Daşkəsəndəki
Alban abidəsi XV əsrə
təsadüf edir
Vaqif Rüstəmov: "Yevangel səhnəsi
qədim tariximizin, ulu babalarımızın rəmzidir"
Vətənimiz
qədim tarixi abidələri ilə tanınır. Yəni hər
bir abidəmiz bizim keçmişimizdən, dünənimizdən
və bu günümüzdən xəbər verir. Keçmişimizi
qoruyub saxlamalıyıq ki, gələcəyimizi yaşada bilək.
Ancaq çox təəssüflər olsun ki, indinin
özündə də keçmişimizi özündə əks
etdirən bir çox tarixi abidəmiz baxımsız qalıb.
Onların gələcək taleyi sual altındadır.
Tanınmış
tədqiqatçı, İmişli Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin sabiq direktoru Vaqif Rüstəmov
bizimlə söhbətində bildirdi ki, Ağdərə
rayonundakı Qansazar (Xəzinədağ) məbədi XIII əsrdə
Xaçın knyazı Həsən Cəlali tərəfindən
inşa edilib. Bu məbəd Qafqaz kahinlərinin iqamətgahı
olub: "Onun oxşarı isə Daşkəsən rayonunun Bəyan
kəndindəki Çiqarvəng abidəsidir. Bu abidə XV əsrdə
inşa edilib. Məbəd xüsusi ibadət zalı, mehrab və
zəngxanadan ibarət olmaqla, 3 nefrididi, tağlar və
sütunlarla əhatə olunub. Daxili fəzası uzunsov və
düzbucaqlıdır. Qoşqar çayının sol sahilində
yerləşir. 1990-cı ildə Ermənistandan qovulan
soydaşlarımız Daşkəsən rayonunun Bəyan kəndində
məskunlaşıblar. Həmin kəndlə bağlı
rayon ictimaiyyəti və rayon mədəniyyət
işçiləri tərəfindən Mədəniyyət və
Turizm Nazirliyinə məlumatlar daxil oldu ki, bir qrup adam abidəni
erməni kilsəsi bilib, uçurmaq istəyir. Onda mən
nazirlikdə işləyirdim. Nazirliyin məsul işçisi
kimi Daşkəsənə ezam olundum. Rayonun mədəniyyət
şöbəsinin müdiri Nizami müəllimlə Bəyan
kəndinə yollandıq. Abidəyə hər tərəfdən
baxış keçirdim və həqiqətən də
gördüm ki, Yevangel abidələri bir neçə yerdən
sındırılıb. Alban xalqının simvolu sayılan
bu abidəni o cür görəndə ürək
ağrısı keçirdim. Sonra öz doğma
torpaqlarından qovulmuş soydaşlarımızı bir yerə
toplayıb, onların qarşısında
çıxış etdim. Bildirdim ki, bu erməni kilsəsi
deyil, ulu keçmişimizin yadigarı olan Alban xalqına məxsus,
Azərbaycanda Qansazardan sonra 2-ci böyük abidədir. Biz
tariximizə, keçmişimizə, mədəniyyətimizə
necə hörmət bəsləyiriksə, bu abidəyə də
o dərəcə hörmət bəsləməliyik. Mənim
çıxışımdan sonra orada məskunlaşmış
insanlar iməcilik keçirdilər və hər iki abidə səliqəyə
salındı".
V.Rüstəmov
həmçinin vurğuladı ki, təmizlik işləri
zamanı diqqətini hündürlükdə olan qabarıq
bir daş cəlb edib: "Üstünü uzun müddət
toz-torpaq örtdüyündən daş tanınmaz halda idi. Mən
ağacla həmin daşın üstünü təmizlədim
və heyrətə gəldim. Abidənin girəcəyində,
ön divarda Alban mərmərindən düzəldilmiş 2
metr hündürlüyündə Yevangel səhnəsini
tapdım və özümlə götürdüyüm kalka
vasitəsilə həmin abidədəki Yevangel səhnəsini
götürdüm. Orada çəhrayı Alban mərmərinin
üzərində həkk olunmuş ulu keçmişimizin məhsuldarlıq
və bərəkət rəmzi olan günəş,
sünbül, qoyun surətləri göstərilib. Dərhal
xatirəmdən mərhum alim Rəşid Göyüşovun
və toponim alim, milliyyətcə udin olan Varaşil
Quqasianın belə bir fikirlərini keçirdim ki, Azərbaycan
ərazisində olan Yevangel səhnəsi ulu
babalarımızın, albanların simvoludur. Ermənilərin
bizim bu tariximizə müdaxiləsi dünya
tarixşünaslığında həmişə
gülüş hədəfinə çevrilib və öz
böhtanları, yalanları, iftiraları ilə həmişə
məğlub olublar. Mən bir neçə Yevangel səhnəsinin
əksini götürüb, Bakıya gəldim. Elmi
arayışlarımı hazırladım. Qədim Alban dilini
bilmədiyim üçün abidədəki yazıları
oxuya bilmədim. Ertəsi günü AMEA-nın tarix institutuna
gəlib, Rəşid Göyüşovla
görüşdüm. Əldə etdiyim məlumatları ona
göstərib dedim ki, bunu abidənin içərisindəki
qapı ilə üzbəüz yerdən iki metr
hündürlükdə olan, üstünü toz
basmış divardan tapmışam. Rəşid müəllim
bildirdi ki, Yevangel səhnəsinin yalnız bir nüsxəsi
var, o da Qansazardadır. İkinci nüsxəsi haqqında
yalnız şifahi araşdırmalardan bizə məlum idi.
Bunu tapa bilmirdik, sözsüz ki, mən ora gedəcəyəm.
Şöbəmizin baş elmi işçisi kimi tarixi
arayışımda yazıb bildirdim ki, abidənin təmirə
ehtiyacı var. Bu bizim ən qiymətli, danılmaz bir həqiqətimizdir.
Lakin sonralar bizim idarəmiz Mədəniyyət və Turizm
Nazirliyindən ayrılıb müstəqil şəkildə
Tarixi Abidələrin Mühafizəsi Komitəsi kimi fəaliyyət
göstərdi. Lakin abidə baxımsız qaldı, yəni bərpa
olunmadı və biz də digər elmi işçilərlə
bərabər komitədən uzaqlaşdırıldıq. Onlar bildirdilər ki, bizə tarixçi yox, memar
lazımdır".
V.Rüstəmov
onu da bildirdi ki, "ATV" kanalında başı bəlalı
Çiqarvəng abidəsi haqqında veriliş gedib. Amma uzaq keçmişimizin
yadigarı olan Yevangel səhnəsi bu verilişdə
işıqlandırılmayıb: "Bu da məni çox məyus
etdi. Biz ulu öndərimizin son 40 ildə bəxş etdiyi
intibah mədəniyyətini yaşayırıq. Sözsüz
ki, Qərblə Şərqin məkanına çevrilmiş
Azərbaycan böyük tarixi yol keçib. Bu tarixi yol
bütün dünya dövlətlərini heyrətə gətirib
və onların diqqətini Azərbaycana yönəldib. Heç
bir alternativ şəxs və heç bir alternativ siyasət bu
intibah dövrümüzü tarix səhnəsindən silə
bilməyəcək. Çünki ulu keçmişimizə
söykənən Heydər Əliyev həyatının
bütün mənasını Azərbaycanın müstəqilliyinə
sərf etmiş və gələcək inkişafını
bu müstəqillikdə görmüşdür. Biz qondarma erməni
tarixini, erməni ideologiyasını, erməni millətini
dünya tarixşünaslığından təcrid etdik. Bu
gün bu möhtəşəm abidəni bərpa etməklə,
ulu öndərin dediyi kimi "əzəli
torpaqlarımızı, əzəli mədəniyyətimizi, əzəli
tariximizi qorumuş oluruq". Bu, düşmənlərə ən
tutarlı cavab olardı. Ümidvaram ki, dünya şöhrətli
albanşünas alim Fəridə Məmmədova bu işdə
elmi məsləhətini əsirgəməyəcək".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 18 may.-
S. 7.