Epik poeziyanın imkanları
əvvəli
ötən saylarımızda
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunda ilin ədəbi yekunlarına həsr olunan elmi
müşavirə keçirilib. Həmin müşavirədə
tanınmış tənqidçi-ədəbiyyatşünas
Qurban Bayramov "Poeziyanın imkanları və
imkansızlığı" mövzusunda maraqla
qarşılanan məruzə etdi. Qəzetimizin əməkdaşı
Qələndər Xaçınçaylı Qurban Bayramovdan
mövzu ilə bağlı müsahibə alıb.
-
Qurban müəllim, icmalın imkanları çərçivəsində
keçən ilin şeirinə ümumi tərzdə nəzər
yetirdiniz, istərdim epik poeziya, poema janrının vəziyyəti
barəsində danışasınız.
- Əvvəlki
illərdən fərqli olaraq 2010-cu ildə mətbuatda poema
janrı adı altında bir sıra bədii material
mövcuddur. Poema janrının tələbləri
baxımından yanaşanda, bunların arasında
üç-dörd poema ilin dəyərli bədii faktı
kimi oxucusunu təmin edə bilər.
Belə
ki, xalq şairi Nəriman Həsənzadənin "Nuru
paşa" poeması ("Azərbaycan" jurnalı) ilin dəyərli
ədəbi faktlarındandır. Xalq şairi Fikrət
Qocanın "Qəbələ" mini-poeması (hərçənd
müəllif bu əsəri poema adlandırmayıb),
Çingiz Əlioğlunun xalq yazıçısı
İlyas Əfəndiyevə həsr elədiyi "İlyas
dayı" miniatür
xatirə-poeması (hər ikisi "Ədəbiyyat qəzeti"ndə),
Sərvaz Hüseynoğlunun
"Məmməd Araz dastanı" ("Azərbaycan")
keçən ilin bu janrda dəyərli faktlarındandır...
Xalq
şairi Fikrət Qocanın "Qəbələ"
poeması həm yazı manerasına görə, həm
müasir həyatımızda baş verən yaxşı, fəxr
etməli sosial dəyərləri qiymətləndirmək kimi
şair-vətəndaş mövqeyindən
yazıldığına görə, həm də bu
yönümdə, bu mövzuda müasir poeziyamızda tamamilə
yaranmış boşluğu doldurmaq cəhdi kimi də qiymətlidir.
Poema "Ürəyimdə
pıçıldadıqlarım" "Qəbələnin
yolları", "Qəbələdə Beynəlxalq musiqi
festivalı", "Bizim eradan əvvəl" hissələrindən
ibarətdir, bir növ poetik reportaj, bədii vüsətlə
yazılmış mənzum oçerkdir...
...Bəlı, bu, azadlıqdı!
Müstəqillik belədi,
Bəli, bu, Qəbələdi!
Müstəqilliyi duyub
Keçmişindən boylanır,
Torpağının altında
Şəhərlərin oyanır.
...Bu gün Azərbaycanda
Açılır yeni səhər,
Torpağın arxivindən
Durub ayağa qalxır,
Ən qədim - yeni şəhər.
Qoy dünya qarşılasın
Qəbələdi bu gələn.
Anam Azərbaycana
Qələbədir bu gələn!..
(S.Vurğunun
"Bəsti", "Muğan", "Bakının
dastanı" poemalarının qüdrətli, nikbin ruhlu, əmək,
zəhmət, quruculuq eşqi ilə döyünən pafosu
qulaqlarımda bir daha səsləndi...)
Şair
Qəbələnin yeniləşməsindən, təzələşməsindən,
burada aparılan Avropa tipli yenidənqurmadan vəcdə gəlir,
öz üslubuna, öz şakərinə uyğun bir tərzdə
insanın yaratdığı gözəlliyi tərənnüm
edir, qiymətləndirir. Müasir poeziyamızda məhz bu
istiqamət çatışmır. Bir çoxları
ucdantutma qara ləkələr, neqativ hallar axtarır, bu
cür motivi daha da qabartmaqla elə bilirlər ki, ictimai fikirdə
divident qazanmaq mümkündür. Pisi, çatışmayan cəhətləri,
irəliləyişə qənim kəsilən
qüsurları, milli mənəviyyatımıza xələl
gətirən nə varsa, harda, hansı səviyyədə
varsa, siyasi konyukturaya uymadan, "düzü-düz", "əyrini-əyri",
obyektiv şəkildə əks etdirməyin, sosial problemlərin
dürüst təsvirinin ən realist tərəfdarlarından
biri də bizik! Amma, yaxşını da, irəliləyişi
də, quruculuğu da görməmək, görməməzliyə
vurmaq bizcə, korfəhmlikdir. Fikrət Qoca bu poeması ilə
diqqəti buna yönəldib, elə bil, qələm
dostlarına ədəbi mesaj göndərib: "Bir ətrafınızda
baş verən irəliləyişə, quruculuğa, yaranan
gözəlliyə də diqqət kəsilin!..."
Bir tənqidçi-ədəbiyyatşünas
kimi, son vaxtlar narahat tərzdə düşünürdüm
ki, niyə, gürcülər nə bilim, hansı əsrdəsə
bir-iki monastır tikdirdiyinə görə öz
hökmdarlarını "Qurucu David" adı ilə tarixə
salırlar?! Bütün Azərbaycan boyu gedən bu vüsətli,
qüdrətli, hərtərəfli, bütün istiqamətlər
boyu gedən quruculuq işləri isə niyə bədii
publisistikanın, bədii ədəbiyyatın,
poeziyamızın tutarlı bədii faktına, humanist, milli
mövqedən mövzusuna çevrilmir. Fikrət Qocanın
"Qəbələ" poeması bu cəhətdən olduqca
əhəmiyyətlidir və ədəbi-bədii stimula çevrilməlidir.
Və
Xalq şairi Fikrət Qocanın XXI əsrdə, müstəqillik
dövründə belə mühüm ədəbi mövzunu ədəbiyyata
qaytarması məni bu gün üçün vacib olan
mühüm bir məsələ barədə fikirlərimi
bildirməyə vadar etdi. İndiki ədəbi prosesdə
yuxarıda dediyim kimi, sabitləşmə gedirsə də, hələlik
gerçəkliyin diktə etdiyi mövzuların bədii dərkində
və əksində "Qəbələ" əsərində
olan yeniliyi, fakta müstəqillik dövrünün tələbləri,
nikbinliyi baxımından təzə münasibəti
görmürəm. Bəlkə prosesdə, ədəbi
marafonda bir nəfəsdərmə, yeni güc, enerji toplama
gedir. Bəlkə də...
Prosesdə
belə bir tendensiya da müşahidə edilir. Ya həddən
artıq süni, bayağı millətçilik
(türkçülük ideyası altında), ya da həddən
artıq qlobalizm görüşləri hökm sürür!
Hümanist, beynəlmiləl, ictimai-sosial, milli motiv fərdiyyətçiliklə,
xırda şəxsi hissləri tərənnümlə əvəzlənir.
İndi yavaş-yavaş bu tendensiyadan təmizlənmək,
arınmaq, durulmaq vaxtıdır!
Bir də,
poeziyada sosial mühit, sosioloji motiv, yəni xalqın, millətin,
elin-obanın, müasir azərbaycanlının dərdi-səri,
mənəvi-əxlaqi, xüsusən ictimai-sosial problemləri
əksini olduqca az tapır, əks olunduqda isə siyasiləşdirilir.
Sosial mühitdəki vəziyyət - istər yaxşı,
müsbət, istərsə də mənfi, neqativ cəhətlər
idarəetmə strukturlarının ən yuxarı
eşalonunu, prezidentə qədər daha çox narahat edir
(korrupsiyaya qarşı mübarizə ruhu buna bariz
misaldır), nəinki ədəbi fikri, ədəbiyyatı!..
Ədəbiyyat, xüsusən poeziya ictimai-sosial vəziyyətin
seysmoloji səviyyədə ədəbi-bədii üsulla
proqnoz mərkəzinə çevrilməli, ictimai-sosial həyatımızın
inkişafına mənəvi-əxlaqi problem səviyyəsində
təsir göstərməlidir. Biz ədəbiyyatçılar,
gör, nə hala düşmüşük ki, bizim məşğul
olmalı problemlərlə ən vacib dövləti işlərindən
ayrılıb, dövlət xadimləri məşğul
olmağa məcbur olurlar! Bu istiqamətdə müasir
poeziyanın imkanlarını müyyənləşdirərkən
bir daha, akademik Ramiz Mehdiyevin məlum məruzəsindəki
ictimai ədəbi mühitə yönəlik fikirlərinin
dürüstlüyünü gördüm, xüsusən də,
müəllifin "postsovet məkanında bir
ideyasızlıq dövrü əmələ gəlib və
bu boşluğu surroqat, saxta, zərərli ideyalar
doldurmağa başlayıb" fikri məni dərindən-dərin
düşündürdü. Poeziyamızda da, belə
"saxta, surroqat, zərərli ideyaları" daşıyan
faktlar az deyil, amma yaxşı ki, bu faktlar elə tək-tük
faktlığında qalır, ədəbi təmayülə,
poetik istiqamətə çevrilə bilmirlər. Buna
ictimai-sosial həyatın yüksələn xətlə
inkişafda olan gerçəklikləri, faktları, həqiqətləri
imkan vermir!.. Amma, ədəbiyyat bu məsələlərə
diqqət kəsilməlidir və mənə elə gəlir ki, Fikrət Qocanın nəzər
saldığımız "Qəbələ"
mini-poeması bu istiqamətdə ən dəyərli impulsudur.
Ədəbi
prosesin dəyərli faktlarından biri də Nəriman Həsənzadənin
qələmə aldığı "Nuru Paşa" tarixi
poemasıdır. Mən bunu təkcə mövzusuna görə
tarixi poema adlandırmıram, həmçinin
poeziyamızdakı əhəmiyyətinə görə, məqamında
yazıldığına görə, tarixi-ədəbi hadisə
kimi tarixi poemadır!.. Nəriman Həsənzadə XX əsr
Azərbaycan ədəbiyyatında özünəməxsus
bir üslubda yaratdığı mənzum, həmçinin
dramatik tarixi mövzular qalereyasına ("Zümrüd
quşu", "Nəriman", "Pompeyin süqutu" və
s.) yeni bir əsəri ilə yeni bir rövnəq gətirdi,
ümumtürk dünyasının böyük tarixi şəxsiyyətlərindən
biri olan Nuru Paşaya poetik bir abidə ucaltdı.
"Nuru
Paşa" poemasının ayrı-ayrı fəsilləri
"Azərbaycan", "525-ci", "Azərbaycan
Cümhuriyyəti" qəzetlərində, bütövlükdə
isə "Azərbaycan" jurnalının keçən
ilki 2-ci sayında dərc edilib, ədəbi ictimaiyyət tərəfindən
böyük sayqılarla, rəğbətlə
qarşılanıb. Sonra poema prof. Nizami Cəfərovun
müqəddəməsi ilə ayrıca kitab şəklində
Bakıda, tanınmış türk şairi İsmət Bora
Binatlının təqdimatında Türkiyənin müxtəlif
dərgilərində və ayrıca kitab şəklində
isə Türkiyədə nəşr edilib. Hətta, İsmət
Bora Binatlı Ankarada "Size-aktual dərgi"sində (2010,
aprel, N7) "Nuru Paşa" məqaləsi ilə
çıxış edib, Nuru Paşa şəxsiyyəti ilə
türk oxucusunu tanış edir və poemanı yüksək
dərəcədə qiymətləndirib.
Nəriman
Həsənzadə boyük ustalıqla və dərin bir səmimiyyətlə,
tarixi həqiqətlərə uyğun şəkildə Azərbaycan
xalqının Türk aləminə yüksək məhəbbətini
və inamını lirik bir ovqatda, sözün əsl mənasında
tərənnüm edib, türk qövmünə məxsus
milli hiss və duyğuları poetik sözün qüdrətilə
mənalandırıb. "Nuru Paşa" poeması yüksək
vətəndaşlıq pafosu ilə belə başlayır:
Nuru Paşa at belində,
Türkiyədən,
Karsdan gəlir.
"Azərbaycan!" deyə-deyə,
yaralanmış
Arslan gəlir.
Erməninin xəyanəti –
rusdan gəlir, farsdan gəlir.
Nə gəlirsə, xeyir ya şər
–
əzəl – axır
xalqa gəlir.
Mənim xalqım! Nuru Paşa
arxasıza
Arxa gəlir!
Poema
bu tərzdə, məhəbbət və ülviyyət dolu, səmimi
lirik təhkiyyə ilə sona qədər tarixi həqiqətlərə
söykənə-söykənə, Azərbaycan
xalqının şərəfli və faciəvi tarixi
faktlarını impultiv anımlarla çuğlanmış
poetik ovqat və axarla sona qədər davam etdirilir:
...Yerlər - göylər hifz eləsin
Mehmetlərin hər birini.
- Annəm! Annəm! - deyib gəlir.
Annəsini Türkiyədə qoyub
gəlir –
Azərbaycan anasının köməyinə.
Sənə qurban, Paşam mənim,
Sənin o türk ürəyinə!
...Türk can qoydu bu torpaqda
"Azərbaycan!" deyə - deyə.
Tarix! Səni oxuyuram
Mən türkə "Can!"
deyə - deyə.
Xalq
şairi Nəriman Həsənzadənin "Nuru Paşa"
poeması "Bir millət, iki dövlət" məşhur
postulatının yeni poetik dərkidir, türk birliyini və
doğmalığını əks etdirən poetik
simfoniyadır və biz şübhə etmirik ki, bəstəkarlarımızdan
hansısa tezliklə bu simfoniyanın müəllifinə
çevriləcəkdir.
Keçən
ilin diqqəti çəkən poema faktlarından biri də Sərvaz
Hüseynoğlunun
"Məmməd Araz dastanı" ("Azərbaycan" dərgisi,
N10) poemasıdır. Müəllif bu əsəri ilə
poeziyamızda yaranmış gözəl bir ənənənin
ləyaqətli davamçısı kimi ortaya
çıxır, Füzuli babamıza, dahi Sabirə, ulu Səməd
vurğuna həsr edilmiş möhtəşəm əsərlərin
davamı kimi "Məmməd Araz dastanı" poeması da
bu sırada ləyaqətli yerini tutur. Poema ayrıca kitab şəklində
də çap edilib. Poemada XX əsr sovet dövrü Azərbaycan
poeziyasının ən məşhur nümayəndələrindən
biri olan, müstəqilliyimiz uğrunda qələmi ilə
mücadilə edən xalq şairi Məmməd Arazın
poetik portreti məharətlə yaradılıb, o həm bir sənətkar-fərd
kimi, həm də Azərbaycan poeziyasının yetirdiyi şəxsiyyətlər
pleyadasında ozünə seçilən yer tapmış sənətkar-şəxsiyyət
kimi canlandırılıbdır. Həmçinin, müəllif
Məmməd Araz şəxsiyyətinə lirik xitabları ilə
ciddi ictimai-sosial, mənəvi-əxlaqi problemlərə diqqəti
cəlb edir. Poemanın ilk misralarından hissin və duyğunun
dramatik dilemması üzə çıxır, getdikcə Məmməd
Arazın bir ustad sənətkar-şəxsiyyət kimi
"haqqa varan düzlüklərin yolu"olduğuna,
"kainatın özü kimi dolu" olduğuna, "tərəzinin
haqqa çəkən qolu" olduğuna müəllif səni
inandırır, poemanın sonuna qədər Məmməd Araz
üslubu ilə Sərvaz üslubunun qəribə bir
qovuşağının yaratdığı axarda, ovqatda, ritm
və havacatda olursan.
2010-cu
ilin ədəbi prosesində yazısı-pozusu,
obyektiv-subyektiv köşə yazıları, publisistikası
ilə tanınan, ömrü boyu "hər gəlib-gedənə
bir daş atan" Tofiq Abdinin "Hello" mənzuməsi
üzərində də dayanmaq istərdim. Nədənsə,
bu yazını oxuyarkən Elçinin "Toyuğun diri
qalması" povestinin motivləri yadıma düşdü.
Sadə, nəsiranə, qafiyələnmiş təhkiyyədir
və gəzəyən, bədbəxt, "qədim peşə
sahibi olan" bir qadının öləzimiş xatirələri,
peşmançılıq hissləri çözələnir
burada. Mənə elə gəlir ki, çox-çox bundan əvvəl
- 1964-cü ildə yazılmış bu poemanı Tofiq Abdinin
indi, bu ahıl yaşında oxucalara təqdim etməsi onun gənclik
hissinin nostaljisindən başqa heç nə deyil və elə
bir ədəbi-estetik dəyəri, mahiyyəti, mənası
yoxdur... ("Ulduz"-8).
Mən
bu "poema" barəsində fikrimi Qulu Ağsəsin təqdimatı
ilə bitirmək istərdim:
"Hello,
Tofiq abi! Sayın Tofiq Abdinin ingiliscə indi neçə
söz bildiyini təxmin eləmirəm. Amma uzaq 1964-cü ildə
- 23 yaşında "Hello" kəlməsindən xəbərdarıymış.
Hətta teatrşünaslıqda oxumağına rəğmən,
parkda, bağda, bulvarda
oynanılan iki nəfərlik tamaşalara professional teatr əsərlərindən
daha çox "bilet alırmış". Bu poemanın
ikinci adı məncə, "TATUİROVKA" ola bilərdi.
Taleyini, alın yazısını itirmiş bir qadın bədəninə
nə gəldi döydürüb! Qadın bədənini ancaq
italyan rəsmində görən 23 yaşlı bir kənd
uşağınasa ancaq o tatuirovkaların üzünü
köçürmək qalırdı. 1964-cü ildə Tofiq
Abdinin "Hello"suna bəlkə də "Ulduz"da
heç kim "əleyküm" deməzdi. İndisə ona
bütün qapılar açıqdı, çünki 69
yaşlı tanınmış şairi ondan düz 3 dəfə
(69:23=3) cavan ədəbiyyat həvəskarına görə
qınaya bilmərik. Welcome, our dear Tofiq Abdin! =Qulu Ağsəs=".
Amma, Qulu, Tofiq abinə başqa bir əsəri ilə də
"velkom" deyə bilərdin.
Bir də ki, Tofiq Abdinin - bu köhnə kişinin ədəbiyyata
ilk, təzə gəlişi deyil ha, ona "V E L K O M" da
deyək!
Ötən
ilin "poema janrı" adı ilə qənşərimə
çıxan faktlardan Nisə Bəyimin "Ürək
simfoniyası" ("Ulduz"), Hafiz Rüstəmin
"Bakıdan Yardımlıya səyahət"
("Kredo"), Dəmir Gədəbəylinin "Kərbala
harayı", Sevil Sevdimalının "Haqdan səda",
Sahib Abdullayevin "Qələm", Əli Rza Xələflinin
"Sən də, bu dünyanın bir Mehmanısan", Fəzail
İsmayıl Böyükkişinin "Əhliman", Qərib
Aşkarinin "Günəş dincə qalıb qürub
evində" kimi əsərlər poema janrı adı
altında dərc edilsələr də, bu janrın ədəbi-estetik,
bədii normalarına olduqca az uyuşurlar və Hafiz Rüstəmlə,
Əli Rza Xələflinin poemalarını çıxmaq
şərti ilə yerdə qalan yazılar yaxşı
mövzuları zəif əks etdirən qafiyəli mənzumələrdir.
Mən
keçən ilki poeziyanın faktları əsasında
müasir poeziya haqqında düşüncələrimi,
fikirlərimi obyektiv şəkildə şərh etməyə
cəhd etdim. Amma, hər bir obyektivlikdə şəksiz, bir
subyektivlik də var! Mənim subyektivliyim uzun illər poeziya
problemləri ilə məşğul olan bir tənqidçi-ədəbiyyatşünas
kimi müstəqil mövqeyimdən də yarana bilər.
Amma,
son olaraq onu təkrar və təkidlə bildirməliyəm
ki, müasir ədəbi-estetik, bədii proses müstəqil bədii-ədəbi
metod aclığı keçirməkdədir və azərbaycançılıq
milli məfkurə səviyyəsində tam gücü ilə
ədəbiyyatımızın, eləcə də
poeziyamızın ədəbi-estetik metodologiyasına
çevrilməlidir. Lap klassizm, realizm, maarifçilik, romantizm
səviyyəsində. Üç rəngli
bayrağımızın daşıdığı məfkurə
istiqamətləri - türkçülük,
islamçılıq, çağdaşlıq ədəbi-estetik
düşüncə tərzinin baş xəttini, ideya-estetik
qayəsinin əsaslarını təşkil etməli,
müstəqillik dövrümüzün
konstitusiyasının postulatlarına əsaslanmaqla ədəbiyyat
nəzəriyyəçiləri bu istiqamətdə iş
aparmalı, azərbaycançılıq ədəbi-estetik, bədii
metodunun nəzəri əsaslarını
yaratmalıdırlar...
Onda,
ədəbiyyatımız milli məfkurə olan azərbaycançılığın
inkişafına, ədəbi-bədii dərkinə və
inkişafına stixiya ilə yox, daha mükəmməl şəkildə
xidmət edəcəkdir...
Onda,
hörmətli akademik Ramiz Mehdiyevin haqlı müşahidə
etdiyi "postsovet məkanında bir ideyasızlıq
dövrü əmələ gəlib və bu boşluğu
surroqat, saxta, zərərli ideyalar doldurmağa
başlayıb" xaosuna, stixiyasına son qoyulacaqdır.
Lap
son olaraq isə, üzümü tənqidçilərə və
ədiblərə tutaraq müsahibəmi hamımızın
inandığı, həmişəyaşar xalq şairi Məmməd
Arazın olduqca obyektiv bir fikri ilə bitirirəm: " Rəhmətlik
Əli Kərim ədəbiyyata bitkin silsilə şeirləri
ilə gəldi. Bir çox tənqidçilər
başladılar onu tərifləməyə. Bəzən adamı
çox tərifləyirlər. Bundan sonra
qaldırıldığın zirvədən enmək çətin
olur, buradan yumarlanmaq qorxusu var."
Qalxdığımız
yerdə qala bilək, "narsizm" xəstəliyinə
tutulub yumalanmayaq!!..
Qələndər
Xaçınçaylı,
şair-publisist
Həftə içi.- 2011.- 3 may.-
S. 7.