Madriddə V Beynəlxalq Türk Mədəniyyəti Sənətləri Konfransı keçirilib

 

Tədbirdə "Miras"ın rəhbəri Fariz Xəlilli məruzə ilə çıxış edib

 

10-11 may tarixlərində Madrid Muxtar Universitetinin nəzdində fəaliyyət göstərən İspaniya Orientalistlər Assosiasiyası, İspaniya Türk Assosiasiyası və Konya Fikir, Kültür, Sanat Adamları Birliyinin birgə təşkilatçılığı ilə İspaniya paytaxtında V Beynəlxalq Türk Mədəniyyəti və Sənətləri Konfransı keçirilib. Konfransda Türkiyə, İspaniya, Azərbaycan, Əfqanıstan və digər ölkələrdən iştirak edən nümayəndələr Orta Asiyadan Avropaya qədər geniş ərazilərdə zəngin mədəniyyət yaratmış türk toplumunun keçmişi, bu günü və sabahı haqqında maraqlı məruzələrlə çıxış ediblər. Azərbaycanı Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva, həmin muzeyin xüsusi fondunun mühafizi Afət Rüstəmbəyova təmsil edib.

"Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli Əfşar dövlətinin yaradıcısı, türk dünyasının son cahangirlərindən olan Nadir şah və onun inşa etdirdiyi Orta əsr Ağsu şəhərindən danışaraq, Nadir şahın tanıdıldığı kimi zalım, türk toplumuna düşmən mifinin qazıntılardan aşkar olunmuş şəhər qalıqları və tapıntılarla ziddiyyət təşkil etdiyini vurğulayıb. Qazıntıların 40 hektarlıq şəhərin üç istiqamətində aparıldığı, XVIII əsrə aid tikililər, bina qalıqları, küçə və yollar, sənətkar dükanları, qala divarları, hamam, kiçik ibadət otağı və qarşısında bulaq, su təchizatı, kanalizasiya xətti və s. barədə konfrans iştirakçılarının diqqətinə çatdırıb. Dulus ustasının zövqlə hazırladığı bir kaşının üzərində nadir rast gəlinən miniatür sənətşünasların diqqətini xüsusilə çəkmiş, onun Əfşar dövrü miniatür sənətini canlandırdığını vurğulayıb.

Həbibə Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində qorunan daş və ağac oyma sənəti nümunələri, Afət Rüstəmbəyova isə muzeydə mühafizə edilən qızıl, gümüş və digər əlvan metal saplarla tikilmiş, bəzədilmiş zərdüz parçalardan danışıb. Azərbaycanlı nümayəndələr ölkəmizin Ermənistanın işğalı altında olan ərazilərdəki muzeylərindən çox sayda mədəni irs nümunəsinin bu və başqa yollarla Avropaya daşındığını və dünya elmi ictimaiyyətinin buna səssiz yanaşdığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Konfransın sonunda yekun bəyannamə qəbul edilib. Tədbir iştirakçıları müsəlmanların əsasını qoyduqları Madrid şəhərinin görməli yerlərini ziyarət ediblər.

                                                                       

  

Cəfər Mənsimi

 

Həftə içi.- 2011.- 13 may.- S. 5.