Azərbaycanın
80%-i malyarogen zonaya daxildir
Süleyman Məmmədov:
"1996-cı ildə 13.135 nəfər malyariyalı xəstə
qeydə alındığı halda, ötən il bu göstərici
52 nəfər olub"
Süleyman Məmmədov "Həftə
içi"nin qonağı oldu
Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya
şöbəsinin müdiri Süleyman Məmmədov
redaksiyamızın qonağı oldu. Maraqlı keçən
görüş zamanı bizi maraqlandıran bir sıra suallara
cavab tapmağa çalışdıq.
-
Ölkəmizdə malyariyanın tarixi çox qədim
dövrlərə təsadüf edir. Yazılı tarixi mənbələrə
görə, Azərbaycanda malyariyanın endemikliyi
Makedoniyalı İsgəndərin dövrünə gedib
çıxır. Onilliklər öncə Kür-Araz, Samur, Dəvəçi,
Lənkəran və Naxçıvan ərazilərində
tropik malyariya halları aşkar edilib. XX əsrdə isə
respublikamızda 5 epidemioloji vəziyyət qeydə
alınıb. Hətta son illərdə adətən yay
mövsümünə start veriləndən sonra Azərbaycanda
malyariya ilə bağlı ciddi problemlər yaşanır.
-
Doğrudur. Hələ SSRİ dövründə ölkəmizdə
ən çox yayılmış xəstəliklərdən
biri məhz malyariya olub. Ötən əsrin əvvəllərində
bu xəstəlik Azərbaycanda o dərəcədə
geniş vüsət almışdı ki, hətta bəzi
rayonlarımızda və kəndlərimizdə əhalinin
80-90 faizi bu mərəzdən əziyyət çəkirdi.
1935-1937-ci illərdə belə məlumatlar yayıldı ki,
guya SSRİ-də malyariya ləğv edilib. Ancaq bu,
mümkün olmadı. O dövrlərdə sosial-iqtisadi vəziyyətin
ağırlığı həmin problemin həllinə imkan
vermədi. 1960-1966-cı illərdə isə Ümumdünya
Səhiyyə Təşkilatına hesabat verildi ki, guya
SSRİ-də malyariyanın kökü tamam kəsilib. Lakin həmin
zamanlarda keçmiş ittifaqın digər regionlarında
olduğu kimi, Azərbaycanda da malyariyaya yoluxma halları
artırdı. SSRİ qapalı bir dövlət olduğundan
sözügedən faktların araşdırılmasına
şərait yaradılmadı. Malyariya ocaqlarının, həmin
xəstəliyə yoluxanların sayının artması və
buna qarşı tədbirlərin lazımi səviyyədə
aparılmaması üzündən də uzun illər ciddi
problemlər yaşandı. Azərbaycan müstəqillik
qazandıqdan sonra 1991-1993-cü illərdə ölkəmizdə
hökm sürən ictimai-siyasi gərginlik, sosial-iqtisadi
durumun ağırlığı, Ermənistanla müharibə
şəraitində olmağımız və digər amillər
ucbatından malyariyaya qarşı mübarizə çox
aşağı səviyyədə aparıldı, bu sahədə
durum ağır olaraq qaldı. Həmin dövrlərdə Ermənistandan
və Dağlıq Qarabağdan, eləcə də
işğal olunmuş digər rayonlarımızdan didərgin
düşən məcburi köçkünlər və
qaçqınlar daha çox Azərbaycanın malyarogen
zonalarında yerləşdirildiyindən problemlərimiz
çoxaldı. Bu da o zamanlarda dövlətin
buraxdığı ən böyük səhvlərdən biri
idi. Bundan əlavə, maliyyə vəsaitinin
ayrılmasında, eləcə də dərmanların,
avadanlıqların və tibbi ləvazimatların,
texnikaların alınmasında ciddi problemlərlə üzləşdiyimizdən
profilaktiki tədbirləri vaxtlı-vaxtında həyata
keçirmək çox çətin oldu. Nəticədə
malyariyanın səviyyəsi yüksəldi, malyariyalı xəstələrin
sayı artdı. Amma Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra malyariyaya qarşı kompleks tədbirlər planı
hazırlandı və həyata keçirilməyə
başlandı. Lakin bununla belə malyariyanın fəsadları
özünü büruzə verdiyindən 1996-cı ildə
ölkə ərazisində qeydə aldığımız
malyariyalı xəstələrin sayı 13 min 135 nəfər
oldu. Qeydiyyata alınmayanlar da kifayət qədər idi.
Çünki həmin vaxtlarda malyariya geniş
yayıldığından xəstələrin
statistikasını aparmaq çətin idi. Eyni zamanda, 1
ağcaqanadın ən azı 3-6 nəfəri sancması və
malyariyaya yoluxdurması mümkündür. Ona görə də
Heydər Əliyevin köməkliyi sayəsində bəzi
beynəlxalq təşkilatlar və bəzi dövlətləri
təmsil edən ictimai təşkilatların ölkəmizdəki
filialları Azərbaycana böyük dəstək göstərməyə
başladılar. Nəticədə malyariyanın səviyyəsi
ilbəil azaldı. Heydər Əliyev həmçinin,
malyariyaya qarşı mübarizənin daha effektiv nəticə
verməsi üçün dövlət səviyyəsində
bir sıra işlər gördü. Maliyyə vəsaiti
ayrıldı, dərmanlar, texnikalar, avadanlıqlar və tibbi
ləvazimatlar alındı. Respublika ərazisində fəaliyyət
göstərməyimiz üçün lazımi şərait
yaradıldı, digər aidiyyəti qurumlara ciddi
tapşırıqlar verildi. Uzun illər ərzində həyata
keçirilən kompleks tədbirlər nəticəsində
malyariyanın səviyyəsi ilbəil azaldığından
epidemioloji sabitlik yaranmağa başladı. Hazırda da bizim
şöbənin əsas vəzifəsi ölkə ərazisində
parazitar xəstəliklərinə qarşı mübarizə
aparmaq, onun səviyyəsini azaltmaq və epidemioloji sabitlik
yaratmaqdır. Şöbəmizdə laborator-diaqnostika bölməsi
fəaliyyət göstərir. Biz əsasən malyariyanın
aşkarlanması, müayinəsi, diaqnostikası,
profilaktikası və ona qarşı mübarizə tədbirləri
ilə bağlı planları hazırlayır və həyata
keçiririk. Demək olar ki, bütün rayonlarda bizim
kuratorlarımız və parazitoloji şöbələrimiz
var. RGEM-in yerli şöbələrində isə parazitoloji
xidmət neçə illərdir fəaliyyətlərini davam
etdirir və bu, müsbət təsirini göstərir.
- Azərbaycandakı malyarogen
zonalar daha çox hansı rayonları əhatə edir?
-
Respublikamızın 80 faiz ərazisində sözügedən
mərəzin yayılması üçün iqlim şəraiti
mövcuddur. Çünki ölkəmizin müxtəlif yerlərində
durğun, yəni axmaz sular, süni göllər,
bataqlıqlar, qamışlıqlar və s. yetərincə
olduğundan həmin məkanlara ağcaqanadlar toplaşır
və çoxalır. Havaların isinməsi ilə əlaqədar
olaraq məlum xəstəliyin keçiriciləri artır. Zərdab,
Ağcabədi, Bərdə, Yevlax, Sabirabad, Saatlı,
İmişli, Kürdəmir, Ağsu, Ağdaş,
Göyçay, Füzuli, Lənkəran, Salyan, Neftçala və
digər aran və isti rayonlar malyarogen zonalara daxildir.
- Bakıda və Bakıətrafı
yaşayış massivlərində də ağcaqanadlara tez-tez
rast gəlinir. Hətta bəzi məkanlarda qışın
oğlan çağında belə, ağcaqanad görmək
mümkündür..
-
Haqlısınız. Açıq yerlərdə, kanalizasiya
sistemində, hətta zirzəmilərdə də belə
ağcaqanadlar olur. Ancaq onlar malyariya xəstəliyi törətmə
qabiliyyətinə malik deyillər. Ağcaqanadların bir
çox növü mövcuddur
və malyariya parazitinin keçiricisi yalnız anofeles
(Anopheles) cinsindən olan ağcaqanadlardır. İnsanları
sancan yalnız dişi fərddir və sancma prosesi əsasən
Günəşin batmasından onun çıxmasına kimi
olan müddətdə baş verir. Çünki
yumurtaların əmələ gəlməsi üçün
dişi ağcaqanada qan lazımdır. Onun yumurtaları o qədər
kiçik olur ki, onları adi gözlə görmək
qeyri-mümkündur. Dişi fərd bu yumurtaları durğun,
yaxud yavaş axını olan suda qoyur. Ümumiyyətlə,
ağcaqanadlar şirin və ya azca şor, durğun və
axın sürəti az olan sularda, sahilə yaxın su
axını sürətinin çox az olduğu açıq
nohurlarda, yağışların kəsilməsi nəticəsində
çay yataqlarında qalan, yaxud da su ehtiyatlarının qeyri-
səmərəli istifadəsi nəticəsində yaranan gölməçələrdə,
bataqlıqlarda, çəltik tarlalarında və su
anbarlarında, yaşayış yerlərinin
yaxınlığında olan kiçik gölməçələrdə,
nohurlarda, çalalarda, çuxurlarda, kanallarda və içərisində
durğun suların olduğu arxlarda, içərisi su ilə
dolmuş dırnaqlı heyvanların ləpirlərində və
s. yerlərdə çoxalırlar. Belə ağcaqanadlara
paytaxtdaxili və Bakıətrafı yaşayış massivlərində
rast gəlinmir. Qeyd etdiyiniz ağcaqanadlara gəlincə, onlara
qarşı mübarizənin aparılması məsələsi
bizə deyil, başqa təşkilatlara və qurumlara aiddir.
Yaxşı olar ki, insanlar sanitar-gigiyenik qaydalara, təmizliyə
riayət etməklə özlərini həmin
ağcaqanadlardan qorusunlar.
- Lazımi tədbirlərin
görülməsinə baxmayaraq, məcburi
köçkünlərin məskunlaşdıqları bəzi
ərazilərdə, xüsusilə də daxmalarda hələ
də anofeles ağcaqanadlarına rast gəlinir...
- Əvvəllər
malyariya xəstələri daha çox məcburi
köçkünlərin məskunlaşdığı şəhərciklərdə
aşkarlanırdı. İmişlidə olan fin şəhərciyində,
Bərdədə və Ağcabədidə olan çadır
şəhərciklərində və digər yerlərdə
bu xəstəlik kütləvi yayılmağa
başlamışdı. Amma aparılmış kompleks tədbirlər
sayəsində xəstəliyin səviyyəsini azaltmağa
nail olduq. Digər tərəfdən, sözügedən şəhərciklərin
ləğvi istiqamətində görülən işlər,
yeni-yeni qəsəbələrin tikilməsi, onların
abadlaşdırılması, qaçqın və məcburi
köçkünlərin ora köçürülməsi də
işimizi asanlaşdırır. Lakin bununla belə problemin tam
çözüldüyünü demək olmaz. Biz bu məsələni
həmişə diqqətdə saxladığımızdan
lazımi tədbirlər görülür və proses
davamlı olacaq. Onu da deyim ki, rayonlarımızda aparılan
abadlaşdırma, tikinti-quraşdırma işləri də
malyariyanın səviyyəsinin azalmasına təsirini
göstərib. Məsələn, illər öncə malyariya
xəstələrinin sayına görə Yevlax rayonu öndə
gedirdisə, son zamanlar orada aparılan quruculuq və abadlıq
işləri sayəsində malyariyanın səviyyəsi
kifayət qədər enib.
- Malyarogen durum baxımından
2010-cu ili necə xarakterizə edərdiniz?
-
1996-cı ildə 13.135 nəfər malyariyalı xəstə
qeydə alındığı halda, ötən il bu göstərici
52 nəfər olub. Xəstələrin sayının
azalmasında malyariya ilə Milli Mübarizə
Proqramının reallaşdırılması mühüm rol
oynadı. Çünki 2005-2009-cu illəri əhatə edən
həmin proqram malyariyanın səviyyəsini azaltmağa xidmət
etdi. Yəni əvvəllər malyariyadan qorunmaq
üçün əhaliyə dərman preparatları
verilirdisə, həmin proqramdan irəli gələn tələblərin
yerinə yetirilməsindən sonra buna ehtiyac qalmadı.
2008-ci
ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə
2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər
planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi
respublikanın malyarogen rayonlarında 2013-cü ilədək
malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun
eliminasiyasıdır. Hazırda da Milli Strategiya uğurla həyata
keçirilir. Bundan əlavə, AİDS, Vərəm və
Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə
dəstəyi ilə 2011-2013-cü illərdə
malyariyanın eliminasiyası istiqamətində görüləcək
fəaliyyət planı Səhiyyə Nazirliyi ilə
razılaşdırılıb. Bütün bunlar da öz
müsbət nəticələrini göstərməkdədir.
Onu da deyim ki, malyariya xəstəliyinə qarşı
mübarizə məqsədilə vətəndaşlara
göstərilən bütün xidmətlər, eləcə
də dərman preparatları pulsuzdur. Sərhəd-keçid
məntəqələrində də malyariyalı xəstələrin
Azərbaycana, yaxud ölkəmizdən kənara
çıxmaq istəyərkən yoxlanılması,
müayinəsi və müalicəsi işini də yüksək
səviyyədə təşkil etmişik. Hətta 52 nəfər
malyariyalı xəstədən 2-sinin xaricdən gəlmə
olduğu müəyyənləşib. Həmin xəstələrdən
Azərbaycan vətəndaşı olanı Nigeriyada,
Türkiyə vətəndaşı olan digəri isə
Qvineyada malyariyaya yoluxmuşdu. Onların yoluxduğu həddən
artıq təhlükəli olan tropik malyariya xəstəliyidir
və ölkəmizdə belə bir mərəz qeydə
alınmır. Malyariyanın tropik və 4 günlük
növləri ötən əsrdə mövcud olsa da,
zaman-zaman ləğv edilib və Azərbaycanda yalnız 3
günlük malyariyaya rast gəlinir. Onu da bildirim ki, bu il də
malyariya xəstəliyinə yoluxan yoxdur. Amma bu o demək deyil
ki, yoluxma olmayacaq. Malyariya xəstələri hər il olub, bu
il və sonrakı illərdə də ola bilər.
Çünki ağcaqanadların kökünü tamam kəsmək
qeyri-mümkündür. Ancaq bununla belə malyariyalı xəstələrin
sayını ilbəil azaltmaq və epidemioloji sabitliyə nail
olmaq üçün ağcaqanadların
artıb-çoxaldığı axmaz suları,
bataqlıqları, qamışlıqları ləğv etməyə
və onların həcmini azaltmağa
çalışırıq. Əgər havalar quraq keçərsə,
bu, işimizi xeyli asanlaşdırar. Çünki yüksək
temperatur ağcaqanadların daimi məskəni olan süni
gölləri, durğun suları tamam quruda, həmin həşəratları
tamam məhv edə bilər.
- Daha çox azyaşlılar,
qocalar və hamilə qadınlar ağcaqanad sancmalarına məruz
qalırlar. Bu da kifayət qədər təhlükəli nəticələr
verə bilər...
-
Qeyd etdiyim 52 malyariyalı xəstədən 26-sı kişi,
26-sı qadın olub. Onların arasında yaşlılar və
hamilə qadınlar var. Xəstələrin 28-30 faizini isə
uşaqlar təşkil edib. Bu da onunla əlaqədardır ki,
uşaqlarda immunitet çox zəifdir. Ümumiyyətlə,
malyariya xəstəliyinin yayıldığı yerlərdə
uşaqlar həmin mərəzə yoluxma riskinə məruz
qalırlar. Ailə üzvləri arasında, xüsusilə də
azyaşlı uşaqlarda qidadan imtina, qusma, süstlük və
ya ürpəşmələr müşahidə olunduğu
halda malyariya xəstəliyi təxmin oluna bilər. Malyariya tərəfindən
törədilməsi güman olunan qızdırmadan əziyyət
çəkən uşaqlar dərhal tibb işçisi tərəfindən
müayinə edilməli və ona qısa zamanda malyariya xəstəliyinə
qarşı müvafiq müalicə təyin edilməlidir.
Malyariya qızdırması olan uşaqlar gün ərzində
müalicə olunmadıqları halda, bu cür hallar ciddi
ağırlaşma ilə nəticələnə bilər.
Tibb işçisi xəstələnmis şəxslərə
müalicənin optimal üsulu və onun davamiyyəti
haqqında məsləhət verməlidir.
Qızdırmanın tez bir zamanda keçib getməsinə
baxmayaraq, malyariya xəstəliyindən əziyyət çəkən
uşaq tam müalicə kursu keçməlidir. Bu cür
müalicə tamamlanmasa, malyariya xəstəliyi daha
ağır forma ala və sonradan onun müalicəsi həddən
artıq çətin ola bilər. Malyariya hamilə
qadınlar üçün də həddən artıq təhlükəlidir.
Bu xəstəliyin yayıldığı ərazilərdə
qadınlar tibb işçisinin tövsiyə etdiyi həbləri
qəbul etməklə malyariyanın qarşısını
ala bilərlər. Malyariyadan əziyyət çəkən
uşaqlara və müalicə keçən şəxslərə
isə bol qida və su vermək lazımdır.
- Deyilənlərə görə,
qan qrupu mənfi olan insanlar ağcaqanad sancmalarına məruz
qalmırlar...
- Bu
barədə mən də eşitmişəm. Amma bu, indiyədək
sübuta yetirilməmiş bir fərziyyədir.
- Sağlam adamlara nisbətən xəstə
və bədən orqanizmi zəif olan insanların malyariya xəstəliyinə
daha tez və kəskin yoluxması barədə fikirlər səsləndirilir...
-
Malyariya elə bir xəstəlikdir ki, sağlam, yaxud xəstə
insan ondan sığortalanmayıb. Yəni hər kəs bu xəstəliyə
yoluxa bilər. Doğrudur, xəstə və zəif
adamların bədənlərinin xarici təsirlərə reaksiyası,
refleksi xeyli zəif olduğundan onlar üçün təhlükə
daha çoxdur. Ümumiyyətlə, malyariya parazitləri
insanın qanına düşdükdə dövr edərək
qaraciyərə düsür, onun hüceyrələrinə
nüfuz edir və orada böyüyərək
çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək
eritrositlərə daxil olurlar. Bu proses bir həftədən
bir neçə aya qədər çəkə bilər.
Parazitlər qaraciyərdə olduqda insan heç bir
narahatlıq hiss etmir. Eritrositlərə daxil olan parazitlər
öz inkisafını davam etdirir və çoxalırlar.
Eritrositlərin qılafı partladıqdan sonra onlar digər
eritrositlərə daxil olmaq imkanı əldə edirlər.
Belə halda parazitlər toksinlər, yəni zəhərlər
ifraz edirlər. Qan dövranına düsəndə parazitlər
digər orqanlara, o cumlədən beyinə də xətər
yetirə bilərlər. Bu, ağır infeksiyaya məruz
qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə
maneçilik törətməsilə əlaqədardır.
Belə olduqda bədən toxumaları da zəifləyir. Bu mərhələyə
çatdıqda insan artıq halsızlıq və zəiflik
hiss etməyə başlayır.
- Ağcaqanadın sancmasından nə
qədər müddət sonra insan halsızlıq və zəiflik
hiss etməyə baslayır?
- Əksər
hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün - 4 həftə
ərzində büruzə verir. Lakin insan halsızlıq və
zəifliyi həm 8 gündən, həm də bir ildən
sonra hiss edə bilər. Malyariyanın iki növü -
"Plasmodium vivax" və "Plasmodium ovale" residivlərin
ortaya çıxmasına səbəb ola bilər və bu da
onunla əlaqədardır ki, malyariya parazitlərinin bəziləri
insanın qaraciyərində bir neçə aydan baslayaraq 3 ilə
kimi qala bilər. Bu parazitlər passiv haldan çıxaraq
eritrositlərə daxil olduğu andan insanda xəstəlik
halı üzə çıxmağa başlayır.
- Malyariyanın əlamətləri
və simptomları hansılardır?
-
Malyariyanın simptomlarının sırasına yüksək
qızdırma, üşütmə,
başağrılarını, əzələ
ağrılarını və yorğunluğu aid etmək
olar. Eyni zamanda, ürək bulanması, qusma və
halsızlıq da müşahidə oluna bilər. Eritrositlərin
parçalanması üzündən malyariya anemiyanın
yaranmasına və ödün dağılmasına, dəri və gözlərin saralmasına gətirib çıxara bilər. Malyariyanın parazitlərinin ən
təhlükəli növü olan "Plasmodium
falciparum"un törətdiyi xəstəlik zamanı böyrək
çatısmazlığı, epileptik qıcolmalar, əqli
pozğunluqlar, koma və vaxtında müvafiq tibbi kömək
göstərilmədiyi təqdirdə ölüm də
baş verə bilər. Amma bütün bunlara baxmayaraq,
malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq səkildə
müalicəyə cəlb olunduğu halda, tam müalicəsi
mümkündür. Onu da bildirim ki, ötənilki yoluxmalar nəticəsində
ölüm halları qeydə alınmayıb. Çünki
profilaktik tədbirlər və müalicə
vaxtlı-vaxtında həyata keçirilib.
- Malyariyanın müalicəsi nədən
ibarətdir?
-
Malyariya reseptlə verilən dərman vasitələrinin
köməyilə müalicə edilir. Dərman vasitələrinin
növü və eləcə də müalicənin davamiyyəti
malyariyanın diaqnostika olunmuş formasından, pasiyentin xəstəliyə
yoluxduğu ərazidə dərman vasitəsinə həssaslığının
dərəcəsindən, xəstənin fərdi xüsusiyyətlərindən,
yəni yaşından, allergiyaya olan meyillilikdən, eləcə
də müalicənin başlandığı anda xəstəliyin
ağırlığından asılıdır.
- Malyariya xəstəliyi digər xəstəliklərin
inkişafına təkan verə bilərmi?
- Əgər
müalicə zamanında və tam formada aparılmazsa, bu,
sonradan ağır fəsadlara gətirib çıxara bilər.
Hətta belə hallarda ölümlə nəticələnmə
də istisna deyil. Çünki malyariya xəstəliyinin
gedişatı ərəfəsində qan təzyiqi
aşağı düşür, qaraciyər zəifləyir,
digər problemlər yaranır və getdikcə ciddiləşir.
Ürək, böyrək və qaraciyər
çatışmazlığı, infarkt və səhhətində
ciddi problemlər olan digər şəxslər malyariya xəstəliyini
çox ağır keçirirlər. Təəssüf ki, dəfələrlə
təbliğat aparılmasına baxmayaraq, malyariya xəstəliyinin
törədilməsi səbəbləri və onun yayılma
yolları, eləcə də infeksiyadan qorunma yolları
haqqında məlumatsız olan vətəndaşlar hələ
də var. Bir çox hallarda insanlar malyariya ilə xəstələndiklərini
sadəcə, dərk edə bilmir və tibbi yardım
üçün həddən artıq gec müraciət edirlər.
Onlar hesab edirlər ki, soyuqdəymə, qrip və ya digər
geniş yayılmış xəstəliyə yoluxublar. Tibbi
xidmət məntəqələrindən uzaqda yaşayan
insanlar əksər hallarda yerli dərman satıcılarına
məsləhət üçün müraciət edirlər və
bu da həmişə doğru olmaya bilər, yaxud onlar
aldıqları qeyri-səmərəli dərman
preparatlarından istifadə edirlər. Ancaq malyariyaya yoluxma
riskinin yüksək olduğu bölgələrdə insanlar
qızdırmanın istənilən forması ortaya çıxdıqda
tibbi yardım üçün mütləq tibb müəssisəsinə
müraciət etməlidirlər. Kiçikyaşlı
uşaqlar və hamilə qadınlar yoluxma anından sonra 24
saat ərzində müalicə keçməlidirlər.
Ölüm halları ən çox tropik malyariya zamanı
baş verir. Respublikamızda isə yalnız
üçgünlük malyariya qeydə alınır. Bu
növ malyariya zamanı ölüm halları olmur. Lakin
vaxtında müraciət olmasa və müalicə edilməsə,
onda ciddi ağırlaşmalar baş verə bilər.
- Əvvəllər malyariyadan
qorunmaq üçün evlərin tora salınması əməliyyatları
həyata keçirilirdi. Cari ildə də belə bir proses
gerçəkləşdiriləcəkmi?
- Əlbəttə.
Bu proses hər il baş tutub, cari ildə də
reallaşdırılacaq. Biz bununla bağlı daima təbliğat
aparırıq. Vətəndaşlara deyirik ki, pəncərədən
və digər açıq yerlərdən evlərə girən
ağcaqanad malyariya daşıyıcısı ola bilər.
Ona görə də ağcaqanad sancmasının
qarşısının alınması üçün
ağcaqanada qarşı tordan istifadə edilməlidir. Həmin
tor insanın malyariyadan müdafiəsinin çox səmərəli
üsuludur. Bu cür tor ağcaqanadı məhv etmir, amma insan
onun altında olduğu müddətdə ağcaqanad onu sanca
bilmir. Yuxarıda qeyd etdiyim kimi, malyariya ağcaqanadları adətən
Günəşin batmasından onun çıxmasına kimi
olan müddətdə insanları sancırlar. Bu səbəbdən
də ağcaqanadlara qarşı torlar, daha çox
kiçikyaşlı uşaqlar üçün çox faydalıdır.
Uşaqlar və hamilə qadınlar ağcaqanadlara
qarşı torlardan istifadə edərək, yatmağa tez
getdikləri zaman axşamlar ağcaqanadların
sancmalarından qurtulmuş olurlar. Körpələr və
azyaşlı uşaqlar insektisidlə emal olunmuş
ağcaqanadlardan qoruyan xüsusi torlar altında
yatmalıdırlar. Bu cür torlar bahalı olarsa, ailə ən
azından bir böyük tor əldə etməli və ailədəki
bütün azyaşlı uşaqlar onun altında yata bilərlər.
Südəmər körpələr torların altında
öz anaları ilə birgə yatmalıdırlar. Üzərinə
insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi torlardan
ilboyu, hətta ağcaqanadların nisbətən az
olduqları dövrlərdə belə istifadə
olunmalıdır. Bundan əlavə, bəzi ağcaqanadlar
yalnız gecə vaxtı sancdıqları üçün
torlar həmçinin, daha böyükyaşlı
uşaqların və böyüklərin müdafiəsi
üçün də faydalıdır. Ötən il 40 mindən
çox tor malyarogen zonalarda paylanılıb. Onu da deyim ki, bəzi
vətəndaşlar təbliğat zamanı dediklərimizə
xüsusi diqqət yetirmirlər. Biz kimisə tor çəkməyə
məcbur edə bilmərik. Bu əməliyyat
könüllülük prinsipiylə həyata keçirilməlidir.
Biz maariflənmə işi aparmaqla insanları başa
salmağa çalışırıq ki, bu yolla özlərini
malyariyadan qoruya bilərlər. Amma maddi imkansızlıqdan tor
almağa imkan olmayanlar da var, evlərini "tora
salmağa" meyil göstərməyənlər də. Ona
görə də məsuliyyət onların üzərinə
düşür. Lakin bununla belə biz bu il də təbliğata
start verəcəyik. KİV-lər, o cümlədən
telekanallar və radiolar vasitəsilə ictimaiyyətə
müraciətlər ünvanlayacağıq. Xalqa bəyan edəcəyik
ki, pəncərədən və digər açıq yerlərdən
ağcaqanadların evlərə girə biləcəyi yerlərə
hökmən torlar çəkilsin. Həmişəki kimi budəfəki
əməliyyat da könüllülük prinsipiylə həyata
keçiriləcək. Maarifləndirmə işi nə qədər
müsbət nəticələnərsə, insanlar malyariyadan
özlərini bir o qədər qoruya biləcəklər. Vətəndaşlarımıza
həmçinin, tövsiyə edirəm ki, əgər kimsə
ağcaqanad sancmasından sonra yüksək hərarət,
qusma və digər xoşagəlməz hadisələrlə
üzləşərsə, hökmən və dərhal yerli
şöbələrimizdəki həkimlərə müraciət
etsinlər. Çünki zamanında profilaktik tədbir
görülməzsə, problem daha da ciddiləşə və
xəstənin durumu ağırlaşa bilər.
Təbriz Vəfalı
Həftə içi.- 2011.- 14-16
may.- S. 8-9