Eldarla Nigarın
qələbəsi gündəmdən düşmür
"Eurovision-2012"nin isə
Bayraq Meydanında keçirilə biləcəyi deyilir
Azərbaycanın
"Eurovision-2011" musiqi yarışmasındakı qalibiyyətindən
sonra bütün dünyanın diqqəti ölkəmizə
yönəlib. Demək olar ki, hər gün Azərbaycan və
onun "Eurovision-2011" təmsilçiləri barədə
xarici mətbuatda müxtəlif materiallar dərc edilir.
Diqqətçəkən
məqam isə odur ki, həm yerli, həm də xarici KİV-lərdə
dərc olunan məlumatlarda daha çox Eldar Qasımovu
"Eurovision"a aparan yoldan danışılır.
Yəhudilər Eldar Qasımovu necə
yetişdirdilər?
Rusiyanın
"İZRUS" portalında belə bir başlıqda məlumat
yerləşdirilib. Portalın verdiyi xəbərə görə,
Eldar Qasımov ilk addımlarını İsrailin
Bakıdakı səfirliyi yanında fəaliyyət göstərən
İsrail Mədəniyyət Mərkəzində atıb. Belə
ki, 2004-2009-cu illərdə bu mərkəzin rəhbəri
olmuş Lima Barkanın sözlərinə istinadən, Eldar həmin
mərkəzə 2007-ci ildə gəlib: "Həmin vaxt
bizim mərkəzdə Azərbaycanın xalq artisti Mübariz
Tağıyev də çalışıb. Sözügedən
mərkəzin yaranmasında məqsəd isə xüsusi
layihə çərçivəsində istedadlı
uşaqlar axtarmaq olub. Bu uşaqlar seçildikdən sonra
onlara Mübariz Tağıyevin rəhbərliyi altında vokal
dərsləri almağa imkanlar yaradılıb. Eldar həm
ivrid, həm də Azərbaycan dilində mahnılar oxuyub və
bizim tədbirlərdə xüsusilə iştirak edib. O, həmçinin
İsrailin xarici işlər naziri Abiqdor Libermanın Bakıya
səfəri zamanı İsrail Mədəniyyət Mərkəzinin
açılışında yəhudilərin "Xatikvu"
himnini səsləndirib".
İsrail
Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri
onu da vurğulayıb, Eldar ora gələnə kimi heç
bir səhnədə çıxış etmək təcrübəsi
olmayıb: "O, səhnəyə addımını bizim mərkəzlə
atıb. Qubada, Gəncədə keçirdiyimiz tədbirlərin
bədii hissəsində iştirak edib. Bu baxımdan, Eldar əmin
ola bilər ki, İsraildə onu sevirlər və hörmətlə
xatırlayırlar".
Bəstəkar
İsa Məlikovun layihəsi
Qeyd
edək ki, "Eurovision-2011" musiqi
yarışmasının Milli Seçim turu yekunlaşmazdan əvvəl
Azərbaycanı bu yarışmada ya Eldarın, ya da
Nigarın təmsil edəcəyi
proqnozlaşdırılırdı. Bu isə onların hər
ikisinin yüksək çinli məmurların qohumları
olması ilə izah edilirdi. Düzdur, Azərbaycanı
yarışmada bu iki gənc təmsil etsə də, söylənən
fikirlər təsdiqini tapmadı. Əslində isə Eldar
Qasımov Milli Seçim turlarına bir neçə dəfə
qatılıb. Lakin münsiflər heyətinin üzvləri
onu müsabiqəyə tam hazır saymadığından
növbəti mərhələlərə keçirməyiblər.
Nigar
Camalın Milli Seçim turlarına qatılmasına gəlincə,
onu tanınmış bəstəkar və produser İsa Məlikovun
layihəsi saymaq olar. Çünki Nigarı "Eurovision"
seçimlərinə İsa Məlikov gətirib. Hətta
seçim boyu o, Nigara produserlik də edib. Məlumatlara
görə, Nigar İsa Məlikzadənin həyat
yoldaşının rəfiqəsidir.
Yeri
gəlmişkən, Nigar 1980-ci il sentyabrın 7-də
Bakıda dünyaya gəlib. 1985-86-cı illərdə
artıq uşaq ansamblının solisti olub. 1988-95-ci illərdə
musiqi məktəbində təhsil alıb. Burada oxuduğu
müddətdə hətta bir neçə kompozisiya da bəstələyib.
1995-96-cı illərdə "Pöhrə" respublika
müsabiqəsində iştirak edib və 1996-nın
mayında müsabiqənin fəxri diplomuna layiq
görülüb. 1997-2001-ci illər ərzində "Xəzər"
universitetində iqtisadçı ixtisası üzrə təhsil
alıb.
"Eurovision-2012"
üçün yeni arena tikiləcək?
Azərbaycanın
Avropanın ən nüfuzlu müsiqi yarışmasında
qalib gəlməsindən sonra "Eurovision-2012"nin ölkəmizdə
harada keçiriləcəyi məsələsi gündəmə
gəlib. Qeyd edək ki, "Eurovision" müsabiqəsinin
keçirilməsi üçün Bakıda yeni konsert
kompleksinin tikintisi gözlənilir. Bunu jurnalistlərə
açıqlamasında gənclər və idman naziri Azad Rəhimov
bildirib. Onun sözlərinə görə, 2012-ci ildə
"Eurovision"un Azərbaycanda keçirilməsi yeri ilə
bağlı hazırda üç məsələ gündəmdədir:
"Bunlardan biri Heydər Əliyev adına İdman Konsert
Kompleksi ilə bağlıdır. Kompleksdə təmir işlər
aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da
artırmaq olar".
Nazirin
sözlərinə görə, ikinci variant Tofiq Bəhramov
adına Respublika Stadionudur: "Mahnı müsabiqəsi burada
da keçirilə bilər. Amma ən əsas və
maraqlısı yeni layihədir. Bakının ən gözəl,
mənzərələri yerlərindən birində, məsələn,
Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni,
böyük konsert kompleksi tikmək olar".
A.Rəhimov
qeyd edib ki, kompleksin tikintisi modul sistemlə həyata
keçirilsə, işləri "Eurovison-2012"dək
başa çatdırmaq olar. Qeyri-rəsmi məlumatlara
görə, artıq Bayraq Meydanı ətrafında yeni konsert
kompleksinin tikintisi dəqiqləşib. Ehtimal olunur ki, bir
neçə gün öncə ölkə prezidentinin Bayraq
Meydanı Kompleksi ətrafında quruculuq və abadlıq
işləri ilə maraqlanması, eləcə də bu istiqamətdə
müvafiq tapşırıqlar verməsinə səbəb
yeni tikiləcək konsert arenası ilə bağlıdır.
Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan da Eldar və Nigara ayrı-ayrılıqda
telefon açaraq Azərbaycana bəxş etdikləri qələbə
üçün onlara təşəkkür edib və işlərində
uğurlar arzulayıb.
Sevinc
Həftə içi.- 2011.- 20 may.-
S. 6.