Azərbaycanın qələbəsi Türkiyənin qələbəsidir

 

Dünya mətbuatı ölkəmizin "Eurovision-2011"dəki qələbəsindən bəhs edir

 

Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı yarışması biz azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. Ona görə ki, budəfəki yarışma Azərbaycanın qələbəsi ilə başa çatdı.

Təbii ki, Eldarla Nigarın timsalında Azərbaycanın bu beynəlxalq yarışdakı uğuru hazırda dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu mətbu orqanlarında mütəmadi işıqlandırılmaqdadır.

"CNN Türk": "Yüksek Sadakat" qrupunun finala keçə bilmədiyi mahnı yarışmasının qalibi 4 favorit arasından seçildi. Həmin qalib isə Azərbaycan oldu. Azəri ifaçı Nigarın səhnəyə Türkiyə bayrağı ilə çıxması isə iki ölkənin birliyini bu möhtəşəm səhnədən dünyaya göstərdi".

"BBC" telekanalı: "Azərbaycan təmsilçiləri Eldar və Nigar 221 xal toplayaraq, Avropanın ən yaxşı mahnısının ifaçıları olublar. 56 illik tarixi olan müsabiqəyə Azərbaycan 2008-ci ildə qoşulub, amma artıq ilk dəfədir ki, bu yarışmanın qalibi olur".

"Euronews" telekanalı: "Almaniyanın Düsseldorf şəhərində keçirilən mahnı müsabiqəsinin qalibi Azərbaycandan olan El və Nikki dueti oldu. Eldar Qasımov və Nigar Camal 221 xal toplayaraq, "Running Scared" mahnısı ilə qələbə çaldılar. Nikki hazırda Londonda yaşayır. O, 2001-ci ildə Bakıda Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" ixtisası üzrə ali təhsilini başa vurub. Eldar isə ötən il beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Cəmi 4 ildir ki, "Eurovision"da iştirak edən Azərbaycanın indiyədək ən böyük uğuru 2009-cu ildə Aysel Teymurzadə - Araş dueti ilə qazandığı 3-cü yer olmuşdu".

"Wall Street Journal": "Qazla zəngin, kiçik ölkə və qonşu Ermənistanla həll olunmamış münaqişəyə cəlb edilmiş Azərbaycan bu günlərdə "Eurovision-2011"dəki qələbədən sonra gələn il müsabiqəyə ev sahibliyi edəcək. Etiraf etməliyəm ki, Azərbaycan mənim favoritlər siyahımda yox idi", - deyə Azərbaycanın qələbəsini şərh edən Klark Universitetinin akademiki, "Eurovision" mövzusunda akademik esse kolleksiyasının redaktoru Robert Dim Tobin bildirir. Onun sözlərinə görə, sözsüz ki, İranla həmsərhəd olan, eyni zamanda, "Eurovision"ın əsasını təşkil edən Avropa idealını təcəssüm etdirən və əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğu ölkədə dünyəvi demokratiyanı görmək maraqlıdır. Məqalədə deyilir ki, Azərbaycan ilk dəfə müsabiqənin qalibi oldu, hərçənd Fransa, İrlandiya və Böyük Britaniya nümayəndələri ilə müqayisədə autsayder görünürdü, ancaq məhz Azərbaycandan olan duet 221 xal yığaraq qalib gəldi. "Televiziya şərhçiləri belə bir ehtimal irəli sürürlər ki, Azərbaycanın qələbəsi çox güman ki, münsiflər heyətinin verdiyi yüksək xalla təmin olunub, çünki ölkə səsvermədə bir o qədər də böyük təcrübəyə malik deyil", - məqalədə bildirilir.

"Milliyet": "Leyli və Məcnun" operasının bəstəkarı, azərbaycanlı müsiqi dahisi Üzeyir bəy Hacıbəylinin məmləkəti üçün bu uğurlar təbiidir". "CNN Türk" telekanalında "Əyrisi - doğrusu" verilişinin prodüseri Taha Akyol "Milliyet"də yazdığı "Yaşa Azərbaycan!" başlıqlı köşəsində Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsindən böyük fəxrlə danışıb. "Mən də bütün qəlbimlə bəyan edirəm ki, Azərbaycanın birinci olması ilə Türkiyə də qalib gəlmiş kimi, şad olub. Azərbaycan mənim ikinci ölkəmdir. Qardaşınız Taha Akyol". T.Akyol daha sonra yazır ki, bu il "Eurovision"da Türkiyəni təmsil edən "Yüksek Sadakat" qrupunun finala vəsiqə qazana bilməməsinə təəssüflənsə də, Azərbaycan təmsilçilərinin zəfəri bu kədəri böyük bir sevincə çevirib: "Eldar Qasımov və Nigar Camalı alqışlayıram. Hələ Nigar Camalın əlinə Türkiyə bayrağını alıb səhnəyə qaçması Çox təsirləndim... Yaşa sevgili Nigar! Onsuz da Türkiyə mübarizəni dayandıranda Eldar və Nigar "biz qardaş Türkiyə üçün də oxuyacağıq" demişdilər. Oxudular və qalib də gəldilər".

"Mirror": "Bu gün Britaniyada çıxan qəzetlərdən bəzilərinin məyusluğunu başa düşmək çətin deyil. Britaniyanın 1997-ci ildən bəri "Eurovision" mahnı yarışında qalib gəlmək cəhdi, necə deyərlər, yenə də gözündə qaldı. Amma britaniyalıların heç olmasa təsəllisi budur ki, yarışın qalibi - Nikki Camal və ya Nigar Camal London sakinləridir. Nigar əri və 2 uşağı ilə Londonun şimalında - Enfilddə yaşayır. O, Bakıda doğulsa da, Birləşmiş Krallıq onun uğurunu öz qələbəsi saya bilər. Bu yarışda Britaniyanı "Blue" qrupu təmsil edirdi. İrlandiya isə ziddiyyətli Cedvard əkizləri ilə təmsil olunmuşdu. Onların tam adı Con və Edvard olsa da, Britaniyanın mahnı yarışı X-Factorda onları belə təqdim ediblər. Beləliklə Eldar Qasımov və Nigar Camal 56 illik tarixi olan "Eurovision"yalnız 2006-cı ildə qoşulmuş Azərbaycanın başını uca etdilər".

"Sabah": "Azərbaycan küçələrə çıxdı. "Eurovision-2011" mahnı yarışmasının qalibi olan bu ölkənin hər yerində toy-bayramdır. İnsanlar gecə-gündüz bilmədən, öz sevinclərini yaşamaqdadırlar. Özü də bu sevinci Azərbaycandakı Türkiyə vətəndaşları ilə birlikdə qeyd edirlər".

"Axşam": "Sağ ol, qonşu" başlıqlı yazıda paytaxt Bakının mərkəzində yerləşən "Azadlıq" meydanında azərbaycanlılarla türklərin birgə təşkil etdikləri şənliklərdən söz açılır: "Azərbaycanlılarla türklər bu böyük uğura birgə şənlənirlər. Hamı bir ağızdan Azərbaycan - Türkiyə qardaşlığının şərəfinə şüarlar səsləndirir, Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərə isə lənət yağdırırdılar. "Eurovision-2011" Türkiyə - Azərbaycan qardaşlığının necə möhkəm olduğunu bütün dünyaya yenidən sübut etdi".

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2011.- 17 may.- S. 3.