Şairlər
Tanrının bir möcüzəsidir
Şahnaz Nəsirova: "Heç
kəs bəxtəvərlikdən şeir yazmır"
Azərbaycanda
istedadlı, sözünü cəsarətlə deməyi
bacaran yazarlarımız, həm də xanım
yazarlarımız az deyil. Onlardan biri də mətbuatda
şeirlərinə tez-tez rast gəldiyim, AYB üzvü, əslən
Sabirabad rayonundan olan Şahnaz Nəsirovadır. İstedadı
və səmimiyyəti ilə seçilən Şahnaz
xanım həmişə sözün böyüklüyünə,
onun qüdrətinə hörmətlə yanaşıb. Bir
sözlə, sözün müqəddəs, ilahi
varlığına inanıb. Şahnaz xanım söhbətə
şair Barat Vüsalın "Biz elə üç-dörd nəfərik"
kəlməsi ilə başladı:
- Bu
kəlmənin içində çox şey görürəm.
Həmin bu üç-dörd nəfəri bir sərkərdə
kimi təsəvvür edirəm. Bu sərkərdə ilə də
böyük bir "ordu" yaratmaq olar. Söhbət sözdən,
əsl yaradıcılıqdan gedir. Yəni söz ordusu, yazar
ordusu... Sıralarımızda yazarlarımız çox
azdır. Bunları dəyərləndirmək lazımdır.
- Şahnaz xanım, siz ədəbiyyata
nə vaxt gəlmisiniz, ilk şeiriniz nə vaxt işıq
üzü görüb?
- Uşaqlıq
illərindən şeir yazıram. Təxminən
üçüncü sinifdə oxuyarkan ədəbiyyata,
poeziyaya böyük həvəsim vardı, günbəgün
ona marağım artırdı. İçimdə məni nəsə
narahat edir, həmişə özünə çəkib
aparardı. Hərdən özüm-özümə
qapılardım. Elə bu həvəslə də, şairlərin
şeirlərini böyük bir intonasiya ilə söyləyərdim.
Müəllimlərim bacarığımı görüb məktəb
və rayon tədbirlərinə məni aparardılar. Hətta
ədəbi festivallarda da iştirak edərdim. Yaxşı
yadımdadır, beşinci sinifdə oxuyurdum. 9 May - Qələbə
günü ilə bağlı rayon festivalına mən də
qatıldım və xalq şairi Səməd Vurğunun
"9 May Qələbə günü" şeirini ifa etdim. İfam
münsiflər heyətinin çox xoşuna gəldiyi
üçün məni mükafatlandırdılar. Onu da qeyd
edim ki, orta məktəbdə təhsil alarkən inşa
yazılarda sərbəst mövzuya üstünlük verərdim.
Düzdür, o illərdə şeirlər yazırdım.
Amma bir şair kimi ədəbiyyata 1996-cı ildən gəlmişəm.
Həmin ildən bu günə kimi dövri mətbuatda
çıxış edirəm. Üç kitabım
işıq üzü görüb, sözlərimə bir
neçə mahnı yazılıb, kliplər çəkilib.
- Bəs, Sabirabadda ədəbi
mühit nə vəziyyətdədir, sizi qane edirmi?
-
Açığını desəm məni qane etmir. Çünki
kifayət qədər yazarımızın olmasına
baxmayaraq, onların arasında nədənsə bir
bağlılıq, körpü yoxdur. Ona görə ki, hərə
öz ömrünü yaşayır. Amma şair ömrü
adi ömrə bənzəmir. Məqsədim odur ki, rayonun
istedadlı yazarlarını bir yerə cəm edək. Onları
xalq istedadsızlarla qarışdırmasın.
İstedadlıları üzə çıxardıb, təbliğatı
ilə məşğul ola bilək. Buna da mənəvi dayaq və
dəstək lazımdır.
- Ədəbiyyata bir "boz
axın" gəlib. O axın ki, duman kimi ətrafı
bürüyüb. Yəqin ki, bu sizin rayondan da yan keçməyib?
Bəs, Şahnaz xanım özünü belə bir mühitdə
görə bilirmi?
- Əlbəttə.
Amma adam bəzən özünə şair deməyə
utanır. Çünki bu ifadə bəzi kəslərin
arasında işlədiləndə onların
baxışlarından hiss edirsən ki, ədəbiyyatımıza
biganədirlər. Bu biganəlik də ədəbiyyatımıza
gələn bulanlıqdan, "boz axın"dan irəli gəlir.
Yəni adamlar bu axına görə istedadlını
istedadsızdan seçə bilmirlər. Bununla da istedadlı
istedadsızın kölgəsində qalır. Yəni
poeziyadan, yaradıcılığından xəbəri
olmadığından səni də o cərgəyə
qatırlar. Axı, belə deyil. İstedadlı gənc
yazarlarımızın tükürpədici şeirləri
var. Sözü içində mum kimi əzib, ondan istədiyi
obrazı yaradan o istedadlı söz sahiblərinə qiymət
verilməlidir. Zamanın xəlbirində qalan yazarları
üzə çıxarmalı və onların təbliği
ilə məşğul olunmalıdır.
- Sizin şeirinizdə belə bir
ifadə yadımda qalıb, "ağlaya-ağlaya
qayıdacaqsan". Bu şeir kimə işarədir?
-
Fikrimi həmin şeirin bir bəndi ilə başlamaq istəyirəm:
Fələyin bizimlə axı qəsdi
nə,
Dedin taleyimi yazıb tərsinə.
Kor olub içindən qalxan
tüstüyə,
Ağlaya-ağlaya qayıdacaqsan.
Amma
bu şeir şəxsi həyatımla bağlı deyil. Təbii
ki, ünvan var. Ünvansız şeir yazılmır. Mən
Allah adamıyam. Elə istedadı da mənə Tanrım
verib. Qabımda nəyim varsa, Rəbbim göndərib. Mən
həmişə ona sitayiş edirəm, ondan güc alıram.
Oturanda da, duranda da, işə gəlib-gedəndə də,
yazanda da Rəbbimə şükür etmişəm. Şairlər
də Tanrının bir möcüzəsidir.
- Sizin şeirlərinizin birində
"bu şəkil mənə bənzəmir" kimi
çox gözəl ifadə də var. Bu ifadə həm də
bir tapıntıdır. Bəs, nəyə görə
Şahnaz xanımın şəkili şairin özünə
bənzəmir?
- Mən
bu şeirlə ömrümü, anımı
yaşamışam. İnsan dünyaya gəlir, ancaq bir
ömür yaşayır, ikinci bir ömür yaşamır
ki. Bir də gözünü açıb, geriyə
boylanıb baxır ki, ömür şam kimi əriyərək
yox olub. Amma bu ömrü necə yaşadı, bu anı necə
dərk etdi, onun varlığına, əhəmiyyətinə
varmayıb.
Mənim
bu şeirimin hər bir sətrində fəlsəfi məna
var. Bax, o şeirdə mən özümü, şair
ömrümü görürəm. Mənim "Bu şəklim
məni tanımadı", "Yandır o şəkli"
bu cür silsilə şeirlərim var. Amma mənim şeirimdəki
şəkil cansız deyil. O şəkil ki, həyatda
özüməm. Şəkillər mənim
ömrümün anları, həyatımın səhifələridir:
Çox asmışam başım
üstdən,
Gözümdəki yaşım
üstdən.
Açarı itmiş
qapıdır,
Qoy sinəmdə daşın
üstə,
İndi vur sındır o şəkli.
- Siz həm də Sabirabad rayon icra
başçısının müavini kimi məsul bir vəzifədə
çalışırsınız. Şairliklə vəzifə
bir-biri ilə yoldaşlıq edib, yol gedə bilirlərmi?
- Hər
ikisini bir cərgədə aparmağa
çalışıram. Amma yaradıcılığımda bir qədər axsamalar olur. O da vaxt məhdudiyyətidir. Bəzən özünə qapılıb
köklənə bilmirsən.
İstər-istəməz diqqətini vacib,
mümkün olan sahəyə ayırırsan.
Ona görə də bəzən məndən şeir qonağım küsüb gedir. Belə yerdə şair Əli Kərimin söz haqqında bir şeiri yada düşür:
Nə zamanlar yazmamışam,
Sözlər qaçıb
dağa-düzə.
Baxımsızlıq olan yerdə,
Söz özü də baxmır
sözə.
- Bir şair kimi Azərbaycanda ədəbi
mühiti görə bilirsinizmi?
- Bu
söz aləmində yaranan ikitirəlik bir şair kimi məni
də narahat edir. Bugünkü daş dünənki
daşın üstünə qoyulmaqla divar yaranır, yəni
bina tikilir. Amma bu gün o söz binamızı tikmək əvəzinə
uçurmağa çalışırlar. Bəlkə də
fərqinə varmadan, dərinə getmədən edirlər
bunu. Bir qrup gənc yazar keçmişini, dünənini bəyənmir.
Hətta çağdaş yazarlarımıza belə daş
atırlar. Müqəddəs və ali kitabımız olan
"Quran" Ulu Yaradan tərəfindən nazil olub. Həmin
kitabda bir dəfə də olsun müəllif öz
adını hallandırmayıb. Yəni mən əvəzinə
"biz göyləri, yeri və kainatı yaratdıq"
deyir. "Biz" sözünü deməklə insanları təkəbbürdən
uzaq olmağa, mənəmlikdən çəkindirməyə
çağırır. Amma bu gün "mən"
azarına tutulanlar bizlərə kölgə salır. Ədəbiyyatımızda
"mən xəstəliyi" aradan götürülməlidir.
- Sizdə "Aran" ədəbi
birliyinin fəaliyyəti nə yerdədir?
-
Açığını desəm, neçə ildir bu birlik
yaranıb. Amma onun fəaliyyəti bu gün gözə
çarpmır. Yəni bir şair kimi məni qane eləmir.
Birliyin 10 ilə yaxındır ki, hər hansı bir tədbiri
keçirilmir. Şərt birlik yaratmaq deyil, o birliyin
ocağına istedadlıları yığmaqdır. Mən
"Aran" ədəbi birliyinin işığında bu
gün yazarları görmürəm.
- Şeirlərinizdəki kədərli
notlardan hiss olunur ki, sizin də həyatınızda nəsə
bir nigarançılıq, uğursuzluq olub. Elədirmi?
-
Heç kəs bəxtəvərlikdən şeir yazmır.
Şairi şair edən içindəki dərddir, bəşəri
kədərdir. O elə bir dərddir ki, onu mən müqəddəs
sayıram. Çox zaman olub ki, özümü bu dünyaya
yük hesab etmişəm. Bəzən cəmiyyətdə
insanlar arasında özümü tənha saymışam.
Üzümü Tanrıya tutub deyirəm:
Ömür sönür an
içində,
Könlüm qızıl qan
içində,
Bu qədər insan içində
Təkəm Allah, təkəm.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 17 may.-
S. 7.