Sabirabadın tarixi antik dövrə
söykənir
Şükufə Əsgərova:
"Ən qədim eksponatlar eramızdan əvvəl II-V əsrlərə
gedib çıxır"
Bu
gün tariximizi özündə əks etdirən və
xalqımızın mənəvi dəyərlərinin, qiymətli
sərvətlərinin saxlandığı yer
tarix-diyarşünaslıq muzeyləridir.
Ata-babalarımızın,
tarixi şəxsiyyətlərimizin, unudulmaz insanların,
müharibə və əmək veteranlarının, vətən,
torpaq uğrunda şəhid olan oğul və
qızlarımızın şərəfli həyat mübarizə
yolunun əbədi ünvan tapdığı ziyarət
ocağıdır, bu muzeylər. Belə ziyarət
ocağından biri də Sabirabad Rayon
Tarix-Diyarşünaslıq Muzeyidir.
Muzeyin
direktoru Şükufə Əsgərova bizimlə söhbətində
bildirdi ki, 1983-cü ildən muzeydə çalışır
və 1986-cı ildən bu günə kimi ora rəhbərlik
edir: "Muzeylərə qayğı, tariximizə, milli-mənəvi
dəyərlərimizə qayğı deməkdir. Ümummilli
lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi
dövrlərdə bu sahəyə daha çox diqqət
yetirilib və respublikamızda geniş muzey şəbəkəsi
yaradılıb. Belə ki, 1978-ci ildə muzeylərimiz
"Döyüş şöhrəti" otağı
adı ilə fəaliyyət göstərib. Azərbaycanda
muzey işinə qayğı ümummilli liderin adıyla
bağlıdır. 1980-ci ildə onun bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə respublikada
tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Və
həmin vaxtdan rayonlarda muzey fəaliyyətə başladı.
Bizim rayon da həmin dövrə düşür. Onu vurğulayım ki, 1978-ci ildə hələ
rayonda "Döyüş
şöhrəti" otağının
açılışı mərasimində ulu
öndər Heydər
Əliyev iştirak edərək
muzeyin fəxri kitabına öz
ürək sözlərini
yazıb. Hazırda bu kitab muzeyin eksponatları
sırasında qorunub saxlanılır.
1998-ci ildən muzeyimiz yeni
2 mərtəbəli binaya köçüb.
600 kvadrat metr sahəni əhatə edən muzey
3 işçi otağından, 2 fond, 2 foye və 6 ekspozisiya zalından ibarətdir.
Hazırda 6300 əsas fond və
2500-dən artıq köməkçi fondumuz
var".
Ş.Əsgərova
rayonun tarixinin antik dövrə söykəndiyini də
vurğuladı: "Ən qədim eksponatlar Zəngənə
kəndinin yaxınlığında Şəhərgah adlanan
yerdən tapılıb. Bu, eramızdan əvvəlki II-V əsrlərə
gedib çıxır. Təkqulplu, lüləkli qablar,
matrotipli qablar, ördəkburunlu gil qabların tarixi çox qədimdir,
yəni bizim eradan əvvəl II-III əsrləri əhatə
edir. Orta əsrlərə aid eksponatlar da az deyil. Buna misal
olaraq IX-X əsrlərə aid gil çıraqları,
şar-konusvari qabları, aftafa tipli qab qalıqlarını,
küpə tipli qabları və sairəni göstərmək
olar. Eramızdan əvvəl III-IV minilliklərə, yəni
tunc dövrünə aid qablar da var. Eramızın I əsrinə
aid kassa tipli qablar və ilk orta əsrlərə aid lüləkli,
ağzı novçalı qablar da toplanılıb. Bunlar
muzeyin ən qədim eksponatlarıdır".
Ş.Əsgərova
onu da dedi ki, hər il minlərlə adam muzeyə ziyarətə
gəlir: "Onların içərisində müxtəlif təbəqədən
olan ziyalılar, alimlər, şair və
yazıçılar, məktəblilər, tələbələr
var. İnsanlar muzeydə toplanmış milli-mənəvi sərvətimizlə,
qədim tarixə malik əşyalarla tanış olurlar. Hətta
muzeydə mədəni kütləvi tədbirlər
keçiririk. Ən çox şəhid ailələri,
müharibə veteranları, görkəmli şəxsiyyətlərlə,
tanınmış ziyalılar, əmək adamları, o
cümlədən rayonla bağlı olan alimlərlə, əmək
qəhrəmanları, iş adamları ilə
görüşlərimiz olur. Muzeyin gözəl ənənəsi
var. Hər il kollektivimiz bir rayonun muzeyinə təcrübə
mübadiləsi aparmaq məqsədilə ekskursiyalar edir. Qəbələ,
Şəki, Salyan Neftçala, Şirvan, Beyləqan və
başqa rayonların muzeylərində olmuşuq. Bu il
Şamaxı muzeyinə getməyi
planlaşdırmışıq. Onu da qeyd edim ki, muzey zəhmətimizlə
qurulub. Bu gün muzeyin bədii tərtibatının
olmaması müasir dövrdə xidmətin yüksək səviyyədə
göstərilməsində xeyli çətinlik yaradır. Çox
gözəl haldır ki, rayona yeni təyin olunmuş icra
başçısı Nazim İsmayılov elə işlədiyi
ilk gündən müzeyə ziyarətə gələrək
onun problemləri ilə maraqlandı. Və yaxın vaxtlarda
muzeydə təmir-bərpa işlərinin aparılması ilə
bağlı öz müsbət rəyini bildirdi. Biz muzeyimizin
respublikanın gözəl muzeyləri sırasında
olmasına ümid bəsləyirik. Bir ənənə olaraq
muzeyin yubileylərini də ardıcıllıqla qeyd
edirik".
Ş.Əsgərova
ictimai işlərdə də fəallıq göstərir. YAP-ın
Sabirabad Rayon Qadınlar Şurasının üzvü kimi səmərəli
iş aparır. O, dəfələrlə YUNESKO-nun Azərbaycanda
muzey işinə və mədəni irsin qorunmasına aid beynəlxalq
seminar və treninqlərin iştirakçısı olub,
maraqlı sorğu və təkliflərlə
çıxış edib.
Ş.Əsgərova
muzey işi sahəsində səmərəli fəaliyyətinə
görə dəfələrlə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürünə
və pul mükafatına layiq görülüb.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 14-16
may.- S. 15.