"Yaxşıların yaxşısı" işimizə verilən yüksək qiymətdir

 

Namiq Hümbətov: "Bu mükafat mənim ən ali mükafatlarım sırasında olacaq"

 

Bu il mayın 2-də "Həftə içi" qəzetinin təsis etdiyi "Yaxşıların yaxşısı" mükafatları sahiblərinə təqdim olundu. Bu mükafata layiq görülənlər arasında Azərbaycanda tikinti və inşaat sahəsində böyük təcrübəyə malik "NN Group" da vardı. Mükafat təqdimat mərasimində şirkətin prezidenti Hacı Namiq Hümbətova təqdim olundu.

"Həftə içi" qəzeti olaraq bu mükafata layiq görülənlərlə bağlı qəzetimizdə silsilə yazılar təqdim edirik. "Yaxşıların yaxşısı" rubrikamızın budəfəki qonağı da məhz "NN Group"un prezidenti Hacı Namiq Hümbətovdur. N.Hümbətov bizimlə söhbətə rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə danışmaqla başladı:

- İlkin olaraq qeyd edim ki, "NN Group" 2008-ci ildə yaranıb və ötən 4 il içərisində istər hündür mərtəbəli mənzillərin tikintisi sahəsində, istərsə də dövlət layihələrində yaxından iştirak edib. Ötən zaman içərisində əsasən Dövlət Neft Şirkətinin layihələrində, eyni zamanda "Azəriqaz" QSC-nin fəaliyyət göstərdiyi vaxtlarda cəmiyyətin tikinti layihələrində iştirak etmişik. Hazırda da bu yöndə fəaliyyətimiz davam edir.

- Namiq müəllim, "Yaxşıların yaxşısı" mükafatına layiq görüldüyünüzü biləndə hansı hissləri keçirdiniz?

- İlkin olaraq onu qeyd edim ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, tikinti və inşaat sahəsində də yeni-yeni şirkətlərin yaradılmasına və fəaliyyətinə hər hansı bir maneə yoxdur. Elə bunun nəticəsidir ki, paytaxt Bakımızda, eyni zamanda da bölgələrdə sürətli tikinti və quruculuq işləri aparılır. Bu tikinti sahələrinə diqqət yetirsəniz yüzlərlə adda şirkət və müəssisə görərsiniz. Onların hamısı elə özəl sektorun təmsilçiləridirlər. Təbii ki, bu şirkətlərin hər biri potensial vergi ödəyiciləridirlər. Bir iş adamı olaraq Azərbaycanda iqtisadi-siyasi və sosial sabitliyin yaradılmasında böyük xidmətləri olan, Azərbaycanı dünyaya tanıtdıran ulu öndərimizin əməyini burda səsləndirməmək olmaz. Bu gün onun siyasətini möhtərəm prezidentimiz İlham Əliyev cənabları davam etdirir. Cənab prezidentin uğurlu siyasəti və qayğısı biz iş adamlarına daha da ürəklə fəaliyyət göstərməyimiz üçün zəmin yaradır. Təbii ki, bütün bunları nəzərə aldıqda hər bir şirkət gördüyü işə qiymət verilməsini və vətəndaş cəmiyyətləri tərəfindən dəyərləndirilməsini istəyər. "Həftə içi" qəzetinin rəhbərlik etdiyim "NN Group"u "Yaxşıların yaxşısı" mükafatına layiq görməsini də yuxarıda qeyd etdiyim işlərin görülməsinə verilən bir dəyər kimi qiymətləndirirəm. Ona görə də mən bu mükafata bizi layiq bilənlərə öz minnətdarlığımı çatdırıram. Əmin ola bilərsiniz ki, mənə təqdim olunan mükafat iş otağımdan dəyərli hədiyyələr sırasında özünə yer alacaq.

- Bir çoxları hesab edirlər ki, belə mükafatlar iş adamlarını və digər kateqoriyaya aid şəxsləri müəyyən qədər arxayınlaşdırır. Sizin bu cür yanaşmaya münasibətiniz necədir?

- Mən belə düşünən insanlara bir qədər heyrət edirəm. Əksinə, görülən işə və əməyə qiymət veriləndə, o insanlar daha da məsuliyyətli, daha da güclü işləmək məsuliyyətini daşıdıqlarının fərqinə varırlar. Yəni biz "NN Group" olaraq dünənkindən daha da artıq işləmək məsuliyyətini üzərimizə götürdük. Ona görə də mən belə yanaşmaları doğru hesab etmirəm. Əksinə, həm dövlətimizin daha da çiçəklənməsi, eyni zamanda da şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin abadlaşması və gözəlləşməsi üçün yeni-yeni infrastrukturların yaradılmasını, tikilməsini vacib hesab edirəm.

- Mükafatlandırma mərasimi necə, ürəyinizcə oldumu?

- Açığı deyim bu mükafatın verilməsi mərasimində ilk dəfə iştirak etdiyimdən müəyyən qədər həyəcanım vardı. Təbii ki, həyəcan olan yerdə də mərasimin keçirilməsinə bir o qədər diqqət edə bilmirsən. Amma mən səmimi deyirəm, (gülür) prosesləri axıracan hər hansı bir stress olmadan rahat şəkildə izləyə bildim. Başda "Həftə içi" qəzetinin baş redaktoru Sevinc xanım Seyidova olmaqla, qəzetinizin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm ki, belə bir mərasim təşkil edə bilmisiniz. Orda ölkəmizin siyasi səhnəsində olan bir sıra şəxsləri gördüm ki, onların da əməyinə belə yüksək qiymət verilməsi, onların mükafatlandırılması böyük hadisə idi.

- Son olaraq bir məsələyə münasibət bildirməyinizi istərdim. Azərbaycan "Eurovision" yarışmasında birinci yeri tutdu və gələn il bu ali Avropa yarışı ölkəmizdə keçiriləcək. Siz Azərbaycanın ev sahibliyini necə dəyərləndirirsiniz?

- Mən də hər bir Azərbaycan vətəndaşı kimi bu mükafatı xalqımıza bəxş edən Eldar Qasımovu və Nigar Camalı təbrik edirəm. Əminəm ki, hər bir sahədə olduğu kimi, mədəniyyət, incəsənət və musiqi sahəsində də belə uğurlar durmadan artacaq və hər il neçə-neçə ali mükafatlar ölkəmizə gətiriləcək. Bunun üçün bizim bir millət olaraq böyük potensialımız var. Təbii ki, o gün mən də ciddi həyəcan keçirənlərdən idim və sonda qalib gəldiyimizi görəndə sevincimizin həddi-hüdudu yox idi. Yarışmanın 2012-ci ildə ölkəmizdə keçirilməsinə gəldikdə isə, artıq indidən bu möhtəşəm tədbirə hazırlaşmalıyıq. Çünki Avropanın gözü bizdə olacaq. Səkkiz yüz milyondan yuxarı Avropa ailəsi bizi diqqətlə izləyir.

  

  

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.- 20 may.- S. 5.