Azərbaycan və
Çexiya sıx əməkdaşlıqda maraqlıdır
Prezident İlham Əliyev: "Tərəflər
arasında yüksək səviyyədə
qarşılıqlı anlaşma mövcuddur"
Çexiya
prezidenti Vatslav Klaus dünən Bakıda rəsmi
görüşlərə başlayıb. Dünən onun rəsmi
qarşılanma mərasimi olub. Prezident İlham Əliyev və
çexiyalı həmkarının təkbətək
görüşləri olub. Görüşdə ikitərəfli
əlaqələrin müxtəlif sahələrdə, o
cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş
nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə davam etdirilib. Prezident İlham Əliyev
səfərin uğurlu olacağına əminliyini bildirib:
"Biz gündəliyimizdə olan müxtəlif mövzular,
ikitərəfli münasibətlərimizə, o cümlədən
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa
aid çox yaxşı müzakirələr apardıq. Əminəm
ki, səfər və onun nəticələri əlaqələrimizi
daha da gücləndirəcəkdir. Biz ölkələrimiz
arasında ikitərəfli münasibətlərə olduqca
böyük əhəmiyyət veririk. Əlaqələrimiz
çox uğurla inkişaf edir. Yüksək səviyyəli
nümayəndə heyətlərinin bir çox səfərləri
həyata keçirilib. Əlbəttə ki, cənab prezidentin
rəsmi səfəri münasibətlərimizin ən vacib məqamıdır.
Əminəm ki, səfər əməkdaşlığımızın
siyasi, iqtisadi, mədəni və enerji sahələrində
olduqca fəal şəkildə inkişafı ilə nəticələnəcəkdir.
Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər
genişdir. Ümid edirik ki, səfər nəticəsində
ölkələrimizin işgüzar dairələri bir yerə
toplaşacaqlar və birgə biznesi aparmaq imkanlarını
araşdıracaqlar. Çox şadam ki, proqramınız
çərçivəsində Siz Azərbaycan
rayonlarının birinə səfər edəcəksiniz. Vacibdir
ki, nəinki, paytaxtla, o cümlədən regional inkişafla
da tanış olasınız. Ümid edirəm ki, sizin
yaxşı təəssüratlarınız olacaq".
Çexiya
prezidenti Vatslav Klaus isə səmimi qəbul üçün
minnətdarlığını bildirib. Onun sözlərinə
görə artıq bütün problemləri həll ediblər:
"Yenidən davam etməyə məncə ehtiyac yoxdur. Bizim
dostluq mühitində keçmiş intensiv və səmərəli
danışıqlarımız olub. Mən sadəcə təkrar
etmək istəyirəm ki, dəvətə görə Sizə
dərin təşəkkürümü bildirirəm. Bu səfərə
artıq uzun müddət idi ki, hazırlaşırdım.
Hesab etdim ki, əgər dünyanın bu bölgəsinə,
bu regiona və bu ölkəyə səfər etməsəm,
onda gündəliyim dolğun olmazdı. Biz o faktı dəyərləndiririk
ki, ölkələrimiz arasında münasibətlər son
bir neçə il ərzində daha da intensivləşir. Bir
sıra siyasətçilərin və iş adamlarının
həyata keçirilmiş səfərləri çox
müsbət haldır. Ümid etmək istəyirəm ki, bu
gün imzalanacaq sənədlər əməkdaşlığımıza
əlavə təkan verəcəkdir.
Prezident
İlham Əliyevin və prezident Vatslav Klausun nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
danışıqları başa çatdıqdan sonra Azərbaycan-Çexiya
sənədlərinin imzalanması mərasimi olub. Daha sonra
prezidentlər mətbuat üçün birgə bəyanatla
çıxış ediblər. Prezident İlham Əliyev
bildirib ki, dövlət başçıları ikitərəfli
gündəlikdə duran mövzular, regional məsələlər,
o cümlədən Avropa İttifaqı ilə Azərbaycan
arasında aid geniş müzakirələr aparıb. Tərəflər
arasında yüksək səviyyədə
qarşılıqlı anlaşma mövcuddur. Ölkələrimiz
arasında siyasi münasibətlər uğurla inkişaf edir:
"Çexiya prezidentinin Azərbaycana rəsmi səfəri
daha da güclənən siyasi dialoqun göstəricisidir və
digər sahələrdə də münasibətlərin
inkişaf etdirilməsi üçün yaxşı imkan
yaradır. İqtisadi əlaqələrin inkişafına hər
iki tərəf böyük maraq göstərir.
Münasibətlərimizin
həmçinin regional ölçüsü də var. Avropa
İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq
da ikitərəfli münasibətlərimizin bir hissəsidir. Biz
Çexiya tərəfinə Avropa İttifaqı-Azərbaycan
tərəfdaşlığına verdiyi dəstəyə
görə olduqca minnətdarıq. Hazırda biz Şərq Tərəfdaşlığı
proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram
nəticəsində Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər daha da sıx olacaqdır. Enerji
əməkdaşlığımız ikitərəfli
gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın
karbohidrogen resursları artıq Çexiya
Respublikasının bazarına çıxarılır. Ümidvarıq
ki, bu əməkdaşlıq növbəti illərdə daha
da artacaqdır. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə
qaz sektorunda da əməkdaşlıq ikitərəfli
münasibətlərimizin bir hissəsi olacaq. Xüsusilə nəzərə
alsaq ki, bu ilin əvvəlində Aİ ilə Azərbaycan
arasında Cənub Qaz Dəhlizi haqqında birgə Bəyannamə
imzalandı. Avropanın enerji təhlükəsizliyi və
Avropa ilə enerji əməkdaşlığı Avropa
İttifaqı-Azərbaycan tərəfdaşlığının
gündəliyində daim duran məsələlərdir". Dövlət
başçısı çex həmkarı ilə həmçinin
regional məsələləri, o cümlədən regional əməkdaşlıq
və təhlükəsizlik məsələlərini
müzakirə etdiklərini söyləyib. Dövlət
başçısı uzun illərdir ki, Azərbaycan əraziləri
işğal altında olduğunu vurğulayıb. Onun sözlərinə
görə, azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti nəticəsində 1 milyon azərbaycanlı
qaçqın vəziyyətinə düşüb və ərazimizin
20 faizi demək olar ki, 20 ildir işğal altındadır. BMT
-nin TŞ-nın qətnamələrində erməni
silahlı qüvvələrinin ərazilərimizdən
qeyd-şərtsiz və dərhal çıxarılması tələb
edilir. TŞ-nın 4 qətnaməsi icra olunmamış
qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa
Şurasının və digər beynəlxalq təşkilatların
qətnamələri eyni tərzdədir və eyni məna
daşıyır. Münaqişə beynəlxalq hüquq
normaları əsasında həll olunmalıdır və Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır. Bundan
sonra regionda sülh bərqərar olunacaq: "Yenə də təkrar
etmək istəyirəm ki, mən cənab prezidentə
danışıqlar prosesi haqda məlumat verdim və
ümidvar olduğumu bildirdim ki, Münaqişə beynəlxalq
hüquq normaları əsasında həllini tapacaq".
Çexiya
prezidenti Vatslav Klaus isə Azərbaycanla münasibətləri
dostluq münasibətləri kimi xarakterizə edib. O səfərinin
məqsədini də açıqlayıb: "Ölkənizə
səfərimlə Azərbaycan və Çexiya xalqlarına
aydın işarə verirəm ki, biz Azərbaycan-Çexiya,
Çexiya-Azərbaycan əlaqələrinin bütün sahələrdə,
o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə
genişləndirilməsində olduqca maraqlıyıq. Bu mənim
3 günlük səfərimin əsas məqsədi və
marağını təşkil edir. Cənab prezident biz bura
açıq ürəklə gəlmişik. Biz bura ölkənizi
daha yaxından tanımaq, anlamaq üçün gəlmişik.
Biz nəinki paytaxt şəhəriniz Bakıda
olmağımızdan, ölkənizin digər bölgələrini
görəcəyimizdən məmnunuq. Biz Azərbaycanın
son illər əldə etdiyi nailiyyətlərdən məlumatlıyıq.
Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz
var və bu münaqişənin həllinə kiçik də
olsa töhfə vermək istərdik. Biz təkcə
Çexiya- Azərbaycan münasibətlərinin
inkişafında maraqlı deyilik. Aİ-nin son Şərq Tərəfdaşlığı
proqramına da xüsusi diqqət yetiririk. Çexiya
Respublikası bu ideyanın ərsəyə gəlməsində
təşəbbüskarlarından biri olub. İki il bundan
öncə Şərq Tərəfdaşlığı
Proqramı ilə bağlı Praqada görüş
keçirildi və biz o zaman orada
görüşmüşdük. Cənab prezident, sizə
söz verdim ki, səfər edəcəm və budur, bu gün
artıq buradayam. Cari ilin sonunda Varşavada keçirilməsi
nəzərdə tutulan Şərq Tərəfdaşlığı
sammitini səmimiyyətlə arzulayırıq. Ümid edirəm
ki, bu tədbir Avropa İttifaqı ilə Azərbaycan arasında
münasibətləri daha da inkişaf etdirəcək. Cənab
prezidentin, sizi əmin edə bilərəm ki. ölkələrimiz
arasında münasibətlərin, o cümlədən Avropa
ilə Azərbaycan arasında olan əlaqələr bizim
marağımızdadır".
Azad Əliyev
Həftə içi.- 2011.- 18 may.-
S. 2.