Qarabağ münaqişəsi
Berlində müzakirəyə
çıxarıldı
Almaniya
- Azərbaycan Forumunun təşəbbüsü, Azad Berlin
Universitetinin Xəzər Regionu Tədqiqatları Mərkəzi
və "EuroKaukAsia" cəmiyyətinin təşkilatçılığı
ilə "Dağlıq Qarabağ münaqişəsi:
Münaqişənin həllinə alman və Qafqaz
nöqteyi-nəzərindən baxış" adlı tədbir
keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin məlumatına
görə, Almaniya Bundestaqının deputatları, alman elmi
fondlarının və universitetlərinin nümayəndələri
və jurnalistlər olmaqla 100-dən artıq ekspertin
qatıldığı tədbirə Yaxın və Orta Şərq,
eləcə də Qafqaz üzrə tanınmış alman
mütəxəssisi, professor Udo Ştaynbax moderatorluq edib.
Konfransda
açılış nitqi ilə çıxış edən
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauser
ölkəmizin sürətlə inkişaf etməkdə
olduğunu və Cənubi Qafqazın iqtisadi lokomotivinə
çevrildiyini, regional layihələrdən kənarda
qalmış Ermənistanda isə yoxsulluğun
günü-gündən artdığını diqqətə
çatdırıb. O, Azərbaycanın çox önəmli
enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində əhəmiyyətli rol
oynadığını vurğulayaraq, eyni zamanda, Avropanın
da Dağlıq Qarabağ münaqişəsinin həllinə,
o cümlədən öz torpaqlarından qovulmuş
insanların doğma yurdlarına geri dönməsinə
töhfə verməli olduğunu bildirib. Bu baxımdan o, Cənubi
Qafqaz üzrə 2009-cu ildə Bundestaq tərəfindən,
2010-cu ilin may ayında isə Avropa Parlamenti tərəfindən
qəbul edilmiş qətnamələrin icrasının vacib
olduğunu deyib.
"Tarix
və beynəlxalq hüquqi dəyərləndirmə"
adlı ilk paneldə çıxış edən
Almaniyanın Elm və Siyasət Fondunun (SWP) region üzrə
mütəxəssisi Doktor Uve Halbax Dağlıq Qarabağ
münaqişəsinin həllinin regionda sülh və təhlükəsizliyin
təmin edilməsi baxımından önəminə diqqət
çəkərək bölgədəki digər
münaqişələrin həlli üçün də bu
münaqişənin açar roluna malik olduğunu söyləyib.
Humboldt Universitetinin "Azərbaycan tarixi"
kafedrasının müdiri, professor Eva-Maria Aux SSRİ-nin
dağılması kontekstində Dağlıq Qarabağ
münaqişəsi haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verərək
Rusiya ilə İran arasında imzalanmış 1813 və
1828-ci il "Gülüstan və Türkmənçay
sülh müqavilələri"nə əsasən, ermənilərin
Qafqaza köçürülməsi siyasətinin həyata
keçirilməsinə başlandığını qeyd edib.
Birinci panelin sonunda Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq baxımından qiymətləndirilməsi
mövzusunda çıxış edən hüquq elmləri
doktoru Hayko Krüqer Dağlıq Qarabağ ermənilərinin
öz müqəddəratını təyin etmək
üçün sovet qanunvericiliyi çərçivəsində
heç bir hüquqi əsasa malik olmadıqlarını
konkret şəkildə iştirakçıların diqqətinə
çatdıraraq, Kosovo ilə Dağlıq Qarabağ
münaqişələri arasında paralellər aparmaq cəhdlərinin
tamamilə əsassız olduğunu vurğulayıb. O, Ermənistanda
yaşayan bütün azərbaycanlıların oradan
qovulduğunu xatırladaraq, müharibənin gedişi
zamanı 1992-ci ildə Ermənistan tərəfindən
Xocalı şəhərində dinc azərbaycanlılara
qarşı soyqırımı törədildiyini bildirib.
"Etimad
quruculuğu münaqişənin həll edilməsində
vasitəçi kimi Almaniya nə edə bilər?
Almaniyanın partiya və təşkilatlarının mövqe
və fəaliyyətləri" adlı podium müzakirəsində
Bundestaqın deputatı Ştefan Libih, Xarici Siyasət Məsələləri
üzrə Alman Cəmiyyətinin (DGAP) mütəxəssisi
Ştefan Mayster, Almaniyanın Azərbaycandakı
keçmiş səfiri Per Stankina və Almaniyanın ATƏT-dəki
keçmiş səfiri Diter Boden söz alıblar.
Tədbirdə
iştirak edən Almaniyanın Azərbaycandakı
keçmiş səfiri Per Stankinanın sözlərinə
görə, Ermənistan özünə sual verməlidir ki,
bugünkü inkişaf templəri ilə Azərbaycan 10 ildən
sonra hansı mövqeyə yiyələnəcək və
iqtisadiyyatında durğunluq hökm sürən Ermənistan
10 il sonra hansı vəziyyətdə olacaq? Onun fikrincə,
münaqişəyə beynəlxalq hüquqi yanaşma tam
şəkildə aydındır və Dağlıq
Qarabağın hansı dövlətə mənsub olması
bu baxımdan hər hansı şübhə doğurmur.
Müzakirələrdə
çıxış edən Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazov gələcəkdə
Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların
birgə şəkildə yaşamalarını mümkün
hesab etdiyini, bu məqsədə nail olmaq üçün
önəmli etimad quruculuğu tədbiri kimi ilk növbədə
Ermənistan tərəfindən işğal edilmiş
torpaqların azad edilməsinin və etnik təmizləmə
siyasətinin qurbanı olmuş yüz minlərlə
insanın ora geriyə dönməsinin vacibliyini
vurğulayıb.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 17 may.-
S. 2.