"Bəzən
gəlir gətirən sifarişlərdən imtina
etmişəm"
Mir Teymur Məmmədov: "Rəssamlıq
bu gün ağır dövrünü yaşayır"
"Mənim
üçün ağ kağız, gil, metal, fırça,
boya, kətan parça çox müqəddəsdir. Çünki
onlara can verirəm, dünyaya gətirirəm, mən
doğuram onları".
Bu
sözlərin müəllifi Azərbaycan Rəssamlar
İttifaqının və Karikaturaçı Rəssamlar
Birliyinin üzvü, Gürcüstan Rəssamlar
İttifaqının fəxri üzvü, İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğunın baş rəssamı
Mir Teymur Məmmədovdur. Onu birgünlük çox sevdiyi kətan
parça, boya və fırçadan ayırıb evində
qonaq olduq.
- Mükəmməl rəssam olmaq
üçün müəllimə ehtiyac var?
- Mütləq
müəllimə ehtiyac var. Tarixi təcrübə göstərir
ki, yaxşı rəssamların yaxşı da müəllimləri
olub. Müəllimdən də çox şey
asılıdır. Çünki hər rəssam müəllim
ola bilməz. Yaxşı müəllim və yaxşı rəssam
eyni şey deyil. Elə rəssamlar var ki, onlar çox
istedadlı insanlardır. Lakin müəllimlik
bacarıqları yoxdur. Öz bildiklərini şagirdlərinə
çox mürəkkəb formada çatdırırlar. Və
şagird müəllimi başa düşmür. Nəticədə
onun öz gücünə inamı azalır və
sınır. Mən cavan rəssamlar tanıyıram ki, onlar
çox istedadlı bir rəssamın şagirdidir. Ancaq müəllimi
qədər gözəl çəkə bilmir. Çünki
onun müəllimi əsl rəssamdır, müəllim deyil.
- Sifarişləriniz daha çox
qazandırır, yoxsa Azərbaycan Rəssamlar İttifaqı?
- Təbii
ki, sifarişlər. Məni tanıyanlar çoxdur və
çəkdiyim əsərlərə hər kəs bələddir.
Onun üçün yanıma gələnlər, sifariş
verənlər daha çoxdur.
- Aldığınız
sifarişlər arasında çəkməkdən imtina
etdiyiniz şəkil olubmu?
- Bəli.
Hətta olub ki, yaxşı gəlir gətirəcək
sifarişdən də imtina etmişəm. Çox vaxt qəbir
daşı üzərində şəkil çəkməyi
sifariş edirlər. Belə sifarişləri qəbul etmirəm.
Mən kiminsə göz yaşları üstündə pul
qazana bilmərəm. Bir dəfə Rusiyadakı yerli
restoranlardan birinin sahibi öz restoranları üçün
Bakının mənzərələrindən ibarət
boşqablar və Qız qalasından külqabı
hazırlamağı təklif etmişdi. Mən belə təklifi
qəbul edə bilmərəm. Əlim gəlməz Qız
qalasından külqabı hazırlayım. Bu, sənətimə,
özümə, ən əsası da Qız qalasına hörmətsizlik
olardı.
- Sizcə indi Azərbaycan rəssamlığı
hansı dövrünü yaşayır?
- Rəssamlıq
indi çox çətin dövrünü yaşayır. Hazırda
qloballaşma gedir və bu dalğanın qabağında
çox adam dayana bilmir. Rəssamların əksəriyyəti
indi cürbəcür avanqard axının dalınca gedir.
Onların əlinə kətan, akrıl, bir də
yağlı boya ver. Kətanın üstünə
üç rəng vurub, sonra da ayaqları ilə boyanın
üstündən keçəcək. Bu da olacaq "rəsm əsəri".
Bu "rəssamlara" nə müəllim lazımdı, nə
məktəb. Belələri əlini, özünü, beynini
itirib. Bu rəssamlar ancaq bazar üçün işləyirlər.
Çünki indi tələbat belə "əsərlərədir".
Səbəb odur ki, indi nə məktəb, nə də fəlsəfə
var.
Elə
şəkillərim var ki, onun üstündə 5 illərlə
işləmişəm. O əsərin üstünə can
qoyuram, tər tökürəm. Rəssamlıq Allahdan verilən
vergidir. Öz üzərində işləyib onu mükəmməlləşdirə
də bilərsən, bazar üçün işləyib
özünü şikəst etməklə yanaşı həm
də zövqləri korlaya bilərsən. Tarixə fikir verək,
Şişkin çox gözəl və olduqca mükəmməl
bir rəssam idi. O istər ağ-qara, istərsə də sulu
boya ilə ağacın porterini elə yaradırdı ki, sanki
ağac danışır. O, çox böyük zəhmət
qoyurdu bu ağacların üstünə. Ancaq nə qədər
təəccüblü olsa da Şişkin insan, heyvan şəkli
çəkə bilmirdi. Ayvazovskinin
yaradıcılığına da nəzər salaq. Bəlkə
də 100 ilin içində onun istedadına çatan 10-15 rəssam
olar, ya olmaz. Ancaq Ayvazovski də insan şəkli çəkə
bilmirdi. Alınmırdı onda. Bu o demək deyil ki, pis rəssamdı.
Sadəcə, öz yolunu gedirdi. Ona görə də qələbə
qazanırdı.
Soltan
Məhəmmədin yaradıcılığına baxaq. O da
çox gözəl müniatür rəssam və "Təbriz"
məktəbinin banisi olub. Bundan başqa həm də gözəl
xalça eskizləri verib. Məsələn, elə Mondelston
rəssamlıqdan əlavə, həm də gözəl
şeirlər yazırdı. Leonardo da Vinçi də rəssamlıqla
yanaşı, həm də mühəndis idi. Hətta, Sultan Səlimə
məktubla Osmanlı ərazisində körpü tikmək
iqtidarında olduğunu da yazmışdı. Mikelancelo da
olduqca gözəl bir rəssam və heykəltəraş
olub. O, həm də çox gözəl sonet yazırdı. Bunlar unikal insanlar olub. Ancaq indi bu cür rəssam demək olar ki, yoxdur. Düzdü, rəssamlıqla
yanaşı heykəltəraşlıqla
və bu kimi digər işlərlə məşğul
olan insanlar az deyil.
Ancaq gəlin baxaq görək nə səviyyədə. Ona görə
də hər kəs öz işi ilə məşğul olsa rəssamlığa da münasibət yaxşı
olar. Belə olan halda nə rəssamlıq gözdən düşər,
nə də insanların zövqü korlanar.
- Kifayət qədər məşhur
rəssam, 1500-ə yaxın elmi - publisistik məqalənin
müəllifisiniz. Hər iki sahədə təcrübəniz
var. Sizin üçün "Mənim İçərişəhərim"
adlı sərgini yaratmaq yoxsa "Mənim İçərişəhərim"
adlı kitabı yazmaq çətin oldu?
-
Yazılarıma da rəssam kimi yanaşmışam. Yəni,
rəsm əsərlərimdə olduğu kimi məqalələrimin
də sütunu var. Bu kitabı yazmaq üçün səbəb
var idi. Çəkdiyim rəsm əsərləri, İçərişəhərlə
bağlı xatirələrim, yaşlılardan eşitdiyim
maraqlı əhvalatlar, keçmiş adət-ənənələr
"Mənim İçərişəhərim" adlı
kitabın yaranmasına səbəb oldu. Mənim
üçün ağ kağız, gil, metal, fırça,
boya, kətan parça çox müqəddəsdir. Çünki
mən onlara can verirəm, onları mən dünyaya gətirirəm,
mən doğuram onları. Yaratdıqlarımın eybəcər
və ya çirkin olacağının məsuliyyətini də
özüm daşıyıram. İnsan yüksək nailiyyət
əldə etmək istəyirsə təkcə əlini deyil,
həm də beynini işə salmalıdır. Mənim həm
rəsm əsərlərim, həm də məqalələrim
əlimlə beynimin birgə məhsuludur.
- Roma papası X İnnokenti Diyeqo
Velaskesə portretini çəkməyi sifariş edir. Sonra
papa portreti bəyənmir. Çünki Velaskes onu digər rəssamlar
kimi gülərüz yox, həyatda olduğu kimi qəddar və
zalım təsvir etmişdi. Sizcə, Azərbaycan rəssamları
portreti olduğu kimi çəkir, yoxsa sifarişçinin
görmək istədiyi kimi?
-
Velaskes əslində Roma papasının üzünü deyil,
həm də onun daxilini çəkmişdi. Bunu bacarmaq
lazımdır. Yaxşı rəssam həm də
yaxşı psixoloq olmalıdır. Əgər o, psixoloq deyilsə
portret yarada bilməz. Çünki rəssam insanın
üzünə yox, gözlərinə baxmalı və
gözləri vasitəsilə daxilinə nüfuz edib onun
"içalatını" üzə
çıxarmalıdır. Leonardo da Vinçinin
"Cakonda" əsərinə baxanda hiss edirik ki, biz
böyük bir sirrin qabağında dayanmışıq. Amma
o sirrin nədən ibarət olduğunu hələ də
heç kəs bilmir. Çünki Leonardo o sirri gizlədib.
Azərbaycanda
isə rəssamlıq da bir bazara dönüb. Bu bazarın da
öz qiyməti və qanunları var. Əgər hansısa rəssam
o bazara girirsə rəssamlıqdan, adamlıqdan
çıxır, sifətini itirir. İndi müştərilər
sifariş verəndə rəsmin gözəlliyini deyil,
tablonun ölçülərini tapşırırlar. Rəssam
da məcbur olub onun sifarişini yerinə yetirir. Başa
düşürəm ki, hamı evinə bir tikə
çörək aparmaq üçün
çalışır. Ancaq rəssama müdaxilə etmək
olmaz. Bu sənətdir axı. Buna dırnaqarası yanaşmaq
olmaz.
- İndi İçərişəhərdə
bakılılardan çox əcnəbilər yaşayır.
Siz təxəyyülünüzdə
canlandırdığınız Bakını, yoxsa çinli,
ingilisli Bakını çəkərdiniz?
- Təbii
ki, öz daxilimdə canlandırdığım, görmək
istədiyim Bakını. Ancaq bu o demək deyil ki, mən əcnəbilərin
Bakıya gəlməsinə qarşıyam. Yox, qətiyyən.
Qoy daha çox əcnəbi gəlsin, ancaq turist kimi. Onları
ölkəmizə çəkən isə təkcə neft
deyil, rəsm əsərlərimiz, incəsənətimiz, ədəbiyyatımız,
muğamımız olsun. Görürsünüzmü, xaricdə
Tahir Əmiraslanovun, Alim Qasımovun adı gələn kimi hər
kəsin ağlına Azərbaycan gəlir. Çünki onlar
ölkənin layiqli təmsilçiləridir. Belə insanlar
çoxdur və bundan da çox olmalıdır. Azərbaycan
deyəndə ağıllara ilk öncə nöyüt deyil,
Xəzərin qoynunda məskən salmış nöyüt
qoxulu küləklər şəhəri Bakı, təbiətimiz,
dağlarımız, meşələrimiz gəlsin.
- Şəhərimizdə
küçə musiqiçiləri ilbəil artır. Amma
heç küçə rəssamı yoxdur. Səbəb nədir?
- Bu,
mentalitetlə bağlı olan bir məsələdir. Avropa
ölkələrində küçədə kiminsə yerə
uzanıb şəkil çəkdirməsi normal haldır. Ancaq
Bakıda bu mümkün deyil. Küçə rəssamlığına
gəlincə isə bunu tədris edən xüsusi məktəblər
var. Rəssamlığın bu növü sizə asan
görünməsin. Hər rəssam küçədə
şəkil çəkə bilməz. Burda psixoloji və
fizioloji faktorlar əsas rol oynayır. Kiminsə söz
atması və yaxud maşın səsləri sənin fikrini
yayındırmamalıdır. Bütün diqqətini ancaq rəsmə
kökləməlisən. Bu da olduqca çətindir. Bundan əlavə,
küçə rəssamı sürətli olmalı, az zaman
ərzində gözəl rəsm çəkməyi
bacarmalıdır. Və ən əsası rəssamın
küçəyə çıxması üçün
şəraitin çox ağır olması lazımdır. Rəssam
üçün küçədə işləmək
arzuedilən deyil. Buna baxmayaraq, camaat içində işləməyi
sevən rəssamlar da var. Ancaq əsl rəssam kimi
formalaşmaq üçün emalatxana mütləqdir.
Emalatxana rəssamın öz-özü ilə söhbəti,
kətan parça ilə təkbaşına qalması deməkdir.
Üçüncü şəxs artıqdır.
- Ərəb diktatorları
devrildikdən sonra heykəlləri də
aşırıldı. Sizcə, kütlələrin diktatora
olan qəzəbi bir heykəltəraşın
yaratdığından çıxması
düzgündürmü?
-
İllər boyu diktatorların həm özlərinə, həm
də heykəllərinə qarşı münasibət mənfi
olub. Bu təbii prosesdir. Bəzi ölkələrdə
keçmiş liderlərin heykəlləri məhv olunsa da,
bir başqalarında artıq qeyri-aktual sayılan bu cür
abidələr üçün xüsusi parklar ayrılıb.
Bu cür əsərlər tarixin bir parçası olduğu
üçün mən də onların xüsusi parkda
saxlanılmasının tərəfdarıyam. Kirovun, XI
Qızıl Ordunun, Brejnevin, Andropovun, Leninin, Stalinin və
başqalarının heykəllərindən qapı-pəncərələr
üçün bürünc cəftə düzəldilməsində
istifadə olunmasını doğru saymıram. Əsl sənətkarların
böyük əmək sərf etdiyi əsərlər gələcək
nəsillər üçün xüsusi yerlərdə qorunub
saxlanılmalıdır. Hitlerin, Pol Potun büstlərinin
saxlandığı qapalı yerlər kimi ərazilərin
ayrılması da mümkündür. Əgər Neronun
büstü bu günümüzə qədər
saxlanılmasaydı, biz bu tiranın portreti barədə
hansısa təsəvvürlərə malik ola bilərdikmi? Onun
üzü tarix, psixologiya, arxeologiya və başqa elmlər
üçün də əhəmiyyət kəsb edir. Eyni
sözü mənfi və ya müsbət olmasından
asılı olmayaraq, bütün tarixi şəxsiyyətlər
haqqında demək olar.
Nigar Tağısoy
Həftə içi.- 2011.- 4 may.-
S. 7.