Gəncə
şəhərinin siması dəyişir
Qədim paytaxtın memarlıq
quruluşuna yeniliklər ediləcək
Dövlət
başçısının sərəncamı ilə Elmar Vəliyevin
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı təyin olunmasından sonra qədim
paytaxtda bir sıra dəyişikliklərə start verilməsi
barədə qəzetimizdə yazmışdıq.
Xatırladaq ki, sözügedən yeniliklər yenidənqurma,
tikinti-quraşdırma və abadlaşdırma işləri ilə
əlaqədardır.
Məlumat
üçün bildirək ki, bir neçə gün öncə
E.Vəliyevin sərəncamı ilə Gəncənin bu ilin
fevral ayından boş qalan baş memarı vəzifəsi
Allahverdi Əliyevə həvalə edilib. Yeni memar Gəncə
ŞİH-də keçirilən toplantıda
açıqlayıb ki, qədim paytaxtın siması bərbad
günə salınıb və hazırda bu sahədə vəziyyəti
düzəltmək üçün ciddi işlər gedir. Gəncə
ŞİH-dən verilən məlumata görə, görülən
işlərdən biri də Gəncədəki Heydər Əliyev
parkının yenidən qurulması ilə
bağlıdır. Onun yeni layihəsi hazırlanıb və
park müasir parksalma qanunları ilə salınacaq. Parkın
girəcəyində möhtəşəm tağ (arka)
qurulacaq. Tağdan parka qədər olan məsafə 60 metr təşkil
edəcək. Parkda Heydər Əliyev Mərkəzinin
binası da inşa olunacaq. Mərkəzin 3 mərtəbə,
ümumi sahəsi 7500 kvadratmetr olacağı nəzərdə
tutulur. Gəncədə həmçinin, Nizami Mərkəzi
yaradılacaq. Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü
ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
irsini öyrənmək üçün belə bir qurumun
yaradılması qərara alınıb. Yeni yaradılacaq mərkəzdə
70 nəfərin çalışacağı
planlaşdırılır.
Gəncədə bulvar salınacaq
Uzun
zamandır Gəncə Dövlət Filarmoniyasının
binasının bərbad durumu ictimai qınağa səbəb
olmuşdu. Nəhayət, həmin məsələ öz həllini
tapmaq üzrədir. Bunun üçün 26 milyon manat vəsait
ayrılacaq və çoxdan gözlənilən yenidən
qurulma işlərinə tezliklə start veriləcək. Lakin
filarmoniyanın şəhərin hansı hissəsində yerləşməsi
məsələsi hələlik açıq qalır və
bu haqda bütün mülahizə və təkliflər nəzərə
alınacaq. Digər yenilik isə Gəncəçay üzərində
yeni bəndin tikilməsi ilə əlaqədardır. Yeni bənd
Gəncə çay axarının 1 km-lik hissəsində
qurulacaq. Həmin çayın önü kəsilərək
suyun səviyyəsi qaldırılacaq. Bu layihənin
reallaşması şəhərin abadlığı və səliqə-sahmanı
üçün əlverişli imkan yaradacaq. Bu layihənin
davamı kimi Gəncədə bulvarın salınması da
planlaşdırılır. Gəncənin ən mühüm
avtovağzalı olan "Gəncə Avtovağzal" ASC-nin
binası yenidən qurulacaq. Artıq bununla bağlı layihə
hazırlanır. Əvvəllər 160 marşrut avtobusun
gediş-gəlişini həyata keçirən avtovağzal
hazırda 60 marşruta xidmət etməyə çətinlik
çəkir. Səbəb isə avtovağzalın ərazisində
yöndəmsiz və heç bir görkəmə malik olmayan
obyektlərin tikintisi idi. Ona görə də icra
başçısı E.Vəliyevin göstərişi əsasında
yöndəmsiz tikililər sökülür. Gəncə
ŞİH-in Memarlıq İdarəsi avtovağzalın yeni
layihəsini hazırlayır. Yekunlaşdıqdan sonra işlərə
başlanılacaq.
Qaçqın yataqxanaları və
məktəblər təmir olunacaq
Gəncədə
46 orta və 3 əsas məktəb mövcuddur. Bu məktəblərdə
təhsil alan şagirdlərin sayı isə 37670 nəfər
təşkil edir. Ötən il 38 saylı məktəb yenidən
inşa olunub. Amma 2010-cu ildə Gəncə şəhəri
üzrə dövlət proqramı əsasında əsaslı
təmir olunan məktəb olmayıb. E.Vəliyevin göstərişi
ilə isə 7 orta məktəb binası təmir olunacaq və
ya yenidən qurulacaq. Gəncədəki xüsusi
qayğıya ehtiyacı olan şagirdlər üçün
nəzərdə tutulmuş 45 saylı məktəb
sökülərək, yenidən inşa olunacaq. Həmçinin,
Gəncə şəhər 15, 30, 32 və 43 saylı məktəblər
isə əsaslı təmir ediləcək. Gəncə Şəhər
Təhsil İdarəsi üçün yeni bina tikiləcək
və Mərkəzi Stadion təmir olunacaq. Həmçinin,
Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyinin
balansına veriləcək və onun binası yenidən
işlənəcək. Gəncədə 15602 nəfər məcburi
köçkün yaşayır. Onların da 70 faizi 50-dək
irili-xırdalı yataqxanalarda məskunlaşıb.
Hazırda
onların məskunlaşdığı Gəncə Dövlət
Universiteti, Texniki və Humanitar Kollecin yataqxanaları təmir
olunur. Bu il ümumilikdə 10 yataqxana binasının təmir
olunacağı planlaşdırılır. Ötən il də
eyni qədər sayda yataqxanada təmir işləri
görülüb. Mütəmadi şəkildə aparılan
təmir işləri bu dəfə infrastruktur bərpası
ilə davam edir. Oraya əsasən sanitar qovşaqlar - su və
kanalizasiya xətti, binaların dam örtüyü, eləcə
də ümumi istifadə yerləri (hamam, mətbəx və
s.) və s. aiddir. Yaxın vaxtlarda bu sıraya Gəncə Tibb
Kollecinin məcburi köçkünlər məskunlaşmış
yataqxanaları da əlavə ediləcək. Təmir işləri
Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
elan edilmiş tenderin qalibi olan tikinti-bərpa qurumları tərəfindən
aparılır.
Təbriz Vəfalı
Həftə içi.- 2011.- 19 may.-
S. 8.