Azərbaycanda zərgər-dizaynerlər
yox dərəcəsindədir
Zərgər Aqşin Binnətov:
"Qızılın keyfiyyətinə şübhəniz
varsa, mal sahibindən "sürtmə üsulu"nu tələb
edin"
Adətən
şərq xanımları qızıl-zinət əşyalarına,
dəbdəbəli zərgərlik məmulatlarına meyilli
olurlar. Azərbaycan da şərq dövləti
sayıldığından, yəqin ki, ölkəmizdə
qızılı sevməyən çox az xanım tapılar.
Çünki xanımlarımız həmişə məclislərə
dəbdəbəli və göz oxşayan zinət əşyalarında
çıxmağa çalışırlar. Amma etiraf etmək
lazımdır ki, bu gün qızıl bazarlarında
satışa çıxarılan zərgərlik məmulatlarının
əksəriyyəti sertifikatsız satılır.
Bu
baxımdan alıcılar saxta qızıl-zinət əşyaları
ilə üzləşdiklərini deyirlər. Bəs saxta
Ağ qızıl maddə olaraq
yoxdur
Həmsöhbətimiz
zərgər Aqşin Binnətov deyir ki, sovetlər
dövründən son illərə kimi "rus
qızılı" kimi tanınan qızıl dəbdə
olub və zərgərlər də bu qızılın
alışına daha çox üstünlük veriblər. Zərgər
bunu həmin dövrlərdə Azərbaycana 750 problu
qızılın gətirilməməsi və gətiriləndə
də həddən artıq baha olması ilə əlaqələndirir:
"Ümumiyyətlə, bu işlə məşğul olan
insanların 583 problu qızılın alışına
üstünlük verməsi onun ucuzluğundan irəli gəlir.
Çünki Azərbaycanda əksəriyyət ucuz
qızıla - 583 problu qızıla üstünlük verir. Məsələn,
toy-nişan edənlər mal götürəndə daha
çox çəkisi az, görüntüsü böyük
olan məmulatlara müraciət edirlər. Hətta bəzi ailələr
əl işi istəyəndə belə
görüntünün iri olmasını sifariş verirlər.
Bu səbəbdən də zərgərlər tələbata
uyğun işləməyə çalışırlar".
Zərgər
öz açıqlamasında onu da vurğulayır ki, əksər
xanımın üstünlük verdiyi ağ qızıl maddə
olaraq yoxdur: "Ağ qızılı zərgərlər
999.9 problu qızıla müxtəlif maddələr qatmaqla
yaradırlar. Yəni, qızıla mis və platinium
qarışığı əlavə olunanda ağ
qızıl alınır. Məhz süni surətdə
yaradılmış ağ qızılın baha olması da tərkibinə
qatılan maddələrin bahalığından irəli gəlir.
Ağ qızılın tərkibində olan mis və
platiniumun həcmində fərq var. Platiniumu çox olan
ağ qızıl daha bahalıdır".
Duzlu və ləkəli brilyantı
almağa dəyməz
A.Binnətov
söhbət zamanı bazarlarda saxta və keyfiyyətsiz zərgərlik
məmulatlarının satıldığını da
vurğulayır. Bu baxımdan da alıcılara mal alarkən
və sifariş verərkən diqqətli olmağı tövsiyə
edir: "Zərgərlər qızılın keyfiyyətini
müəyyən edərkən ona bir sıra maddə
qatırlar. Biz təmiz qızıla "çistota"
deyirik. Bəzi zərgərlik məmulatlarını
hazırlayan zaman biz "çistota"dan istifadə edirik. Məsələn,
biz mal götürəndə ona dərman çəkir və
qızılı xüsusi çay daşına
sürtürük. Əgər daşda qızılın izi
qaralırsa, deməli qızıl həddən artıq keyfiyyətsizdir.
Alıcılar qızıl alarkən ilk öncə probuna
baxmalıdırlar, alıcıda malın keyfiyyətinə
inamsızlıq yarananda isə haqqı var ki, daşa sürtmə
üsulunu tələb etsin. Əgər mal sahibi bundan imtina edərsə,
alıcıya belə situasiyada həmin məmulatı almaq
tövsiyə olunmur. Bundan başqa, qızılın
probları onun xarici görüşünə təsir edir.
Sadəcə olaraq, indi 750 əyarlı qızıl ona görə
çox satılır ki, dəbdədir".
Alıcıların
brilyant alarkən nəyə diqqət yetirməli
olduqlarına gəlincə, həmsöhbətimiz
vurğulayır ki, duzlu, ləkəli maldan uzaq durmaq
lazımdır: "Düzdür, bizdə alıcılar
qızıl və brilyant alarkən ilk növbədə onun
dizaynına diqqət edirlər. Avropa ölkələrində
qara brillyant dəbdə olsa da, bu, Azərbaycan
üçün xarakterik deyil. Hətta imkanlı şəxslər
bizə mal sifariş edəndə onların arasında
çox nadir insanlar olur ki, qara brilyant istəyirlər. Bu həm
də maddiyyata bağlı bir məsələdir.
Çünki qara brilyant olduqca bahalıdır. Ümumiyyətlə
isə alıcılar brilyant alarkən onun duzlu və ləkəli
olmasına diqqət etməlidirlər. Satıcılar da belə
problemlər olanda alıcılara mütləq məlumat verməlidirlər.
Çünki istənilən alıcı aparıb başqa
yerdə onu yoxlatdıra bilər".
Sertifikatsız qızıl satmaq cinayətdir,
amma
Həmsöhbətimiz
deyir ki, zərgərlər hazırladıqları məhsulları
Əyarlar Palatasına göndərir, qurumda mal
yoxlanıldıqdan sonra hazırlanan məhsulla bir yerdə məhsulun
sertifikatı da zərgərə qaytarılır. Məhsulun
sertifikatında isə mal haqqında bütün məlumatlar
öz əksini tapır: "Məhsul keyfiyyətsiz, yəni
standartlara uyğun olmadığı təqdirdə, Əyarlar
Palatası tərəfindən əzilərək, lom şəkildə
geri qaytarılır. Əyarlar Palatası sertifikat verir, amma
qızılların üzərindəki birkalar sahibkarlar, zərgərlər
tərəfindən qoyulur. Düzdür, sertifikatsız
qızıl məmulatı satmaq cinayət olsa da, bəzi zərgərlər
düzəltdiyi zinət əşyalarını Əyarlar
Palatasına göndərmədən satırlar. Təəssüflər
olsun ki, bu gün zərgərlərimiz özləri düzəltdikləri
məhsullara prob vurub sata bilirlər. Nəticədə bazarda
keyfiyyətsiz malların sayı artır".
Zərgər
söhbət zamanı türk qızılının ölkədəki
dəyərindən də söz açdı. Onun sözlərinə
görə, türk qızılı rus qızılına
nisbətən daha dəyərlidir. Bu qızılın
ölkəmizdə bəyənilməməsi isə türk
ustalarının əl işlərinin zəif olması ilə
bağlıdır: "Türk qızılı (585) nə
rus (583), nə də italyan (750) qızılından geri
qalır. Sadəcə, türk ustaları
hazırladıqları məhsulları ucuz qiymətə
satmaq üçün onların içini boş
saxlayırlar. Bu da məhsulun keyfiyyətini azaltmaqla, onu
insanların da gözündən salır".
Qızılın qaralmasına səbəb
nədir?
Bəzən
olur ki, hansısa qızıl əşyasını bir
müddət istifadə etdikdən sonra rəngi dəyişir
və qaralır. Zərgərin sözlərinə əsasən,
bununla bağlı onlara da çoxsaylı müraciət
edilir: "Dəfələrlə olub ki, alıcı
aldığı malı geri gətirərək
qaraldığını söyləyib. Bəzən bunu insan
orqanizmində vitamin çatışmazlığı ilə
əlaqələndirirlər. Yəni qızılın keyfiyyətsiz
deyil, sadəcə, insana düşmədiyini sübut etməyə
çalışırlar. Amma bunlar xurafatdan başqa bir
şey deyil. Əslində isə qızılın rənginin
dəyişməsi, qaralması onun tərkibinə misin
çox qatılmasıyla əlaqədar olur. Qızıl
qaralırsa, o zaman onun tərkibində mis çox olur. Bu
problemi aradan qaldırmaq üçün onu cilalayırıq.
Əgər heç bir nəticə yoxdursa, onu yenidən emala
yönəldirik. Çünki qızıl maddə olaraq
çox yumşaqdır və onu istənilən hala salmaq
mümkündür. Bu baxımdan emal prosesində
qızılı sərtləşdirmək məqsədilə
ona qarışıq olaraq mis qatılır. Mis normadan
artıq olduqda isə həmin məmulat qaralmağa
başlayır".
"Kataloqları xaricdən
alırıq"
Zərgər
öz açıqlamasında əl işlərinin baha
satılması məsələsinə də aydınlıq gətirir.
Onun sözlərinə görə, eksklüiziv modellərə
üstünlük verənlər xüsusi zərgərlərə
müraciət edirlər: "Biz adətən yeni modelləri
hazırlamaq üçün daha çox xaricdən
aldığımız kataloqlara baxırıq. Kataloqların
qiyməti isə 3000-5000 dollar arasında dəyişir. Xarici
ölkələrdə zərgər kimi fəaliyyt göstərməyən
zərgər-dizaynerlər var ki, onlar sadəcə modelin
fotosunu, çertyojunu hazırlayıb satmaqla məşğul
olurlar. Azərbaycanda isə belə dizayner-zərgər demək
olar yoxdur. Ona görə də biz
çalışırıq ki, yeni modellər hazırlayan
zaman xarici ölkələrdən gətirdiyimiz kataloqlardan
istifadə edək. Bu baxımdan ən ucuz əl işi 10 min
manatdan da baha başa gəlir. Əgər biz kataloqları Azərbaycandan
alsaq, onda malın hazırlanması daha ucuz ola bilər. Amma
bununla yanaşı, kifayət qədər müştərimiz
var".
Sevinc
Həftə içi.- 2011.- 14-16
may.- S. 12.