlar
az deyil".
Şairə-jurnalist
Zərəngiz Dəmirçi də çıxış edənlər
sırasına qoşuldu: "Mən fəxr edirəm ki, belə
yaradıcı, fəal, öz işinin peşəkarı
qadınlarımız var. Lakin bundan da çox
qadınımızı zirvələrdə görmək istərdim".
"Qadın liderliyi uğrunda" İctimai Birliyinin sədri,
jurnalist Ülkər Abdullayeva isə qadın
hüquqlarının tapdanmasına toxundu: "Federiko
Fellininin gözəl bir sözü var: "Qadının
qoşulmadığı mübarizə ədalətli
sayıla bilməz". Bu çox dəyərli ifadədir,
qadının hüquqlarını pozmaq yox, əksinə,
qorumaq lazımdır. İstərdim hakim, polis peşələrində
qadınlarımız üstünlük təşkil etsinlər,
çünki qadınların problemlərini onlar daha
yaxşı həll edər". "Türk Eli"
jurnalının baş redaktoru Gülnar Əhməd də
qadınların cəmiyyətdə yaşadıqları
problemlərə toxundu: "Düşünürəm,
qadınların ən başlıca problemlərindən biri təhsildə
geri qalmalarıdır. Xüsusilə də şəhərdən
kənarda olan qadınlar təhsil sahəsindən
qıtlıq çəkirlər. Ona görə də
bütün rayonlarda qadınların bilik qazanması, öz
hüquqlarını bilmələri uğrunda maarifləndirmə
aparılmalıdır".
YAP
Yevlax rayon Qadınlar Şurasının rəhbəri, əməkdar
jurnalist, eyni zamanda "Kür" qəzetinin baş redaktoru Əminə
Yusifqızı rəhbərlik etdiyi qəzetin rayon, xüsusilə
də qadınlar üçün önəm
daşıdığını dedi: "Qəzetimizə hər
dəfə 10-15 nəfər qadın müraciət edir. Biz
onların problemlərinin həll olunması istiqamətində
əlimizdən gələni edirik. Ən başlıcası
isə bizim rayonda qadın dayanışması var".
Qəhrəman
ana Şamama Əliyeva isə qadınlarımızın o
dövrlərdə də fəallığından
danışdı: "Bir gün Heydər Əliyevlə
görüşən zaman mənə dedi ki, bu boyda işi bir
yerdə necə görə bilirsən, evində problem olmur?
Dedim artıq qadınlar da işə qoşulub, hər yerdə
fəallıq göstərirlər".
Tədbirdə
iştirak edən hər iki rayonun qadınları müzakirələrdə
aktiv iştirak edirdilər.
Sevda Zahidqızı
Həftə içi.- 2011.- 3 may.-
S. 6.