İzmir, bir dəniz
mirvarisi...
Bakıya bənzəyən ikinci məkan
İzmirə
gedəndə doğrusu bu şəhərin necə
olmasını gözümün önündə
canlandırmaq istədim. Amma ha çalışdımsa, istədiyim
mənzərəni təsəvvürümə gətirə
bilmədim. Bunu "Jurnalistlər Ekstremal Şəraitdə"
İçtimai Birliyin sədri Firuzə Əsədullayeva deyəndə
isə mənim bu səfəri nə qədər həvəslə
gözlədiyimi bilib gülümsədi. Bakıdan "Alper" Turizmə məxsus
avtobusla mən və bir qrup jurnalist yola düzəldik.
Gürcüstanı
keçməklə Batumidən Türkiyəyə qədəm
qoyduq və Trabzondan da Ankaraya gəldik. Yəni Türkiyənin
paytaxtına yollandıq. Jurnalist həmkarlarım Aynurun və
Günelin zarafatları yolu necə qət etdiyimizi bizə
unutdurdu. Doğrudan da uzaq səfərlərdə insanları
tanımaq daha maraqlı olurmuş. Ankaradan İzmirə isə
7-8 saatlıq yoldur. İzmirdə olmasam da, oradakı
dostlarımın məni səbirsizliklə gözlədiklərinə
şübhəm yox idi. İstər yaşca məndən
böyük olan dəyərli siyasi araşdırmaçı
Orxan Aybər, eyni zamanda da böyük qardaş münasibəti
gördüyüm Əhməd Bəydilli doğrudan da əsl
türk qonaqpərvərliyi nümayiş etdirdilər. Bizi
İzmirdə Camal Məmmədxanoğlu qarşıladı və
ilk olaraq onun ofisinə yollandıq. İzmirdə də
avtomaşınların sayı demək olar ki, minlərlədir.
Yollarda
bizdəki kimi "propka"ları hər bir küçədə
görmək olar. Amma şəhərdə körpülərin
və yolayrıcı keçidlərin bolluğu bu
"propka"ların tez bir zamanda aradan qalxmasına
yardımçı ola bilir. Ofisdə isə Əhməd
Obalı və tanımadığımız bir neçə
soydaşımız vardı. Bir stəkan çaya qonaq
olduqdan sonra bizim üçün nəzərdə tutulan
"Yaman" otelə getdik. Otel şəhərin mərkəzində
3 ulduzlu olmasına baxmayaraq, əsl 5 ulduzluya dəyərdi.
İzmiri yuxarıda dediyim kimi, səbirsizliklə görmək
istəyirdim. Amma bir o qədər də təəccüblənmədim.
Çünki elə bil heç Bakıdan
çıxmamışam. Sadəcə olaraq, dənizkənarı
bulvarı Bakı bulvarından 10 dəfə böyük
olması ilə fərqlənə bilərdi İzmir. Amma
İzmirdə inkişaf etmiş dəniz
daşımacılığı, su yolu ilə bura gələn
turistlərin çoxluğu bu şəhərin Bakı
olmadığını mənə xatırladırdı. Amma bir çox yerdə
"can", "Baycan" adlarına rast gəlmək
olardı. Yəni Azərbaycanın "baycanı" və
"canı"nı hər yerdə görmək olurdu. Həmkarlarımla
İzmiri demək olar ki, doyunca gəzdik. Şəhərin
gündüzlər olduğu kimi, gecə həyatı da
maraqlıdı. Hər tərəfdə musiqi sədaları.
İnsanların qayğıdan, problemlərdən uzaq istirahəti,
canlı musiqi demək olaraq ki, bir ahənglik yaradırdı.
İzmirin ən məşhur ünvanlarından biri
Kıbrıs şəhidləri güşəsi idi. Bu
küçənin başında Gül şirniyyat evi o qədər
məşhurdur ki, hər kəs görüş təyin edəndə
bu ünvandan istifadə edir.
Quşadası və Əhmədbəyli
kəndi
İki
gün İzmirdə qaldıqdan sonra dostum Əhməd Bəydilli
mənimlə birlikdə İzmirdə olan dostlarımı
Quşadasına gəzməyə götürdü. Amma
Quşadasına getmədən öncə Əhməd bəyin
Əhmədbəyli kəndindəki bağ evinə
yollandıq. Burada səhər yeməyini yüksək səviyyədə
yedikdən sonra isə, yolumuza davam etdik. Əhməd bəyin
bu kənddəki evi ikimərtəbəli xudmani bir ev idi. Amma
bu kənddə gördüyüm səliqə-sahman bizim
Bakının ən məşhur bağlarında belə
yoxdu. Bu dənizkənarı kənddə bircə belə
daş hasara rast gəlmədim. Hər kəs öz
qonşusunu görmək imkanına malik idi. Bağlardakı
naringi (mandarin) ağacları elə səliqə ilə əkilmiş,
sanki cənnəti xatırladırdı. Aynur, Günel, Firuzə
xanım və Əhməd bəy səhər yeməyini
birlikdə hazırlayıb süfrəyə gətirdilər.
İnanın bu gözəl, təmiz havada qəhvəaltı
etməyin başqa bir ləzzəti var idi. Türklər demiş, əllərinə
sağlıq.
Efes (EPHESUS) xarabalığı hələ
də öz tarixi rolunda
Demək
olar ki, İzmirə gələn turistlərin 99 faizi bu tarixi
şəhəri görmədən İzmirdən
ayrılmırlar. Əslində,
böyük bir tarixə şahidlik etmiş Efesin
günümüzə belə gəlib çatmasında, 6
yüz il cahana ağalıq edən Osmanlı İmperiyası
və onun indiki varisi, müasir Türkiyə Cümhuriyyətinə
dünya minnətdar olmalıdır. Sadəcə olaraq, tarixi
özündə yaşadan memarlıq abidələri
haqqında sizlərə bəlkə də bu fotolar hər
şeyi açıb söylədi.
"Məryəm ana" kilsəsi
Efes
xarabalığını ziyarət edən xristian turistlər
təqribən bu tarixi məkandan 1-2 km yuxarıda
dağların qoynunda, ən füsünkar yerdə yerləşən
"Məryəm ana" kilsəsini ziyarət etməkdən
yorulmurdular. Buranı
ziyarət edən xristianlar Həcc ziyarətini yerinə
yetirirmiş kimi sayılırlar. Burada xristian aləminə məxsus
bütün millətlərin nümayəndələrini
görmək olar. Deyilənə görə, İsa peyğəmbərin
çarmıxa çəkilişindən sonra Həzrəti
Məryəm də bura pənah gətirmiş və
dünyasını da burada dəyişmişdi. Biz də bu
müqəddəs yeri ziyarət etdik və
arzularımızın çin olması üçün
dualar oxuduq, şam yandırdıq.
Quşadası, quş iliyi, can dərmanı
Demək
olar ki, Antalya, Bəbək və digər istirahət məkanları
kimi Quşadası da Türkiyənin göz bəbəyidir. Bu cənnətməkan
adanın havası, rüzgarı lap xəstəyə də
şəfa verər. Ona görə simərlikdə əcnəbi
turistlər öz keyflərində idilər. İzmirin,
bütövlükdə Türkiyənin hər hansı məkanına
ayaq bassan, orada bir tarix yatır. Mənim üçün isə
bu tarixi yaxından görmək ən ülvü arzulardan biri
idi. Çox istərdim ki, bizim də tarixi məkanlarımızda
məhz buradakı kimi turistlərin sayı durmadan artsın.
Minlərlə turistin ölkəmizə gəlişi
iqtisadiyyatımızın inkişafında müsbət rol
oynamış olardı.
Nahid
Canbaxışlı
Həftə içi.- 2011.- 14-16
may.- S. 13.