"Müharibə
olarsa, Türkiyə Azərbaycanı tək buraxmayacaq"
Türkiyənin Uludağ
Universitetinin beynəlxalq münasibətlər üzrə
professoru Tayyar Arının "Həftə içi"nə
eksklüziv müsahibəsi
Son
zamanlar Qarabağ probleminin həlli, bölgədə
müharibə ehtimalının artması istiqamətində
çox fikirlər səsləndirilir.
Hətta rəsmi səviyyələrdə də
bu ehtimallara ciddi eyham vurulur. Lakin bəzi ekspertlər ərəb
dünyasında baş verənlərin Qarabağ məsələsini
ikinci plana keçirdiyini söyləyirlər. Bundan əlavə,
bölgədə maraqlı olan qüvvələrin, o cümlədən
Türkiyə, İran və Minsk Qrupu həmsədrlərinin
yürütdükləri siyasətlər də ciddi
müzakirələrə yol açıb. Bütün bu məsələlərlə
bağlı suallarımızı "Həftə
içi"nə eksklüziv müsahibəsində beynəlxalq
münasibətlər üzrə ekspert, Türkiyənin
Uludağ Universitetinin professoru Tayyar Arı cavablandırır:
-
Türkiyə daha öncə dəfələrlə təkrarladığı
kimi Cənubi Qafqazın inkişafı, sülh və
sabitliyinin təmininə böyük önəm verir. Bu məqsədlə
Ermənistanın da oxşar addımlar atacağını
düşünərək 2009-cu ildə münasibətlərin
normallaşdırılması prosesinə başladı. Lakin
erməni tərəfinin özəlliklə işğal
altındakı Azərbaycan torpaqlarını boşaltmaq niyyətində
olmadığı anlaşılınca bu proses gözləmə
mövqeyi ilə əvəzləndi. Türkiyənin Ermənistanla
münasibətlərinin normallaşdırılmasının
İrəvanın işğal siyasətinə bağlı
olduğunu baş nazir Rəcəb Tayyib Ərdoğan 2009-cu
ilin mayında Azərbaycanın Milli Məclisindəki
çıxışında, həmçinin iyun ayında
AKP-nin qrup toplantısında da bəyan edib. Baş nazirimiz bu
istiqamətdəki bəyanatlarını daha sonralar da dəfələrlə
təkrarlayıb. Ermənistan ilə Türkiyə
arasındakı münasibətlərin
normallaşmasının ən önəmli şərti
dünən olduğu kimi, bu gün də İrəvanın
Qarabağ siyasətində uzlaşmaz mövqeyindən geri
çəkilməsi və işğal altındakı
torpaqlardan çıxmasıdır. Türkiyə ATƏT-in
Minsk Qrupunu da bu istiqamətdə fəaliyyətini
artırmağa təşviq edir. Lakin maraqlı dövlətlərin
müxtəlif səbəblər üzündən Ermənistanla
bağlı fərqli siyasət yürütmələri bu
münaqişənin həllinin axtarıb tapılmasına
yardım imkanlarını çətinləşdirir.
-
Danışıqlar artıq uzun müddətdir ki, davam edir.
Lakin hələ də konkret bir nəticə yoxdur. Bu səbəbdən
Dağlıq Qarabağda yenidən müharibənin
başlaması ehtimalı nə qədərdir?
- Məlumdur
ki, Azərbaycanın siyasəti ilk olaraq münaqişənin
dinc yolla və diplomatik vasitələrlə həllinə tərəfdardır.
Ancaq istər prezident İlham Əliyev, istərsə də
xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə
azərbaycanlıların səbrinin tükənməz
olmadığını söyləyiblər. Həmçinin,
Azərbaycan artıq 10 il əvvəlki Azərbaycan da deyil.
100 min nəfərlik əsgəri gücü və 90 milyard
dollara yaxın milli gəlirləriylə iqtisadi və hərbi
baxımdan Qafqazın ən güclü dövlətinə
çevrilib.
- Hazırda danışıqlar
prosesində dominantlıq Rusiyanın əlindədir.
Müharibə olacağı təqdirdə, Rusiya hansı
mövqeyi sərgiləyəcək?
-
Müharibə olacağı təqdirdə bunun
ildırımsürətli hərbi əməliyyatlar
olması və Azərbaycanın çox qısa zamanda
işğal altındakı torpaqlarını geri qaytarması
lazımdır. Bu Azərbaycanın beynəlxalq hüquqdan
qaynaqlanan haqqı olduğu üçün kənar təpkilər
müəyyən sərhəddə olacaq. Bu gün
Rusiyanın Ermənistanda hərbi bazaları var. Bu müharibə
baş verəcəyi təqdirdə onun savaşa qoşulmaq
ehtimalının olduğu deməkdir. Lakin Moskvanın hərbi
əməliyyatların başlanğıcında bu
addımı atacağını düşünmürəm. Əslində,
Rusiya bu münaqişənin hansısa yolla həllinə
çalışır. Digər tərəfdən isə, Ermənistan
üzərindəki hərbi mövcudluğunu itirmək istəmir.
Rusiyanın müharibəyə qoşulması özəlliklə
Azərbaycana qarşı hücumlar etməsi münaqişəyə
Türkiyənin və NATO-nun da qoşulması anlamına gəldiyindən
Moskvanın belə bir riskə əl atması ehtimalı
azdır. Həmçinin, Qarabağdakı məsələ
Gürcüstandakı vəziyyətdən çox fərqlidir.
Ayrıca, Rusiyanın Türkiyə və Azərbaycanla da
münasibətlərini təhlükəyə atmaq istəmədiyi
görünür.
- Hamı münaqişənin hərbi
yolla həllinin olmadığını söyləyir. Lakin bu ehtimal Bakı tərəfindən heç vaxt
istisna olunmayıb. Bu halda bölgədə maraqlı olan
Türkiyə, İran, ABŞ və Avropa Birliyinin hansı
addımları atacağına dair nə deyə bilərsiniz?
-
Türkiyənin bu vaxta qədər verdiyi bəyanatlardan da
görünür ki, Ankara ilk öncə münaqişənin
dinc yolla həllinə tərəfdardır. Ancaq müharibə
baş verəcəyi təqdirdə, heç bir şübhə
olmadan Azərbaycana hərtərəfli dəstək verəcək.
Ayrıca, tərəflər arasında 2010-cu il avqustun 16-da
imzalanan strateji tərəfdaşlıq və
qarşılıqlı yardım anlaşmasının ikinci
maddəsi də tərəflərin hər hansı birinə
hücum olacağı təqdirdə, digər tərəfin
istənilən vasitəylə yardıma gəlməsini nəzərdə
tutur. Müharibə başlayacağı təqdirdə
İranın Türkiyə ilə münasibətlərini riskə
ataraq Azərbaycana qarşı hansısa mövqe
nümayiş etdirməyəcəyi qənaətindəyəm.
Özəlliklə daxildə həssas bir durumun
yaşandığı İran hakimiyyəti ölkə əhalisinin
dörddə birini təşkil edən azərbaycanlıları
qarşısına almağa risk etməyəcək. Həmçinin,
1992-ci ildən fərqli olaraq İran-Rusiya münasibətləri
də çox parlaq sayılmamalıdır. ABŞ və
Avropa ölkələri isə BMT çərçivəsində
hərəkət edərək təcili şəkildə BMT
Təhlükəsizlik Şurasının toplanmasını,
bu çərçivədə dərhal atəşkəs
elan edilməsinə çalışacaq. Əgər
Dağlıq Qarabağdakı müharibə həmin ərəfədə
Türkiyə və Rusiyanın qatılmadığı
böyük savaşa çevrilməyibsə, hərbi əməliyyatlar
BMT-nin atəşkəs qərarını verməsiylə
sona çatacaq.
- Rusiyanın münaqişənin
həllində son illərdə dominantlıq etdiyini
demişdik. Moskvanın bu prosesdə oynadığı rolu necə
görürsünüz?
-
Yuxarıda qeyd etdiyim kimi, Rusiya Ermənistandakı hərbi
mövcudluğunu üstünlük kimi görür və
bundan bacardıqca yararlanmağa çalışır. Bundan əlavə,
Dağlıq Qarabağ münaqişəsinin
mövcudluğu, onun hələ də davam etməsi Rusiyaya həm
Azərbaycan, həm də Ermənistan hökuməti üzərində
təsirli olmasına, mövqeyini hər iki ölkəyə
qarşı alver kimi istifadə etməsinə şərait
yaradır. Digər tərəfdən isə bölgədə
yaşanacaq hansısa hərbi toqquşmalar bütün
qüvvələr balansını alt-üst edəcək. Bu səbəbdən
Rusiyanın hazırkı mövcud opportunist siyasətini davam
etdirməsi olduqca risklidir.
- Türkiyənin Avropaya
inteqrasiyasında başlıca maneələrdən biri kimi məhz
Ermənistan amili göstərilir. Lakin İrəvanla
münasibətlərin Azərbaycanda heç də xoş qarşılanmadığı
məlumdur. Belə olan təqdirdə, Türkiyənin xarici
siyasətində Azərbaycan və Ermənistanın yeri barədə
nə fikirləşirsiniz?
-
Türkiyə və Azərbaycan arasında özəlliklə
Ermənistan ilə başladılan açılım və
normallaşma prosesinə görə qarşılıqlı
etimadda problemlər yaşansa da, bu problem artıq arxada
qalıb. Tərəflər
arasında hazırda keçmişdəkindən daha
güclü yaxınlaşma başlayıb. Türkiyə
üçün Azərbaycan nə qədər önəmli
və əvəzsizsə, Azərbaycan üçün
Türkiyə də o dərəcədə əhəmiyyətli
və önəmlidir. Azərbaycanın təhlükəsizliyinin
təmini Türkiyənin xarici siyasətində başlıca
hədəflərdən biridir. Bu sonrakı dövrlərdə
də dəyişməz olaraq qalacaq.
- Bir çoxları Türkiyədəki
seçkilərdən sonra Ermənistanla yenidən
normallaşma prosesinə qayıdılacağını
söyləyir, parlament seçkilərindən sonra Türkiyənin
Qafqaz siyasətində hansı dəyişikliklərin
olacağı gözlənilir.
-
Seçkilərdən sonra Ankaranın İrəvanla
bağlı siyasətində hansısa ciddi dəyişikliklərin
olacağını gözləmirəm. Türkiyə Azərbaycanın əleyhinə
hansısa addımlar atmayacaq. Problemin həlli ilə
bağlı variantlar axtarılacaqsa, əslində mütləq
Bakı və Ankara arasında koordinasiya olacaq.
- Hazırda bütün
dünyanın diqqəti məhz ərəb ölkələrində
baş verən olaylara yönəlib. Bu olayların bölgəmizdə
təkrarlanma ehtimalı varmı?
- Ərəb
ölkələrindəki dəyişikliklərdən hər
bir ölkə dərs çıxartmalıdır. Hətta demokratik ölkələr
belə öz demokratiyalarını yenidən qaydaya
salmalı, xalqın tələblərinə mütləq
cavab verməlidir. Ancaq bu bizim bölgəmizdə belə
miqyasda xalq üsyanlarının olacağı anlamına gəlməməlidir.
Demokratik yolların açıq olduğu və daima
seçkilərin keçirildiyi ölkələrlə
demokratiyanın heç olmadığı on illərlə
avtoritar rejimlərin idarə etdiyi dövlətləri bir-birinə
qarışdırmaq düz deyil. Lakin yenə də bu baş
verənlərdən dərs götürərək
özümüz də demokratiyamızı daha da inkişaf
etdirməli, qaydaya salmalıyıq.
Azad Əliyev
Həftə içi.- 2011.- 20 may.-
S. 1, 3.