Poeziyamıza tamada ovqatı gəlib
İbrahim İlyaslı: "Məndən
ötrü ən zəhmli şey ağ kağızla qara qələmdir"
Ədəbiyyat səhifəsinin
növbəti qonağı Əli Kərim adına Sumqayıt
Şəhər Poeziya Klubunun direktoru şair İbrahim
İlyaslıdır.
Qələndər
Xaçınçaylı: - İbrahim, mənə elə gəlir
ki, dünyada sonsuz heç nə yoxdur. Yəni bizə sonu
görünməyən kainatın özünün də sonu
var. Bəlkə ədəbiyyatımız sona çatıb,
öz sözündən doyub. Onu demək istəyirəm ki,
bu gün poeziyamızda bizim ürəyimizdən keçən
o kövrək hisslər, o söz yoxdur.
İbrahim
İlyaslı: - Biz qərar verə bilmərik ki, kainatın, ədəbiyyatın
sonu var. Bütün dövrlərin qalxmaları, enmələri
olur. Yer kürəsində ciddi dəyişikliklər baş
verdiyi kimi, söz sənətində də belə olur. Dostlarla
birgə söhbət edəndə dedim ki, şairləri indi
niyə asıb-kəsmirlər, Sibirə sürgün etmirlər?
Mənə elə gəlir ki, zamanımızın şairlərinin
o cəzalara layiq olan qüdrətli sözü yoxdur. Sabah
padşahlar bilsələr ki, hansısa şairin
sözünün təsiri ilə millət ayağa qalxa bilər,
xalq ayağa qalxa bilər, o şairin taleyi məlum olardı. "Mən
bir söz bilirəm". Bu ikinci kitabımdır. Onun bir bəndində
deyilir:
Mən bir söz bilirəm, onu
söyləsəm,
Sədası qanıma bələyər
məni.
Şahlar yeddi yerə
şaqqalayarlar,
Rəiyyət daş-qalaq eyləyər
məni.
Səmimi
bir şey deyim, hamımız qələm əhliyik. Məndən
ötrü ən zəhmli şey ağ kağızla qara qələmdir.
Çünki həmin kağıza həmin qələmlə
bəşəriyyətin, zamanın ən gözəl
şeiri yazıla bilər. Və yaxud da gərəksiz bir
cızma-qara yazıla bilər. Xoş o kağızın
halına ki, ona Nəsimi yazıb. Xoş o qələmin
halına ki, onun dəstindən Şah İsmayıl tutub.
İslam
Sadıq: - İbrahim, Şah İsmayılla Nəsiminin
adlarını elə yerdə çəkdin ki, lap içim
silkələndi. Nəsimi bədii sözün, poetik
düşüncənin elə dərin alt qatlarına baş
vurub ki, biz onu bu gün də başa düşmürük. Şah
İsmayıl Xətayi həm sərkərdə, həm də
şair kimi Azərbaycan tarixinə qızıl səhifələr
yazıb. Bu gün əllərində mis qələm tutanlar
qızıl qələm ustalarının yubileylərini
unutdurmaq, əvəzində boşboğazları ətraflarına
yığıb şöhrətləndirmək eşqi ilə
yaşayırlar. Şah İsmayılın anadan
olmasının 500 illiyi və 2.5 milyon kvadrat kilometr ərazisi
olan bir dövlət qurmağının 500 illiyi bayram edilmədi,
yada düşmədi, üstündən sükutla
keçildi. İbrahimin bir sözünə də
açıqlama vermək istəyirəm. Bu gün Azərbaycanda
qüdrətli söz, yəni xalqı öz dalınca apara
biləcək söz deyən şairlərlə xalqın
arasında televiziya və radiolarımız qara pərdə
çəkiblər. Mən poeziyanı az- çox izlədiyimə
görə cəsarətlə deyirəm ki, bu gün Azərbaycanda
yetərincə qüdrətli söz var, ancaq o xalqa çatmır.
Q.X. - İslam, doğru
deyirsiniz. Mən də sizin fikrinizə şərikəm.
Söz var hətta məclislərdə, toylarda
da səsləndirilir.
Amma nədənsə, o sözün
hikmətinə varmırlar.
Görünür, hələ elə
zamanın özü kimi söz də
naldan düşüb.
İb.İ
- Söz müqəddəs bir varlıqdır. Onun haqqında
asan fikir yürütmək istəmirəm. İstəmirəm
cılız mövzulara toxunam. Bu bizi daha da ucuzluğa aparar.
İ.S.
- Qələndər, "sözün nalının
düşməyi" xoşuma gəldi, yaxşı ifadədir.
Ancaq mən bunu başqa cür ifadə edərdim.
Poeziyamıza bir tamada ovqatı, tamada düşüncəsi gəldi.
Tamada ruhu ilə yaşayan qələm adamlarının öz
nalları düşdüyünə görə sözləri
də axsayır. Amma bizim qüdrətli söz deyən
şairlərimiz var. Mən sözü əvvəlki kimi
öz taxtında görürəm.
Əslinə qasla, sözü ucaldan da bizik,
onu öz taxtından salan da. Qurd mərdlik rəmzidir.
İti qurda bənzətmək olar və bu
yaxşıdır. Ancaq tülkünü
qurda bənzədəndə
söz də hörmətdən düşür,
sözü deyən də.
İb.İ.
- Sovet dönəmindən bizdə belə bir fikir
formalaşdırılıb ki, şair fağır,
imkansız, yazıq olar. Amma mən əksinə
düşünürəm. Şair ötkəm
olmalıdır, şair dünya mülkündən
könüllü imtina eləyib, onun fani olduğunu bilir. Əgər
pul, var-dövlət toplamaq fikri olsa, hamıdan çox
yığar. Ona onun istedadı yetər.
Q.X.
- Rəhmətlik şair Eldar Nəsibli - Sibirel həmişə
həyata nikbin baxardı. Hərdən məmur
özbaşınalığını, maddi çətinliyimizi
görəndə əsəbiləşməzdi. Əksinə,
gülə-gülə bizə ürək-dirək verərək
deyərdi ki, dünyada hamıdan varlı şairlərdir. Çünki
dünyada o məmurların nə özləri, nə
adları, nə də var-dövlətləri qalası deyil,
amma şairlərin sözü qalır.
İb.İ.
- Onsuz da bütün şairlər axırda "Mən cahan
mülkündə mütləq doğru halət görmədim"
qənaətinə gələcəklər. Amma bu qənaətə
indidən gəlsələr daha yaxşı olardı.
İ.S.
- Ağzının dadını bilənlər dənizin
suyunun duzlu olduğunu bilmək üçün ondan bircə
damla dillərinə vururlar. Ağzının dadını
bilməyənlər bütün dənizi içib qurudandan
sonra başa düşürlər ki, onun suyu duzlu imiş. "Mən
cahan mülkündə mütləq doğru halət görmədim"
qənaətinə axırda gələn şairlər dənizi
içib qurtarandan sonra onun suyunun duzlu olduğunu bilənlərə
bənzəyirlər.
Q.X.
- Poeziya da dənizə bənzəyir. Şairin şair
olub-olmadığı onun bircə misrasından
görünür.
İ.S.
- İbrahim, vaxtilə Sumqayıtdan Yaltaya, Soçiyə gedənlər
özləri ilə qazlı Sumqayıt havası aparardılar
ki, oraların təmiz havasında boğulmasınlar. Bəs
bu gün Sumqayıtın havası necədir?
İb.İ.
- İki il öncə Sumqayıt şəhərinin 60 illiyi
qeyd edildi. İslamın dediyi işarəni mən başa
düşdüm. Sumqayıta iki prizmadan yanaşmaq daha
yaxşı olardı. Artıq Sumqayıtın zəhərli
zavodları bağlandı. İnsanlar təmiz hava ilə nəfəs
almağa başladılar. Amma bununla bərabər iş yerlərini
itirdilər və böyük işsizlər ordusu yarandı. Amma
son illərdə bu problemin həlli istiqamətində insafən
desək xeyli işlər görülüb. Ümumiyyətlə,
sumqayıtlılar çalışqandırlar. O ki qaldı
Sumqayıtın ədəbi havasına bu şəhər Azərbaycanda
öz ədəbi ənənələri ilə həmişə
seçilib. Belə ki Xasay Cahangirovun rəhbərlik etdiyi
Sumqayıt ədəbi birliyi, Vaqif İbrahimin, daha sonra Əşrəf
Veysəllinin rəhbərlik etdikləri və 1990-cı ildən
bu günə kimi mənim rəhbərlik etdiyim Əli Kərim
adına Sumqayıt Poeziya Klubu bu şəhərdə ədəbi
mühitin yaradılmasında və inkişafında
danılmaz xidmətlər göstəriblər. 1997-ci ildən
isə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt
bölməsi də fəaliyyət göstərir. Ona Sabir
Sarvan rəhbərlik edir.
Q.X.
- İbrahim, İslamın soruşduğu havanı deyirəm,
onun fikirlərini tam açıqlamadınız. Orada hava
ümumiyyətlə, necədir?
İb.İ.
- Əgər söhbət ədəbi havadan gedirsə, onu
gözəlləşdirən də, pisləşdirən də
bizik. Belə hesab edirəm ki, Sumqayıtda yaşayan yazarlardan
bir neçəsinin imzasını çəkməklə
oradakı durum haqqında tam təsəvvür yarada bilərəm.
Xasay Cahangirov, Məmməd Namaz, Tofiq məmməd, Əşrəf
Veysəlli, Rafiq Yusifoğlu, Şaiq Vəli, Zirəddin
Qafarlı, Nadir Ayazoğlu, Məmməd İlqar,
Gülbalı Mehdiyev, Sabir Yusifoğlu, Əyyub Qiyas, Gülnarə
Camaləddin və başqaları. Təbii ki, bunlarla
yanaşı ədəbiyyata qətiyyən aidiyyəti
olmayan, hətta AYB-nin üzvü olan yazarlar da az deyildir. O ki
qaldı orada yaşayan istedadlı yazarların respublika
miqyasında təbliğ olunmasına ciddi problem var.
Q.X.
- Axı nədir o problemlər? Bəlkə bu sahədə
sizə mane olan hər hansı bir qüvvə var?
İb.İ.
- həmin istedadlı yazarların kitablarının nəşri,
yayımının təbliğ olunması, televiziya və
radiolarda çox məhduddur. Bu istedadlıların əvəzinə
müxtəlif yollarla istedadsızlar gərəksiz
cızma-qaraları üçün piyar qurublar. Vallah oxucu da,
tamaşaçı da çaşır. Birdən özüm
də çaşıram. Bizə elə gəlir ki, bu əməllərinə
görə onlar xalq, millət qarşısında vicdan əzabı
çəkəcəklər.
Q.X. - İbrahim, doğru
deyirsiniz. Söhbət televiziyadan düşdü.
Hələ özəl televiziyanı
demirik. Onlar ayrı-ayrı şəxslərə
məxsusdurlar. Amma buna
baxmayaraq, onlar da ilk öncə dövlətə və millətə xidmət etməlidirlər, əksinə
yox. Dövlət və "İctimai"
televiziyanın isə
yeganə borcu dövlətə və xalqa xidmət göstərməlidir. Çox təəssüf
olsun ki, istər dövlət və istərsə də "İctimai" televiziyada bəzən biz bunu görə bilmirik. Orada hansı bir
ədəbi verilişə
çıxmaq üçün
gərək sədrin
razılığı olsun.
Axı siz də yaxşı
bilirsiniz ki, sədrin qəbuluna düşmək asan məsələ deyil.
İ.S.
- Mən elə bilirəm ki, burada heç bir təsadüf
yoxdur. Sadəcə, drijorun çubuğunu görmək
lazımdır. Bu gün Azərbaycan mənəviyyatına elə
bir adam dirijorluq edir ki, onun yeganə məqsədi
xalqımızın mənəvi dəyərlərini gözdən
salmaq və tarixi yaddaşını pozmaqdır. Azərbaycan
televiziyaları həmin dirijorun çubuğunun altında
işləyir.
İb.İ.
- O çubuq hava rəngində olduğuna görə onu
görmək çətindir.
Q.X.
- Axı şairin borcu hamının görmədiyini görmək
və hamıya göstərməkdir.
İslam Sadıq,
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 14-16
may.- S. 14.